Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-487/2023 22.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı daşınmaz əmlakdan çıxarılma tələbinə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı məhkəmədə iddia qaldıraraq, onun ünvan 1 ünvanında yerləşən 0,046 ha torpaq sahəsindən və oradakı fərdi yaşayış evindən əmlakı ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsi, 58A nömrəli ev və həmin evin yerləşdiyi 0,046 ha torpaq sahəsi onun şəxsi mülkiyyətindədir. 3 il bundan öncə həyat yoldaşı Nümayəndə əvvəldən tanıdığı Əmiraslanov Əvəz, Səfərov Yalçın və Habil adlı şəxslərlə birgə üç və ya dörd otaqlı evlər tikib satırdılar. Torpaq sahələri çox olduğundan istəmişlər ki, həmin evdən birini övladları X1 üçün tiksinlər. Həyat yoldaşı öz tanışı Əmiraslanov Əvəzlə görüşüb 17000 manat pul vermişdir ki, övladı üçün həmin evi tiksin. Həmin vaxt Əvəzin işləri çox olduğunda evin tikintisini şərik işlədikləri Habil adlı şəxsə həvalə etmiş və həyat yoldaşına demişdir ki, verilən 17000 manat pulu Habilə vermişdir. Həmin pulun verilməsini Habil şəxsən təsdiq etmişdir. Həmin vaxtlar 17000 manatdan əlavə yoldaşıyla birgə gördükləri işə görə onlara çatası 18000 manat da qazanc var idi. Onlar fikirləşmişlər ki, 35000 manat evin inşası üçün artıqlaması ilə bəs edər. Ortada olan 18000 manat qazanc isə onlara verilməmişdir. Habil evi tikməyə başlamış, təxminən 4 aydan sonra ev hazır olmuşdur. Bir müddət keçəndən sonra, övladlarını bu evə köçürmək istəmişlər. Lakin aydın olub ki, gecə ilə tanımadıqları şəxslər oğlu üçün tikilən həmin evə köçüblər. Evə köçən şəxsdən bunun səbəbini soruşduqda, evi Habildən pul verərək aldıqlarını bildirmişlər. Habildən bu işə aydınlıq gətirməsini istəmişlər, o isə bəhanə gətirmişdir ki, həmin şəxslərə ev tikib verəcəkdir. Bir müddət keçəndən sonra, həmin şəxslər evdən köçdülər. Lakin sonradan başqa bir ailə mübahisəli evə köçmüşdür. Hazırda mülkiyyətində olan torpaq sahəsində və fərdi yaşayış evində qanunsuz olaraq cavabdeh X5 məskunlaşmışdır. O, cavabdehə dəfələrlə ona məxsus torpaq sahəsindən və fərdi yaşayış evindən çıxmasını tələb etsə də, cavabdeh buna məhəl qoymamış və fərdi yaşayış evini tərk etməmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, X2 artıq mübahisəli əmlakdan çıxdığını bildirərək onun əsl cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ilə əvəz edilməsini xahiş etmişdir. Bundan sonra isə İddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 əşyaları ilə birlikdə mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən 0,046 ha torpaq sahəsindən və üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmaları, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin cavabdehlər tərəfindən boşaldılması, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddianı qəbul etmədilər və onun təmin edilməməsini xahiş etdilər. Onlar bildirdilər ki, mübahisəli evi 2022-ci ilin dekabr ayında Məhbubə adlı şəxsdən 32000 manat verməklə almış və bu ilin mart ayında oraya köçmüşlər. Evin təmirinə 28000 manat pul xərcləmişlər. Bütün kommunal xidmətlər öz adlarınadır. Başqa yerdən ev verilsə, mübahisəli evi tərk edə bilərlər. Cavabdeh3 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəfləri dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli RX ******* saylı çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsi, 58A nömrəli ev və həmin evin yerləşdiyi 0,046 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Onun adına xx.xx.2015-ci il tarixli 193 inventar nömrəli texniki pasport tərtib olunmuşdur. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 03 fevral 2023-cü il tarixli 3-21-3-32/2-1111/2023 nömrəli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli RX ******* saylı reyestrdən çıxarışa və xx.xx.2015-ci il tarixli 193 inventar nömrəli texniki pasporta əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsi, 58A nömrəli evin və həmin evin yerləşdiyi 0,046 ha torpaq sahəsinin ölçülərinin yerində (naturada) ölçüləri ilə üst-üstə düşdüyü, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli RX ******* saylı reyestrdən çıxarışa və xx.xx.2015ci il tarixli 193 inventar nömrəli texniki pasporta əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsi, 58A nömrəli ev və həmin evin yerləşdiyi 0,046 ha torpaq sahəsinin 66 kv.m hissəsinin digər şəxslər tərəfindən faktiki olaraq istifadə olunduğu, həmin torpaq sahəsinin 66 kv.m hissəsində digər şəxslərin faktiki istifadələrində olan fərdi yaşayış evinin mövcud olduğu müəyyən olunmuşdur. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1143 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 03 fevral 2023-cü il tarixli 3-21-3-32/2-1111/2023 nömrəli mütəxəssis rəyinə və baxış zamanı əldə olunmuş məlumatlara əsasən qeyd olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli RX ******* saylı reyestrdən çıxarışa və xx.xx.2015-ci il tarixli 193 inventar nömrəli texniki pasporta əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsi, 58A nömrəli evin və həmin evin yerləşdiyi 0,046 ha torpaq sahəsinin ölçülərinin yerində (naturada) ölçüləri ilə üst-üstə düşdüyü, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli RX ******* saylı reyestrdən çıxarışa və xx.xx.2015-ci il tarixli 193 inventar nömrəli texniki pasporta əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsi, 58A nömrəli ev və həmin evin yerləşdiyi 0,046 ha torpaq sahəsinin 66 kv.m hissəsinin digər şəxslər tərəfindən faktiki olaraq istifadə olunduğu, həmin torpaq sahəsinin 66 kv.m hissəsində digər şəxslərin faktiki istifadələrində olan eni 6 metr, uzunluğu isə 11 metr olan fərdi yaşayış evinin mövcud olduğu müəyyən olunmuşdur. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, cavabdehlər iddiaçıya məxsus torpaq sahəsində və fərdi yaşayış evində heç bir hüquqi əsas olmadan yaşayırlar. Məhkəmə iclasında cavabdehlər mübahisəli evi Məhbubə Əliyeva adlı şəxsdən dəyərini ödəməklə aldıqlarını bildirsələr də, bu barədə mötəbər sübutları məhkəməyə tqdim edə bilməmişlər. İşdəki hüquq müəyyənedici sənədlərdən görünür ki, mübahisəli daşınmaz əmlakın mülkiyyətçisi İddiaçıdır. İddiaçı onlardan mülkiyyətçisi olduğu əmlakdan çıxmalarını tələb etsə də, nəticəsi olmamışdır. Hazırda İddiaçı Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 əşyaları ilə birlikdə mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən 0,046 ha torpaq sahəsindən və üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmaları, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin cavabdehlər tərəfindən boşaldılması, həmin torpaq sahəsinin və fərdi yaşayış evininin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin mahiyyətindən görünür ki, əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda, İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında hətta orderli mənzilin hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir. İşin hallarına əsasən cavabdehlərin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə daşınmaz əmlak üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. Cavabdehlərin bu cür qanunsuz müdaxiləsi iş materialları ilə tamamilə təsdiq olunur. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etmişdir ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 əşyaları ilə birlikdə iddiaçının mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən 0,046 ha torpaq sahəsindən və üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmalı, həmin torpaq sahəsi və fərdi yaşayış evi cavabdehlər tərəfindən boşaldılmalı, qeyd edilən daşınmaz əmlak iddiaçıya təhvil verilməlidir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 əşyaları ilə birlikdə ünvan 2 ünvanında yerləşən 0,046 ha torpaq sahəsindən və üzərində yerləşən fərdi yaşayış evindən çıxarılsınlar, həmin torpaq sahəsi və fərdi yaşayış evi cavabdehlər tərəfindən boşaldılsın. ünvan 2 ünvanında yerləşən 0,046 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi İddiaçı təhvil verilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi və mütəxəssis rəyinə görə ödənilmiş 95 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı qaytarılsın. Ekspertiza tədqiqatı üçün tələb olunan 50 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-487/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-487/2023
22.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver