Məhkəmə qərarları › İş №2(012)-4887/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4887/2022

08.12.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4887/2022 08.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, Cavabdeh Xırdalan şəhər 1 saylı tam orta məktəbin vəkili-nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdeh Xırdalan şəhər 1 saylı tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi boşdayanmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Xırdalan şəhər 1 saylı tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi boşdayanmaya görə əmək haqqının ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən çıxarılması ilə bağlı verilmiş xx.xx.2022-ci il tarixli, 225 nömrəli əmrin ləğv edilməsi, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xırdalan şəhər 1 nömrəli tam orta məktəb tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə müvəqqəti əmək qabiliyyətinin olmaması vərəqəsinin müddəti bitdiyi gündən xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 225 nömrəli əmr verilmişdir. Həmin əmrdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı işində yol verdiyi kobud nöqsanlara və maliyyə pozuntusuna görə əmək müqaviləsinə müvəqqəti əmək qabiliyyətinin olmaması vərəqəsinin müddəti bitdiyi gündən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əsas olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli K-59 nömrəli əmri və məktəb Həmkarlar İttifaqı Komitəsinin 01 nömrəli xx.xx.2022-ci il tarixli məktubu göstərilmişdir. Həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, işə bərpa edilməsinə, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Belə ki, o, xx.xx.2022-ci il tarixdən əmək qabiliyyətini müvəqqəti itirdiyi üçün xx.xx.2022-ci il tarixədək işdə olmamışdır. İşdə olmadığı müddətdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilə bilməzdi. Beləliklə, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən qanunvericilik aktlarının tələblərinə riayət edilməmiş və əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Xırdalan şəhər 1 saylı tam orta məktəbin vəkilinümayəndəsi Nümayəndə3 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, iddiaçı təmsil etdiyi qurumdakı vəzifəsindən əsaslı əmrlə azad edilmişdir. Həmin əmrin ləğv edilməsinə və onun işinə bərpa edilməsinə isə heç bir əsas yoxdur. Sonda o, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında cavabdeh Xırdalan şəhər 1 saylı tam orta məktəbin nümayəndəsi Nümayəndə1 iddianın əsassız olduğuna görə rədd edilməsini xahiş etdi. O bildirdi ki, mübahisələndirilən əmr verilərkən əmək qanunvericiliyinin bütün tələblərinə tam riayət olunmuşdur. Buna görə də iddianın təmin edilməsinə heç bir hüquqi əsas yoxdur. Məhkəmə iş üzrə tərəflərin izahatlarını işin materialları ilə birgə tədqiq edərək, işdə olan sübutları araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X12 bildirdi ki, Xırdalan şəhər 1 saylı tam orta məktəbin həmkarlar komitəsinin sədridir. 2022-ci ilin iyun ayında Abşeron-Xızı Regional İdarəsinin əmri ona təqdim edildi ki, tanış olsun. Həmin əmr dərs-hissə müdirlərindən 3 nəfərin işdən çıxarılması ilə bağlı idi. O, əmrlə tanış olduqdan sonra müəllimlərin hüquqlarını qorumaq üçün iclas təşkil edildi. İclasda iştirak etmələri üçün müəllimlərə direktor da, o da zəng edərək iclasın vaxtı barədə məlumat vermək istəmişlər, lakin cavab verən olmamışdır. Ona görə də birinci iclas təxirə salınmışdır. Sonra rəhbərlik bildirdi ki, xx.xx.2022-ci il tarixdə keçiriləcək iclas üçün hər bir tərəfə bildiriş göndərilib. Həmin vaxt saat 4-də iclas təşkil edildi. O güman edirdi ki, həmin müəllimlər iclasda iştirak edər və onların məlum hadisə barədə fikrini öyrənə bilərlər. İclas vaxtı ən az 1-2 saat gözləmişlər, lakin həmin 3 müəllimdən heç biri iclasa gəlməmişdir. Yenə də rəhbərliyə bildirilmişdir ki, müəllimlərin iştirakının təmin edilməsi üçün 3-cü iclas keçirilsin. xx.xx.2022ci il tarixdə iclas yenidən təşkil olundu. Saat 4-ə təyin edilmiş iclasda yenə də həmin müəllimlərdən heç kim iştirak etmədi. Rəhbərlik bildirmişdir ki, iclasın vaxtı barədə xəbərdarlıq göndərilib. Komitə müəllimlərin hüquqlarını qoruduğu üçün onların məktəbdə heç olmasa müəllim kimi qalıb işləməsini istəmişlər, çünki əmrdə birbaşa göstərilmişdir ki, həmin işçilərin əmək müqaviləsinə xitam verilsin. Təəssüf ki, heç bir iclasda nə müəllimlər, nə də onları təmsil edən nümayəndələri iştirak etmədilər. Komitə qurum olaraq əmr verə bilməz, belə səlahiyyəti yoxdur. Lakin bu müəllimlər həmin əmrə qarşı heç bir razılıq və ya narazılıq bildirməmişlər. Komitə isə onların, o cümlədən iddiaçının işdən azad edilməsinə etiraz etmədiyini rəsmi olaraq bildirmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X8 göstərdi ki, o, Xırdalan şəhər 1 saylı tam orta məktəbdə bədən tərbiyəsi müəllimi işləyir. Ona keçən il əvəzetmə ilə bağlı əlavə dərs saatı yazılmış, lakin onun bu məsələdən xəbəri olmamışdır. Bu hadisədən maaş alanda xəbər tutmuşdur. Buna görə pulu İddiaçı vermişdir. Mülki işin materiallarında olan ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2006-cı ildə Xırdalan şəhər 1 saylı tam orta məktəbdə kimya müəllimi vəzifəsinə işə qəbul edilmişdir. O, xx.xx.2019-cu il tarixdən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, 225 saylı əmrin surətindən görünür ki, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin direktor səlahiyyətlərini müvəqqəti olaraq icra edən Nümayəndə1 Abşeron-Xızı Regional Təhsil İdarəsinə daxil olmuş təqdimatı əsasında xx.xx.2022-ci il tarixli F-01 nömrəli əmrə uyğun olaraq məktəbdə yoxlama aparılmış və bir sıra ciddi nöqsanlar aşkar olunmuşdur. Belə ki, direktor müavinləri və fənn müəllimlərinin tarifləşmə siyahısında digər müəllimlərin adına yazılmış sinif rəhbərliyi üçün ödənilən pul vəsaitini mənimsəməsi, eləcə də diaqnostik qiymətləndirmə balı aşağı olan müəllimlərin digərlərinin adına tarifləşmiş dərs saatları tədris etmələri ciddi maliyyə pozuntusu olaraq üzə çıxarılmışdır. Eləcə də təhsil müəssisəsindəki maddi-tədris bazanın mövcudluğu nəzərə alınmadan siniflər müvafiq fənlərdən yarım qruplara bölünmüş, lakin bir çoxunun eyni sinif otağında bir müəllim tərəfindən tədris olunduğu, bununla da Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli, F415 nömrəli əmrinin tələbinin pozulduğu müəyyən edilmişdir. Bundan əlavə, dərnək və fakultativ məşğələlər üçün ümumiləşdirilmiş və təsdiq edilmiş cədvəl hazırlanmamış, məşğələlərin bir çoxu tədris edilməmişdir. Fərdi təhsil dərslərinin və əvəz edilən dərslərin tədris olunması prosesinə də məsuliyyətsiz yanaşılmış və çox miqdarda keçirilməmiş dərs saatları üçün ödənilmiş pul vəsaiti direktor müavinləri tərəfindən mənimsənilmişdir. Abşeron-Xızı Regional Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli K-59 nömrəli əmrini rəhbər tutaraq direktor müavinlərinə xx.xx.2022-ci il tarixdən aşağıda qeyd olunan intizam tənbehləri tətbiq olunmuşdur: işlərində yol verdikləri kobud nöqsanlara və maliyyə pozuntusuna görə qanunvericiliyə uyğun qaydada məktəbin Həmkarlar Komitəsi ilə razılaşma əsasında direktor müavinləri ilə (o cümlədən təlimtərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə) bağlanmış əmək müqaviləsinə müvəqqəti əmək qabiliyyətinin olmaması vərəqəsinin müddəti bitdiyi gündən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir (buna əsas kimi Abşeron-Xızı Regional Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli K-59 nömrəli əmri və məktəb Həmkarlar İttifaqı Komitəsinin 01 nömrəli xx.xx.2022-ci il tarixli məktubu göstərilmişdir). İşdə olan əmək qabiliyyətinin olmaması barədə ******* saylı vərəqənin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək, ******* saylı vərəqəyə əsasən isə xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək xəstəlik səbəbindən işdən azad olunmuşdur. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, 257 saylı əmrin surətindən görünür ki, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin xx.xx.2022-ci il tarixli 225 nömrəli əmrinin icrasının təmin edilməsi və təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi, ona sonuncu haqq-hesabın ödənilməsi qərara alınmışdır. İşdə olan hesablama qeydinin surətindən görünür ki, İddiaçı son haqq-hesab kimi 1304,30 manat pul hesablanmışdır. İşdə olan Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin X17 Xidmətinə verdiyi xx.xx.2022-ci il tarixli, 56 saylı məlumatdan görünür ki, “EMAS” portalında məktəbin direktor müavinləri X4 və İddiaçı əmək müqaviləsinə xitam verərkən mexaniki səhv nəticəsində xx.xx.2022-ci il əvəzinə xx.xx.2022-ci il tarixi qeyd olunmuşdur. İşə məsul şəxs barəsində intizam tənbehi görülmüşdür. Mülki işin materiallarında olan Abşeron-Xızı Regional Təhsil İdarəsinin Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə aparılmış monitorinqin nəticəsi barədə arayışından görünür ki, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin direktor vəzifəsini müvəqqəti olaraq icra edən Nümayəndə1 Abşeron-Xızı Regional Təhsil İdarəsinə məktubla müraciət edərək məktəbin bir sıra direktor müavinlərinin çoxsaylı qanunsuz hərəkətlərindən şikayətini bildirmişdir. Nümayəndə1 məktubunda göstərilən faktların ciddiliyini nəzərə alaraq Abşeron-Xızı Regional Təhsil İdarəsində xx.xx.2022-ci il tarixli, F-01 nömrəli əmrlə Komissiya yaradılmış və məktəbdə monitorinq aparılmışdır. Monitorinq zamanı müəyyən edilmişdir ki, məktəbin 6175 nəfər şagird, 305 nəfər müəllim kontingenti var (ümumi pedaqoji heyət 391 nəfər). Məktəbdə 208 sinif fəaliyyət göstərir. Təlim tərbiyə işləri üzrə 10 nəfər, təşkilati işlər üzrə isə 1 nəfər direktor müavini çalışır. 2021-2022-ci tədris ili başlayandan məktəbdə artıq beşinci dəfədir ki, direktor vəzifəsini icra edən şəxs dəyişmişdir. Belə ki, 23 sentyabr 2021-ci il tarixədək əvvəlki direktor Kəmalə Yusufova rəhbərlik etmiş, 23 sentyabr - 11 noyabr 2021-ci il tarixlərində İddiaçı, 11 noyabr - 12 fevral tarixlərində direktor müavini Nümayəndə1,14 fevral - 14 may tarixlərində direktor vəzifəsini Abşeron Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Adil Qurbanov icra etmiş, 16 may 2022-ci il tarixdən isə yenidən həmin vəzifə direktor müavini Nümayəndə1 həvalə edilmişdir. Qısa müddət ərzində rəhbər vəzifədə olan şəxslərin tez-tez dəyişməsi, idarəetmənin əsasən direktor müavinləri tərəfindən aparılması, həmçinin müavinlərin yarıtmaz fəaliyyəti təhsil müəssisəsində təlim-tərbiyə prosesinə öz mənfi təsirini göstərmiş, məktəbdə təlim-tərbiyə mühitinin, normal iş ahənginin pozulmasına gətirib çıxarmışdır. Göstərilənlərlə əlaqədar direktor müavinlərinin iş fəaliyyəti araşdırılmış və aşağıdakılar müəyyən edilmişdir: Məktəb üzrə 22 sentyabr 2022-ci il tarixdə vəzifə bölgüsü barədə əmr verilmiş və bu əmrdə nəzarət edəcəkləri konkret siniflər üzrə vəzifə funksiyaları qeyd olunmuşdur. X9 10-11-ci siniflərə, X5 rus bölməsi üzrə 5-11-ci siniflərə, X13 9-cu siniflərə, X3 7-8-ci siniflərə, X6 6- 7-ci siniflərə, İddiaçı 5-6-cı siniflərə, X1 və X10 1-4-cü siniflər, Nümayəndə1 2-4-cü siniflərə, X11 rus bölməsi üzrə ibtidai siniflərə nəzarət tapşırılmış və göstərilən siniflər üzrə vəzifə funksiyaları qeyd edilmişdir. Həmçinin məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini X2 vəzifə funksiyaları yazılmışdır. Monitorinq zamanı direktor müavinləri ilə ayrılıqda söhbət aparılmış, onların illik iş planları, dərs dinləmə jurnalları, dərsdənkənar məşğələyə nəzarət jurnalı, dərs və dərsdənkənar məşğələ cədvəlləri, sinif jurnalları, dərslərin tədrisi, şagirdlərin dərsə davamiyyəti və s. məsələlər yoxlanılmışdır. Təqdim olunan illik iş planları hamıda eyni, yəni şablon xarakterli yazılmış, əsasən təhsil müəssisələri üçün nəzərdə tutulmuş ümumi fikirlər öz əksini tapmışdır. Direktor müavinləri görəcəyi işlərin planlaşdırmasına yaradıcı və fərdi yanaşmamış, gördükləri işlərin açıqlaması, onların icrası barədə heç bir sənəd təqdim edə bilməmişlər. Təlim-tərbiyə prosesinin, həmçinin dərsdənkənar məşğələ, fakültativ saatların və dərnək məşğələlərinin keyfiyyətli təşkilini həyata keçirmək direktor müavinlərinin əsas vəzifələrdən biri kimi çox səhlənkarlıq və məsuliyyətsizliklə yerinə yetirilmiş, dərnək və fakültativ məşğələlərin keçirilməsi nəzarətsiz qalmışdır. Məktəbdə aparılmış yoxlama zamanı direktor müavini İddiaçı ilə bağlı aşağıdakı nöqsanlar da üzə çıxmışdır: X14 adına rəsmiləşdirilmiş 5e sinfində sinif rəhbərliyi üçün ödənilən pul ona verilir. X18 özünün xəbəri olmadan ona əvəzetmə dərs saatları yazıldığını və onun pulunu İddiaçı verdiyini bildirmişdir. Həmçinin müəllim izahatında dərs ili ərzində sinif rəhbərliyi etdiyi sinifdə müxtəlif fənlər üzrə müəllimlər xəstəlik vərəqində olarkən dərslərin əvəzetmə üzrə müvafiq ixtisas müəllimlərinin üzərinə yazıldığını, lakin həmin müəllimlər tərəfindən əvəzetmə saatlarının tədris edilmədiyini, dərslərin boş keçməməsi üçün A.İsmayılova özü sinfi idarə etdiyini qeyd etmişdir. Bu fakt öz növbəsində keçirilməyən dərs saatlarının pulunun müəllimlər tərəfindən İddiaçı verilməsini təsdiq edir. Həmçinin müəllim İ.Quliyeva tarifləşmə siyahısında adına yazılmış, lakin tədris etmədiyi 1 saat təsviri incəsənət dərsinin pulunu İddiaçı verdiyini bildirmişdir. Bunlardan əlavə, direktor müavini Təranə Rəsulova öz izahatında 6 saat keçirilməyən fakültativ məşğələnin pulunu İddiaçı verdiyini qeyd etmişdir (izahatlar əlavə olunur). Bütün bunlarla kifayətlənməyən İddiaçı hətta öz adına da fakültativ məşğələ rəsmiləşdirilmişdir və fakültativ dərs saatı aparır. 9a sinfinin fakültativ məşğələ jurnalında xx.xx.2022-ci il tarixdən sonra heç bir qeyd aparılmamışdır. Bütün bunları nəzərə alaraq, məktəbdə təlim-tərbiyə prosesinin lazımi səviyyədə təşkil edilməməsi, işçilər arasındakı əməkdaşlıq münasibətlərinin düzgün qurulmaması və bu səbəbdən təhsil müəssisəsində normal işgüzar atmosferin yaradılmaması direktor müavinlərinin yarıtmaz fəaliyyəti kimi qiymətləndirilməli, müavin və fənn müəllimlərinin tarifləşmə siyahısında digər müəllimlərin adına yazılmış sinif rəhbərliyi üçün ödənilən pul vəsaitini mənimsəməsi, eləcə də diaqnostik qiymətləndirmə balı aşağı olan müəllimlərin digərlərinin adına tarifləşmiş dərs saatlarını tədris etmələri ciddi maliyyə pozuntusu kimi qeyd edilməlidir. Eləcə də təhsil müəssisəsindəki maddi-tədris bazanın mövcudluğu nəzərə alınmadan siniflərin müvafiq fənlərdən yarım qruplara bölünsə də, bir sinif otağında, hətta bir qisminin eyni müəllim tərəfindən tədris olunması Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli, F-415 nömrəli əmrinin tələblərinin pozulması halı kimi qəbul edilməli, dərnək və fakültativ məşğələlərin ümumiləşdirilmiş və təsdiq edilmiş cədvəlinin olmaması, sözügedən məşğələlərin bir çoxunun keçirilməməsi, həmçinin müəllimlərin evdə fərdi təhsil dərslərinə məsuliyyətsiz yanaşaraq dərs saatlarını tədris etməmələri həmin saatlar üçün ödənilmiş pul vəsaitinin mənimsənilməsi kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilən şəxslərin törətdikləri əməllər "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/2 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müəllimlərin etik davranış qaydaları”na da zidd olmuş, adıçəkilən şəxslər öz peşə fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməmiş, məktəbin, təhsil verənlərin ictimai nüfuzuna ağır zərbə vurmuşdur. İşində ciddi nöqsanlara yol vermiş direktor müavinləri öz vəzifə funksiyalarının öhdəsindən gələ bilməmiş, normal təlimtərbiyə prosesini və metodiki işləri təşkil etməmiş, dərsdənkənar və dərnək məşğələlərinin keyfiyyətli təşkilini həyata keçirməmiş, təlimin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin bilik səviyyəsinin artırılması üçün lazımi tədbirləri görməmiş, istedadlı şagirdlərlə iş aparmamış və s. funksiyaları yerinə yetirməmişlər. Göstərilənlərlə bağlı müvafiq şəxslərlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq xitam verilməlidir. İlkin hesablamalara görə yuxarıda sadalanan çoxsaylı qanun pozuntuları nəticəsində dərs ilinin əvvəlindən başlayaraq dövlət büdcəsinə 40 min manatdan çox ziyan dəymiş, külli miqdarda vəsait ayrı-ayrı şəxslər tərəfindən mənimsənilmişdir. Yalnız onu demək kifayətdir ki, yoxlamadan dərhal sonra may ayı üçün tabeldə dayandırılan artıq ödəmələrin məbləği 6 min manat təşkil etmişdir. Ayrı-ayrı direktor müavinləri tərəfindən yol verilmiş qanunazidd fəaliyyət onların öz statusundan və vəzifə səlahiyyətlərindən istifadə edərək maddi nemətlər əldə etdikləri üçün “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən korrupsiya əməli kimi qəbul edilir. Bununla əlaqədar araşdırma nəticəsində toplanılmış materiallar hüquqı qiymət verilməsi üçün aidiyyəti üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdim olunmalıdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə xx.xx.2022-ci il tarixli, xx-xx-1285/16 saylı məktubla Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş material üzrə araşdırma aparılmış və cinayət tərkibli əməlin törədilməsi faktları təsdiq olunmamışdır. Bununla yanaşı, müəyyən edilmişdir ki, 2021-2022-ci tədris ili başlayandan həmin məktəbdə artıq bir neçə dəfə direktor vəzifəsini icra edən şəxs dəyişmişdir. Qısa müddət ərzində rəhbər vəzifədə olan şəxslərin tez-tez dəyişməsi, idarəetmənin əsasən direktor müavinləri tərəfindən aparılması, həmçinin müavinlərin yarıtmaz fəaliyyəti təhsil müəssisəsində təlim-tərbiyə prosesinə öz mənfi təsirini göstərmiş, məktəbdə təlim-tərbiyə mühitinin, normal iş ahənginin pozulmasına gətirib çıxarmışdır. Məktəbdə buraxılan və əvəz edilən dərslərin qeydiyyatı və uçotu kitabı müvafiq qaydada aparılmamış, çoxlu sayda (32 nəfər) qeyri-rəsmi formada sinif rəhbərliyi aparan müəllimlərin olduğu aşkar edilmişdir. Bəzi hallarda isə direktor müavinləri tarifləşmə siyahısında digər müəllimlərin adına yazılmış siniflərin sinif rəhbərliyini icra etmiş və buna görə ödənilən pul vəsaitlərini almışlar. Bəzi müəllimlərə tarifləşmə siyahısında tədris etdikləri dərslərdən əlavə saatlar yazılmışdır. Evdə fərdi təhsil saatları, dərnək məşğələləri və fakültativ məşğələlərin bir hissəsi tədris olunmamış, bu məşğələlərin təsdiq edilmiş cədvəli olmamış, dərslərdə iştirak etməyən şagirdlərə jurnalda qaib yazılmamışdır. Məktəblərdə və digər təhsil ocaqlarında bu kimi halların təkrarlanmaması üçün müvafiq qabaqlayıcı və maarifləndirici tədbirlərin görülməsi, o cümlədən idarəetmənin təşkili, sənədləşmə işlərinin aparılması, işçilər arasında vəzifə bölgüsünün düzgün qurulması, intizam qaydalarına əməl olunması sahəsində nəzarətin artırılması zəruri hesab edilir. Qeyd olunanlara əsasən və “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsini rəhbər tutaraq, göstərilən pozuntuların, onları doğuran səbəb və şəraitin aradan qaldırılması və belə xarakterli pozuntuların gələcəkdə təkrar edilməməsi məqsədilə aidiyyəti şəxslərin iştirakı ilə geniş müzakirə aparılmaqla, müvafiq tədbirlərin görülməsinə və bu barədə bir aydan gec olmayaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat verilməsinə göstəriş verilməsi Elm və Təhsil Nazirliyindən xahiş olunmuşdur. Mülki iş materiallarında olan mötəbər sənədlərdən görünür ki, İddiaçı xx.xx.2006-cı ildən Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə müəllimə, xx.xx.2019-cu ildən isə təlimtərbiyə işləri üzrə direktor müavini vəzifəsinə qəbul edilmişdir. Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin direktor vəzifəsini müvəqqəti olaraq icra edən Nümayəndə1 Abşeron- Xızı Regional Təhsil İdarəsinə məktubla müraciət edərək məktəbin bir sıra direktor müavinlərinin çoxsaylı qanunsuz hərəkətlərindən şikayətini bildirmiş, Nümayəndə1 məktubunda göstərilən faktların ciddiliyini nəzərə alaraq Abşeron-Xızı Regional Təhsil İdarəsində xx.xx.2022-ci il tarixli, F-01 nömrəli əmrlə Komissiya yaradılmış və məktəbdə monitorinq aparılmışdır. Monitorinq zamanı müəyyən edilmişdir ki, 2021-2022-ci tədris ili başlayandan həmin məktəbdə artıq bir neçə dəfə direktor vəzifəsini icra edən şəxs dəyişmişdir. Qısa müddət ərzində rəhbər vəzifədə olan şəxslərin tez-tez dəyişməsi, idarəetmənin əsasən direktor müavinləri tərəfindən aparılması, həmçinin müavinlərin yarıtmaz fəaliyyəti təhsil müəssisəsində təlim-tərbiyə prosesinə öz mənfi təsirini göstərmiş, məktəbdə təlim-tərbiyə mühitinin, normal iş ahənginin pozulmasına gətirib çıxarmışdır. Məktəbdə buraxılan və əvəz edilən dərslərin qeydiyyatı və uçotu kitabı müvafiq qaydada aparılmamış, çoxlu sayda (32 nəfər) qeyri-rəsmi formada sinif rəhbərliyi aparan müəllimlərin olduğu aşkar edilmişdir. Bəzi hallarda isə direktor müavinləri tarifləşmə siyahısında digər müəllimlərin adına yazılmış siniflərin sinif rəhbərliyini icra etmiş və buna görə ödənilən pul vəsaitlərini almışlar. Bəzi müəllimlərə tarifləşmə siyahısında tədris etdikləri dərslərdən əlavə saatlar yazılmışdır. Evdə fərdi təhsil saatları, dərnək məşğələləri və fakültativ məşğələlərin bir hissəsi tədris olunmamış, bu məşğələlərin təsdiq edilmiş cədvəli olmamış, dərslərdə iştirak etməyən şagirdlərə jurnalda qaib yazılmamışdır. Bununla bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, K-59 saylı əmr verilmiş, aparılmış monitorinqin nəticələri təhsil qurumunda müzakirə edilmişdir. Məktəbin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə işində yol verdiyi qüsurlara görə direktor müavini İddiaçı işdən azad edilməsinə etiraz edilmədiyi göstərilmiş, həmin dövrdə onun müvəqqəti əmək qabiliyyətinin olmaması nəzərə alınmış, məktəb rəhbərliyinin xx.xx.2022-ci il tarixli, 225 saylı əmri ilə işlərində yol verdikləri kobud nöqsanlara və maliyyə pozuntusuna görə qanunvericiliyə uyğun qaydada məktəbin Həmkarlar Komitəsi ilə razılaşma əsasında direktor müavinləri ilə (o cümlədən təlimtərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə) bağlanmış əmək müqaviləsinə müvəqqəti əmək qabiliyyətinin olmaması vərəqəsinin müddəti bitdiyi gündən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İşdən görünür ki, İddiaçı xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək və xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək xəstəlik səbəbindən işdən azad olunmuşdur. İddiaçı müvəqqəti əmək qabiliyyətinin olmaması vərəqəsinin müddəti bitdiyi vaxtdan 4 gün sonra onun işdən azad olunması barədə məktəbin xx.xx.2022-ci il tarixli, 257 saylı əmri verilmişdir. Bu əmrlə Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin xx.xx.2022-ci il tarixli 225 nömrəli əmrinin icrasının təmin edilməsi və təlimtərbiyə işləri üzrə direktor müavini İddiaçı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi, ona sonuncu haqq-hesabın ödənilməsi qərara alınmışdır. Hazırda İddiaçı cavabdeh Xırdalan şəhər 1 saylı tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi boşdayanmaya görə əmək haqqının ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən çıxarılması ilə bağlı verilmiş xx.xx.2022-ci il tarixli, 225 nömrəli əmrin ləğv edilməsi, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hər şeydən öncə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının işdən azad olunması barədə əmri məktəb rəhbərliyi xx.xx.2022-ci il tarixdə qəbul etmişdir. İddiaçının mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli, 225 saylı əmr əslində qurumda Abşeron-Xızı Regional Təhsil İdarəsinin apardığı monitorinqin nəticələrinin müzakirəsi barədə olmuş, bu barədə həmkarlar komitəsinin qərarı alınmış, İddiaçı həmin dövrdə əmək qabiliyyətli olmamasına görə onun barəsində heç bir tədbir görülməmiş və yalnız işə başladıqdan sonra xx.xx.2022-ci il tarixdə işdən azad olunmuşdur. Bundan başqa, məktəbin xx.xx.2022-ci il tarixli, 225 saylı əmrindən görünür ki, bu əmrin verilməsinə əsas məktəbdə aparılmış yoxlama zamanı bəzi direktor müavinlərinin, o cümlədən İddiaçı işlərində yol verdikləri kobud səhvlər, fəaliyyətlərindəki qanunsuzluqlar olmuşdur. İşdə olan bir sıra mötəbər sənədlərdən görünür ki, İddiaçı direktor müavini kimi əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini düzgün yerinə yetirməmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinə görə işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması halı hesab olunur. Həmin Məcəllənin 80-ci maddəsinin 1 və 2-ci hissələrinə görə bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. İş materiallarından da görünür ki, iddiaçının direktor müavini kimi iş fəaliyyətində yol verdiyi qüsurlar aparılmış monitorinq nəticəsində müəyyən edilmiş, bu fakt mötəbər sübutlarla, o cümlədən monitorinq barədə arayışla, həmçinin işçilərdən alınmış izahatlarla öz təsdiqini tapmışdır. Belə olan halda isə məhkəmə hesab edir ki, onun həmkarlar təşkilatının razılığı alınmaqla işdən azad olunması, əmək müqaviləsinə xitam verilməsi barədə əmr qanunidir. İddiaçının əmrin qanunsuzluğu barədə dəlillərindən biri ondan ibarətdir ki, o, işdən azad olunarkən əmək qabiliyyətli olmamış, müalicədə olmuşdur. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçının işdən azad olunduğu tarixdə, yəni xx.xx.2022-ci il tarixdə onun əmək qabiliyyətli olmaması barədə işdə hər hansı sübut yoxdur. İşdəki sənədlərdən müəyyən edilir ki, İddiaçı müalicə almış və xx.xx.2022-ci ildə işə çıxmış, bundan 4 gün sonra isə müvafiq əmrlə işdən azad edilmişdir. İddiaçı digər dəlili isə müvafiq sistem (“EMAS” portalı) üzrə işdən azad edilmə barədə əmrin tarixinin xx.xx.2022-ci il kimi göstərilməsi olmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin məsələ texniki səhv olmuş, sistemə düzəliş edilməsi barədə məktəb rəhbərliyi müvafiq quruma müraciət etmiş, texniki səhvin aradan qaldırılmasına köməklik göstərilməsi xahiş edilmişdir. Belə ki, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin X17 Xidmətinə verdiyi xx.xx.2022-ci il tarixli, 56 saylı məlumatdan görünür ki, “EMAS” portalında məktəbin direktor müavinləri X4 və İddiaçı əmək müqaviləsinə xitam verərkən mexaniki səhv nəticəsində xx.xx.2022-ci il əvəzinə xx.xx.2022-ci il tarixi qeyd olunmuşdur. İşə məsul şəxs barəsində intizam tənbehi görülmüşdür. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilərkən Xırdalan şəhər 1 nömrəli tam orta məktəbi tərəfindən əmək qanunvericiliyi pozulmamış, bu xüsusda əmək qanunvericiliyində nəzərdə tutulmuş bütün tələblər yerinə yetirilmişdir. İşin bu halları məhkəməyə təqdim edilən sənədlərlə sübut olunur. İş materialları ilə iddiaçının Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin təsiri dairəsinə düşməsi öz təsdiqini tapmamışdır. Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmrin ləğv edilməsi və işə bərpa olunma barədə əsas tələb təmin edilmədiyindən, iddianın məcburi boşdayanmaya görə əmək haqqının ödənilməsi hissəsi də təmin edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından və iddiaya etirazın dəlilləri işin məhkəmə baxışında tədqiq olunan sənədlərlə öz təsdiqini tapdığından, İddiaçı Xırdalan şəhər 1 saylı tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi boşdayanmaya görə əmək haqqının ödənilməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Xırdalan şəhər 1 saylı tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi boşdayanmaya görə əmək haqqının ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar