Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4523/2021 07.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və pul tələbinə dair mülki işə 07 oktyabr 2021-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ailə üzvləri ilə birlikdə İddiaçı mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Mülki-Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə verərək, Cavabdeh ailə üzvləri ilə birlikdə İddiaçı mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və ondan əlavə olaraq 3575 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Həmin mənzil 31 oktyabr 2014-cü ildən onun adına qeydiyyata alınmış və bu barədə ona RX seriyalı ******* saylı dövlət reyestrindən çıxarış da verilmişdir. Həmin mənzildə ailə üzvləri ilə birlikdə pasport qeydiyyatındadır. İddiaçı Cavabdeh ilə arasında olan danışığa görə sonuncuya 98000 manat müqabilində həmin mənzili satmalı, həmin məbləğ 2021-ci ilin aprel ayına kimi iddiaçıya ödənilməli idi. Cavabdeh notariat orqanında borc müqaviləsi şəklində ona 70000 manat məbləğində pul vəsaitini ödəsə də, 28000 manatı ödəməkdən boyun qaçırmışdır. Belə olan halda iddiaçı ondan həmin mənzildən çıxmağı tələb etmiş, müraciəti nəticəsiz qalmışdır. Bu səbəbdən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında cavabdehin maddi imkanı 28000 manat pulun ödənilməsinə imkan vermədiyindən cavabdeh ailə üzvləri ilə birlikdə mübahisəli mənzildən çıxacağı təqdirdə həmin mənzil satıldıqdan sonra ona 70000 manat pulu qaytaracağını bildirdi. Əlavə olaraq cavabdehin xahişi ilə həmin mənzildə 3575 manatlıq təmir işləri aparılmış və həmin pulu cavabdeh ona qaytarmamış, ustaların pulunu ödəməkdən yayınmışdır. Həmin məbləğin də cavabdehdən alınaraq ona ödənilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, o, mübahisəli mənzilin müqabilində iddiaçıya 70000 manat pul ödəmişdir. Qalan 28000 manat pulu isə aralarında olan şifahi razılaşmaya görə hər ay 700 manat olmaqla iddiaçıya ödəməli idi. Lakin maddi imkanı baxımından 28000 manatdan indiyədək heç bir ödəniş etməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarından olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir və ********** qeydiyyat nömrəsi ilə 31.10.2014-cü il tarixdə onun adına qeydə alınmışdır. Mülki işin materiallarından olan yaşayış yeri üzrə qeydiyyat haqqında 12.07.2021-ci il tarixli ******* №-li arayışdan müəyyən edilir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində X1, X6 və X7 ilə birlikdə qeydiyyatdadır. Mülki işin materiallarından olan 02 noyabr 2020-ci il tarixli beh müqaviləsindən müəyyən edilir ki, “satıcı” İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini “alıcı” X5 98000 manat müqabilində satır, sonuncu isə həmin ev üçün ona 3500 manat məbləğində beh verir. Mülki işin materiallarından olan 09.10.2021-ci il tarixli kredit müqaviləsindən müəyyən edilir ki, “borc verən” Cavabdeh “borc alan” İddiaçı 20000 manat məbləğində pulu notariusun bankda açılan depozit hesabı vasitəsilə borc verir və borc alan krediti 09.10.2023-cü il tarixədək ayda 555 manat ödəməklə borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki işin materiallarından olan 08.11.2021-ci il tarixli kredit müqaviləsindən müəyyən edilir ki, “borc verən” Cavabdeh “borc alan” İddiaçı 41500 manat məbləğində borc pul verir və borc alan krediti 08.11.2023-cü il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli mənzil mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçı və cavabdeh arasında olan razılaşmaya görə 98000 manat müqabilində həmin ev cavabdehə satılmalı idi. Cavabdeh 70000 manat ödəniş etsə də, qalan 28000 manatı ödəmədiyi üçün iddiaçı ona məxsus mənzildən cavabdehin çıxarılmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin mahiyyətindən görünür ki, əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda, İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında hətta orderli mənzilin hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir. İşin hallarına əsasən cavabdehin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə mənzil üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalı, iddia tələbi bu hissədə təmin edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbinin “cavabdehin ailə üzvləri ilə birlikdə mübahisəli evdən çıxarılması” və “pul tələbi” hissəsi ilə bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-4523/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4523/2021
07.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver