Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4540/2024 29.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə, Cavabdeh2, Cavabdeh3 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadəsinə verilmiş Abşeron rayonu, Masazır qəsəbəsi, “Zəngilan şəhərciyi” 11 saylı binada yerləşən 56 nömrəli mənzilə dair 19 avqust 2013-cü il tarixli “11/56" nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 “11/56” nömrəli mənzildən çıxarılması və “11/56” nömrəli mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydasi” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirir ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmir, mənzilləri kirayə verir və yaxud ümumiyyətlə həmin mənzillərdə yaşamayaraq mənzildən istifadə etmirlər. Beləm ki, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 19 avqust 2013-cü il tarixli “11/56” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Cavabdeh2 və Cavabdeh1 ailə üzviləri ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Abşeron rayonu, ərazisində məcburi köçkünlər üçün inşa edilmiş Masazır qəsəbəsi “Zəngilan şəhərciyi” 11 saylı binada 56 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Sonradan Departamentin Abşeron rayon Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh2 və Cavabdeh1 və ailə üzvinin həmin mənzildə yaşamadığı, 11/56 nömrəli mənzildə Cavabdeh3 qeyri qanuni yaşadığı məlum olmuşdur. Sahə rəisi tərəfindən Cavabdeh2 mənzildə yaşamadığı, mənzilində müqavilədə adı keçməyən kənar şəxs Cavabdeh3 yaşamasının qanunsuz olduğu bildirilmişdir. Odur ki, o, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahatında bildirmişdir ki, o, 11 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə yaxınlaşaraq, sözügedən Abşeron rayonu, Masazır qəsəbəsi, “Zəngilan şəhərciyi” 11 saylı binada yerləşən 56 nömrəli mənzildə mart ayından yaşamadığını bildirmiş, bu barədə notaiusda ərizə də yazmışdır. Hətta o, mənzilin yenidən dövlətin balansına qaytarılmasına dair məhkəməyə müraciət etmişdir. O, əşyaları həmin evdə qoyaraq çıxmışdır. O, ərizəni və açarı Mənzil İstismar İdarəsinə təqdim etmişdir. Odur ki, o, iddia tələbini qəbul edir. Məhkəmə iclasında Cavabdeh3 izahatında bildirmişdir ki, onun qaldığı ev yanmış və bu barədə X4 müraciət edilmişdir. Daha sonra boş yer olan kimi ona məlumat veriləcəyi bildirilmişdir. Bir müddət sonra isə ona Qaradağ rayonunda mənzil təklif edilmişdir. Lakin Qaradağ rayonu uşaqların məktəbinə uzaq olduğu üçün ora getməmişdir. Nəhayət qohumlarının vasitəsi ilə Abşeron rayonu, Masazır qəsəbəsi, “Zəngilan şəhərciyi” 11 saylı binada yerləşən 56 nömrəli mənzildə məskunlaşmışdır. Ona Qaçqınkoma 3000 manat məbləğində pul verilməsi deyilmiş, o isə pulunun olmadığını bildirmişdir. O, Cavabdeh2 tanımır, 9 aydır sözügedən ünvanda yaşayır və Cavabdeh2 ora gəldiyini görməmişdir. Evin 1 açarı olmuşdur. Odur ki, onun yaşamağa başqa yeri yoxdur. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 43-cü maddəsinin İ. hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. hissəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Kirayəyəverən Dövlətqaçqınkom Mənzil İstismar Departamenti ilə kirayəçi Cavabdeh2 arasında bağlanmış 19 avqust 2013-cü il tarixli, 11/56 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən, kirayəyə verən dövlət mənzil fonduna aid olan Abşeron rayonu, Masazır qəsəbəsi, “Zəngilan şəhərciyi” 11 saylı binada yerləşən 56 nömrəli mənzilini müvəqqəti yaşamaq üçün kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3-cü bəndinə əsasən, kirayəçi öz ailə üzvlərini (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları, valideynləri, habelə, kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşadığı yaşayış sahəsinə köçürmək hüququna malikdir. Müqavilənin 2.4.2-ci bəndinə əsasən, kirayəyə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə, digər şəxslərin icarəsinə, istifadəsinə verməmək kirayəçinin əsas vəzifələrindən biridir. Müqavilənin 5.2-ci bəndinə əsasən, aşağıdakı hallarda bu müqavilə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. 5.4.1. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən bu müqavilə üzrə vəzifələr yerinə yetirilmədikdə; 5.4.2. kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə (müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlər istisna olmaqla); 5.4.3. kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; 5.4.4. kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; 5.4.5. yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. Müqavilənin 5.7-ci bəndinə əsasən, kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, aşağıdakı hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər: 5.7.1. Kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə, kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda; 5.7.2. Kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə, kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etmədikdə; 5.7.3. Kirayəçi və ailə üzvləri mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən şəxsi vəsaiti hesabına (ayrı təsərrüfatın yaranması istisna olmaqla) ayrıca yaşayış sahəsi əldə etdikdə. -Abşeron rayon Masazır qəsəbəsi Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi Ə.Abdullayev, sahə nəzarətçisi E.Yaqubov, fəhlələr S.Abbasov və E.Musayev tərəfindən tərtib olunmaqla imzaları ilə təsdiq edilmiş aktdan görünür ki, ünvan 1 ünvanı xx.xx.2013cü ildə Cavabdeh2 müvəqqəti yaşamaq üçün verilmişdir. Cavabdeh2 həmin mənzildən könüllü olaraq imtina etmişdir. Hal-hazırda həmin mənzildə Cavabdeh3 ailə üzvləri ilə birlikdə qanunsuz birlikdə qanunsuz qeydiyyatsız yaşayır. -ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olan vətəndaş Cavabdeh2 ünvanlanmış 06 iyun 2024-cü il tarixli, 3 №-li xəbərdarlıqlardan görünür ki, ünvan 1 ünvanı xx.xx.2013cü ildə Cavabdeh2 müvəqqəti yaşamaq üçün verilmişdir. Cavabdeh2 hazırda həmin mənzildən könüllü imtina etmişdir. Odur ki, onlardan 10 gün müddətində həmin evin təhvil verilməsi xahiş xahiş olunmuşdur. -Bakı Şəhəri 48 saylı Notariat Ofisində Cavabdeh2 tərəfindən yazılmış 06 iyun 2024cü il tarixli ərizədən görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi, “Zəngilan şəhərciyi” 11 saylı binada yerləşən 56 nömrəli mənzili könüllü olaraq Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə təhvil vermək istəyir. Gələcəkdə Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı heç bir iddiası olmayacaqdır. -Bakı Şəhəri 48 saylı Notariat Ofisində Cavabdeh1 tərəfindən yazılmış 06 iyun 2024cü il tarixli ərizədən görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi, “Zəngilan şəhərciyi” 11 saylı binada yerləşən 56 nömrəli mənzili könüllü olaraq Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə təhvil vermək istəyir. Gələcəkdə Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı heç bir iddiası olmayacaqdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Zəngilan rayonundan məcburi köçkün olan - Cavabdeh2, Cavabdeh1 Baki şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 103, M18, mənzil 5, Cavabdeh3 isə ünvan 2i ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Cavabdeh2 iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə bağladığı 19 avqust 2013-cü il tarixli 11/56 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, kirayəyə verən dövlət mənzil fonduna aid Abşeron rayonu, Masazır qəsəbəsi, “Zəngilan şəhərciyi” 11 saylı binada yerləşən 56 nömrəli mənzilini cavabdehə, yəni Cavabdeh3 müvəqqəti yaşamaq üçün sahibliyinə və istifadəsinə vermişdir. Qeyd olunan müqaviləyə əsasən, müvəqqəti sahibliyə və istifadəyə verilmiş mənzili kirayəyə verəndən təhvil almaq, yaşayış sahəsindən təyinatı üzrə istifadə etmək, yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, digər şəxslərin icarəsinə, istifadəsinə verməmək, yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək, yararlı vəziyyətdə saxlamaq, eyni zamanda, cari təmirini aparmaq öhdəliyini öz üzərinə götürmüş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin mənzildə yaşamadığı, digər Cavabdeh3 isə qeyri qanuni yaşadığı məlum olmuşdur. Bu səbəbdən iddiaçı kirayəçilərlə bağlanmış müqavilənin ləğv edilərək cavabdehlərin Abşeron rayonu, Masazır qəsəbəsi, “Zəngilan şəhərciyi” 11 saylı binada yerləşən 56 nömrəli mənzilindən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. “Qaçqınların və məcburi köçkünlərin məsələləri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1993-cü il tarixli № 32 saylı Qərarının 10-cu bəndinə əsasən, nəzərdə tutulacaq yaşayış binalarında və mənzillərində qaçqın və köçkünlərin məskunlaşmasına nəzarət etmək hüququnun Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə tapşırılması qərara alınmışdır. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən, məcburi köçkünlərə bərabər tutulan şəxslərin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi onların daimi məskunlaşması hesab olunur. 4-cü maddəsinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər barəsində sosial müdafiə tədbiri kimi müvəqqəti yaşayış sahəsi ilə təmin edilmə tətbiq olunur. 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə, digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mülki iş üzrə cavabdehlər Zəngilan rayonundan məcburi köçkün statusuna malikdirlər və Cavabdeh2 iddiaçı Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə bağladığı 19 avqust 2013-cü il tarixli 11/56 saylı müqaviləyə əsasən, mübahisəli Abşeron rayonu, Masazır qəsəbəsi, “Zəngilan şəhərciyi” 11 saylı binada yerləşən 56 nömrəli mənzil dövlət mənzil fonduna aid edilməklə, müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli № 65 saylı Qərarının: 1.2. bəndinə əsasən, bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. 1.4. bəndinə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir. 1.5. bəndinə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. 2.5. bəndinə əsasən, məcburi köçkünlərin müvəqqəti istifadəsinə ayrılmış yaşayış sahələri onların istifadəsinə “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş kirayə müqavilələri əsasında verilir. 3.1. bəndinə əsasən, məcburi köçkün 5 (beş) gün ərzində ona ayrılmış müvəqqəti yaşayış sahəsinə köçməkdən imtina etdikdə, həmin yaşayış sahəsi başqa məcburi köçkün ailəsinə verilir. 3.2. bəndinə əsasən, məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 3.3. bəndinə əsasən, məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. 3.7. bəndinə əsasən, məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, həmçinin tərəflərin izahatı əsasında müəyyən olunmuşdur ki, Abşeron rayonu, Masazır qəsəbəsi, “Zəngilan şəhərciyi” 11 saylı binada yerləşən 56 nömrəli mənzili cavabdehlərin müvəqqəti sahiblik və istifadəsinə verilmiş olsa da, cavabdehlər mənzildən təyinatına görə istifadə etmək, həmçinin, mənzili müqavilə ilə müəyyən edilmiş müddətdən artıq tərk etməmək öhdəliyini öz üzərilərinə götürmüşlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 17.3.2. bəndinə əsasən, xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusudur. 91.1.15 bəndinə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. 91.3. bəndinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. 99.3. bəndinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. 99.4. bəndinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. 100.3. kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Qanunun tələblərindən göründüyü kimi, xüsusi təyinatlı kirayə müqaviləsinin kirayəyə verən tərəfindən məhkəmə qaydasında ləğv edilməsi əsasları müəyyən edilmişdir ki, həmin əsaslardan biri də müqavilədən də göründüyü kimi, cavabdehlərin 3 aydan artıq müddətdə müvəqqəti sahibliyə və istifadəyə verilmiş mənzildə daimi olaraq yaşamamasıdır. İddia tələbindən də görünür ki, iddiaçı qeyd olunan normanı əsas götürərək, yəni cavabdehlərin daimi olaraq Abşeron rayonu, Masazır qəsəbəsi, “Zəngilan şəhərciyi” 11 saylı binada yerləşən 56 nömrəli mənzilində daimi olaraq yaşamaması səbəbindən cavabdehlə bağlanmış müqavilənin ləğvini tələb etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iş materiallarında olan Bakı Şəhəri 48 saylı Notariat Ofisində Cavabdeh2 və Cavabdeh1 tərəfindən yazılmış 06 iyun 2024-cü il tarixli ərizədən göründüyü kimi Abşeron rayonu, Masazır qəsəbəsi, “Zəngilan şəhərciyi” 11 saylı binada yerləşən 56 nömrəli mənzili könüllü olaraq Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə təhvil vermək istəyirlər. Beləliklə cavabdehlərin ərizələrini, həmçinin tərəflər arasındakı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müaviləsinin 5.7.1-ci maddəsini, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 sözügedən mənzildə 3 aydan artıq yaşamamaqlarını və həmin mənzildə qanunsuz olaraq digər Cavabdeh3 yaşadığını nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadəsinə verilmiş Abşeron rayonu, Masazır qəsəbəsi, “Zəngilan şəhərciyi” 11 saylı binada yerləşən 56 nömrəli mənzilə dair 19 avqust 2013-cü il tarixli “11/56" nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Abşeron rayonu, Masazır qəsəbəsi, “Zəngilan şəhərciyi” 11 saylı binada yerləşən 56 nömrəli mənzildən çıxarılmalı və həmin mənzil boşaldılaraq iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməlidir. Məhkəmə eyni zamanda, qeyd edir ki, Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.14. maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.2. maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Hazırki iş üzrə iddia ərizəsi qiymətləndirilməyən olduğuna görə məhkəmə hesab edir ki, 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 17.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 77, 88, 149, 150 və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadəsinə verilmiş Abşeron rayonu, Masazır qəsəbəsi, “Zəngilan şəhərciyi” 11 saylı binada yerləşən 56 nömrəli mənzilə dair 19 avqust 2013-cü il tarixli “11/56" nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 həmin mənzildən çıxarılsın və həmin mənzil boşaldılaraq iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 100 (yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov