Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4775/2021 17.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) X22 katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh1, Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X9 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin Abşeron rayonu Xırdalan şəhəri, məhəllə 27, 2A saylı evin 73 saylı mənzilinə istifadə hüquqlarının getdikləri gündən itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “X17”nın cavabdeh “Cavabdeh3” kimi oxunmasını, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Abşeron rayonu Xırdalan şəhəri, məhəllə 27, 2A saylı evin 73 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı Abşeron rayonu Xırdalan şəhəri, məhəllə 27, 2A saylı evin 73 saylı mənzilinin mülkiyyətçisidir. Həmin mənzildə İddiaçı və onun ailə üzvləri ilə yanaşı, iddiaçının qohumları, yəni cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hal-hazırda pasport qeydiyyatındadır. Cavabdehlərin mənzilə pasport qeydiyyatları qalsa da, onlar uzun müddətdir ki, bu mənzildə yaşamırlar və daimi əsaslarla başqa ünvana yaşamaq üçün köçüb getmişlər. Belə ki, cavabdehlərdən Cavabdeh2 1992-ci ildə, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 isə İddiaçı yaşadığı və mülkiyyətçisi olduğu Abşeron rayonu Xırdalan şəhəri, məhəllə 27, 2A saylı evin 73 saylı mənzilini tərk edərək yaşamaq üçün başqa ünvanlara köçmüş və həmin müddətlərdən sonra İddiaçı mənzilinə bir daha qayıtmamışlar. Bu halı İddiaçı qonşuları da təsdiq edir. Onların iradə ifadələri notarial qaydada təsdiq edilmiş ərizələrində qeyd edilmişdir. Cavabdehlərdən 24 avqust 1969-cu il tarixdə Quba rayonunun Çiçi kəndində anadan olmuş Cavabdeh1 1994-1995-ci illərdə daimi yaşamaq üçün Rusiya Federasiyasına köçmüşdür. Hesab edir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti İdarəsinə məhkəmə sorğusu verilsə onun Azərbaycan Respublikasına giriş-çıxışı barədə rəsmi məlumat da əldə etmək mümkün ola bilər. Beləliklə də, cavabdehlərin köçdüyü gündən İddiaçı mülkiyyətində olan mənzilə istifadə hüquqlarını itirmişlər. Cavabdehlər 1992-1994-cü illərdə köçüb getdikləri üçün mübahisəli hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları ilə təmzimlənməlidir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 06.10.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Abşeron rayonu Xırdalan şəhəri məhəllə 27, 2A saylı evin 73 saylı mənzili iddiaçı, yəni onun qardaşı İddiaçı mülkiyyətindədir. O, həmin mənzildə qeydiyyatda olmaqla yaşamış, lakin sonradan nikaha daxil olaraq Cəlilabad şəhərinə köçmüşdür. Mənzilin iddiaçının adına qeydə alınmasından onun məlumatı yoxdur. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh1 1991-ci ildə nikaha daxil olaraq mübahisə predmeti olan Abşeron rayonu Xırdalan şəhəri məhəllə 27, 2A saylı evin 73 saylı mənzilinə köçmüşdür. Cavabdehin həyat yoldaşı vəfat edəndən sonra cavabdeh həmin mənzildən çıxarılmışdır. Cavabdeh1 2019-cu ilədək Abşeron rayonu Xırdalan şəhəri məhəllə 27, 2A saylı evin 73 saylı mənzilində yaşamış, yoldaşı ilə birlikdə Rusiyaya getmiş, lakin oğlu vəfat edəndən sonra daimi olaraq geri qayıtmışdır. Lakin bununla belə, iddiaçının cavabdehlərin həmin mənzildən nə vaxt çıxması barədə hər hansı bir sübutu yoxdur. Şahid ifadələri isə əsaslı sübut deyildir. Çünki şahidlər verilən suallara təfərrüatlı cavab verməmişlər. Eyni zamanda, tərəflər arasında əldə olunmuş razılığa əsasən cavabdehlər və ailənin digər üzvləri mübahisə predmeti olan mənzilin iddiaçının adına özəlləşdirilməsinə razılıq verməli, daha sonra mənzil satılaraq vərəsələr arasında bölünməli idi. Tərflər arasında əvvəllər mübahisə olmamışdır. Cavabdeh1 adına hazırda Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 1 saylı evin (Mebelni-1) 48 saylı mənzili vardır ki, həmin mənzil də cavabdehin anası X14 tərəfindən 12.02.2020-ci il tarixdə daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında sonuncuya bağışlanmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək nümayəndəsi və vəkili Vəkil2 izahatı ilə eyni məzmunlu izahat vermişdir. Mülki Prosessual Məcəllənin: 62.1 maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 06.10.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında iştirak etmiş şahid X5 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 2A saylı evin 68 saylı mənzilində 1984-cü ildən etibarən yaşayır. İddiaçı yaxından tanıyır. Belə ki, onlar eyni blokda yaşayırlar. İddiaçının bacısı 1992-ci ildə nikaha daxil olub hansısa rayona getmişdir. İddiaçının qardaşı Arif isə Rusiyada yaşayırdı. İddiaçı həmin mənzildə yaşayır. Cavabdeh1 İddiaçı qardaşı X4 həyat yoldaşıdır. Cavabdeh1 həmin mənzilə gəlin gəlmişdi. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1992-1994-cü ildən həmin mənzildə yaşamamış, birdəfəlik olaraq başqa ünvana köçmüşlər. Həmin vaxtdan onları görməmişdir. 06.10.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında iştirak etmiş şahid X15 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 2A saylı evin 68 saylı mənzilində yaşayır və İddiaçı tanıyır. İddiaçı yaşadığı 73 saylı mənzil əvvəl iddiaçının atası Mustafanın adına olmuşdur. Qeyd olunan mənzildə iddiaçı, onun qızları və həyat yoldaşı birlikdə yaşamış, həmin ünvanda o, başqa şəxsləri görməmişdir. 04.11.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında iştirak etmiş şahid X6 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 2A saylı evin 82 saylı mənzilində yaşayır və İddiaçı ilə eyni məhəllədə yaşayır. Belə ki, İddiaçı 7-ci blokda, o isə 8-ci blokda yaşayır. Cavabdeh3 İddiaçı Arif adlı qardaşının qızı, onun isə qardaşının gəlinidir. Onların toyu 2011-ci ildə olmuşdur. Evlənəndən sonra Cavabdeh3 atasıgildə yaşamamışdır. Belə ki, onlar Günel üçün elçiliyə gedəndə onların Abşeron rayonu Xırdalan şəhəri Mebelnı adlanan yerdə yerləşən mənzillərinə getmişlər. Cavabdeh1 yoldaşı ilə birlikdə 1993-1994-cü ildə Rusiya Federasiyası Nijniy Novqorod şəhərinə köçmüş, lakin oğulları vəfat edəndən sonra Rusiyadan geri qayıtmış, Abşeron rayonu Xırdalan şəhəri Mebelnı adlanan yerdə yerləşən mənzillərində yaşamışlar və bir daha Rusiyaya qayıtmamışdır. 04.11.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında iştirak etmiş şahid X20 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 2A saylı evin 30 saylı mənzilində yaşayır. İddiaçı qardaşının adı Arifdir. Cavabdeh1 isə Arifin həyat yoldaşı olmuşdur. Cavabdeh2 iddiaçının kiçik bacısıdır. Cavabdeh1 1990-cı ildə nikaha daxil olaraq iddiaçının mənzilinə gəlin köçmüşdür. Təxminən 1991-1992-ci illərdə onlar Rusiyaya getmiş və bir müddətdən sonra qayıdaraq Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə Mebelni adlı yerdə mənzil almışlar. Həmin mənzili Arif özü təmir edirdi. Arifin oğlu 2018-ci ildə vəfat edəndən sonra onlar bir daha Rusiyaya qayıtmamışlar. Arif rəhmətə gedəndən sonra isə Cavabdeh1 öz evlərində qalırdı. Cavabdeh2 isə 1991-1992-ci ildə nikaha daxil olaraq Cəlilabada gəlin köçmüş, orada yaşamışdır. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -27.11.1974-cü il tarixli 241 saylı orderin surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri, məhəllə 27, 2A saylı evin 73 saylı mənzili Mustafa Ağəmmədova ailə üzvləri ilə birlikdə istifadəsinə verilmişdir. -Abşeron rayon İcra Hakimiyyəti 2 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş 24.06.2019-cu il tarixli 889 saylı arayışdan görünür ki, İddiaçı 11.05.1982-ci il tarixdən, Cavabdeh1 20.11.1991-ci il tarixdən, Cavabdeh2 30.01.1998-ci il tarixdən və Cavabdeh3 2008-ci ildən Abşeron rayonu Xırdalan şəhəri, məhəllə 27, 2A saylı evin 73 saylı mənzilində qeydiyyatdadır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24.10.2019-cu il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri, məhəllə 27, 2A saylı evin 73 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********46-05101-093090 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Cavabdeh2 05.08.2016-cı il tarixli, Cavabdeh1 22.06.2019-cu il tarixli və Cavabdeh3 24.06.2019-cu il tarixli ərizələrindən görünür ki, onlar Abşeron rayonu Xırdalan şəhəri, məhəllə 27, 2A saylı evin 73 saylı mənzilinin İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmiş və həmin ərizələr notarial qaydada təsdiq olunmuşdur. -Hədiyyə verən X14 ilə hədiyyə alan Cavabdeh1 arasında bağlanmış 02.02.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin surətindən görünür ki, hədiyyə verən Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 1 saylı evin (Mebelni-1) 48 saylı mənzilini hədiyyə alanın mülkiyyətinə vermiş, hədiyyə alan isə mənzili xüsusi mülkiyyətinə qəbul etmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 03.03.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 1 saylı evin (Mebelni-1) 48 saylı mənzili Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********64-05101-093060 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 27.05.2021-ci il tarixli **********40 saylı məktubundan görünür ki, Cavabdeh1 adına Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə ev 1, (Mebelni-1), 48 nömrəli mənzil qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. -X7, X10 və X3 15.07.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, ünvan 1 ünvanında yaşayan X1 qohumları Cavabdeh1, onun qızı Cavabdeh3 1994-cü ildə, Cavabdeh2 isə 1992-ci ildə yaşadıqları ünvan 1 ünvanından köçərək həmin mənzildən getmişlər. Bu günədək həmin mənzilə qayıtmamışlar. Onları həmin mənzildə o illərdən bu günədək bir daha görməmişlər. Ərizənin doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 03.05.2021-ci il tarixli arayışlardan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Abşeron rayonu Xırdalan şəhəri, məhəllə 27, 2A saylı evin 73 saylı mənzilində qeydiyyatdadır. -Asan-Sumqayıt tərəfindən verilmiş 11.09.2016-cı il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Abşeron rayonu Xırdalan şəhəri, məhəllə 27, 2A saylı evin 73 saylı mənzilində qeydiyyatdadır. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən müəyyən olunmuşdur ki, Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 2A saylı evin 73 saylı mənzili 27.11.1974-cü il tarixli 241 saylı order əsasında İddiaçı atası Mustafa Ağəmmədovun adına qeydə alınmış, cavabdehlərin və digər ailə üzvlərinin notarial qaydada təsdiq olunmuş ərizələrinə əsasən isə mübahisəli mənzil iddiaçının adına özəlləşdirilməklə bu barədə iddiaçıya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24.10.2019-cu il tarixli çıxarış verilmiş və həmin çıxarışa əsasən mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********46-05101- 093090 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdehlər sonradan yaşayış yerlərini dəyişib başqa ünvana köçdüklərindən iddiaçı cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27.07.2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Göründüyü kimi, hazırki iş üzrə cavabdehlər Cavabdeh1 İddiaçı qardaşı arvadı, Cavabdeh3 iddiaçının qardaşı qızı və Cavabdeh2 isə iddiaçının bacısı olmaqla sonuncunun ailə üzvü və qohumlarıdır. Cavabdeh1 20.11.1991-ci il tarixdən, Cavabdeh2 30.01.1998-ci il tarixdən və Cavabdeh3 isə 2008-ci ildən Abşeron rayonu Xırdalan şəhəri, məhəllə 27, 2A saylı evin 73 saylı mənzilində qeydiyyatda olması Abşeron rayon İcra Hakimiyyəti 2 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş 24.06.2019-cu il tarixli 889 saylı arayışla öz təsdiqini tapmışdır. Məlum olduğu kimi, ailə üzvü kimi Cavabdeh1 həmin mənzilə köçürülmüş, Cavabdeh3 həmin mənzildə dünyaya gəlmiş, Cavabdeh2 isə “ata evi” olmaqla uzun illər orada yaşamış və qanunun qeyd edilən tələbinə əsasən oların həmin mənzildən istifadə hüquqları yaranmışdır. Cavabdehlərin qeyd edilən mənzilə daimi qeydiyyata düşməsi də, onların həmin mənzildən istifadə etməsini şərtləndirən amillərdən biri olmuşdur. Cavabdehlər həmin ünvana qeydiyyata alınsa da, sonradan yaşayış yerini dəyişib başqa ünvana köçmüşlər ki, bu hal məhkəmə araşdırması zamanı dindirilmiş şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Belə ki, cavabdehlərin 1991-1992-ci ildən mübahisə predmeti olan mənzili tərk etmələrinə dair şahidlərin ifadələri üst-üstə düşmüşdür ki, məhkəmə şahid ifadəsini əsas sübut növü kimi götürüb digər sübutlarla paralel qiymətləndirmişdir. Beləliklə, cavabdehlər Ağaməmmədova X2, həmçinin Abşeron rayonu Xırdalan şəhərində 27-ci məhəllədə yerləşən bağışlama əsasında mülkiyyətinə verilmiş 1 saylı evin 48 saylı mənzilində yaşamış, Cavabdeh3 və Cavabdeh2 isə nikaha daxil olaraq başqa ünvana köçmüşdür. Mülki Prosessual Məcəllənin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01.10.2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə müvafiq olaraq icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında 12.03.1999-cu il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Göründüyü kimi, hazırki iş üzrə cavabdehlər digər ailə üzvləri ilə birlikdə mübahisəli Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 2A saylı evin 73 saylı mənzilinin iddiaçının adına özəlləşdirilməsinə dair ərizə vermiş, bununla da iddiaçının hazırki mənzilin mülkiyyətçisi olmasına dair etiraz etməmişlər. Qanunvericiliyin tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, hazırki iş üzrə cavabdehlərin mübahisə predmeti olan mənzili uzun müddət əvvəl tərk edərək başqa yaşayış ünvanına köçmələri məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, bu hal həmin cavabdehlərin istifadə hüququnun da saxlanılmasını qeyri-mümkün etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. maddəsinə əsasən əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir». Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Beləliklə, məhkəmə qanunun tələblərini, Avropa məhkəmə tərcübəsini rəhbər tutub, iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Abşeron rayonu Xırdalan şəhəri, məhəllə 27, 2A saylı evin 73 saylı mənzilinə formal olaraq istifadə hüquqlarının qalması mülkiyyətçinin öz mülkiyyəti barəsində azad sərəncam vermək hüququnu məhdudlaşdırdığından həmin cavabdehlərin qeyd olunan mənzilə istifadə hüquqlarına xitam verilməlidir. Mülki Prosessual Məcəllənin: 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Abşeron rayonu Xırdalan şəhəri, məhəllə 27, 2A saylı evin 73 saylı mənzilinə istifadə hüquqlarına xitam verilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-4775/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4775/2021
17.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver