Məhkəmə qərarları › İş №2(012)-493/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-493/2021

12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-493/2021 12.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, əsas borc üzrə 1000 manat, vurulan maddi ziyan üçün 800 manat və mənəvi zərər üçün 500 manat, vəkilə ödənilən 100 manatın əvəzinin Cavabdeh tutularaq İddiaçı verilməsi və iddia təmin edilərsə iddiaçının ödəməkdən azad olduğu dövlət rüsumu üçün 30 manat pulun cavabdehdən tutularaq dövlət nəfinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixdə İddiaçı 1000 manat borc pul almış, lakin üstündən bu qədər zaman keçməsinə baxmayaraq borcunu ödəməmişdir. İddiaçı həmin borcun nəticəsində də ona 800 manat məbləğində dəyən maddi ziyanın və mənəvi zərər üçün 500 manatın, habelə vəkilə ödədiyi 100 manat məbləğində vəsaitin ona ödənilməsini tələb edir. Borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcunu ödəməmişdir. Belə olan halda da məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə prosesində iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil da iddianı müdafiə edib iddia ərizəsində yazılanlara uyğun izahat verdi. Məhkəmə prosesində iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, iddiaçını tanımır və ondan pul almamışdır. O, yalnız iddiaçının Mehin adlı qohumundan faizə pul götürür. Bir dəfə həmin qadından 1000 manat pul götürəndə hazırda iddiaçı qismində çıxış edən Faiq adlı şəxsin adına məktub yazıb. Borc tam ödənilib və kart geri alınıb. Borc ödənildikdən sonra isə kağızı cırmağı unudub. Mehin adlı şəxsdən sonuncu dəfə yenə faizə pul götürüb və kartların 2-si də həmin qadında qalıb. O, Faiq adlı şəxsi tanımır və onunla heç zaman əlaqədə olmayıb. Məhkəmə prosesində şahid qismində dindirilən X1 ifadəsində bildirdi ki, cavabdehin tanışıdır. O, 1000 pulu Mehin adlı qadından almışdır. Cavabdeh pensiya kartını Mehinə vermiş, 20 gün sonra borcunu 1150 manat şəklində qaytardıqdan sonra kartını geri almışdır. Pulu qaytarandan sonra qəbz almamışlar. Məhkəmə iş üzrə tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edildi ki, cavabdeh iddiaçıdan xx xxxxxxxx 2019-cu il tarixdə 1000 manat məbləğində borc pul almışdır. İşə əlavə edilmiş sənədlər arasında bunu təsdiq edən, cavabdeh tərəfindən imzalanan müvafiq qəbz var. Cavabdeh borcunu ödəməkdən yayınır və bu səbəbdən iddiaçı məhkəməyə müraciət etməli olmuşdur.Cavabdeh borcu qaytardığını bildirsə də, bunu əsaslandıran sübutlar iş materiallarında mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti başa çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı bağlanır. Həmin Məcəllənin 742-ci maddəsinə əsasən borcu alan borc məbləğini borc verənə vaxtında və borc müqaviləsində nəzərdə tutulmuş qaydada qaytarmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, əsas borc üzrə 1000 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməli və bu hissədə iddia təmin edilməlidir. Məhkəmə həmçinin, iddia tələbinin qalan hissələrinə münasibətdə qeyd edir ki, mülki işin materialları arasında iddiaçının iddia ərizəsində qeyd etdiyi digər tələblərin əsaslılığını təsdiq edən mötəbər sübutlar olmadığından, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən, habelə iddiaçı məcburi köçkün olduğu üçün 30 manat məbləğində dövlət rüsumundan azad olunduğundan, həmin məbləğ cavabdehdən dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.3-cü maddəsində göstərildiyi kimi tərəflər məhkəməyə lazımi sübutların əslini və ya lazımi qaydada təsdiq olunmuş surətlərini təqdim etməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 1000 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaiti dövlət nəfinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar