Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-478/2024 04.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1, İddiaçılar İddiaçı2, İddiaçı3, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, X16, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onların azyaşlı X4 ilə birlikdə Xırdalan şəhəri, Quşçuluq massivi ərazisində yerləşən kürsülü 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı1 ailə üzvləri olan atası İddiaçı2, anası İddiaçı3, həyat yoldaşı İddiaçı4 və azyaşlı övladı X4 ilə atası İddiaçı2 şəxsi vəsaiti hesabına 2004-cü ildə tikdirdiyi Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ərazisindəki kürsülü 1 mərtəbəli, 3 otaqlı evdə tam təmir olub, istifadəyə verildikdən sonra o, 2007-ci ildən həmin evdə yaşamağa başlamış, ailə üzvləri olan atası, anası isə 2019-cu ildən, həyat yoldaşı isə 2020-ci ildə evlərinə gəlin köçərək yaşamağa başlamışdır. Mərhum əmisi X19 əmisi yoldaşı Cavabdeh ilə 2004-cü ildə ailə həyatı qurmuşdur. Ailə həyatı qurduqdan sonra Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 16, mənzil 28-ə, yəni ata evinə gəlin gəlmişdir. Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ərazisindəki kürsülü 1 mərtəbəli, 3 otaqlı evi atası İddiaçı2 öz şəxsi vəsaiti hesabına tikdirmişdir. Əmisi Zaurun həyat yoldaşı Səlminazla birlikdə yaşamağa yeri olmadığı üçün, həmçinin əmisi infarkt keçirdiyi və başqa xəstəlikləri olduğu, ev almağa imkanı olmadığı üçün atası qardaşı Zaura və onun həyat yoldaşı Səlminaza evdə müvəqqəti yaşamağa icazə vermişdir. 2023cü ilin fevral ayında əmisi Zaur vəfat etdikdən sonra onun həyat yoldaşı Səlminaz da evdən çıxıb bacısıgilə getmişdir. 2004-cü ildə evin qaz, işıq, su sayğaclarının ödəniş sərfiyyatlarını əmisi Zaurun adına rəsmiləşdirilsə də, sonradan 2019-cu ildə onun, yəni İddiaçı1 adına rəsmiləşdirilmişdir. Evin atası İddiaçı2 şəxsi vəsaiti hesabına tikilməsini evi tikən ustalar, qonşular, həmçinin qohumları, həmin evdə yaşamaqlarını qonşular, qohumlar da təsdiq edə bilər. Evi atası öz şəxsi vəsaiti hesabına onun üçün tikdirmişdir. O, 2007-ci ildən atasının tikdirdiyi evdə yaşamışdır. 2020-ci ildə ailə həyatı qurduqdan sonra həyat yoldaşı Dürdanə də həmin evə yerləşdirilmişdir. Birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X4 anadan olmuşdur. Lakin əmisinin yoldaşı Cavabdeh onlar evdə olmayan vaxt bacıları Zərifə, Fatma, Nəcimə, Sona ilə evə gələrək evlərini zəbt etmiş, onlar evə gələndə öz evlərinə girməyə imkan verməmiş, maneçilik törətmişlər, anası İddiaçı3ı pilləkənlərdən itələyir, onları, qonşuları təhqir edir, hədələyirlər, qəsdən səs-küy yaradaraq, polis çağırırlar. Əmisinin yoldaşı Cavabdeh bacıları ilə birgə otağının qapısının şüşəsini, televizorunu sındırmışlar. Evdə olan əşyaları bunlardır: 1 ədəd kondisioner, 2 ədəd soyuducu, 1 ədəd paltaryuyan, 1 ədəd ətçəkən, 1 ədəd şirəçəkən, tozsovuran maşınlar, 2 ədəd paltar ütüləyən, 2 ədəd ventilyator, qonaq servizi, mətbəx servizi, əlavə qab-qacaq, bəzək əşyaları, 2 ədə kalyaska, paş-paltar həm böyük, həm körpə uşağa aid, yay-qış ayaqqabıları, yorğan-döşək, pərdə-tüllər, 2 ədəd həm odun, həm tok sacı, mətbəx stolu, 3 ədəd yuxayayan, 1 ədəd 2 qapılı dolab, 2 ədəd istifadə olunmayan taxta qapı, bundan başqa soyuducuda qalan ərzaqları. Bu səbəbdən də məhkəmədə iddia qaldırmalı olmuşlar. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh 1670 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onlar birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə, həmçinin müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. xx.xx.2023-cü il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X22 evə baxış keçirərkən, 12 adda əşya evdə aşkar edilməmişdir. Cavabdeh və onun bacıları səs-küy salaraq, onlara öz evlərinə girməyə imkan verməmişlər. İcra məmuru tərəfindən aktlaşdırılan əşyalar və onlarıın dəyərləri belədir: 1) 1 ədəd ətçəkən maşın 200 manat dəyərində, 2) 24 ədəd nəlbəki 30 manat dəyərində, 3) 4 ədəd meyvə qabı 160 manat dəyərində, 4) 1 ədəd fujer bəzək qabı 30 manat, 5.) 8 ədəd dərin kasa 20 manat, 6) 24 ədəd böyük kasa 80 manat, 7) 2 ədəd balaca kasa 10 manat, 8) 14 ədəd böyük qaşıq 15 manat, 9) 17 ədəd böyük çəngəl 20 manat, 10) 14 ədəd kiçik çəngəl 15 manat, 11) 4 ədəd ləbləbi qabı 20 manat, 12) 6 ədəd salat qabı 30 manat. Bundan başqa o, Cavabdeh və onun bacılarının evlərini qanunsuz zəbt etmələri, evlərinə girməyə imkan verməmələri, onlara hədə-qorxu gəlmələri barədə şikayət ərizəsi ilə həm Azərbaycan Respublikası Daili İşlər Nazirliyinə, həm də Abşeron Rayon Polis İdarəsinə müraciət etmişdir. Polis əməkdaşları ilə evə baxış keçirərkən 1000 manat dəyərində olan televizorlarının ekranının sındığını, evin 2 qapısının açarının qırıldığını, hər açarın dəyəri 10 manat olmaqla, 20 manat dəyərində, qapının sındırılan şüşəsi isə 10 manat dəyərində, ümumilikdə isə 1670 manat məbləğində onlara ziyan dəymişdir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək, iddia ərizəsində qeyd olunanlara uyğun izahat vermiş və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı3 iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməmiş və izahatında göstərmişdir ki, o, İddiaçı1 övladlığa götürməmiş, nə də Cəfər onlarda yaşamamışdır. O, mərhum əri Zaur Cəfərovla ər-arvad kimi yalnız evdə ikisi yaşamışdır. Həmin cehiz əşyalarını sonradan götürəcəkləri məqsədi ilə yığmışlar. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməmiş və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı4 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Abşeron rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli 2(012)-478/2024 saylı qərardadına əsasən, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı evə köçürülmə tələbi barədə iddia ərizəsi İddiaçı4 münasibətdə baxılmamış saxlanılmışdır. Məhkəmə, tərəflərin iddia tələbinə dair münasibətini araşdırıb, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkilinin vəsatəti ilə şahid qismində dindirilmiş X6 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, Cavabdeh ilə qonşuluqda yaşayır. İddiaçı1 ailə həyatı quranadək həmin evdə yaşamışdır. İddiaçı4 cehiz əşyaları həmin evdə olmuşdur. Zaur Cabarov vəfat edərkən cehiz əşyaları orada idi. Toy-nişan da həmin evdə keçirilmişdir. Sözügedən evdə Cavabdeh da yaşamışdır. İddiaçıların vəsatəti əsasında xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X1 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, evlərin tikintisində usta kimi fəaliyyət göstərir. Cavabdeh tanımır. Evi Xırdalan şəhərində tikmiş, lakin hal-hazırda həmin ünvanı xatırlamır. Ev 3 oatqdan ibarət idi. Evin plan-cizgisi yadında qalmamışdır. Evin bünövrəsini qazıb, layihəsini çəkmişdir. İddiaçıların vəsatəti əsasında xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X7 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, tərəfləri tanıyır. O, usta kimi həyət evini təmir etmişdir. 2006-cı ildə onu evin təmiri üçün Zaur Cabbarov çağırmışdır. Həmin evi Cəfər üçün tikmişlər. Əsas vəsaiti Cəfər və Rəşid Cabbarovlardan almışdır. İddiaçıların vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X11 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, İddiaçı1 arvadının bibisidir. Cəfər həmin evdə yaşamışdır. Cavabdehin vəsatəti əsasında Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, 2004-cü ildən mərhum Zaur Cabarovun bacanağı olmaqla yanaşı, həm də qonşudurlar. O, həmin evə 4 ədəd qapı bağlamış və həmin vaxt pulu Zaurdan almışdır. Cavabdehin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X9 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, İddiaçı2 bacısı qızıdır. Sözügedən ev 2005-2006-cı illərdə tikilmişdir. X35 özü tikmiş, heç kəs kömək etməmişdir. X31 şəhərində yerləşən bazarda işləmişdir. İddiaçı1 həmin evdə yaşamamışdır. Cəfər oraya gəlin köçürməmiş, lakin Cəfərin bacısı Durna gəlin köçmüşdür. Zaur Cabarov vəfat etməmişdən əvvəl nənəsi ilə münasibətləri pisləşmişdir. Onların arasında pulla bağlı söz-söhbətləri olmamışdır. O, heç kimdən pul istəməmişdir. Cavabdehin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X2 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, Zaur Cabarovun bacısı oğludur. Sözügedən ev 2005-ci ildə tikilmişdir. Həmin evi o, 2006-cı ildə təmir etmişdir. Evi təmir etməyi ondan Zaur Cabarov xahiş etmişdir. Cəfər Cabarov evləri yaxın olduğuna görə həm onlarda, həm də Zaur Cabarovgildə qalmışdır. Cehiz əşyaları ilə bağlı heç bir məlumatı yoxdur. O, dayısından 7000 manat pul istəməmişdir. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 184.2. maddəsinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında baxmağa haqlıdır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - xx.xx.2020-ci il tarixli, 14/8134 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, “Azəriqaz” İB ilə istehlakçı İddiaçı1 arasında bağlanmış, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. -xx.xx.2023-cü il il tarixli **********2 saylı mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı1 tərəfindən "xxxx" ASC-nin hesabına 8 manat məbləğində pul ödənilmişdir. -xx.xx.2023-cü il il tarixli 10918207 saylı mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı1 tərəfindən “Azəriqaz” İB-nin hesabına 25.72 manat məbləğində pul ödənilmişdir. -xx.xx.2023-cü il il tarixli ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı1 tərəfindən "xxxx" ASC-nin hesabına 7.93 manat məbləğində pul ödənilmişdir. -X26 və X3 tərəflərindən göndərilmiş Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, İddiaçı1 həqiqətən də ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Bunu onlar imzaları ilə təsdiq edir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2016-cı il tarixli, 3XSS5JD0003 saylı müayinə olunması barədə məlumatından görünür ki, X17 ikinci dərəcə əlilliyi, yəni ürək qapaqlarının qüsurları və ya miakorda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13 N Tibbi Sosial Ekspert Komissiyasının təkrar müayinədən keçən əlillər üçün verilən arayışından görünür ki, 1965-ci il təvəllüdlü X20 xx.xx.2016-cı ilədək ikinci qrup əlillik müəyyən edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, 3XSS5JD0010 saylı qərarından görünür ki, X17 ikinci dərəcə əlilliyi, yəni xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2022-ci il tarixli məlumatdan görünür ki, X20 xx.xx.2022-ci il tarixində ikinci dərəcə əlillik təyin edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Dəri-zöhrəvi Dispanserin ambulator, stasionar (altından xətt çəkmək) xəstənin tibbi vərəqəsindən çıxarışdan görünür ki, X27 xx.xx.2017-ci il tarixində stasionara daxil olmuş, xx.xx.2017-ci il tarixində isə stasionardan çıxmışdır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Dəri-zöhrəvi Dispanserin ambulator, stasionar (altından xətt çəkmək) xəstənin tibbi vərəqəsindən çıxarışdan görünür ki, X27 xx.xx.2020-ci il tarixində stasionara daxil olmuş, xx.xx.2020-ci il tarixində isə stasionardan çıxmışdır. -X27 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmiş ərizədən görünür ki, o, 2007-ci ildə infarkt keçirərək ağır xəstəliyə tutularaq əmək qabiliyyətini tamamilə itirmişdir. 2008-ci ildən həm də eqzema xəstəliyindən bu günə kimi əziyyət çəkərək ciddi maliyyə çətinlikləri olsa da, hal-hazıra qədər müalicə olunmağında ciddi problemlər vardır. Pensiya almaq üçün ilkin sənədləri toplayaraq həmin ildən ekspert komissiyasına təqdim etmiş, həkim ekspert komissiyası ona İİ qrup əlillik dərəcəsi təyin edərək 44 manat pensiya ayırmışdır. Həyat yoldaşı da səhhətində bəzi problemlər olduğuna görə heç bir yerdə işləmir. Ona təyin olunan bu məbləğ nə yaşayış tərzinin, nə də müalicəsindən ötəri heç bir qənaətbəxş deyildir. Çox hörmətli Prezident cənab İlham Əliyev xüsusən də son dövrlərdə bütün əlillərə və onların ailələrinin yaşayış tərzinin yüksək səviyyədə sərəncamlar və göstərişlər vermişdir. Lakin əlillər üçün dövlət başçısının atdığı bu humanist addımların atılmasına baxmayaraq o, bir Azərbaycan vətəndaşı kimi 44 manat pensiyadan başqa idarələr, müəssisə və təşkilatlardan bu günə qədər heç bir növ müavinət almamışdır. Onun əlillik pensiyasının artırılması, bir əlil kimi normal yaşamaqlarına, müalicə olunmasından ötəri və sosial təminatlarla təmin olunmaqlarına köməklik edilməsini xahiş etmişdir. -xx.xx.2023-cü il tarixli, AZ-İİ № 302732 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.2023-cü il tarixində miokardın digər dəqiqləşdirilmiş lokalizasiyalı təkrar infarktı səbəbindən vəfat etmişdir. -Sumqayıt “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə X12 xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1693 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Cabbarova” soyadı verilmişdir. -2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixli, 28782 nömrəli vaxtında təqdim edilməmiş bəyannamənin təqdim edilməsi barədə X20 göndərilmiş xəbərdarlığın surətindən görünür ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş əmək haqqından tutulan gəlir vergisi bəyannaməsini təqdim etməsi üçün xx.xx.2006-ci il tarixi xəbərdarlıq təqdim edilmişdir. Xəbərdarlığa məhəl qoymayaraq həmin bəyannaməni yenə təqdim etməmişdir. Qeyd olunan bəyannaməni təqdim etmədiyinə görə Azərbaycan Respubikasının Vergi Məcəlləsinin 57.1-ci və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-cü maddələri ilə müəyyən edilmiş məsuliyyət tədbirlərinə məruz qala bilər. Bəyannaməni təcili olaraq təqdim etməyi ona bir daha təklif edilmişdir. -2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixli, 51069 nömrəli vaxtında təqdim edilməmiş bəyannamənin təqdim edilməsi barədə X20 göndərilmiş xəbərdarlığın surətindən görünür ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş əmək haqqından tutulan gəlir vergisi bəyannaməsini xx.xx.2006-dək təqdim etməli olduğu halda, Vergi Məcəlləsinin tələblərini pozaraq təqdim etməmişdir. Buna görə də Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən məsuliyyət daşıdığı nəzərinə çatdırılmışdır. Həmin bəyannaməni təqdim etməsə daha ciddi məsuliyyət tədbirlərinə məruz qalacaqdır. Təqdim edilməmiş bəyannaməni təcili olaraq təqdim etməyi təklif edimişdir. -Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismarı Təmir Sahəsinin 4286 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh həqiqətən Xırdalan şəhəri, “Quşçuluq” massivi H.Z.Tağıyev küçəsində yerləşən evdə öz ailəsi ilə qeydiyyatla yaşayır. X5 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Ölən günə kimi göstərilən ünvanda həyat yoldaşı Cavabdeh ilə bir yerdə yaşamışdır. Hal-hazırda Cavabdeh göstərilən ünvanda tək yaşayır. -xx.xx.2023-cü il tarixli Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Cavabdeh yaşayış hüquqlarının tanınması tələbi mülki xarakter daşıdığından ona mülki qaydada məhkəməyə müraciət etmək hüququnun izah edilməsi, tərəflər arasında mülklə bağlı mütəmadi mübahisələr baş verməsini nəzərə alaraq, gələcəkdə xoşagəlməz halların qarşısının alınması məqsədilə profilaktik tədbirlər görülməsindən ötrü qəbul edilmiş qərar icra edilməsi üçün Abşeron RPİ-nin İTŞ-nə göndərilməsi qərara alınmışdır. -xx.xx.2023-cü il tarixli Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 16, mənzil 28-də yaşayan İddiaçı1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, İddiaçı1 irəli sürdüyü tələblə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçılar iddia ərizəsində cavabdehin faktiki istifadəsində olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi ərazisində yerləşən 1 mərtəbəli, 3 otaqdan ibarət fərdi yaşayış evinin iddiaçılardan İddiaçı2 şəxsi vəsaiti hesabına tikildiyini və təmir edildiyini, mərhum Zaur Cabarovla onun arvadı, iş üzrə Cavabdeh yaşamaları üçün evləri olmadığını, bununla da İddiaçı2 razılığı ilə Zaur Cabarovla arvadı Cavabdeh müvəqqəti yaşamaları üçün mübahisəli evə köçmələrini, 2023-cü ilin fevral ayında Zaur Cabarov vəfat etdikdən sonra onun arvadı Cavabdeh həmin evə gələrək evi zəbt etdiyini bildirmişlər. Tərəflər arasında evlə bağlı mübahisə olduğundan iddiaçılar azyaşlı uşaqla birlikdə Abşeron rayonu Xırdalan Quşçuluq massivində yerləşən kürsülü, birmərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə köçürülmələri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Hər şeydən əvvəl məhkəmə hesab edir ki, mübahisənin obyektiv və düzgün həlli üçün mübahisəli əmlakın hüququ statusu müəyyən edilməlidir. İş materialları ilə müəyyən edilir ki, mübahisəli tikintinin yerləşdiyi torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə dair mülkiyyət hüquqları qeydə alınmasa da, həmin əmlaklar uzun müddət Zaur Cabarovun və Cavabdeh sahiblik və istifadəsində olmuşdur. Daha öncə qeyd edildiyi kimi, mübahisəli daşınmaz əmlak hər hansı şəxsin adına dövlət reyrestrində qeydiyyata alınmamışdır. İşin faktiki hallarından məlum olur ki, mübahisəli tikintiyə faktiki sahibliyi həyata keçirən və ondan ən azından 2006-cı ildən istifadə edən Cavabdeh mübahisəli daşınmaz əmlak barədə mülkiyyətə dair qanuni gözlənti hüququ istisna edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X10 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. İşin faktiki hallarından da göründüyü kimi, mübahisəli tikintinin iddiaçılar tərəfindən inşa edilməsi barədə işdə hər hansı mötəbər sübut yoxdur. Eyni zamanda, bu tikinti ilə bağlı iddiaçıların hər hansı iqtisadi marağının (tikintidə iştirak etməsi və s.) olması iş materialları ilə öz təsdiqini tapmır, mübahisəli tikintinin inşa və təmir edilməsində iddiaçıların vəsaitinin xərclənməsi barədə işdə hər hansı sübut mövcud deyildir. İddia tələbinə obyektiv və düzgün hüquqi qiymət verilməsi üçün zəruri 3 hal araşdırılmalıdır - 1) şəxs köçmək istədiyi evdə yaşamışdırmı; 2) şəxs yaşadığı yerdən məhrum edilmişdirmi; 3) bu məhrum etmə qanunidirmi. Bunlar üçün də köçürülmə tələb edilən evin mövcud olması və evin hüquqi rejimini müəyyən edən sənədlərinin olması; iddiaçının belə tələb irəli sürməyə hüququnun olması və bu tələbə məhz cavabdehin cavab verməli olması zəruri şərt kimi müəyyənləşdirilməlidir. Əlavə olaraq müəyyən edilməlidir ki, hüquq münasibəti hansı zaman yaranmışdır ki, mübahisəyə də həmin dövrdə qüvvədə olmuş maddi hüquq normaları tətbiq edilə bilsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronq və Lonnrotun İsveçə qarşı” qərarında və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə qeyd edir ki, iddiaçılar hazırda yaşadıqları evə köçürülmələri əsası ilə iddia qaldırsalar da, evin onlara ayrılması, hansı əsasla onların istifadələrinə və ya mülkiyyətlərinə verilməsi, ümumiyyətlə hüquqi rejimi barədə hər hansı sübut təqdim etməmişlər. Göründüyü kimi, iddiaçıların köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq) 139.1. maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutur. 139-1.1.3. maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə araşdırması zamanı hazırki iş üzrə iddiaçılar mübahisə predmeti olan evin İddiaçı2 şəxsi vəsaiti hesabına tikilməsini bildirmiş olsalar da, mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişlər. Tərəflərin vsatəti əsasında dindirilmiş şahidlər biribirinə zidd ifadələr vermişlər ki, məhkəmə həmin şahid ifadələrini tərəflərin mənafeyinin müdafiə edilməsi kimi qiymətləndirməklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübut kimi nəzərə almır. Bundan başqa, iddia ərizəsindən görünür ki, iddiaçılar Cavabdeh 12 predmetdən ibarət əmlaka görə 1670 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini də xahiş etmişlər. Onlar iddia edirlər ki, cavabdeh onlara məxsus əmlaklara görə həmin məbləğdə pul ödəməlidir. Məhkəmə iclasında cavabdeh bildirdi ki, iddiaçılar icra məmurunun məlum aktına əsasən müəyyən edilmiş əmlakları götürə bilərlər və bu barədə onun tərəfindən heç bir maneə törədilmir. Məhkəmə bu hallara qiymət verərək hesab edir ki, mövcud olan əmlaklara görə onların dəyərini tələb etmək hazırda qüvvədə olan qanunvericiliyə ziddir. Bu baxımdan məhkəmə iddianın bu hissədə də əsassız olması nəticəsinə gəlir. İnsan hüquqlarının və X10 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi sübuta yetirilmədiyindən və əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıların özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1 maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə müvafiq olaraq məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-478/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-478/2024
04.03.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver