Məhkəmə qərarları › İş №2(012)-4582/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4582/2021

19.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4582/2021 19.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Ərizəçi və onun vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun 01.12.1981-ci il tarixdən 15.08.1984-cü il tarixədək “Əvəz Verdiyev adına (əvvəlki adı Həzi Aslanov) sovxozda fəhlə, 01.07.1985-ci il tarixdən 15.09.1988-ci il tarixə qədər həmin sovxozda qaynaqçı işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, 1977-ci ildən Laçın rayonunda əmək fəaliyyətinə başlamışdır. Belə ki, 01.08.1977-ci il tarixdən 15.10.1979-cu il tarixə kimi Həzi Aslanov adına sovxozda fəhlə işləmiş, 15.11.1979-cu il tarixdən 26.10.1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra həmin sovxozda 01.12.1981-ci il tarixdən 15.08.1984-cü il tarixə qədər əmək fəaliyyətinə davam etmiş, 1981-ci ildə sovxozun adı dəyişdirilərək Əvəz Verdiyev adına Sovxoz olmuşdur. 01.09.1984-cü il tarixdən 01.06.1985-ci il tarixədək o, Bakı şəhəri 4 nömrəli orta texniki peşə məktəbində təhsil alaraq məktəbin tam kursunu bitirmişdir. 01.07.1985-ci il tarixdən 15.09.1988-ci il tarixədək həmin sovxozda qaynaqçı kimi əmək fəaliyyətini davam etdirmişdir. 1988-ci il tarixdən 1994-cü il tarixədək Şuşa 1 nömrəli tikinti idarəsində 4-cü və 5-ci dərəcəli elektrik qaynaqçısı işləmişdir. 1994-cü il tarixdən hal-hazıradək də müxtəlif vəzifələrdə işləmiş və hazırda da Bos Şelf MMC-də qaynaqçı işləyir. Məlum hadisələrlə əlaqədar Laçın rayonunda əmək fəaliyyətini təsdiq edən əmək kitabçası həmin vaxt işğal olunmuş ərazidə qaldığından o, yeni əmək kitabçası açdırmaq məcburiyyətində qalmışdır. Müvafiq sənədlər əlində olmadığından yeni əmək kitabçasında həmin illərdə işləməsi öz əksini tapmamışdır. Bu faktları həmin dövrlərdə onunla birlikdə həmin idarədə işləyən iş yoldaşları da öz ifadələri və əmək kitabçaları ilə təsdiq edə bilərlər. Belə ki, iş yoldaşı X6 1981-ci il tarixdən 1988-ci il tarixə qədər həmin sovxozda fəhlə işləmişdir. Digər iş yoldaşı X4 isə 1980-ci ildən 1988-ci ilə qədər həmin sovxozda işləmişdir. Bununla bağlı Milli Arxiv İdarəsinin Laçın Rayon Dövlət Arxivinə sorğu edilmiş və cavabda göstərilmişdir ki, məlum hadisələrlə bağlı müvafiq sənədlər işğalda qaldığından hər hansı məlumatın təqdim edilməsi mümkünsüzdür. Əmək pensiyaları haqqında qanunvericiliyə görə onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ vardır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alması üçün onun Laçında işlədiyi dövrdəki əmək stajının müəyyən edilməsi zəruridir. Çünki əmək fəaliyyəti barəsində sənədləri üzrlü səbəbdən təqdim edə bilmir, həmin sənədləri bərpa etmək və ya başqa qaydada əldə etmək mümkün deyil. Laçında işlədiyi dövrlə bağlı əmək kitabçası olmadığından maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 18.11.2020ci il tarixli imtina məktubunda 1988-ci ildən 1994-cü ilədək Şuşa 1 nömrəli tikinti idarəsində işləməsi ilə bağlı hissədə göstərmişdir ki, guya onun əmək kitabçası saxtalaşdırılaraq ora 40-43 səhifə əlavə edilmişdir. Buna görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina edərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Ona görə də göstərilənlərə əsasən ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Ərizəçi vəkili-nümayəndəsi Vəkil Ərizəçi izahatı ilə eyni məzmunlu izahat vermişdir. 22.09.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında iştirak etmiş maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X5 ərizəni qəbul etməyərək izahatında göstərmişdir ki, hazırki iş üzrə Ərizəçi əmək kitabçası Laçın rayonunda qaldığından onun 01.12.1981-ci il tarixdən 15.08.1984-cü il tarixədək “Əvəz Verdiyev adına (əvvəlki adı Həzi Aslanov) sovxozda fəhlə, 01.07.1985-ci il tarixdən 15.09.1988-ci il tarixə qədər həmin sovxozda qaynaqçı işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məcburiyyət qarşısında qalıb ikinci əmək kitabçası aldığı zaman ilkin əmək kitabçası barədə aidiyyəti quruma müraciət etməmişdir. Həmçinin, yeni əmək kitabçası aldığı zaman həmin sənəddə “surəti” (dublikat) ifadəsi qeyd olunmalı idi. Həmçinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Ona görə də göstərilənlərə əsasən ərizənin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, Laçın rayonunun Səfiyan kəndində anadan olmuş, Ərizəçi ilə həmyerlidir. O, 1981-ci ildə Əvəz Verdiyev adına sovxozda fəhlə kimi işə qəbul olmuş və ərizəçini həmin yerdən tanıyır. Ərizəçi Əvəz Verdiyev adına sovxozda onun kimi fəhlə vəzifəsində çalışmışdır. 1984-cü ildə Ərizəçi sovxozdan ayrılmış, təhsil almağa getmiş, 1985-ci ildə sovxoza yenidən qayıdıb qaynaqçı vəzifəsində çalışmağa başlamışdır. 1988-ci ilin sentyabr ayına qədər həmin vəzifədə işləmiş, 1988-ci ilində Şuşa rayonuna gedərək orada yaşamağa başlamış və orada evlənmişdir. Lakin bununla belə əlaqələri itməmiş, qaçqın düşəndən sonra daima həmyerli kimi əlaqə saxlamışlar. Arxiv sənədləri işğal olunmuş rayonda qaldığından çox adamın sənədi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, Ərizəçi ilə həmyerlidir, uşaqlıqdan dostluq münasibətləri olmuşdur. O, özü H.Aslanov (sonradan Əvəz Verdiyev) adına sovxozda mexanikləşdirmə şöbəsində çilingər vəzifəsində çalışmışdır. Sovxozun adı dəyişildiyindən o, 1981-ci ildə tutduğu vəzifədən azad olunmuşdur. Sovxozun adı dəyişiləndən sonra Əvəz Verdiyev adlanmış, o, yenidən 16.10.1981-ci ildə fəhlə vəzifəsinə işə qəbul edilmişdir. Ərizəçi da həmin ildə sovxoza fəhlə vəzifəsinə işə qəbul edilmiş, 1984-cü ilədək orada çalışmış, işdən çıxdıqdan sonra 1985-ci ildə yenidən sovxoza qayıdaraq qaynaqçı vəzifəsinə işə qəbul edilmişdir. 1985-1988-ci illərdə həmin vəzifədə çalışmış, 1988-ci ilin sentyabr ayından isə Şuşa rayonuna işləməyə getmişdir. Arxiv sənədləri işğal olunmuş rayonda qaldığından çox adamın sənədi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, 08.01.1987-ci ildə Əvəz Verdiyev adına sovxozda tikinti briqadasında işləmişdir. O həmin sovxozda işə düzələndə Ərizəçi uzun müddət əvvəl həmin sovxozda işləmiş, 1984-cü il tarixdə işdən çıxıb getmiş və 1985-ci il tarixdə yenidən sovxoza qayıdaraq qaynaqçı vəzifəsinə işə qəbul edilmişdir. 1985-1988-ci illərdə həmin vəzifədə çalışmış, 1988-ci ilin sentyabr ayından isə Şuşa rayonuna işləməyə getmişdir. Arxiv sənədləri işğal olunmuş rayonda qaldığından çox adamın sənədi yoxdur. Məhkəmə, ərizəçinin, onun vəkili-nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -15.11.1979-cu il tarixli ******* saylı hərbi biletin surətindən görünür ki, Ərizəçi həmin tarixdə Laçın rayonunda hərbi xidmətdə olmuşdur. -03.06.1985-ci il tarixli 752138 saylı diplomun surətindən görünür ki, Ərizəçi 01.06.1985-ci il tarixdə qaynaqçı ixtisasını bitirmişdir. -X2 məxsus 26.03.1979-cu il tarixli ИT-İ ******* saylı əmək kitabçasından görünür ki, X7 01.11.1980-ci il tarixli qərar əsasında H.Aslanov adına sovxozda çilingər vəzifəsinə işə qəbul edilmişdir. -X3 məxsus 20.10.1986-cı il tarixli ИT-İ ******* saylı əmək kitabçasından görünür ki, X6 10.06.1982-ci il tarixli qərar əsasında Ə.Verdiyev adına sovxozda çalışmışdır. X1 məxsus 10.01.1980-ci il tarixli ИT-İ ******* saylı əmək kitabçasından görünür ki, X4 08.01.1987-ci il tarixdə Ə.Verdiyev adına sovxozun tikinti briqadasında işə qəbul edilmişdir. -Ərizəçi məxsus ИT-İ ******* saylı əmək kitabçasından görünür ki, Ərizəçi əmək fəaliyyətinə başladığı müddət 1988-ci ildən hesablanmışdır. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 18.11.2020-ci il tarixli **********4 saylı və 06.04.2021-ci il tarixli **********4 saylı güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 23 iyul 2020-ci il tarixində daxil olmuş ərizə və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə araşdırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilmiş ИT-İ ******* nömrəli əmək kitabçası saxtalaşdırılaraq ona ИT-İ ******* nömrəli titul vərəqinin (40-43-cü səhifələrə) əlavə edildiyi aşkar olunmuşdur. Qeyd edilənlərə əsasən əmək kitabçasına və ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnun olduğu Ərizəçi izah edilmişdir. -Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Laçın Rayon İcra Hakimiyyəti Laçın Rayon Dövlət Arxivinin 15.03.2021-ci il tarixli 09 saylı məktubundan görünür ki, Laçın rayonunun Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğalı ilə əlaqədar olaraq rayonun bütün arxiv sənədləri, o cümlədən də Əvəz Verdiyev (Həzi Aslanov) adına sovxozun 1977-1988-ci illəri əhatə edən arxiv sənədləri də işğalda qalmışdır. -Abşeron rayon 1 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 25.02.2021-ci il tarixli 563 saylı arayışdan görünür ki, Ərizəçi Abşeron rayonu, Mehdiabad qəsəbəsi Binəqədi Gənclər Şəhərciyi 2 saylı evin 23 saylı mənzilində Şuşa rayonundan məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, hazırki iş üzrə Ərizəçi Laçın rayonunda əmək fəaliyyətinə başlamaqla 01.08.1977-ci il tarixdən 15.10.1979-cu il tarixə kimi Həzi Aslanov adına sovxozda fəhlə işləmiş, 15.11.1979-cu il tarixdən 26.10.1981-ci il tarixədək hərbi xidmətdə olmuş, 01.12.1981-ci il tarixdən 15.08.1984-cü il tarixə qədər əmək fəaliyyətinə davam etmiş, 1981-ci ildə sovxozun adı dəyişdirilərək Əvəz Verdiyev adına Sovxoz olmuş, 01.09.1984-cü il tarixdən 01.06.1985-ci il tarixədək Bakı şəhəri 4 nömrəli orta texniki peşə məktəbində təhsil alaraq məktəbin tam kursunu bitirmiş, 01.07.1985-ci il tarixdən 15.09.1988-ci il tarixədək həmin sovxozda qaynaqçı kimi əmək fəaliyyətini davam etdirmiş, 1988-ci il tarixdən 1994-cü il tarixədək Şuşa 1 nömrəli tikinti idarəsində 4-cü və 5-ci dərəcəli elektrik qaynaqçısı işləmişdir. Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində işğal olunmuş Laçın rayonunda əmək kitabçası qaldığından ərizəçi arxiv sənədinin alınması üçün Laçın Rayon İcra Hakimiyyəti Laçın Rayon Dövlət Arxivinə müraciət etmiş, həmin qurumun 15.03.2021ci il tarixli 09 saylı məktubu ilə rayonun bütün arxiv sənədlərinin, o cümlədən də Əvəz Verdiyev (Həzi Aslanov) adına sovxozun 1977-1988-ci illəri əhatə edən arxiv sənədlərinin işğalda qalması bildirilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 18.11.2020-ci il tarixli **********4 saylı və 06.04.2021-ci il tarixli **********4 saylı məktubuna əsasən isə güzəştli şərtlərlə pensiya təyinatından imtina edilərək ərizəçiyə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Göründüyü kimi, əmək kitabçasını başqa qaydada ala bilməyən ərizəçi 01.12.1981-ci il tarixdən 15.08.1984-cü il tarixədək “Əvəz Verdiyev adına (əvvəlki adı Həzi Aslanov) sovxozda fəhlə, 01.07.1985-ci il tarixdən 15.09.1988-ci il tarixə qədər həmin sovxozda qaynaqçı işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin izahatından, şahidlərin ifadələrindən və həmçinin təqdim edilmiş sübutlardan, Ərizəçi 01.12.1981-ci il tarixdən 15.08.1984-cü il tarixədək “Əvəz Verdiyev adına (əvvəlki adı Həzi Aslanov) sovxozda fəhlə, 01.07.1985-ci il tarixdən 15.09.1988-ci il tarixə qədər həmin sovxozda qaynaqçı işləməsi faktı öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında dindirilmiş şahidlərin ərizəçi ilə eyni sovxozda işləməsi və eyni zamanda şahidlərin verdiyi ifadələrin məhkəməyə təqdim edilmiş sənədlərdə göstərilənlərlə uyğunluğu ərizəçinin məhz həmin tarixlərdə işləməsi faktının müəyyən edilməsini mümkün hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların müvcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Güründüyü kimi mülki-prosessual qanunvericilikdə işdə iştirak edən şəxslərin izahatları da sübut növü kimi qəbul olunur. Lakin bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır. Odur ki, məhkəmə dindirilmiş şahidlərin ifadələri ilə bağlı qeyd edir ki, şahidlərin ifadələri, məhkəməyə təqdim edilmiş sənədlərlə üst-üstə düşdüyündən, sübut növü kimi qəbul olunmalıdır. Beləliklə də, məhkəmə belə qənaətə gəlir ki, hazırda Ərizəçi 01.12.1981-ci il tarixdən 15.08.1984-cü il tarixədək “Əvəz Verdiyev adına (əvvəlki adı Həzi Aslanov) sovxozda fəhlə, 01.07.1985-ci il tarixdən 15.09.1988-ci il tarixə qədər həmin sovxozda qaynaqçı işləməsi faktının başqa qaydada təsdiq edilməsi mümkün olmadığından bu fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin: 305.1.1. və 307.1. maddələrinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız şəxslərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1960-cı il təvəllüdlü Ərizəçi 01.12.1981-ci il tarixdən 15.08.1984-cü il tarixədək “Əvəz Verdiyev adına (əvvəlki adı Həzi Aslanov) sovxozda fəhlə, 01.07.1985-ci il tarixdən 15.09.1988-ci il tarixə qədər həmin sovxozda qaynaqçı işləməsi faktı müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar