Məhkəmə qərarları › İş №2(012)-477/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-477/2024

31.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-477/2024 31.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi2 miras qalmış əmlakın vərəsələr tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X3 miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 12 saylı evin 82 saylı mənzilinin miras payı olaraq onlar tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizə bununla əsaslandırılmışdır ki, 09 mart 2018-ci il tarixdə ölmüş X1 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün miras əmlakın qəbuluna dair maraqlı şəxs olan bibiləri Maraqlı şəxs1 Sumqayıt Regional Maraqlı şəxs2ndə Notariat Ofisinə müraciət etmişdir. Maraqlı şəxs1 müraciətinə baxılmış, lakin qanunla müəyyənləşdirilmiş müddəti (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən) ötürdüyü üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnmə verilməsindən imtina edilmişdir. X1 ünvan 1 ünvanında yerləşən mənzil miras qalmışdır. Həmin mənzili faktiki olaraq ataları X6 qəbul etmişdir. X5 xx.xx.2018-ci il tarixdə, ataları X6 isə xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Nənələri vəfat edən günə qədər ona ataları baxmış və qulluğunda dayanmışdır. X4 birinci dərəcəli vərəsələri X6, Maraqlı şəxs1 və X7 olmuşdur. X7 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. X2 olmuş və heç vaxt ailə həyatı qurmamışdır. Maraqlı şəxs1 mirasın qəbulu ilə bağlı Sumqayıt Regional Maraqlı şəxs2ndə Notariat Ofisinə müraciət edən zaman onlara heç bir məlumat verməmişdir. O, ərizəçilərin yaşadığı ünvanlardan başqa mobil telefon nömrələrini də bilir və onlara bu barədə nə rəsmi, nə də şifahi şəkildə heç bir məlumat verməmişdir. X3 miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 12-də yerləşən 82 saylı mənzilə dair onların da payları vardır. Həmin miras əmlakda Maraqlı şəxs1 ilə bərabər onların da payları müəyyən olunmalıdır. Mirasla bağlı Maraqlı şəxs1 qeydiyyat ünvanı üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-447/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. Göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Məhkəmə gedişatında ərizəçilər MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəmədən mərhum X3 miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 12 saylı evin 82 saylı mənzilinin miras payı olaraq onlar tərəfindən ½ hissəsinin qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Məhkəmə qeyd edir ki, dövlət təminatı altına alınan əsas hüquqlardan biri də mülkiyyət hüququdur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatını yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır. Şəxsi mülkiyyətin davamlılığı isə vərəsəlik institutunun varlığına bağlıdır. Belə ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyi-nəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element bir-birini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Mülki Məcəllənin 1301.1-ci maddəsinə görə əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Həmin Məcəllənin 1301.2-ci maddəsinə görə əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Həmin Məcəllənin 1301.3-cü maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. İş materiallarından görünür ki, mərhum X3 qalmış miras əmlakın qəbul edilməsindən imtina edən vərəsəsi yoxdur. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında təsbit etdiyi hüququ mövqeyini nəzərə alaraq, hesab edir ki, hazırki ərizə baxılmamış saxlanılmalıdır. İşdən görünür ki, ərizəçilər müvafiq əmlakla bağlı mirasın qəbulundan imtina etməmişlər. Bu baxımdan məhkəmə hesab edir ki, ərizəçilər müvafiq tələblə müvafiq quruma (notariat ofisinə) müraciət etməlidirlər. Həmçinin işdən görünür ki, Ərizəçi2 hazırki ərizəni verərkən müvafiq ödəniş sistemi vasitəsilə ********** saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə ərizənin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunu xx.xx.2023-cü ildə ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki ərizə baxılmamış saxlanılmalı, habelə iş üzrə Ərizəçi2 ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi2 miras qalmış əmlakın vərəsələr tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş baxılmamış saxlanılsın. Ərizəçi2 hazırki mülki iş (2(012)-477/2024 saylı mülki iş) üzrə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından Ərizəçi2 qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar