Məhkəmə qərarları › İş №2(012)-4661/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4661/2021

28.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4661/2021 28.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi nikah haqqında qeydin bərpa edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi nikah haqqında qeydin bərpa edilməsi tələbinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun X5 ilə nikah haqqında qeydin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X6 ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, anası Ərizəçi xx.xx.1942-ci il tarixdə Ermənistan Respublikası Krasnoselo rayonunda anadan olmuşdur. Anası ilə atası X5 arasında 1961-ci ildə həmin rayonda rəsmi nikah qeydə alınmışdır. X5 29.03.2021-ci il tarixdə kəllədaxili qansızma nəticəsində vəfat etmişdir. Ərizəçiyə Maraqlı şəxs tərəfindən 06.04.2021-ci il tarixli, 482 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. X5 vəfat etdikdən sonra ondan miras qalmış əmlakları vərəsəlik yolu ilə ərizəçi öz adına keçirmək üçün notariat ofisinə müraciət etmişdir. Belə ki, digər sənədlər ilə bərabər ərizəçidən nikah haqqında şəhadətnamə də tələb edilmişdir. Ərizəçi nikah haqqında şəhadətnaməni təqdim etdiyi zaman şəhadətnamədə nikah qeydinin oxunmamasını bildirmişlər və ona şifahi olaraq imtina cavabı vermişlər. Əlavə olaraq, həmin nikah haqqında şəhadətnamədə olan qeydlər bərpa olunduqdan sonra vərəsəliyin açıla biləcəyini ərizəçiyə izah etmişlər. Çünki nikah haqqında şəhadətnamədə olan qeydlər oxunmadığı üçün ərizəçinin mərhum ərinin adına olan mülklərin onun adına keçirilməsi mümkün olmamışdır. Ərizəçi bundan sonra Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə müraciət etmiş, Qeydiyyat Şöbəsi tərəfindən ona 05/Q- 644/15 nömrəli, 21.05.2021-ci il tarixli cavab məktubu verilərək, nikah haqqında akt qeydinin bərpa edilib, yeni nikah haqqında şəhadətnamənin verilməsi üçün məhkəməyə müraciət edə biləcəyi ərizəçiyə bildirilmişdir. Odur ki, qeyd edilənlərə əsasən ərizəçi nikahın bərpa edilməsi faktını başqa qaydada müəyyən edə bilmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də göstərilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Abşeron rаyоn Qеydiyyаt Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mаrаqlı şəхsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5-ci maddəsinə əsasən işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 31.08.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında şahid qismində dindirilmiş X9 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Ərizəçi onun bibisidir. Bibisinin subay vaxtı sahib olduğu soyad “Hümbətova”, atasının adı isə “Abbas” olmuşdur. Bibisinin həyat yoldaşı isə X5 olmuşdur. Bibisi Ermənistan Respublikası Krasnoselo rayonunda anadan olmuş, Ağbulaq kəndinə isə gəlin köçmüşdür. Bibisinin həyat yoldaşı isə 29.03.2021-ci il tarixdə vəfat etmişdir. Onların birgə nikahlarından üç oğlu və bir qızı anadan olmuşdur. Bibisi və həyat yoldaşı 1961-ci ildə nikaha daxil olmuş, nikah haqqında şəhadətnamələri olsa da həmin sənədin oxunması mümkün olmamışdır. Bu səbəbdən də bibisi məhkəməyə müraciət etməli olmuşdur. 28.09.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında şahid qismində dindirilmiş X7 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, anası Ərizəçi xx.xx.1942-ci ildə Ermənistan Respublikası Göyçə mahalı Cil kəndində anadan olmuş, atası X5 isə 04.09.1935-ci ildə Göyçə mahalının Ağbulaq kəndində anadan olmuşdur. Atası ilə anası arasında 1961-ci il tarixində nikah olmuşdur. Atası rəhmətə getmişdir. Onlar ailədə dörd uşaq olmuş, üç qardaşın bir bacısı isə odur. O, 16.12.1975-ci ildə Ermənistan Respublikası Krasnoselo rayonu (Göyçə mahalı) anadan olmuşdur. Atası ilə anası nikaha daxil olduqdan sonra toy etmişlər. Belə ki, anası həmişə xatirələrində onun atası ilə nikaha daxil olmasından danışırdı. Bu səbəbdən də onun valideynlərinin nikahının olması barədə məlumatı vardır. Valideynləri həmişə mehriban ailə münasibətində olmuşdur. Onlar 1988-ci ildə Ermənistan Respublikasından qaçqın düşmüş, Abşeron rayonuna gələrək burada məskunlaşmışlar. Atası vəfat edəndən sonra anası vərəsəlik işinin açılması üçün aidiyyəti notariat qurumuna müraciət etsə də, nikah haqqında şəhatənamədə yazılar pozulduğundan oxunması mümkün olmamışdır. Bu səbəbdən də həmin sənəd heç bir qurum tərəfindən qəbul edilməmişdir. Anası Qeydiyyat şöbəsinə müraciət etsə də, Ermənistanla məlum olan münasibətlərdən dolayı həmin ölkədə olan vətəndaşlıq haqqında qeydlər Azərbaycan Respublikasına verilmədiyindən həmin qeydin bərpası mümkün olmamışdır. Bu səbəbdən də anası məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3. maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 162.1. maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin, həqiqətən, olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən icra edilir. 162.2. maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -İ-ЗЖ № 097106 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X5 və Ərizəçi nikaha daxil olmuş, lakin həmin sənədə əsasən onların hansı tarixdə nikaha daxil olması və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında hansı nikah qeydi ilə qeydiyyat aparıldığı yazıların silinməsi səbəbindən müəyyən etmək mümkün olmamışdır. -Abşeron rаyоn Qеydiyyаt Şöbəsi tərəfindən verilmiş 08.04.2021-ci il tarixli AZ-İİ № 164138 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 29.03.2021-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 482 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Abşeron rаyоn Qеydiyyаt Şöbəsinin 21.05.2021-ci il tarixli 05/Q-644/15 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasi Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə nikah haqqında akt qeydinin bərpası ilə bağlı daxil olmuş ərizəyə baxılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1 və 162.2 maddələrinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin bərpası həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbəsi tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Nikah haqqında akt qeydinin bərpa edilib, yeni nikah haqqında şəhadətnamənin verilməsi üçün məhkəməyə müraciət etməsi Ərizəçi tövsiyyə olunmuşdur. -Abşeron RPŞ tərəfindən verilmiş 29.09.2005-ci il tarixli AZE № 03407439 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonu Saray qəsəbəsi Yeni Məhəllə 87 saylı evdə qeydiyyatda olmuşdur. -Abşeron RPŞ tərəfindən verilmiş 29.09.2005-ci il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi Abşeron rayonu Saray qəsəbəsi Yeni Məhəllə 87 saylı evdə qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Ərizəçi həyat yoldaşı X5 ilə Ermənistan Respublikasında nikaha daxil olmuş və bu barədə onlara ЗЖ № 097106 saylı nikah haqqında şəhadətnamə təqdim olunmuşdur. Tərəflərin birgə nikahlarından dörd övladı anadan olmuşdur. Ərizəçinin həyat yoldaşı X5 29.03.2021ci il tarixdə vəfat etmişdir. Ərizəçi vərəsəlik işinin açılması üçün aidiyyəti notariat qurumuna ərizə ilə müraciət etmiş, lakin nikah haqqında şəhadətnamədə yazılar oxunmadığından ərizənin təmin edilməsi mümkün olmamışdır. Hazırda, ərizəçi Maraqlı şəxsnə nikah haqqında qeydin bərpası üçün ərizə ilə müraciət etsə də, Abşeron rаyоn Qеydiyyаt Şöbəsi 21.05.2021-ci il tarixli 05/Q-644/15 saylı məktubu ilə nikah haqqında akt qeydinin bərpa edilib, yeni nikah haqqında şəhadətnamənin verilməsi üçün Ərizəçi məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Bu səbəbdən də, ərizəçi hazırda, nikah haqqında qeydin bərpa edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin: 76.1-ci və 76.2 maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 87.2. maddəsinə əsasən məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

88. maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən qiymətləndirərək qeyd edir ki, ərizəçinin izahatında göstərilənlər iş materiallarında olan sənədlərlə və şahid ifadələri ilə öz təsdiqini tapır. Belə ki, faktla bağlı şahid ifadələrinin üst-üstə düşməsi, ifadələr arasında ziddiyyətin olmaması Ərizəçi ilə mərhum X2 nikah haqqında akt qeydinin bərpasına əsas verir. Mülki Prosessual Məcəllənin: 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 01 mart 2001-ci il tarixli 52 saylı Qararı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın:

14. bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.

16. bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir.

21. bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edildikdə, qeydiyyat şöbələri və konsulluq idarələri vətəndaşlıq vəziyyəti aktının qeydinin bərpasını məhkəmənin qətnaməsinə əsasən qərar qəbul etmədən qeydə alır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi ilə X2 nikah akt qeydi bərpa olunmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi ilə X2 Ermənistan Respublikası Krasnoselo rayonunda 1961-ci ildə bağlanmış nikah akt qeydi bərpa edilsin. Qətnamə nikah haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar