Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4774/2021 28.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə qaydasının müəyyən edilməsi və evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə qaydasının müəyyən edilməsi və evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun və azyaşlı övladları - 15.03.2004-cü il təvəllüdlü X2 və 15.03.2005-ci il təvəllüdlü X3 iddiaçının yəni onun, 17.01.2009-cu il təvəllüdlü X8 və 17.01.2009-cu il təvəllüdlü X9 ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni Məhəllə adlanan ərazidə yerləşən 7 otaqlı sənədsiz evə istifadə qaydalarının müəyyən edilməsi, həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-595/2019 saylı, 29 aprel 2019-cu il tarixli qətnaməsinə əsasən onunla Cavabdeh arasında Abşeron rayon Qeydiyyat Şöbəsində 20 may 2008-ci il tarixdə 88 nömrəli nikahın bağlanması haqqında akt qeydləri kitabındakı nikah qeydinin ləğv edilməsi, birgə nikahlarından anadan olmuş 15 mart 2004-cü il təvəllüdlü X2, 15 mart 2005-ci il təvəllüdlü X3 onun, 17 yanvar 2009-cu il təvəllüdlü X8 və X9 adlı əkiz uşaqlarının isə Cavabdeh himayəsində saxlanılması qət edilmişdir. Məhkəmə qaydasında nikahları ləğv edildikdən sonra ona Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən 07.05.2020-ci il tarixli, 108 saylı nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. O, əkiz övladlarının cavabdehin yanında baxımsız olduğuna görə yenidən məhkəməyə iddia qaldıraraq, əkiz övladları 17 yanvar 2009-cu il təvəllüdlü X4 və X5 onun himayəsinə verilməsini xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin qətnaməsi ilə hər iki övladı onun himayəsinə verilmişdir. Hazırda qətnamə ilə 4 övladı da onun himayəsində göstərilsə də, cavabdeh təhdid, hədə-qorxu ilə övladlarını onun əlindən almış və uşaqları da qorxduğu üçün öz fikirlərini, istəklərini ona bildirə bilməmişlər. Nəticədə, məcbur olub zülm də çəksələr uşaqlar atalarının yanında yaşayırlar. 15 mart 2004-cü il təvəllüdlü X10 və 17 yanvar 2009-cu il təvəllüdlü X9 cavabdehin yanındadırlar. Halbuki cavabdeh hər iki övladına dözülməz iztirablar verdiyi üçün o, həmin uşaqlarının da alınıb ona verilməsi üçün Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron rayon Məhkəməsinin 2(012)-1214/2020 saylı, 05 mart 2020-ci il tarixli qətnaməsinə əsasən onun iddia tələbi tam təmin edilərək, 17 yanvar 2009-cu il təvəllüdlü X9 və X4 onun himayəsinə verilməsi qət edilmişdir. O, cavabdehlə birgə nikah dövründə Abşeron rayonu, Qobu qəsəbəsində yeni Məhəllə adlanan ərazidə 7 otaqlı sənədsiz ev inşa etmiş, ilk evləndikləri vaxtda qeydiyyatda olduğu Abşeron rayonu, Qobu qəsəbəsi, Səməd Vurğun küçəsində yerləşən 11 saylı evdə yaşamışlar. Daha sonra qeyd edilən mübahisəli evi inşa edərək, həmin evdə yaşamağa başlamışlar. O, evin inşa edilməsindən əlavə evin bütün avadanlıqlarını da almışdır. Hazırda isə o, nə evində yaşaya, nə də ki, əşyalarından istifadə edə bilir. Cavabdeh isə ona da hədə-qorxu gələrək, əgər evə yaxınlaşsa öldürəcəyi ilə təhdid edir. O, min bir əziyyətlə işləyir və qazancını kirayə yaşadığı evə verir. Cavabdeh isə övladlarına da baxmır və aliment ödəmir. Düşünür ki, qeyd edilən evdə onun da haqqı vardır. O da cavabdehlə birlikdə həmin evin inşa edilməsi üçün həm maddi, həm də ki, mənəvi cəhətdən əziyyət çəkmişdir. Cavabdeh tərəfindən həmin evə buraxılmamağı qanunsuzdur. Sənədsiz olduğu üçün o, həmin evi yarı şəkildə böldürə bilmir. Ona görə də köçürülmə hüququnun təmin edilməsini və istifadə qaydalarının müəyyən edilməsini məhkəmədən xahiş edir. Çünki cavabdeh bildirir ki, evi satacaq, bir manat da olsa nə ona, nə də ki, uşaqlarına verməyəcəkdir. Hazırda da 15 mart 2004-cü il təvəllüdlü X6 və 17 yanvar 2009-cu il təvəllüdlü X7 aliment ödəməmək üçün öz yanında saxlamışdır. Cavabdeh onun da əziyyəti olan evdən onu uzaqlaşdırmaq və özü təkbaşına yiyələnmək istəyir. Onun bütün bu ərizədə qeyd etdiklərinə cavabdeh özü də şahiddir. Hətta onunla yaxın münasibətdə olan qonşuları da onun bu qeyd etdiklərini də təsdiq edə bilərlər. Mübahisəli ev nikah dövründə əldə olunsa da sənədsiz olduğu üçün o, ½ payını məhkəmə qaydasında müəyyən edə bilmir. Məcburdur ki, hazırki tələb ilə bağlı məhkəməyə müraciət edərək, övladları ilə birlikdə həmin evə köçürülərək, istifadə qaydaları müəyyən edilsin. Cavabdehlə onun rəsmi nikahı 2019-cu ildə ləğv edilmişdir. O, həmin evi nikah dövründə inşa edərək, yaşamağa başlamışlar. Lakin cavabdeh saxtakarlıqlara əl ataraq, evə quraşdırılmış sayğacı dəyişdirmiş və guya həmin ev yeni inşa edilmiş və yaşanmağa başlanmışdır. Halbuki cavabdehin adına olan işıq, su və s. digər qəbzlər mövcuddur. Bununla da sübut edilir ki, həmin ev 2019-cu ildə inşa edilməmişdir. 2012-ci ildə kommunal xərci ödəməsinə dair qəbz mövcuddur. Odur ki, qeyd etdiklərinə əsasən o, öz hüququnu bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-595/2019 saylı, 29 aprel 2019-cu il tarixli qətnaməsinə əsasən onunla İddiaçı arasında Abşeron rayon Qeydiyyat Şöbəsində 20 may 2008-ci il tarixdə 88 nömrəli nikahın bağlanması haqqında akt qeydləri kitabındakı nikah qeydinin ləğv edilməsi, birgə nikahlarından anadan olmuş 15 mart 2004-cü il təvəllüdlü X2, 15 mart 2005-ci il təvəllüdlü X3 İddiaçı, 17 yanvar 2009-cu il təvəllüdlü X8 və X9 adlı əkiz uşaqlarının isə onun himayəsində saxlanılması qət edilmişdir. 05.03.2020ci il tarixli məhkəmə qətnaməsi ilə əkiz uşaqların iddiaçının himayəsinə verilməsi qət edilsə də, hazırda, X9 onunla birlikdə yaşayır. Eyni zamanda, iddiaçının köçürülməsini istədiyi mübahisəli Abşeron rayonu Qobu qəsəbəsi Yeni Məhəllə ünvanı adlanan ərazidə yerləşən 7 otaqlı fərdi yaşayış evinin hər hansı bir sənədi yoxdur. Belə ki, yalnız Kənd Sovetliyindən 1998-ci ildə götürmüş olduğu sənədi vardır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1. maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1 və 76.2. maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 28.10.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, o, Cavabdeh böyük qardaşıdır. İddiaçı isə Cavabdeh həyat yoldaşı olmuşdur. Onlar təxminən 2002-2003-cü illərdə nikaha daxil olmuş, nikaha daxil olduqdan sonra əvvəl ata yurdu olan ünvan 2 ünvanında 15 ilə yaxın müddətdə yaşamışlar. Sonradan onlar Qobu bələdiyyəsində torpaq sahəsi almışlar. 2018-ci ildə orada ev tikib yaşamağa başlamışlar. Həmin evdə İddiaçı 2020-ci ilin iyul ayına qədər yaşamışdır. Məhkəmə, tərəflərin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Asan-Sumqayıt tərəfindən verilmiş 11.10.2016-cı il tarixli AZE № 11300958 saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 17.01.2009-cu il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. -Asan-Sumqayıt tərəfindən verilmiş 11.10.2016-cı il tarixli AZE № 11300959 saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 15.03.2005-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. -ünvan 5ətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Abşeron rayon Qeydiyyat şöbəsində 20 may 2008-ci il tarixdə 88 nömrəli nikahın bağlanması haqqında akt qeydləri kitabındakı nikah qeydi ləğv edilmiş, birgə nikahlarından anadan olmuş 15 mart 2004-cü il təvəllüdlü X2 və 15 mart 2005-ci il təvəllüdlü X3 iddiaçının, yəni İddiaçı, 17 yanvar 2009-cu il təvəllüdlü X8 və X9 adlı əkiz uşaqların isə cavabdehin, yəni Cavabdeh himayəsində saxlanılmaları qət edilmişdir. -Abşeron Rayon Məhkəməsinin 05.03.2020-ci il tarixli 2(012)-1214/2020 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, 17 yanvar 2009-cu il təvəllüdlü X5 və X4 anası İddiaçı himayəsinə verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07.05.2020-ci il tarixli AZ-İ № 352271 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 108 nömrəsi ilə qeyd edilmişdir. -Məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərinin surətindən görünür ki, Cavabdeh adına olan Abşeron rayonu Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evinə dair kommunal ödənişlər edilmiş, belə ki, 14.05.2019-cu il tarixdə qaz puluna görə 5 manat, 16.06.2019-cu il tarixdə qaz puluna görə 3 manat, 05.12.2019-cu il tarixdə qaz puluna görə 5 manat ödəniş edilmişdir. -21.06.2012-ci il tarixli 95243227 saylı Kütləvi Ödənişlər üzrə X1 məxsus mədaxil qəbzinin surətindən görünür ki, Cavabdeh 338.24 manat qaimə borcundan 30 manat ödəniş etmişdir. -Azərişıq ASC-nin hesab-bildirişlərinin surətindən görünür ki, Cavabdeh 16.09.2013cü il tarixdə borca görə 2.70 manat, 30.04.2014-cü il tarixdə borca görə 4.98 manat, 09.08.2016-cı il tarixdə borca görə 90.54 manat, 11.09.2017-ci il tarixdə borca görə 121.39 manat ödəniş edilməsi barədə xəbərdarlıq edilmişdir. -24.12.2016-cı il tarixli ********* saylı mədaxil qəbzinin surətindən görünür ki, Cavabdeh elektrik enerji haqqına görə 5 manat ödəniş etmişdir. -14.05.2019-cu il tarixli mədaxil qəbzinin surətindən görünür ki, Cavabdeh 14.05.2019-cu il tarixdə aktlar üzrə borca görə 6 manat ödəniş etmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.09 ha torpaq sahəsi Cavabdeh adına ********** nömrəsi ilə qeydiyyata alınmışdır. -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Qobu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 06.10.2021-ci il tarixli 1686 saylı arayışdan görünür ki, İddiaçı Abşeron rayonu, Qobu qəsəbəsi Yeni Məhəllə ünvanında qeydiyyatsız 2012-ci ildən 2020-ci ilədək yaşamışdır. -Abşeron RPŞ tərəfindən verilmiş 21.05.2009-cu il tarixli AZE № 07177978 saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİnin Maps şöbəsi tərəfindən verilmiş 15.04.2021-ci il tarixli arayışdan görünür ki, Sadıqov X13 rayonu, Qobu qəsəbə ərazi Dairəsi, Qobu qəsəbəsi, Səməd Vurğun küçəsi 41 saylı evdə qeydiyyatdadır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1980-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının: 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ilə 20.05.2008-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından uşaqları, 15.03.2004-cü il təvəllüdlü X10, 15.03.2005-ci il təvəllüdlü X11, 17.01.2009-cu il təvəllüdlü X8 və 17.01.2009-cu il təvəllüdlü X9 anadan olmuşdur. Tərəflər nikaha daxil olandan sonra birgə vəsaitləri hesabına dövlət qeydiyyatına alınmamış, hər hansı hüquqmüəyyənedici sənədi olmayan – Abşeron rayonu Qobu qəsəbəsi Yeni Məhəllə ünvanında yerləşən fərdi yaşayış evi inşa etmiş, həmin evdə yaşamış, birgə təsərrüfat aparmış, birgə nikahlarından anadan olmuş azyaşlı uşaqlarla birlikdə həmin ünvanda yaşamışlar. ünvan 5ətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur. Daha sonra iddiaçı azyaşlı uşaqları ilə birlikdə həmin evdən çıxarılmış, hal-hazırda cavabdeh tərəfindən iddiaçının həmin ünvana daxil olub yaşamasına maneələr yaradılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01.10.2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq) 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin: 180.1.-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2.-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla tərəflərin birgə maddi vəsaitləri hesabına alınmış fərdi yaşayış evinin özbaşına tikili olması, həmin evə dair cavabdehin adına qaz, işıq sayğacının qoyulması, həmin sayğaclara görə ödənişlərin edilməsinə dair qəbzlərin olması müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Bu səbəbdən də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni Məhəllə adlanan ərazidə yerləşən ev özbaşına tikili olduğundan, iddiaçı cavabdeh ilə birlikdə həmin evə bərabər hüquq və vəzifələrə malik olduğundan İddiaçı 15.03.2004-cü il təvəllüdlü X10, 15.03.2005-ci il təvəllüdlü X11, 17.01.2009-cu il təvəllüdlü X8 və 17.01.2009-cu il təvəllüdlü X9 ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni Məhəllə adlanan ərazidə yerləşən evə köçürülməlidir. Məhkəmə iddiaçının iddia tələbinin “fərdi yaşayış evinə dair istifadə qaydalarının müəyyən edilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, birgə nikah dövründə inşa edilmiş, hər hansı hüquqmüəyyənedici sənədi olmayan özbaşına tikili olan mübahisəli evin layihə sənədləri olmadığından, həmçinin istifadə qaydalarının müəyyən edilməsini barədə mütəxəssis rəyi təqdim edilmədiyindən və beləliklə iddiaçı tərəfindən məhkəməyə sübut verilmədiyindən iddia tələbi bu hissədə əsaslı hesab edilib təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 4-cü, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı 15.03.2004-cü il təvəllüdlü X10, 15.03.2005-ci il təvəllüdlü X11, 17.01.2009-cu il təvəllüdlü X8 və 17.01.2009-cu il təvəllüdlü X9 ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni Məhəllə adlanan ərazidə yerləşən evə köçürülsün. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov.
Məhkəmə qərarları › İş №2(012)-4774/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4774/2021
28.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver