Məhkəmə qərarları › İş №2(012)-4695/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4695/2021

31.08.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4695/2021 31.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki işə 31 avqust 2021-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 azyaşlı uşaqları - X5 və X4 ilə birlikdə və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər Şəhərciyi”, 21 saylı binanın 5 saylı mənzilindən çıxarılmaları və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər Şəhərciyi”, 21 saylı binanın 5 saylı mənzil dövlət reyestrindən verilmiş 02.06.2021-ci il tarixli çıxarışla İddiaçı mülkiyyətindədir. İddiaçı 2016-cı ildə iki-üç illiyinə yaşayış yerləri olmadığı üçün kommunal xərcləri ödəmək şərtilə həmin mənzili müvəqqəti olaraq qardaşı oğlu X3 ailəsinə, yəni arvadı Cavabdeh1 və onun azyaşlı uşaqları - X5 və X2 təhvil vermişdir. 2017-ci ildən qardaşı oğlu və arvadı heç bir kommunal xərcləri ödəməmiş və qanunsuz hərəkətləri ilə qonşuların narazılığını qazanmışdırlar. Qonşuları onlardan dəfələrlə iddiaçıya şikayət etmişdir. İddiaçı tərəfindən edilən xəbərdarlıqlara məhəl qoymadıqdan sonra, 2019-cu ildə iddiaçı onlardan mənzilindən çıxmağı tələb etsə də, nəticə əldə edə bilməmişdir. Cavabdehlər ona məxsus mənzili zəbt etməklə orada qanunsuz yaşayırlar. Bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdirlər. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər Şəhərciyi”, ev 21, 5 saylı mənzil İddiaçı mülkiyyətindədir və ********** qeydiyyat nömrəsi ilə 02.06.2021-ci il tarixdə onun adına qeydə alınmışdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı 2016-cı ildə ona məxsus mənzili qardaşı oğlunun ailəsinə - cavabdehlərə yaşayış yeri olmadığı üçün kommunal xərcləri ödəmək məqsədilə müvəqqəti yaşayış üçün vermişdir. İddiaçı cavabdehlərdən mənzildən çıxmağı tələb etsə də, buna nail olmamışdır. Bu səbəbdən iddiaçı cavabdehlərin həmin mənzildən çıxarılmasını və mənzilin boşaldılaraq ona təhvil verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin mahiyyətindən görünür ki, əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda, İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında hətta orderli mənzilin hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir. İşin hallarına əsasən cavabdehlərin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə mənzil üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, cavabdehlər Cavabdeh1 azyaşlı uşaqları - X5 və X4 ilə birlikdə və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər Şəhərciyi”, 21 saylı binanın 5 saylı mənzilindən çıxarılmalı və mənzil boşaldılaraq İddiaçı təhvil verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 azyaşlı uşaqları - X5 və X4 ilə birlikdə və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər Şəhərciyi”, 21 saylı binanın 5 saylı mənzilindən çıxarılsınlar və mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar