Məhkəmə qərarları › İş №2(012)-449/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-449/2021

27.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-449/2021 27.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun vəkili X4, Cavabdeh Cavabdeh1 vəkili-nümayəndəsi X6, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə 27 aprel 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və azyaşlı övladları 31 may 2016cı il təvəllüdlü X13 və 19 iyun 2017-ci il təvəllüdlü X7 ünvan 1 ünvanında yerləşən 5 otaq, 1 mətbəx, dəhliz və sanitar qovşaqdan ibarət fərdi yaşayış evinə köçürülməkləri və həmin evdən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, cavabdehlər onun qaynanası və qayınatasıdır. X3 arasında 09.09.2015-ci il tarixində rəsmi nikah bağlamaqla ailə qurmuş və mübahisə predmeti olan evə gəlin köçmüş və özüylə cehiz əşyaları da adıçəkilən evə gətirmişdir. 2016-cı il tarixdə keçmiş həyat yoldaşı ilə aralarındakı münasibətlər gərginləşdiyi üçün tez-tez mübahisələr yaranmağa başladı, həyat yoldaşı cavabdehlərlə birlikdə onu döymüş və polis ilə evdən zorla çıxararaq qovmuşdur. O, münasibətlərinin düzələcəyini ümid etdiyi üçün 2 il gözləsə də, 2018-ci il tarixdə nikahın pozulması ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Nəticədə Yasamal Rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli, 2(004)-568/2018 saylı qətnaməsi ilə nikahları pozulmuş və birgə nikahlarından dünyaya gəlmiş 31 may 2016-cı il təvəllüdlü X13 və 19 iyun 2017-ci təvəllüdlü X7 onun yanında saxlanılması qət edilmişdir. Məlumat üçün bildirir ki, övladlarından biri 2016-cı il tarixdə cavabdehlərin evində, ikinci övladı isə 2017-ci il tarixdə valideyinlərinin evində doğulmuşdur. O, ikinci övladı anadan olduqdan sonra yenidən mübahisə predmeti olan evə qayıtmaq istəsə də , cavabdehlər onu evə buraxmayaraq, evə daxil olmaq üçün məhkəmə qərarı lazım olduğunu bildirdilər. 2018-ci ildən sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etsə də, iddia ərizəsi geri qaytarılmışdır. Hazırda bütün cehiz əşyaları mübahisə predmeti olan evdədir, o, iki azyaşlı uşağıyla bərabər kirayədə qalır və uşaqların saxlanması üçün keçmiş həyat yoldaşı qərəzli olaraq aliment ödəyir. Bundan əlavə evin heç bir sənədi yoxdur. Ona görə də o, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı vəkili X11 məhkəmə iclasında iddia tələbini müdafiə etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişlər ki, iddia qanunsuz və əsassızdır. İlk öncə hazırkı şərtlərdə münasibətlərə tətbiq olunacaq normalara diqqət yetirək. İddiaçı iddia ərizəsini əsaslandırarkən qanunun analogiya üzrə tətbiqinin mümkünlüyünü əsas götürərək Azərbaycan Respublikası Mənzil Məcəlləsinin “Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin verilməsi qaydası və əsasları” adlanan 7-ci fəsli və “Yaşayış sahəsinin sosial kirayəsi” adlanan 8-ci fəslinin bir sıra maddələrinə istinad etmiş, iddiaçının fərdi yaşayış evinə nisbətdə sanki cavabdehlərlə bərabər hüquqlara malik olmasını əsalandıaraq istəmişdir. Halbuki həmin Məcəllənin qeyd olunan fəsillərinə, konkret olaraq 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf - dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Qanunvericiliyin bu şərtindən də göründüyü kimi sosial kirayə ilə bağlı münasibətlər yalnız dövlət və bələdiyyə mülkiyyətində olan mənzil fonduna nisbətdə tətbiq olunur ki, bu da dövlətə dövlətin nəzarətində olan bələdiyyə qurumlarına öz mülkiyyətini vətəndaşlarının mənafelərinə uyğun şəkildə, imperativ tərzdə nizamlamaq hüququnu verir. Lakin iddia ərizəsinin məzmunundan da göründüyü kimi mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınmış olmasa da, onların şəxsi vəsaiti hesabına tikildiyindən faktiki olaraq onların mülkiyyətidir. Eləcə də, hal-hazırda dövlətin və ya bələdiyyənin həmin fərdi yaşayış evinə hər hansı iddiası mövcud deyildir. Oğulları və iddiaçı nikaha 2015-ci ildə daxil olduqları üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən də bu münasibətlərə oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi tətbiq olunmalıdır. Ona görə də, mövcud şəraitdə münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin “Yaşayış sahəsi mülkiyyətçisinin və ona məxsus olan sahədə yaşayan digər vətəndaşların hüquq və vəzifələri” adlanan 5-ci fəslinin, konkret olaraq 30.4-cü maddəsi tətbiq olunmalıdır. Həmin maddəyə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlada bilər. Maddənin məzmunundan göründüyü kimi ailə münasibətlərinə xitam verildikdən sonra iddiaçının fərdi yaşayış evinə istifadə hüququnun məhkəmə qaydasında saxlanması üçün iddiaçının maddi vəziyyəti və digər diqqətəlayiq hallar özünü yaşayış sahəsi ilə təmin etməyə yol verməməlidir. Yəni şəxsin həmin yaşayış sahəsinə ehtiyacı olmalıdır. İddia ərizəsinin məzmunundan, tərəflər arasında baş verən çoxsaylı münaqişələrdən, polis orqanlarına edilən müraciətlərdən, tərəflər arasında olmuş çoxsaylı məhkəmə mübahisələrinin məzmunundan da göründüyü kimi iddiaçı hələ nikahda olduğu müddətdə də, həmin yaşayış sahəsindən istifadə etməmiş, onlarla normal qohumluq münasibətləri apara bilmədiyi üçün onlardan ayrı, öz valideynləri ilə yaşamışdır. İddiaçının cehiz əşyalarını çıxarmaq istəməsi cəhdi də, onun həmin yaşayış sahəsindən istifadə etmək niyyətində olmadığını göstərir. Digər tərəfdən iddiaçı rəsmi olaraq iki uşağa görə keçmiş həyat yoldaşından hər ay 320 manat məbləğində aliment alır, birgə nikah dövründə əldə olunmuş əmlak kimi iddia verərək dəyəri 13000-14000 manat olan avtomobilə öz xeyrinə 3/2 pay nisbətində mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasına nail olmuşdur. Həmçinin iddiaçı əmək fəaliyyəti ilə məşğul olmaqla gəlir də əldə edir. Bütün bu xüsusatlar iddiaçının özünü yaşayış sahəsi ilə təmin etmək gücündə olduğunu, hətta buna baxmayaraq hazırda valideynləri ilə birlikdə yaşadığını və mübahisə predmeti olan fərdi yaşayış evindən istifadə etməyə ehtiyacı olmadığını göstərir. Eləcə də nəzərə alınmalıdır ki, onlar hər ikisi ağır xəstə olduqlarından qulluğa və normal yaşayış sahəsində yaşamağa ehtiyacları var. Tərəflər arasında münasibətlərin kəskin olması faktı da birlikdə yaşamalarını mümkünsüz edir. Sadalananlardan da aydın olduğu kimi iddiaçı gələcəkdə də orada yaşamağı düşünmür. İddiaçının yaşayış sahəsinə ehtiyacı yoxdur. İddianı verməkdə məqsədi müxtəlif üsullarla cavabdehə narahatçılıq yaratmaqdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarının hüquqi mövqeyinə əsasən mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ...tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Qeyd olunanlara əsasən, onlar iddianın rədd edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh2 etiraz ərizəsinə uyğun izahat verərək iddianın rəd edilməsini xahiş etdi. Cavabdeh Cavabdeh1 vəkili-nümayəndəsi X14 məhkəmədə Cavabdeh1 etiraz ərizəsinə uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli, 2(004)- 568/2018 saylı qətnaməsindən görünür ki, X2 iddia tələbi qismən təmin edilmiş, X21 ilə X20 qızı arasında 09.09.2015-ci il tarixdə Abşeron rayon qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 409 nömrə ilə qeyd edilmiş nikah pozulması, 31 may 2016-cı il təvəllüdlü X5 və 19 iyun 2017-c ı təvəllüdlü X7 anaları X2 yanında qalmalarının müəyyən edilməsi, 31 may 2016-cı il təvəllüdlü X5 və 19 iyun 2017-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün 27 iyun 2018-ci tarixdən başlayaraq X8 hər uşağa hər ay 154 (bir yüz əlli dörd) manat olmaqla, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində alimentin X2 xeyrinə tutulması və 31 may 2016-cı il təvəllüdlü X5 və 19 iyun 2017-cı il təvəllüdlü X7 üç yaşı tamam olana qədər 12 sentyabr 2018-c tarixdən başlayaraq X8 hər uşağa hər ay 50 (əlli) manat olmaqla cəmi 100 (bir yüz) manat məbləğində aliment X2 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Abşeron rayonu, Xırdalan şəhəri, 5 saylı MTİTS tərəfindən verilmiş 06.01.2015-ci il tarixli, 194 №-li arayışdan görünür ki, Cavabdeh1 həqiqətən ünvan 2 ünvanında Cavabdeh2, X15, X19 və X16 ilə birlikdə yaşayır. İş materiallarında olan Abşeron RPİ tərəfindən verilmiş 26.06.2018-ci il tarixli arayışdan görünür ki, Abşeron RPİ-nə 16 iyun 2018-ci il tarixli HK-2/5835 nömrəli raport daxil olmuşdur. Vətəndaş İddiaçı Daxili İşlər Nazirliyinin xidmətinə müraciətində göstərmişdir ki, Xırdalan şəhəri, “Nazlı Petrol” un yaxınlığında yerləşən evdən əşyalarını götürmək istədiyi zaman qaynanası ona mane olaraq mübahisə yaratmışdır. Daxil olmuş müraciət ilə əlaqədar olaraq vətəndaş İddiaçı izahat alınmışdır. Vətəndaş İddiaçı Sərvər qızı müraciətində göstərdiyi məzmuna uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, o, 2015-ci ildə Mahir İmanov ilə ailə qurmuş və 2 azyaşlı övladı var. O, 2017-ci ilin dekabr ayında boşanmaq üçün məhkəməyə müraciət etmiş və hal-hazırda valideyinlərinin yanında yaşayır. Qarşı tərəf məhkəməyə gələrək üzr istədikləri üçün məhkəmə bağlanmamış saxlanılmış, lakin o, yenidən 2018-ci ilin iyun ayında yenidən məhkəməyə müraciət etmişdir. O, ərinin yaşadığı gedərək cehiz əşyalarını götürmək istədikdə ona mane olmuşlar. Araşdırma zamanı vətəndaş İddiaçı müraciəti göstərilən məsələnin mülki xarakterli olması ilə əlaqədar mülki qaydada məlikəm müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı cavabdehlərin oğlu X18 ilə 09.09.2015-ci il tarixində rəsmi nikah bağlamaqla ailə qurmuşdur, bu nikahdan iki azyaşlı övladları vardır. Lakin, hazırda tərəflər arasında olan nikah Yasamal Rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli, 2(004)-568/2018 saylı qətnaməsi ilə pozulmuşdur. Bundan sonra ailədə yaranmış münaqişələr nəticəsində İddiaçı müvəqqəti olaraq mübahisəli evi tərk etmək məcburiyyətində qalmışdır. Həmçinin məhkəmədə sübutlar araşdırılarkən müəyyən edilir ki, mübahisəli ev tərəflərin rəsmi nikahda olduğu müddətdə tikilmiş və İddiaçı 2015-ci ildən Cavabdeh1 ilə ailə qurarkən sonuncunun valideynləri ilə birlikdə yaşadığı ünvan 1 ünvanında yerləşən 5 otaq, 1 mətbəx, dəhliz və sanitar qovşaqdan ibarət fərdi yaşayış evinə gəlin köçmüş, cehiz əmlaklarını da həmin evə yerləşdirmiş və iki övladıyla birlikdə həmin evdə yaşamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə 1 və 3-cü bəndlərinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Konstitusiyanın 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, mübahisəli evin tərəflərin birgə faktiki nikah dövründə tikilməsi işin faktiki halları, tərəflərin izahatları ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Yenə həmin Məcəllənin 32.2-ci maddəsinin tələbinə görə ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s. maddə 32.2.1) və ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. (maddə 32.2.2). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.3-cü maddəsinə görə nikah dövründə ev təsərüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, məsələ ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da nəzər yetirmək lazımdır.Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı”işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki,”İnsan hüquqularının və əsas azadlıqlarının müdafiəsi haqqında”Konvensiyanın 1-ci maddəsinin-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudulaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil:məsələ bütövlükdə nəzərdən keçirilən işinhalları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilibedilməməsinin müəyynləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu maddənin məqsədləri üçün fiziki mallarla yanaşı,əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, ”mülkiyyət” kimi qiymətləndirilə bilər.”Mükiyyət” anlayışı “mövcud mülkiyyətlə”məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. İstinad olunan hüquq normalarına əsasən məhkəmə bu qənaətə gəlir ki, İddiaçı cavabdehlərlə birlikdə ünvan 1 ünvanında yerləşən 5 otaq, 1 mətbəx, dəhliz və sanitar qovşaqdan ibarət fərdi yaşayış evinə dair “qanuni gözləntiyə” malik hüququ var. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 3-cü hissəsindən və 71-ci maddəsinin 2-ci hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericiliyin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüququdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Məhkəmə hesab edir ki, hazırki halda ünvan 1 ünvanında yerləşən 5 otaq, 1 mətbəx, dəhliz və sanitar qovşaqdan ibarət fərdi yaşayış evi özbaşına tikili olsa belə cavabdehlərin hüquqdan suiistifadə etmələri iddiaçının güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Məhkəmənin qənaətinə görə ailə-nikah münasibətlərindən doğan bu tipli əmlak münasibətlərində başqa mövqenin tutulması düzgün olmayan president yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Bundan başqa məhkəmə iddia tələbinin təmin olunması qənaətinə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1.,59.1.,60.1., 60.2., və digər maddələrinin tələblərini də nəzərə alır. Qeyd olunan Ailə Məcəlləsinin tələblərinə görə valideylər öz uşaqları barəsində bərabər hüququ və vəzifələrə malikdirlər. Valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər.Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. İşin tədqiq olunan faktiki hallarından müəyyən edilir ki, İddiaçı X18 ilə 09.09.2015-ci il tarixində rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə nikahdan 31 may 2016-cı il təvəllüdlü X13 və 19 iyun 2017-ci təvəllüdlü X17 adlı övladları dünyaya gəlmişdir. Lakin, hazırda tərəflər arasında olan nikah Yasamal Rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli, 2(004)-568/2018 saylı qətnaməsi ilə pozulmuşdur. İddiaçı 2015-ci ildən Cavabdeh1 ilə ailə qurarkən sonuncunun valideynləri ilə birlikdə yaşadığı ünvan 1 ünvanında yerləşən 5 otaq, 1 mətbəx, dəhliz və sanitar qovşaqdan ibarət fərdi yaşayış evinə gəlin köçmüş, cehiz əmlaklarını da həmin evə yerləşdirmiş və həmin evdə ailə üzvü kimi qəbul edilərək yaşamağa başlamış və həmin fərdi yaşayış evində daimi yaşayış yerinə malik olmağı arzulamışdır. Lakin sonradan cavabdehlərin hüquqdan sui-istifadə etməsi nəticəsində iddiaçı iki uşağı ilə birgə bu hüquqdan məhrum olmuş, başqa yaşayış yeri olmayan iddiaçı iki uşağı ilə birgə taleyin ümidinə buraxılmışdır. AR Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətandaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin heç kəs yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhamiyyətli olduğuna dəlalət edir.Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştiraçılarının hüququ və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir.Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarı ilə konstitusiya hüquq və azadlıqlarının əsasız və həddən artıq məhdudlaşdirlmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir.Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştiraçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüququ sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir.( Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08.10.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16.12.2014-cü il tarixli qərarları və s.) Ona görə də məhkəmə yuxarıda qeyd olunanları məcmu halında qiymətləndirərək hesab edir ki, iddianın təmin olunması işin müəyyən edilmiş hallarına əsasən hazırki hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırımasının nəzərə alınmasını təmin edir, başqa sözlə mübahisəli ev özbaşına tikili olsada, cavabdehin həmin evdən istifadə etməklə faydalandığı kimi, iddiaçının da bu hüquqdan istifadə etməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına istinad edərək hesab edir ki, mübahisəli sənədsiz fərdi yaşayış evi özbaşına tikili olmasına baxmayaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11-ci maddəsi, yəni mülki qanunvericiliyin analogiya üzrə tətbiqi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yuxarıda göstərilən normasının hazırki iddia tələbinə tətbiq olunması üçün əsas verir. Bundan əlavə məhkəmə hesab edir ki, iddia tələbi İddiaçı və azyaşlı övladları 31 may 2016-cı il təvəllüdlü X13 və 19 iyun 2017-ci il təvəllüdlü X7 ünvan 1 ünvanında yerləşən 5 otaq, 1 mətbəx, dəhliz və sanitar qovşaqdan ibarət fərdi yaşayış evindən istifadə qaydalarının müəyyən edilməsi hissəsində rədd edilməlidir. Belə ki, sözügedən fərdi yaşayış evinin sənədsiz olması səbəbindən iddiaçının və azyaşlı övladlarının həmin fərdi yaşayış evindən istifadə qaydalarını müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı və azyaşlı övladları 31 may 2016-cı il təvəllüdlü X13, 19 iyun 2017-ci il təvəllüdlü X1 rayonu, Xırdalan şəhəri, H.Əliyev küçəsi, ev 41 ünvanında yerləşən 5 otaq, 1 mətbəx, dəhliz və sanitar qovşaqdan ibarət fərdi yaşayış evinə köçürülsün. İddia tələbi İddiaçı və azyaşlı övladları 31 may 2016-cı il təvəllüdlü X13 və 19 iyun 2017-ci il təvəllüdlü X7 ünvan 1 ünvanında yerləşən 5 otaq, 1 mətbəx, dəhliz və sanitar qovşaqdan ibarət fərdi yaşayış evindən istifadə qaydalarının müəyyən edilməsi hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar