Məhkəmə qərarları › İş №2(012)-4723/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4723/2025

24.10.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4723/2025 24.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rəcəbova Samirə Məmməd qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət X3 Regional Təhsil İdarəsi Laçın Şəhəri 1 nömrəli Tam Orta Ümumtəhsil Məktəbi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinə qarşı siyahının, əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair, iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət X3 Regional Təhsil İdarəsi Laçın Şəhəri 1 nömrəli Tam Orta Ümumtəhsil Məktəbi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyinə qarşı siyahının, əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin direktorunun xx.xx.2025-ci il tarixli 3-29-69/3-2-29F/2025 nömrəli əmri ilə təsdiq olunmuş siyahının onunla bağlı hissəsinin (№ 2094) ləğv edilməsi və həmin əmrin əsasında verilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumitəhsil Üzrə Dövlət X3 Regional Təhsil İdarəsi Laçın şəhəri 1 nömrəli Tam Orta Ümumtəhsil Məktəbinin direktorunun 30 iyun 2025-ci il tarixli 60 nömrəli əmrinin ləğv edilməsi, onun əvvəl işlədiyi Laçın şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbinin Riyaziyyat müəllimi vəzifəsinə işə bərpa olunması, məcburi iş buraxmaya görə xx.xx.2025ci il tarixdən işə bərpa olunacağı tarixədək əmək haqqının ona ödənilməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, izahatında göstərmişdir ki, o, 1969-cu ildə Laçın rayonunda anadan olmuş, 1990-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat müəllimi fakültəsinə qəbul olunub 1995-ci ildə oranı bitirmişdi, əmək fəaliyyətinə 01 dekabr 1986-cü ildə Laçın rayon Pionerlər evində dərnək rəhbəri kimi başlamışdır. xx.xx.1991-ci ildən Laçın şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində riyaziyyat müəllimi kimi işləməyə başlamışdır. xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı il tarixədək həmin məktəbdə məktəb direktoru vəzifəsini icra etmişdir. Daha sonra həmin məktəbdə fəaliyyətini riyaziyyat müəllimi kimi davam etdirmişdir. Bildirir ki, məktəbdə işlədiyi 34 il ərzində pedaqoq kimi işini bacarıqla idarə edərək bir müəllim kimi şagirdlərinin təlim-tərbiyəsində əməyini əsirgəməmiş, əmək funksiyalarını, əmək müqaviləsi üzrə vəzifə və öhdəliklərini tam yerinə yetirmiş, hər hansı qüsuru olmamış, fəaliyyəti ilə əlaqədar hər hansı nizam-intizam məsuliyyətinə cəlb edilməmişdir. Xəstəliyilə əlaqədar üzürlü səbəbdən təhsil verənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə 20 iyun 2025-ci il tarixində keçirilmiş sertifıkatlaşdırmada iştirak edə bilməmişdir. xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək xəstəliyilə bağlı əmək qabiliyyətinin olmadığı barədə rəsmi sənədləri bu iddia ərizəsinə əlavə edir. Buna baxmayaraq cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumitəhsil Üzrə Dövlət Agentliyinin direktoru xx.xx.2025-ci il tarixli 3-29-69/3-2-29F/2025 nömrəli “Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlər barədə” Əmri ilə sertifıkatlaşdırmada iştirak etmədiyi üçün onu sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin siyahısına 2094 nömrə ilə daxil etmişdir. Qeyd olunan əmrə əsaslanan (qeyri-müəyyən səbəbdən xx.xx.2025-ci il tarixli 3-29-69/3-2-29F/2025 nömrəli əmr kimi qeyd etməklə, halbuki, xx.xx.2025-ci il tarixində Agentliyin deyil, Elm və Təhsil Nazirliyinin 3-29/3-2-404F/2025 nömrəli əmri olmuşdur, Agentliyin həmin tarixli əmri yoxdur) cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumitəhsil Üzrə Dövlət X3 Regional Təhsil İdarəsi Laçın şəhəri 1 nömrəli Tam Orta Ümumtəhsil Məktəbinin direktoru 30 iyun 2025-ci il tarixli 60 nömrəli Əmri ilə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “c” bəndinə əsasən onunla bağlanılmış əmək müqaviləsini 30 iyun 2025-ci il tarixdən ləğv etmişdir. O, qeyd olunan əmrlərlə razı deyil və hesab edir ki, xəstəliyilə əlaqədar üzürlü səbəbdən keçirilmiş sertifıkatlaşdırmada iştirak elmədiyindən, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəmin) kifayət dərəcədə olmadığını yoxlamadan onun barəsində verilmiş əmrlərin qanuni əsası mövcud olmamış, əmrin verilmə əsaslarını təsdiq edən sübutlar mövcud olmamış, mövcud olmayan əsaslar üzrə, yalnız formal mülahizələr üzrə əmrlər verilmişdir. Buna görə də hesab edir ki, Dövlət Agentliyinin direktorunun xx.xx.2025-ci il tarixli 3-29- 69/3-2-29F/2025 nömrəli Əmrinin mənimlə bağlı hissəsi və onun əsasında verilmiş Laçın şəhəri 1 nömrəli Tam Orta Ümumtəhsil Məktəbinin direktorunun 30 iyun 2025-ci il tarixli 60 nömrəli Əmri tamamilə qanunsuz və əsassızdır. O, əmrlərin ləğv edilməsi və işinə bərpa olunmağı üçün ilkin olaraq qanunvericiliyin tələbinə əsasən Abşeron 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Mediator tərəfindən ilkin Mediasiya sessiyasından (İMS) sonra prossesin davam etdirilə bilməməsi barədə Arayış təqdim olunmuşdur. Odur ki, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən, o, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixində iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət X3 Regional Təhsil İdarəsi Laçın Şəhəri 1 nömrəli Tam Orta Ümumtəhsil Məktəbinin direktoru Nümayəndə izahatında bildirmişdir ki, müəllimə işində çox məsuliyyətli olmuşdur. Belə ki, müəllimə İddiaçı səhhətiylə əlaqədar bülletendə olmuşdur. Onu da qeyd edir ki, iddiaçı tez-tez bülletenə çıxmır, hətta elə il olur ki, ümumiyyətlə bülletenə çıxmır. Lakin müəllimə ikinci dəfə imtahanda iştirak etmədiyi üçün və qanunun tələbi belə olduğu üçün o, iddianın təmin edilməməsinə etiraz etmir. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyiin nümayəndəsi məhkəməyə iddiaya etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, o, iddia ərizəsinə etiraz edir. Belə ki, 1. İddiaçı 2024-cü il tarixində keçirilmiş sertifikatlaşdırma və 20 iyun 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırma imtahanlarından keçməmişdir. Onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyinin 3-29-69/3-2-29F/2025 saylı, 25 iyun 2025-ci il tarixli əmrinə əsaslanmaqla həmin məktəbin direktorunun 60 nömrəli əmri ilə 30 iyun 2025-ci il tarixdən ləğv edilmişdir. İddiaçı ərizəsində qeyd edir ki, xx.xx.2025-cil tarixdən xx.xx.2025-ci il tarixədək xəstəliyi ilə əlaqədar bülletendə olmuşdur. Bu səbəbdən sertifikasiyada iştirak edə bilməmişdir. Qanunvericilikdə işçilərin üzrlü səbəblərdən təkrar sertifikatlaşdırmada iştirak etmədiyi hallar üçün sertifikatlaşdırmanı təxirə salmaq kimi bir qayda nəzərdə tutmamışdır. Qanunvericilik təkrar sertifikatlaşdırmada bu qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən və iştirak edə bilməyən təhsilverənlər tərəfindən əmək müqaviləsinə xitam verilməsini konkret olaraq nəzərdə tutmuşdur. İşçilərin üzrlü səbəblərdən təkrar sertifikatlaşdırmada iştirak etmədiyi hallar üçün isə sertifikatlaşdırmanı təxirə salmaq kimi bir qayda nəzərdə tutmamışdır. xx.xx.2025-ci il tarixdə təkrar sertifikatlaşdırma keçirilmiş, iddiaçı isə təkrar sertifikatlaşdırmada iştirak etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli, 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumitəhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın 5.2-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Həmin Qaydanın 5.3-cü bəndinə əsasən isə təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Göründüyü kimi, qanunvericilik təkrar sertifikatlaşdırmada bu qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən və iştirak edə bilməyən təhsilverənlər tərəfindən əmək müqaviləsinə xitam verilməsini konkret olaraq nəzərdə tutmuşdur. 2. İddiaçı ərizəsində qeyd edir ki, Laçın şəhər 1 saylı tam orta ümumtəhsil məktəbinin direktoru tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş əmrdə əsas kimi göstərilən Agentliyin xx.xx.2025-ci il tarixli əmri mövcud deyil. Lakin təqdim olunmuş sənəddə QR kodun skan edilməsi nəticəsində məlum olur ki, sözügedən əmr həqiqətən də xx.xx.2025-ci il tarixdə rəsmiləşdirilmişdir. 3. İddiaçı öz ərizəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinə istinad edərək bildirir ki, əmək qabiliyyətini müvəqqəti itirmiş işçi ilə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi qanunla qadağandır. Belə ki, birincisi, iddiaçının təqdim etdiyi sənədlərdən də göründüyü kimi, o, yalnız 20-23 iyun 2025-ci il tarixlərində müvəqqəti əmək qabiliyyətini itirmişdir. 24 iyun 2025-ci il tarixdən etibarən, o, əmək qabiliyyətini bərpa etmiş və artıq iş yerinə çıxmaq imkanına malik olmuşdur. İkincisi, Əmək Məcəlləsinin 79-cu maddəsinin müddəalarına diqqət yetirdikdə görürük ki, burada əmək qabiliyyətini müvəqqəti itirmiş şəxslərlə əmək müqaviləsinin ləğv olunması yalnız o halda qadağan edilir ki, əmək müqaviləsinə xitam verilən gün işçi əmək qabiliyyəti olmasın. Yəni bu norma əmək qabiliyyətsizlik halının xitam tarixində mövcud olduğu hallar üçün nəzərdə tutulmuşdur. Təqdim edilmiş rəsmi sənədlərdən və müvafiq əmrdən də açıq şəkildə görünür ki, iddiaçının əmək müqaviləsinə 30 iyun 2025-ci il tarixində xitam verilmişdir və həmin tarixdə o, artıq əmək qabiliyyətli şəxs hesab olunurdu. Deməli, əmək müqaviləsinin ləğvi zamanı işçi əmək qabiliyyətli olduğu üçün Əmək Məcəlləsinin 79-cu maddəsinin tətbiqi üçün hüquqi əsas mövcud olmamışdır. Buradan da aydın şəkildə nəticə çıxır ki, iddiaçının müqaviləsinə xitam verilməsi qanunvericiliyə tam uyğun şəkildə həyata keçirilmiş və onun hüquqları pozulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli, 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumitəhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın 5.2-ci bəndinə əsasən, təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunduqlarından və həmin qərarın 5.4-cü maddəsinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi nəzərdə tutulduğundan, iddiaçının təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edilməklə, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməsi qanuna uyğundur, Hüquqi məsələlər: Sertifikatlaşdırılmadan keçmək hər bir təhsilverənin vəzifəsidir (“Təhsil haqqında” Qanunun 33.3.9-cu, “Ümumitəhsil haqqında” Qanunun 23.3.2- ci maddələri). “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36-2-ci maddəsinin, “Ümumitəhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinin və Əmək Məcəlləsinin 67-2-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumitəhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın tələblərinə uyğun olaraq, dövlət ümumitəhsil müəssisələrində işləyən təhsilverənlər məcburi sertifikatlaşdırmadan keçməlidir və sertifikatlaşdırmadan keçməyən şəxslərin pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ yoxdur. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36-2-ci, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci və Əmək Məcəlləsinin 67-2-ci maddələrində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumitəhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nda sertifikatlaşdırmadan keçirilməyən təhsilverənlərin siyahısı qeyd olunmuşdur. Eyni zamanda, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakının könüllü olması qeyd olunmuşdur. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36- 2.1-ci maddəsinə əsasən dövlət məktəbəqədər və ümumitəhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. “Ümumitəhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən dövlət ümumitəhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsin 67-2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36-2.5-ci maddəsinə və “Ümumitəhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 28-cü maddəsinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsin 67-2-ci maddəsinin 4-cü hissəsinə əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Yuxarıda qeyd olunanlara əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 3- 29-69/3-2-29F/2025 saylı, 25 iyun 2025-ci il tarixli əmrinin iddiaçıya aid hissədə ləğv edilməsi və həmin əmr əsasında verilmiş Laçın şəhəri 1 nömrəli tam orta məktəbinin 60 saylı əmrinin ləğv edilməsi və işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqı barədə” iddia tələbi əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrnin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -0065663 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı Laçın şəhəri 1 nömrəli Tam Orta Ümumtəhsil Məktəbində xx.xx.1991-ci il tarixində riyaziyyat müəllimi olaraq işə başlamışdır. -Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət X3 Regional Təhsil İdarəsi Laçın şəhəri 1 nömrəli Tam Orta Ümumtəhsil Məktəbi tərəfindən verilmiş 30 iyun 2025-ci il tarixli 60 nömrəli əmrindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən onunla bağlanılmış əmək müqaviləsi 30 iyun 2025-ci il tarixdən ləğv edilmişdir. -25 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş XV**********1 nömrəli sığortaolunanın xəstəlik vərəqəsindən görünür ki, X4 Təhsil İdarəsində riyaziyyat müəlliməsi işləyən İddiaçı xəstəlik nəticəsində xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əmək qabiliyyəti olmayan hesab edilmiş və işə çıxma tarixi xx.xx.2022-ci il tarixi müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1991-ci ildən Laçın şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində riyaziyyat müəllimi kimi işləməyə başlamış, xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı il tarixədək həmin məktəbdə məktəb direktoru vəzifəsini icra etmişdir. Daha sonra həmin məktəbdə fəaliyyətini riyaziyyat müəllimi kimi davam etdirmişdir. Xəstəliyiylə əlaqədar üzrlü səbəbdən təhsil verənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə 20 iyun 2025-ci il tarixində keçirilmiş sertifıkatlaşdırmada iştirak edə bilməmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət X3 Regional Təhsil İdarəsi Laçın şəhəri 1 nömrəli Tam Orta Ümumtəhsil Məktəbi tərəfindən verilmiş 30 iyun 2025-ci il tarixli 60 nömrəli əmrə əsasən, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən onunla bağlanılmış əmək müqaviləsi 30 iyun 2025-ci il tarixdən ləğv edilmişdir. Odur ki, iddiaçı hazırki ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin direktorunun xx.xx.2025-ci il tarixli 3-29-69/3-2-29F/2025 nömrəli əmri ilə təsdiq olunmuş siyahının onunla bağlı hissəsinin (№ 2094) ləğv edilməsi və həmin əmrin əsasında verilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət X3 Regional Təhsil İdarəsi Laçın şəhəri 1 nömrəli Tam Orta Ümumtəhsil Məktəbinin direktorunun 30 iyun 2025-ci il tarixli 60 nömrəli əmrinin ləğv edilməsi, onun əvvəl işlədiyi Laçın şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbinin Riyaziyyat müəllimi vəzifəsinə işə bərpa olunması, məcburi iş buraxmaya görə xx.xx.2025-ci il tarixdən işə bərpa olunacağı tarixədək əmək haqqının ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun 36-2.5-ci maddəsinə əsasən üzrlü səbəblərdən sertifıkatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifıkatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumitəhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” Qaydalarının 5.2-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifıkatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifıkatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Həmin Qaydaların 3.22-ci bəndinə əsasən sertifıkatlaşdırmanın nəticələri ilə razılaşmayan təhsil verənlər məhkəməyə və (və ya) nəticənin “Şəxsi kabinef’inə göndərildiyi tarixdən 30 (otuz) iş günü müddətində inzibati qaydada Nazirliyə şikayət verə bilərlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra mətndə Əmək Məcəlləsi adlanacaq): 10-cu maddəsinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. 42-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 70-ci maddəsinin İİ hissəsinin “c” bəndinə əsasən, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 74-cü maddəsinin 1-ci hissəsinin c bəndinə əsasən, c) qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə bu hal tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilməsi əsasıdır. Qeyd olunan normanın məzmunundan görünür ki, əmək müqaviləsinə xitam verilməsi üçün ümumi cəhət ondan ibarətdir ki, göstərilən əsas nə işçinin, nə də işəgötürənin təşəbbüsü və ya istəyi olmadan baş verir. Qanunun tələbinə görə, işinin əmək qabiliyyətini 6 aydan az müddətə itirməsi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Məhkəmə araşdıması zamanı isə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı ümumilikdə, bağlı əmək qabiliyyəti olmayan hesab edilmişdir ki, həmin tarix, 6 aydan az müddəti əhatə edir. Əmək Məcəlləsinin; 74-cü maddəsinin 2-ci hissəsinə əsasən, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə qanunvericiliyin normalarını əsas götürərək qeyd edir ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu müəllimlərin sertifıkatlaşdırmada iştirak etmə normalarını müəyyən edir. Həmin normalarda müəllimlərin ikinci dəfə sertifıkatlaşdırmada iştirak etməməsinin nəticələrini tənzimləmişdir. Lakin müəllimlərin işdən çıxarılması serfikasiyadan keçməməsi səbəbi ilə Əmək qanunvericiliyi əsasında müəyyən edilərək əmr çıxarılır. Göründüyü kimi əmr verilərkən əmək qanunvericiliyin müafiq maddələrinə istinad edilir. Əmək qanunvericiliyin 70-ci maddəsində göstərilir ki, həmin maddənin İİ hissəsinin “c” bəndinə əsasən, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. İşin araşdırılan hallarından məlum olduğu kimi iddiaçı 20 iyun 2025-ci il tarixində keçirilmiş sertifıkatlaşdırmada iştirak edə bilməmiş, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əmək qabiliyyəti olmayan hesab edilmişdir. Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən, işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Qanun əmək qabliyyəti olmayan işçinin əmək müqaviləsinə xitam verilməsini qadağan edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı göstərilənlərə aydınlıq gətirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.3-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumitəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.4-cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair 6 noyabr 2024cü il tarixli qərarına əsasən: “Təhsil haqqında” Qanunun 36-2.6-cı maddəsinə müvafiq olaraq, təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin tələblərinə görə isə işəgötürən tərəfindən: - hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; - yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; - əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; - işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; - həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; - öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin; - məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan edilir. Fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən əsas normativ hüquqi akt Əmək Məcəlləsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə, əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Xüsusən işçinin iradəsindən və təqsirindən asılı olmayan səbəblərdən əmək müqaviləsinə xitam verilərkən, bunun işçi və onun ailəsi üçün yarada biləcəyi maddi çətinlikləri azaltmaq, gəlirdən tamamilə məhrum olmalarının qarşısını almaq məqsədilə qanunvericilikdə müəyyən təminatlar nəzərdə tutulmuş, habelə müəyyən qrup şəxslərin fiziki xüsusiyyətlərinə, sağlamlıq və sosial vəziyyətlərinə görə əmək müqavilələrinə işəgötürən tərəfindən xitam verilməsi istisna edilmişdir. Belə ki, Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə, həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə, öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin, məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Bu qadağadan istisnaya yalnız həmin Məcəllənin 70-ci maddəsinin “a” bəndində nəzərdə tutulan müəssisənin ləğv edildiyi və müddətli əmək müqaviləsinə Məcəllənin 73-cü maddəsi ilə xitam verilən hallarda yol verilir. Qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 79-cu maddəsində göstərilən işçilərlə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə qoyulmuş qadağa əmək münasibətlərində yüksək sosial və hüquqi müdafiəyə ehtiyacı olan şəxslərə dövlətin qayğısını əks etdirir. Müvafiq olaraq təhsil qanunvericiliyinin əsas məqsədi təhsil sahəsində vətəndaşların konstitusiya hüququnun təmin edilməsindən və qorunmasından, icra strukturlarının, təhsilalanların və təhsilverənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsindən, onlar arasında münasibətlərin tənzimlənməsindən, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılmasından ibarətdir. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri keyfiyyətlilikdir ki, bu prinsip təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğunu nəzərdə tutur. Bu məqsədlə təhsil qanunvericiliyində nəzərdə tutulmuş sertifikatlaşdırma təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru olmaqla pedaqoji işçilərin ixtisas səviyyəsinin, metodologiya mədəniyyətinin yüksəldilməsi, onlarda müasir pedaqoji texnologiyalardan istifadənin təşviqi, pedaqoji əməyin səmərəliliyinin və keyfiyyətinin artırılması, pedaqoji işçilərin potensial imkanlarından istifadə perspektivlərinin müəyyənləşdirilməsi və s. kimi məqsədlərə xidmət edir (Konstitusiya Məhkəməsi Palatasının “X2 və digərlərinin şikayətinə dair” 2023-cü il 15 mart tarixli Qərardadı).Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru “Təhsil haqqında” Qanunun 36-2-ci maddəsi və Nazirlər Kabinetinin müvafiq Qaydası ilə tənzimlənir. Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. Sertifikatlaşdırmadan keçən şəxslərə 5 (beş) il müddətində dövlət məktəbəqədər və ümumi təhsil və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə) müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir. Sertifikatlaşdırmadan üçüncü dəfə keçəndən sonra təhsilverənlər təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə Əmək Məcəlləsinin 10-1-ci maddəsi ilə müəyyən edilmiş çalışmanın yaş həddinə qədər məşğul olmaq hüququ əldə edirlər. Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınır. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Göründüyü kimi, qanunverici ilk dəfə sertifikatlaşdırmada uğurlu nəticə əldə etməyən təhsilverənlərin əmək müqaviləsinə dərhal xitam verilməsini nəzərdə tutmur, iş yeri və əmək haqqı saxlanılmaqla təkrar sertifikatlaşdırmada iştirak etmək imkanını tanıyır. Qaydanın 1.4-cü bəndinə əsasən, hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikatlaşdırılması keçirilmir, ilk dəfə işə qəbul olunanlar üç il müddətində sertifikatlaşdırmaya cəlb edilmirlər. Həmçinin qanunvericilik qeyd olunan şəxsləri sertifikatlaşdırmadan keçirilməsindən tamamilə azad etmir, yalnız müvafiq zaman kəsiyi müddətinə təxirə salır. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilən qanunvericilik aktlarını təhlil edərək belə qənaətə gəlir ki, bu normaların nizama saldıqları ictimai münasibətlərin dairəsi, yəni predmeti fərqlidir. “Təhsil haqqında” Qanunun 36-2-ci maddəsi və Qayda təhsilverənlərin sertifikatlaşdırılma prosedurunu tənzimlədiyi halda, Əmək Məcəlləsinin 79-cu maddəsi əmək müqaviləsi işəgötürən tərəfindən ləğv olunması qadağan edilən işçilərin dairəsini müəyyən etmişdir. O da qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 79-cu maddəsi konstitusiya hüquqi mahiyyəti və təyinatı baxımından işəgötürən tərəfindən işçilərin, o cümlədən təhsilverənlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada peşəkarlıq səviyyəsini və peşə yararlılığını müəyyənləşdirmək imkanını aradan qaldırmır. Həmçinin sertifikatlaşdırmadan keçmiş təhsilverənlərin nəticələrinə müvafiq olaraq onların əmək haqlarının diferensiallaşdırması da həyata keçirilir. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.12-ci maddəsinə ,əsasən, normativ hüquqi aktların kolliziyası – eyni ictimai münasibətləri tənzimləyən qüvvədə olan normativ hüquqi aktların ziddiyyəti (uyğunsuzluğu) hesab edilir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “Təhsil haqqında” Qanunun 36-2.3-cü maddəsi və Qaydanın 1.4-cü bəndi ilə Əmək Məcəlləsinin 79-cu maddəsi fərqli ictimai münasibətləri tənzimlədiyindən həmin normalar arasında hər-hansı kolliziya mövcud deyil və həmin normalar Konstitusiyasının 35-ci maddəsi ilə ziddiyyət yaratmırlar. Odur ki, Əmək Məcəlləsinin 67-2-ci maddəsinə əsasən, “Təhsil haqqında” Qanuna uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas yaradır. İşəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq ləğv edilərkən isə həmin Məcəllənin 79-cu maddəsi ilə müəyyənləşdirilmiş məhdudiyyətlər nəzərə alınmalıdır. Məhkəmə Qanunvericiliyin tələblərini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq qeyd edir ki, işəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq ləğv edilərkən həmin Məcəllənin 79-cu maddəsi ilə müəyyənləşdirilmiş məhdudiyyətlər nəzərə alınmalı, sertifikatlaşdırma keçirilən vaxtı iddiaçının əmək qabliyyətli olmadığı işin mübahisəsiz halı olduğundan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumitəhsil Üzrə Dövlət X3 Regional Təhsil İdarəsi Laçın şəhəri 1 nömrəli Tam Orta Ümumtəhsil Məktəbinin direktorunun 30 iyun 2025-ci il tarixli 60 nömrəli əmri ləğv edilməlidir. Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən İddiaçı əvvəl işlədiyi Laçın şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbinin Riyaziyyat müəllimi vəzifəsinə işə bərpa olunmalı, məcburi iş buraxmaya görə xx.xx.2025-ci il tarixdən işə bərpa olunacağı tarixədək əmək haqqı hesablanaraq İddiaçı ödənilməlidir. Eyni zamanda iddia tələbinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumitəhsil Üzrə Dövlət Agentliyinin direktorunun xx.xx.2025-ci il tarixli 3-29-69/3-2-29F/2025 nömrəli əmri ilə təsdiq olunmuş siyahının onunla (iddiaçı ilə) bağlı hissəsinin (№ 2094) ləğv edilməsi hissəsində məhkəmə qeyd edir ki, sözügedən siyahi əmək müqaviləsinə xitam verilməsinə dair əmrin verilməsi üçün əsas olmuş sənəddir, hüquqmüəyyənedici sənəd deyildir, ona görə də ləğv edilməsi üçün əsas yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi bu hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2 maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1 maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumitəhsil Üzrə Dövlət X3 Regional Təhsil İdarəsi Laçın şəhəri 1 nömrəli Tam Orta Ümumtəhsil Məktəbinin direktorunun 30 iyun 2025-ci il tarixli 60 nömrəli əmri ləğv edilsin. İddiaçı əvvəl işlədiyi Laçın şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbinin Riyaziyyat müəllimi vəzifəsinə işə bərpa olunsun, məcburi iş buraxmaya görə xx.xx.2025ci il tarixdən işə bərpa olunacağı tarixədək əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar