Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4590/2021 30.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçının vəkili-nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki işə 30 avqust 2021-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı azyaşlı övladları - 07.04.2012-ci il təvəllüdlü X1, 17.11.2014-cü il təvəllüdlü X3, 06.04.2017-ci il təvəllüdlü X4 və 06.06.2019-cu il təvəllüdlü X5 ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni məhəllə adlanan ərazidə inşa edilmiş sənədsiz evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 27 oktyabr 2010-cu il tarixdə Abşeron rayon İHB-nın Qobu qəsəbə nümayəndəliyində rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan dörd övladları - 07.04.2012-ci il təvəllüdlü X1, 17.11.2014cü il təvəllüdlü X3, 06.04.2017-ci il təvəllüdlü X4 və 06.06.2019-cu il təvəllüdlü X5 anadan olmuşlar. Abşeron Rayon Məhkəməsinin 2(012)-3612/2020 saylı, 20.10.2020-ci il tarixli qətnaməsi ilə həmin azyaşlıların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay ümumilikdə 420 manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alıb icraya yönəldikdən sonra cavabdeh bu günədək cəmi 150 manat aliment ödəmişdir. Tərəflərin azyaşlı övladı olan Hüseyn ürək xəstəliyindən əziyyət çəkir və dovşan dodaq qüsurludur. Cavabdeh isə bir ata kimi öz vəzifələrini icra etmir. İddiaçının övladlarına onun valideynləri baxır. İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır və həmin ev onun ata evidir. Lakin cavabdehlə evli olduğu müddətdə Qobu qəsəbəsi, Yeni məhəllədə inşa edilmiş evdə yaşamış, ev sənədsiz olduğu üçün oraya qeydiyyata alına bilməmişdir. Həmçinin cavabdeh də başqa ünvanda qeydiyyatdadır. İddiaçı ilk əvvəl cavabdehin valideynlərinin yanında gəlin köçmüş, daha sonra birgə nikah dövründə həmin mübahisəli evi inşa etdirdikdən sonra oraya köçmüşdür. İddiaçıya məxsus cehiz əmlaklar hazırda həmin evdədir. Qobu qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilən arayışda iddiaçının birgə nikah dövründə inşa etdikləri həmin evdə yaşaması öz əksini tapmışdır. İddiaçı hazırda 4 övladı ilə birgə valideynlərinin yanında yaşayır. Bu səbəbdən hazırki tələblə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi X7 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, cavabdehlə mübahisəli evdə yaşasalar da, torpaq sahəsi valideynlərinin vəsaiti hesabına hələ o, iddiaçı ilə nikaha daxil olmazdan əvvəl alınmışdır. Mübahisəli ev isə nikah dövründə tikilmişdir. Torpaq sahəsinə və evə dair mülkiyyət hüququnu təsdiq edən hər hansı hüquqi sənəd mövcud deyildir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)- 2203/2021 saylı, 13.04.2021-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, iddia təmin edilmiş, İddiaçı və Cavabdeh arasında Abşeron rayon İHB-nın Qobu qəsəbə nümayəndəliyində bağlanmış 27 oktyabr 2010-cu il tarixli, 52 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. Mülki işin materiallarında olan Abşeron rayon İHB-nın Qobu qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilən 16.06.2021-ci il tarixli arayışdan müəyyən edilir ki, İddiaçı həqiqətən də, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır və 2017-ci ilin may ayından 2020-ci ilin may ayınadək azyaşlı övladları- 07.04.2012-ci il təvəllüdlü X1, 17.11.2014-cü il təvəllüdlü X3, 06.04.2017-ci il təvəllüdlü X4 və 06.06.2019-cu il təvəllüdlü X5 ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni məhəllədə yaşamışdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı və cavabdeh rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, birgə nikahlarından 4 övladları anadan olmuşdur. Tərəflər arasında münasibətlərin kəskinləşməsi ailənin faktiki olaraq dağılması ilə nəticələnmişdir. İddiaçı başqa ünvanda qeydiyyatda olsa da, övladları ilə birgə 2017-ci ildən 2020-ci ilədək cavabdehlə birgə nikah dövründə inşa etdikləri qanunsuz tikilidə yaşamışdır. Hazırda iddiaçıya məxsus cehiz əmlaklar həmin evdədir. İddiaçı və cavabdehin nikahı məhkəmə qaydasında pozulmuşdur. İddiaçı hazırda 4 övladı ilə birlikdə valideynlərinin himayəsində yaşayır və bu səbəbdən sözügedən qanunsuz tikiliyə köçürülməsi zərurəti yaranmışdır. Mülki Məcəllənin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək- onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və keçmiş əri (ərinin ailə üzvləri) güc tətbiq etməklə onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olubolmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüquqları olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (güc tətbiq etməklə evdən çıxarma) qanunsuzdur. Beləliklə, iddia üzrə cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuş, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin «O.ROUK Birləşmiş Krallığa qarşı» işində ərizənin qəbul edilənliyi barədə qərarında və «Gillounun Birləşmiş krallığa qarşı» işi üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin özbaşına tikintiyə dair sərəncam vermək, onu satmaq hüququ, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı olmasa da, MM-nin 180.2 və 180.4-cü maddələrinin məzmununa əsasən həmin özbaşına tikilinin mövcud olduğu müddətdə orada əvvəllər məskunlaşmış şəxslərin oradan istifadə hüququ müəyyən oluna bilməz, lakin həmin vətəndaşların oraya köçürülməsinə də qadağalar qoyula bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı azyaşlı övladları - 07.04.2012-ci il təvəllüdlü X1, 17.11.2014-cü il təvəllüdlü X3, 06.04.2017-ci il təvəllüdlü X4 və 06.06.2019-cu il təvəllüdlü X5 ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni məhəllə adlanan ərazidə yerləşən Cavabdeh yaşadığı özbaşına tikiliyə köçürülməli, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı azyaşlı övladları - 07.04.2012-ci il təvəllüdlü X1, 17.11.2014-cü il təvəllüdlü X3, 06.04.2017-ci il təvəllüdlü X4 və 06.06.2019-cu il təvəllüdlü X5 ilə birlikdə Cavabdeh yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni məhəllə adlanan ərazidə yerləşən özbaşına tikiliyə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-4590/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4590/2021
30.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver