Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4477/2021 16.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh X6 Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Avt Logistics MMC-yə qarşı işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Avt Logistics MMC-yə qarşı işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Avt Logistics MMC-nin 16 dekabr 2020-ci il tarixli 646 saylı əmrinin ləğv edilərək onun əvvəlki, yəni Avt Logistics MMC-də sürücü vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, 24.11.2015-ci il tarixdən Avt Logistics MMC-də işləmiş, 2020-ci ilin noyabr ayının əvvəllərində ona iş yerinin dəyişdirilərək Saatlı rayonundan Salyan rayonuna keçirilməsi təklif olunmuş və o, Saatlı rayonunda yaşadığından buna etiraz etmişdir. Bundan sonra, ona idarə etdiyi avtomaşını təhvil verməsi bildirilmiş və o, avtomaşını təhvil vermişdir. Cəmiyyət tərəfindən ona 16.11.2020-ci il tarixli bildiriş göndərilmiş və o, bildirişə cavab məktubu yazaraq iş yerinin dəyişdirilməsinə razı olmadığını və əvvəlki iş yerində fəaliyyətini davam etdirmək istədiyini bildirmişdir. Həmin bildirişdə cəmiyyətdə əmək şəraitinin şərtlərinin dəyişməsi göstərilərək ona iş yerinin dəyişdirilərək Saatlı rayonundan Salyan rayonuna keçirilməsi təklif olunmasına baxmayaraq cəmiyyətin 25.11.2020-ci il tarixli xəbərdarlıq məktubunda onun 05.11.2020-ci il tarixdən heç bir üzrlü səbəb olmadan işə çıxmaması və telefon zənglərinə cavab verməməsi qeyd olunaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndi ilə işdən azad olunacağı göstərilmişdir. Lakin cəmiyyətin kadrlar şöbəsinin əməkdaşları yəni Gündüz Rəsulov və Amil Nəcəfov tərəfindən ona işə çıxmaması bildirilmiş və ona əlavə məlumat verəcəklərini bildirmişlər. Bundan başqa, cəmiyyətin heç bir nümayəndəsi tərəfindən ona zəng olunmamışdır. Halbuki, onun cəmiyyətdə olan mobil nömrələri işlək vəziyyətdə olmuşdur. O, cəmiyyətə bu barədə məktub da ünvanlamışdır. Bundan sonra, cəmiyyətin 18 dekabr 2020-ci il tarixli məktubunda (həmin məktubu o, 24 dekabr 2020-ci il tarixdə almışdır) onun işdən azad olunmağı və əmək kitabçasını almaq üçün cəmiyyətə gəlməsi qeyd edilmiş və həmçinin, onun daxili nizam-intizam qaydalarını kobud şəkildə pozması qeyd olunmuşdur. Əmək Məcəlləsinin müvafiq maddələrinə istinad etməklə qanunla müəyyən edilmiş sənədlərinin vaxtında ona çatdırılmasını təmin etməklərini xahiş etmiş, lakin əvvəlki kimi bu məktublarına da cavab verilməmişdir. Cəmiyyətin ona ünvanladığı məktublarda isə hər dəfə ayrı-ayrı maddələr qeyd olunmuşdur. O, işlədiyi dövrdə Cəmiyyətin nüfuzunu həmişə üstün tutmuş, qorumuş və heç vaxt cəmiyyətə ziyan vurmamışdır. Əksinə olaraq o, iş vaxtından əlavə işləmiş və gecə-gündüz bilmədən cəmiyyətin xeyrinə çalışmışdır. Bundan sonra o, 18 yanvar 2021-ci il tarixdə cəmiyyətin işçiləri ilə telefon əlaqəsi saxlamış və ona ixtisar edilməyi ilə bağlı işdən çıxarılmağı bildirilmişdir. O, sənədlərinin ona göndərilməsini xahiş etdikdə ona cəmiyyətə gələrək sənədlərini götürə biləcəyini demişlər. 19 yanvar 2021-ci il tarixdə o, cəmiyyətin Bakıda yerləşən ofisinə getmiş və ona əmək kitabçası təhvil verilmişdir. Cəmiyyətin işçiləri ona əmək kitabçasını guya 16 dekabr 2020-ci il tarixdə almağı barədə qeydiyyat kitabına imza etməyini bildirsələr də o, buna etiraz etmiş və bundan sonra cəmiyyətdə saxlanılan əmək kitabçasının surətinin üzərinə əmək kitabçasını 19 yanvar 2021-ci il tarixdə qəbul etməyini yazaraq imzası ilə təsdiq etmişdir. Həmin vaxt o, barəsində olan əmrin surətini tələb etsə də əmrin surəti ona verilməmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, o, Cavabdeh MMC-nin 16 dekabr 2020-ci il tarixli 646 saylı əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmuşdur. Yuxarıda göstərdiyi kimi, barəsində olan əmrin surəti ona verilmədiyi üçün əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdə göstərilənlərdən məlumatı yoxdur. Lakin o, cəmiyyətdə işlədiyi müddətdə əmək funksiyalarını lazımınca yerinə yetirmişdir. Heç bir intizam tənbehinə məruz qalmamışdır. Cəmiyyətdə işlədiyi dövrdə heç vaxt intizamı pozmamış, əmək müqaviləsi üzrə öhdəsinə düşən funksiyanı lazımınca yerinə yetirmiş, qanunazidd əməlləri olmamışdır. Əgər qanunazidd hərəkətlərə yol versəydi rəhbərlik onun barəsində hüquq mühafizə orqanlarına müraciət etməli idi və ya intizam tənbehinə məruz qalsaydı bu barədə əmrdən məlumatı olardı. Odur ki, Cavabdeh MMC-nin 16 dekabr 2020-ci il tarixli 646 saylı əmrini qanunsuz və əsassız hesab edir və onun bu adla, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmağı ümumiyyətlə qanunsuzdur. Belə ki, ona cəmiyyətdə olan ixtisarla bağlı işdən azad olunmağı bildirilmiş və bu barədə onda səlahiyyətli şəxslərin səs yazısı da vardır. Bütün bunlarla yanaşı əmək kitabçasından müəyyən olunur ki, onun əmrini Cəmiyyətin İnsan Resursları üzrə mütəxəssisi Əliyev soyadlı şəxs vermiş və həmin şəxs tərəfindən imzalanmışdır. Halbuki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istər işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. İşdən çıxmağı barədə əmrin Cəmiyyətin İnsan Resursları üzrə mütəxəssisi Əliyev soyadlı şəxs tərəfindən verilməsi və imzalanması da qanun pozuntusudur və bu, əmrin ləğv edilməsi üçün əsaslardan biridir. O, əmək kitabçasını cəmiyyətdən 19 yanvar 2021-ci il tarixdə almış və bu barədə cəmiyyətdə saxlanılan əmək kitabçasının surətinə də qeyd etmiş, yəni məhkəmədə iddia qaldırmaq üçün qanunla müəyyən olunmuş müddət keçməmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh X6 Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı 12.08.2017-ci il tarixdə 15 saylı əmrə əsasən X6 Məsuliyyətli Cəmiyyətinə Nəqliyyat şöbəsinə yük avtomobili sürücüsü vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı tərəfindən idarə olunmuş nəqliyyat vasitəsinin Saatlı şəhərindən Salyan şəhərinə yerdəyişməsi nəzərə tutulduğundan, işçinin iş yerinin dəyişilməsi ilə bağlı iddiaçıya məlumat verilmiş, razılığının olub-olmaması barədə rəhbərlik tərəfindən cavab gözlənilmişdir. Lakin iddiaçı hər hansı üzrlü səbəb təqdim etmədən tam iş vaxtlarında işə gəlməmiş, telefon zənglərinə cavab verməmiş və işçinin işə gəlməməsi ilə bağlı rəhbərlik tərəfindən akt tərtib edilmişdir. Bu səbəbdən də iddiaçı tərəfindən əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən 16.12.2020-ci il tarixdə 646 saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən tutduğu vəzifəsindən azad olunmuşdur. İşçinin işdən azad olunması qanunun tələblərinə əsasən yerinə yetirilmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya adlanacaq): 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Belə ki, mülki iş materiallarında olan: -İddiaçı məxsus 01.12.2002-ci il tarixli ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı 12.08.2017-ci il tarixdə 15 saylı əmrə əsasən X6 Məsuliyyətli Cəmiyyətinə Nəqliyyat şöbəsinə yük avtomobili sürücüsü vəzifəsinə işə qəbul edilmiş, 16.12.2020-ci il tarixdə 646 saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən tutduğu vəzifəsindən azad olunmuşdur. -X6 Məsuliyyətli Cəmiyyətinin Yük avtomobili sürücüsü peşəsi üzrə çalışan İddiaçı ünvanladığı 16.11.2020-ci il tarixli HR-3102 saylı xəbərdarlıqdan görünür ki, nəqliyyat daşınma işinin təşkilində dəyişikliklər edilməsi zərurəti ilə əlaqədar olaraq İddiaçı çalışdığı Yük avtomobili sürücüsü peşəsi üzrə əmək şəraitinin şərtləri dəyişdirilərək 12.11.2020-ci il tarixdən etibarən aşağıdakı qaydada müəyyən edilir: 1) İş yeri Saatlı rayonundan Salyan rayonuna keçirilir. Bununla əlaqədar, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56-cı maddəsinin 2-ci hissəsinə müvafiq olaraq bu xəbərdarlığı aldığı gündən 1 (bir) təqvim ayı sonra (12.12.2020-ci il tarixdən etibarən) yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq verməyəcəyi təqdirdə, başqa vəzifəyə keçirilməsi imkanlarına baxılacaq, bu da mümkün olmadıqda isə İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) xitam veriləcəkdir. -İddiaçı X6 Məsuliyyətli Cəmiyyətinə ünvanladığı 18.11.2020-ci il tarixli ərizədən görünür ki, 16.11.2020-ci il tarixli bildirişi almış, həmin bildirişdə iş yerinin dəyişdirilərək Saatlı rayonundan Salyan rayonuna keçirilməsi təklif olunmuşdur. Hazırda o, Saatlı rayonunda yaşayır və cəmiyyətin Saatlı rayonundakı fəaliyyətində heç bir dəyişiklik olmamış və fəaliyyət göstərir. Buradan da məlum olur ki, cəmiyyətdə heç bir əmək şəraitinin şərtlərinin dəyişməsi mövcud deyildir. Odur ki, iş yerinin dəyişdirilməsinə razı deyil və əvvəlki iş yerində fəaliyyətinin davam etdirilməsini istəmişdir. Ərizə 18.11.2020-ci il tarixdə qarşı tərəfə göndərilmiş və 24.11.2020-ci il tarixdə Ramin Cəfərov adlı şəxs tərəfindən imza edilərək təhvil alınmışdır. -X6 Məsuliyyətli Cəmiyyətinin Regional Nəqliyyat şöbəsi Yük avtomobili sürücüsü vəzifəsində çalışan İddiaçı ünvanladığı 25.11.2020-ci il tarixli HR-3134 saylı xəbərdarlıqdan görünür ki, İddiaçı heç bir üzrlü səbəb bildirmədən 05.11.2020-ci il tarixindən etibarən tam iş günləri işə gəlməmiş və dəfələrlə telefon zənglərinə cavab verməmişdir. Bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin a və b bəndlərinin tələblərini eyni zamanda əmək müqaviləsi üzrə öhdəliklərini və daxili nizam-intizam qaydalarını kobud şəkildə pozmuşdur. 3 (üç) gün ərzində işə gəlməmə səbəbini rəsmi surətdə bildirməsi təklif olunmuş, əks təqdirdə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin a bəndinə (heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmə) əsasən işdən azad ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -İddiaçı X6 Məsuliyyətli Cəmiyyətinə ünvanladığı 03.12.2020-ci il tarixli ərizədən görünür ki, 25.11.2020-ci tarixli xəbərdarlıq məktubunu 02.12.2020-ci il tarixdə almış və həmin məktubda 05.11.2020-ci il tarixdən heç bir üzrlü səbəb olmadan işə çıxmamağı və telefon zənglərinə cavab verməməyi qeyd olunaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndi ilə işdən azad olunacağı göstərilmişdir. Qeyd etmək istəyir ki, idarə etdiyi avtomobil cəmiyyət tərəfindən ondan geri alınmış və cəmiyyətin kadrlar şöbəsindən əməkdaşları, yəni Gündüz Rəsulov və Amil Nəcəfov tərəfindən ona işə çıxmamağı bildirilərək əlavə məlumat verəcəklərini demişlər. Bundan başqa, cəmiyyətin heç bir nümayəndəsi tərəfindən zəng olunmamışdır və cəmiyyətdə olan mobil nömrələri işlək vəziyyətdədir. Xatırlatmaq istəyir ki, bundan əvvəlki bildirişdə cəmiyyətdə əmək şəraitinin şərtlərinin dəyişməsi göstərilərək ona iş yerinin dəyişdirilərək Saatlı rayonundan Salyan rayonuna keçirilməsi təklif olunmuş və o da həmin təkliflə razı olmamağı barədə məlumat vermiş və həmçinin də cəmiyyətdə heç bir əmək şəraitinin şərtlərinin dəyişməsi mövcud olmamasını da qeyd etmişdir. Odur ki, ona məlumat verildiyi andan o, əvvəlki iş yerində, yəni cəmiyyətin Saatlı rayonundakı Lokan Anbarında fəaliyyətini davam etdirəcəkdir. Əlavə olaraq qeyd etmək istəyir ki, 2020-ci ilin noyabr ayı üçün əmək haqqı almamışdır. O, avtomobili təhvil verdikdən sonra boşdayanma barədə cəmiyyətə yazılı və şifahi qaydada məlumat vermişdir. Odur ki, boşdayanmaya görə 2020ci ilin noyabr ayı üçün əmək haqqının hesablanaraq ödənilməsini xahiş etmişdir. Ərizə 03.12.2020-ci il tarixdə qarşı tərəfə göndərilmişdir. -X6 Məsuliyyətli Cəmiyyətinin Regional Nəqliyyat şöbəsi Yük avtomobili sürücüsü vəzifəsində çalışan İddiaçı ünvanladığı 18.12.2020-ci il tarixli HR-3213 saylı xəbərdarlıqdan görünür ki, bağlanmış əmək müqaviləsinə heç bir üzrlü səbəb bildirmədən işə gəlmədiyi və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “b” bəndlərinin tələblərini eyni zamanda əmək müqaviləsi üzrə öhdəliklərini və daxili nizamintizam qaydalarını kobud şəkildə pozduğuna görə 16.12.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç “ bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. Əmək kitabçasını təhvil almaq üçün Cəmiyyətin İnsan Resursları Şöbəsinə yaxınlaşması, gəlib götürə bilməyəcəyi təqdirdə əmək kitabçasını hansı ünvana göndərilməsi barədə yazılı olaraq məlumat verilməsi xahiş olunmuşdur. -İddiaçı X6 Məsuliyyətli Cəmiyyətinə ünvanladığı 24.12.2020-ci il tarixli ərizədən görünür ki, dəfələrlə məktub ünvanlasa da məktublarına cavab verilməmişdir. 18 dekabr 2020-ci il tarixli məktubda isə işdən azad olunmağı və əmək kitabçasını almaq üçün cəmiyyətə gəlməsi qeyd edilmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci bəndinin tələbinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş sənədlərinin vaxtında ona çatdırılmasını təmin etmək əvəzinə onun işdən azad olunmağı barədə məktub ünvanlamış, barəsində verilmiş əmrdən aidiyyəti orqanlara və məhkəməyə müraciət edəcəyini bildirmiş və qanunda şikayət vermə müddəti 1 ay nəzərdə tutulmuşdur. Odur ki, qanunla müəyyən edilmiş sənədlərinin vaxtında ona çatdırılmasının təmin edilməsini və ödəniləcək istifadə edilmədiyi əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli olan əmək haqqı və digər ödəmələr barədə rəsmi məlumat verilməsini xahiş etmişdir. Əlavə olaraq 18 dekabr 2020ci il tarixli məktubda guya onun daxili nizam-intizam qaydalarını kobud şəkildə pozmağı qeyd olunmuşdur. O, Cəmiyyətdə işlədiyi dövrdə heç bir daxili nizam-intizam qaydalarını pozmamış və heç vaxt bu barədə ona xəbərdarlıq da edilməmişdir. Ona görə də həmin məktubu aidiyyəti orqanlara göndərərək barəsində qeyd olunan halların təkzib edilməsini tələb edəcəkdir. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinin tələbinə görə bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşlədiyi dövrdə Cəmiyyətin nifuzunu həmişə üstün tutmuş və qorumuş, heç vaxt cəmiyyətə ziyan vurmamışdır. Əksinə olaraq iş vaxtından əlavə işləmiş və gecə-gündüz bilmədən cəmiyyətin xeyrinə çalışmışdır. Bundan başqa, əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Əmək Məcəlləsinin 72-ci maddəsində öz əksini tapmışdır ki, işlədiyi dövrdə bu halların heç biri baş verməmişdir. Odur ki, göstərdiklərinin nəzərə alınmasının və tələblərinin təmin olunması barədə müvafiq göstərişlər verilməsini xahiş etmişdir. Ərizə 24.12.2020-ci il tarixdə qarşı tərəfə göndərilmişdir. -Avt Logistics MMC-nin 16.12.2020-ci il tarixli Cəmiyyət üzrə 16.12.2020-ci il tarixli 646/K nömrəli əmrdən çıxarışdan görünür ki, Avt Logistics MMC-nin Nəqliyyat direktorluğu, İstismar departamenti, Region nəqliyyat şöbəsində Yük avtomobili sürücüsü ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən 16 dekabr 2020-ci il tarixindən xitam verilməsi, İddiaçı 17 avqust 2017-ci il tarixindən 16 dekabr 2020-ci il tarixinədək olan iş dövrü üçün istifadə etmədiyi məzuniyyət günlərinə görə (7 gün) pul əvəzinin ödənilməsi qərara alınmışdır. Əmrin verilməsi üçün əsas İddiaçı göndərilmiş xəbərdarlıq məktubu və akt olmuşdur. Əmrdə aparılmış qeyddən görünür ki, əmr İddiaçı tərəfindən 26.01.2021-ci il tarixdə imza edilərək təhvil alınmışdır. -Avt Logistics MMC-nin işçinin işə gəlməməsi haqqında təqdimatından görünür ki, X2 Departamenti Region Nəqliyyat Şöbəsində Yük avtomobili sürücüsü peşəsində çalışan İddiaçı Əflatun oğlu heç bir üzrlü səbəb göstərmədən 05.11.2020-ci il tarixdən tam iş günləri iş yerinə gəlməmişdir və dəfələrlə edilən telefon zənglərinə cavab verməmişdir. Qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülməsi xahiş olunmuşdur. -Avt Logistics MMC-nin işçinin üzrsüz səbəb göstərmədən işə gəlməməsi ilə bağlı 11.11.2020-ci il tarixli aktından görünür ki, həqiqətən X2 Departamenti Regional Nəqliyyat Şöbəsində yük avtomobili sürücüsü peşəsində çalışan İddiaçı Əflatun oğlu 05.11.2020-ci il tarixindən işəgötürənə heç bir məlumat vermədən və üzrlü səbəb göstərmədən tam iş günləri ərzində işə gəlməmiş və telefon zənglərinə cavab verməmişdir, eyni zamanda rəsmi olaraq qeydiyyat ünvanına göndərilmiş məktuba heç bir formada cavab verməmişdir. Bununla da İddiaçı Əflatun oğlu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “b” bəndlərinin tələblərini, eyni zamanda əmək müqaviləsi üzrə öhdəliklərini və daxili nizam intizam qaydalarını kobud şəkildə pozmuşdur. -Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən və həmin bildirişin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, işçi İddiaçı ilə Avt Logistics MMC arasında bağlanmış əmək müqaviləsinə 16.12.2020-ci il tarixli 646K saylı əmrə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilmiş və əmək müqaviləsi bildirişi xxxxxxx000305 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. -Saatlı RPŞ tərəfindən verilmiş 10.11.2017-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Rzayev X3 şəhəri H.Əliyev prospekti döngə 1, 5 saylı evdə qeydiyyatdadır. -Saatlı Rayon İcra Hakimiyyəti başçısının Saatlı şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 21.01.2021-ci il tarixli 209 saylı arayışdan görünür ki, Rzayev X3 şəhəri H.Əliyev prospekti döngə 1, 5 saylı evdə qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı 12.08.2017-ci il tarixli 15 saylı əmrə əsasən işəgötürən X6 Məsuliyyətli Cəmiyyətinə Nəqliyyat şöbəsinə yük avtomobili sürücüsü vəzifəsinə işə qəbul edilmişdir. Nəqliyyat daşınma işinin təşkilində dəyişikliklər edilməsi zərurəti ilə əlaqədar olaraq İddiaçı çalışdığı Yük avtomobili sürücüsü peşəsi üzrə əmək şəraitinin şərtləri dəyişdirilərək 12.11.2020-ci il tarixdən etibarən iş yerinin Saatlı rayonundan Salyan rayonuna keçirilməsinə dair işəgötürən tərəfindən 16.11.2020-ci il tarixli HR-3102 saylı xəbərdarlıq məktubu ünvanlanmış, İddiaçı isə həmin təklifə razı olmamasına dair X6 Məsuliyyətli Cəmiyyətinə 18.11.2020-ci il tarixdə ərizə ünvanlamışdır. X6 Məsuliyyətli Cəmiyyətinin 25.11.2020-ci il tarixli HR-3134 saylı xəbərdarlığı ilə İddiaçı heç bir üzrlü səbəb bildirmədən 05.11.2020-ci il tarixindən etibarən tam iş günləri işə gəlmədiyi və dəfələrlə telefon zənglərinə cavab vermədiyi və nəticə etibarı ilə Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “b” bəndlərinin tələblərini, eyni zamanda əmək müqaviləsi üzrə öhdəliklərini və daxili nizam intizam qaydalarını kobud şəkildə pozduğu müəyyən edilmiş və bu barədə 11.11.2020-ci il tarixli akt tərtib edilmişdir. Xəbərdarlıq məktubları və tərtib olunmuş həmin akt əsasında qəbul edilmiş 16.12.2020-ci il tarixli 646/K nömrəli əmrə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən 16 dekabr 2020-ci il tarixindən xitam verilmişdir. Hazırda, iddiaçı işəbərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Əmək Məcəlləsinin: 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək. 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 43.1-ci maddəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 44-cü maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi. 70-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları aşağıdakılardır: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. Mülki iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, əmək müqaviləsinin ləğv edilmə əsaslarından biri əmək şəraitinin şərtlərinin dəyişməsidir. Əmək şəraitinin şərtlərinin dəyişməsi ilə əlaqədar olaraq işəgötürən tərəfindən işçiyə 16.11.2020ci il tarixli xəbərdarlıq məktubu ünvanlanmış və 12.11.2020-ci il tarixdən yük avtomobili sürücüsü kimi çalışdığı iş yerinin Saatlı rayonundan Salyan rayonuna keçirilməsinə dair müraciətə yazılı cavabının verilməsi işçinin diqqətinə çatdırılmışdır. İddiaçı 18.11.2020-ci il tarixli müraciətə cavab məktubunda verilən təklifə razı olmadığını bildirmiş, əmək şəraitinin dəyişmədiyini məktubunda qeyd etsə də, bu halları təsdiq edəcək sübutlarını məktubunda qeyd etməmiş, məhkəməyə də təqdim edə bilməmişdir. Həmçinin, işçi və işəgötürən arasındakı rəsmi yazışmalara məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən, mülki iş materiallarına əlavə olunmuş 11.11.2020-ci il tarixli işçinin üzrsüz səbəbdən işə gəlməməsi barədə aktdan, iddiaçıya ünvanlanmış 25.11.2020-ci il tarixli xəbərdarlıq məktubundan, 18.12.2020-ci iİ tarixli məktubdan, 16.09.2021-ci il tarixli təqdimatdan, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 16.09.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, işəgötürən tərəfindən işçi dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, işçi heç bir üzrlü səbəb təqdim etmədən bütün iş günü ərzində iş yerinə gəlməmiş, nəticədə, əmək müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozmuşdur. Nəticədə, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş işçi barəsində işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən çıxarılmış 16.12.2020-ci il tarixli 646/K saylı əmr qanunvericliyin tələblərinə riayət edilməklə qəbul edilmişdir. Bütün bunlar təsdiq edir ki, işəgötürən əmək şəraitinin dəyişməsi ilə əlaqədar işəgötürən tərəfindən işçi müəssisəyə dəvət edilmiş, işçi əmək mübahisəsinin həlli ilə bağlı müəssisəyə gəlməmiş, buna dair üzrlü səbəblərini təqdim etməmiş və bununla da müqavilə üzrə öhdəliyini pozmaqla qanunvericiliyin tələblərinə əməl etməmişdir. Əmək Məcəlləsinin: 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi. Məhkəmə əmək qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, Əmək Məcəlləsinin 72-ci maddəsinin a bəndi işçinin bütün iş günü işə gəlməməsini üzrlü hesab edən istisna hal olaraq özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi hallarını nəzərdə tutmuşdur. Belə ki, işəgötürənlə bağladığı əmək müqaviləsi əsasında vəzifə öhdəliklərini yerinə yetirmək məsuliyyətini daşıyan İddiaçı 05.11.2020-ci il tarixdən etibarən bütün iş günü ərzində işə gəlməməsinin üzrlü səbəbləri barədə işəgötürənə məlumat verməməklə əmək müqaviləsi üzrə vəzifələrini kobud şəkildə pozmuşdur. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qanunvericliliyin tələblərinə istinad edib mülki iş materiallarını qiymətləndirərək belə qənaətə gəlir ki, əmək müqaviləsi əsasında yük daşıma avtomobilinin sürücüsü vəzifəsinə qəbul edilmiş İddiaçı 05.11.2020-ci il tarixdən heç bir üzrlü səbəb təqdim etmədən bütün iş günü ərzində işə gəlməməsi və bununla da əmək müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmış, lakin bunun əksinə olaraq sübut etmək vəzifəsi daşıyan iddiaçı buna dair mötəbər, təkzibolunmaz sübutlarını məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının idddia tələbinin əsaslılığı sübut olunmadığından məhkəmə iddia ərizəsinin təmin edilməməsi qərarına gəlir. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, iddia tələbi əsassız olduğundan və ona görə də Avt Logistics MMC-nin 16 dekabr 2020-ci il tarixli 646 saylı əmrinin ləğv edilməsinə heç bir əsas olmadığından iddia tələbi təmin edilməməlidir. Mülki iş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumuna görə 30 manat ödəniş edilmişdir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1 maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3 maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Avt Logistics MMC-yə qarşı işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat İddiaçı özünə aid edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-4477/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4477/2021
16.09.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver