Məhkəmə qərarları › İş №2(012)-4943/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4943/2022

28.11.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4943/2022 28.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Vəlizadə Kamal Təbib oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə, Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri 15 saylı Körpələr Evi-Uşaq Bağçasının direktoru X3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Abşeron Xızı Regional Şöbəsinin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi, Abşeron rayonu Xırdalan şəhəri 15 saylı Körpələr Evi-Uşaq Bağçası və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti X1rşı «işə bərpa olunma və məcburi iş buraxmaya görə orta aylıq əmək haqqının verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Xırdalan şəhəri 15 Saylı Körpələr evi-uşaq bağçasının müdiri X2 xx.xx.2022-ci il tarixli, 35 №-li əmrinin ləğv edilməsinə, onu Xırdalan şəhəri 15 Saylı Körpələr evi-uşaq bağçasına tərbiyəçi vəzifəsinə bərpa olunmağına, xx.xx.2022-ci il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə orta aylıq əmək haqqının hesablanaraq verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, 2009-cu ildə ibtidai təhsil ixtisası üzrə təhsilini bitirmişdir. 2013-cü ilin yay aylarında övladının getdiyi Xırdalan şəhər 15 saylı körpələr evi-uşaq bağçasında tərbiyəçi axtarıldığını eşitmişdir. Bağça müdiri Nübar Ələkbərovaya yaxınlaşıb işləmək istədiyini söyləmişdir. Nübar Ələkbərova ona sənədlərini gətirməyi tapşırmış və sənədlərinin Təhsil Şöbəsinə göndəriləcəyini, uyğun görülsə əmrini verəcəklərini bildirmişdir. Təxmini 10 gün sonra onu çağırıb bu işə uyğun olduğunu və xx.xx.2013-cü ildə tərbiyyəçi kimi əmrinin verildiyini demişdir. Həmin vaxt müdir Ələkbərova Nübar ona əmri daimi olsa da, təqaüdə gedəcəyini, Güləməyə adlı müəllimənin yerinə işə götürüldüyünü bildirmişdir. Müəllim gedənə qədər təcrübəsi olsun deyə boş olan qruplarda işləyəcəkdir. O dövrdə öyrənmişdir ki, digər müəllimələr də eyni metodla işə götürülmüş və qrupla təmin olunmuşlar. Əmrinin verildiyindən əmin olmaq üçün müdirdən əmək kitabçasını alaraq baxmışdır və o dövrdə Təhsil Şöbəsinin müdiri işləyən Nadir Ağayevin əmrini və imzasını görmüşdür. 2015-ci ilin fevral ayında müdir X7 bağçasına müdir vəzifəsinə göndərilmiş və yerinə X5 təyin olunmuşdur. Aprel ayında o, yerinə götürüldüyü Güləməyə müəllimə təqaüdə çıxmışdır və yerinə kənardan işçi götürülmüşdür. O, buna etiraz edərək boşalan ştat yerinə onun götürüldüyünü demişdir. Yeni müdir onun köhnə müdir N.Ələbərova tərəfindən aldatıldığını, daimi deyil əvəzedici-tərbiyəçi olduğunu söyləmişdir. Şikayət edəcəyini dedikdə müdir onu növbəti boşalacaq yerə yerləşdirəcəyinə söz vermişdir. Amma 2015-ci ildə kənar şəxsləri və biri qohumu bacısı qızı olmaqla 4 işçi götürmüşdür. O, 2015-ci ilin dekabrından 2019-cu ilin fevral ayına qədər analıq məzuniyyətində olmuşdur. Dünyaya gələn ikinci övladı X6 2018-ci ildə səhhətində problemlər yaranmış, övladı özünə qapanmış və nitq qabiliyyətini itirmişdir. O vaxtdan etibarən artıq 4 ildir ki, övladı nevroloji problemlərindən dolayı müalicə alır və xüsusi təlim görür. xx.xx.2020ci ildə müraciətlərinin nəticəsi olaraq Azərbaycan Respublikasının Birinci Vitse-Prezident xanım Mehriban Əliyeva ünvanladığı məktuba cavab verərək övladı X9 öz nəzarətinə götürmüşdür. Mehriban xanımın tapşırığı ilə uşaq bugünədək Uşaq Psixo-Nevroloji Mərkəzində həftədə iki dəfə olmaqla psixo-pedaqoq və loqoped tərəfindən fərdi təlimlər görür. Övladının diaqnozu “yüngül dərəcəli əqli gerilikdir. (oliqofreniya, debillik dərəcəsində, davranış pozuntuları ilə F70.1. Nitqin Artikuliyasiyasının spesifik pozuntusu F80.0.”) Qeyd edir ki, 2019-cu ilin fevralında bağçaya işinə qayıtmış və yenidən cavabdeh X4 övladının səhhəti ilə əlaqədar məlumat vermiş və ona qrup verməyi xahiş etmişdir. Amma nədənsə cavabdeh X5 bir daha ona qarşı qərəzli davranaraq xahişini rədd etmişdir. Buna baxmayaraq kənardan işçilər götürülməyə davam edilmişdir. O, bu qanunsuz və qərəzli hərəkətlərinə etiraz etdiyində isə müdir işçilərin Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən göndərildiyini və bu işçiləri yerləşdirməyə məcbur olduğunu bildirmişdir. Bununla bağlı həyat yoldaşı X16 Rayon İcra Hakimiyyətinə şifahi və onlayn müraciət etmişdir. Abşeron Rayon İcra Hakimiyyəti də bəhanə etmişdir ki, guya o, qrup almaq üçün yazılı müraciət etməlidir. O, 2020-ci ilin oktyabr ayında, pandemiya dövründə qısa müddətli bağçalar açılan kimi yazılı ərizə ilə bağça müdirinə müraciət etmişdir. Cavabdeh X5 yoldaşının İcra Hakimiyyətinə şikayət etməsinə çox əsəbləşmiş və onu “arxadan vurmaq’la ittiham edərək, ona açıq-aşkar şəkildə təzyiq göstərməyə başlamışdır. 2021-ci ilin fevral ayında bağçalar təkrar açılmış və cavabdeh M.A.Novruzova öz vəzifə səlahiyyətindən sui-istifadə edərək xx.xx.2021-ci ildə əvəzedici kimi işləyən, köhnə müdir tərəfindən işə götürülən 3 nəfər və özünün sonradan götürdüyü 1 nəfər işçi də daxil olmaqla onlara təzyiq edərək birillik müddətli müqavilə imzalamağa məcbur etmişdir. Onlar buna etiraz edərək işə qəbul edilərkən müddətsiz müqavilə imzaladıqlarını qeyd edərək imzalamaq istəməmişlər. M.A.Novruzova onları aldadaraq əmək müqavilələrinin heç vaxt olmadığını və indiyə kimi müqaviləsiz işləyərək qanunsuzluq etdiklərini bildirmiş, bu hal aşkar olunduğu təqdirdə isə buna görə məsuliyyət daşıyacaqlarını demişdir. O isə təkidlə onun müqavilənin olduğunu bildirərək imzalmaqdan imtina etmişdir. Lakin M.A.Novruzova bildirmişdir ki, bu Abşeron Rayon icra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın əmridir imzalamadığı təqdirdə isə bir daha işə çağırılmayacaqdır. Qeyd edir ki, o, pandemiya dövründə maaşla təmin olunmamış və maddi vəziyyətləri olduqca ağır olmuşdur. O dövrdə kirayədə qalmaq məcburiyyətində idilər və banklara kredit borcları ödəmişlər. Maddi vəziyyətlərinin ağır olmasıyla əlaqədar Ümidin müalicəsi yarıda qalmış və səhhətində problemlər çoxalmağa başlamışdır. Həkimlər isə müalicənin davam etdirilməsinə ehtiyac olduğunu bildirirdilər. Növbəti ay işləmək üçün çarəsiz qalaraq psixoloji təzyiqlə o müqaviləni o və digər tərbiyəçilər də imzalamışlar. Cavabdeh X5 onlara söz vermişdir ki, bu əmək müqaviləsi onların işləməyinə təsir etməyəcək və onlar növbə ilə bağçada boşalan ştatlara yerləşdiriləcəklər. Son bir il ərzində az müddətlə işə çağırılmışdır. xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında məzuniyyət yerinə işləmiş, lakin maaşının yarısı əlindən nağd şəkildə M.Novruzova tərəfindən alınmışdır. 2022-ci ilin fevral ayında bağçada olan sənədlərinin üzləri çıxarılması üçün onlara verilmişdir. O, əmək kitabçasında qanunsuz dəyişiklik edilərək “əvəzedici” sözünün oraya əlavə olunduğunu görmüşdür. Müdir əvvəlcə həmin qanunsuz əlavəni görmədiyini desə də, sonra inkar edərək bu “düzəliş”in ondan əvvəl baş verdiyini demişdir. Ona həmin qanunsuz dəyişikliklə əlaqədar niyə məlumat vermədiyini soruşduqda müdir, ona belə bir məlumat verməyə məcburiyyətinin olmadığını bildirmişdir. 2022-ci ilin aprelin 5-də axşam saat 18:00-da bağçanın metodisti Sara Seyidova müdirin adından watsapp vasitəsilə işinə xitam veriləcəyi barəsində xəbərdarlıq mesajı göndərmişdir. Halbuki, aprelin 1-dən artıq işinə xitam verilmişdir. Aprelin 1-də işdə olsa da həmin günün məvacibi hesablanmamıdır. Ona işinə xitam verildiyinə dair hər hansı bir sənəd və əmək kitabçası təqdim olunmamışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, işsiz olduğu üçün övladının müalicəsi yarımçıq qalmışdır. Onun övladının aylıq müalicə xərcləri 800 manatı keçir və müalicə üçün dövlətdən heç bir müavinət almır. Digər övladı X12 da azyaşlıdır və bir sıra ehtiyacları vardır. Həyat yoldaşı R.Əliyev 2021-ci ilin sentyabr ayında koronavirusa yoluxmuş və xəstəliyi ağır keçirdiyindən sağlamlığında problemlər yaranmışdır, halhazırda hipertoniya xəstəliyindən əziyyət çəkdiyi üçün işləmir. Övladı Ümidin müalicəsinin davam etdirilməsi üçün xx.xx.2021-ci ildə Kapital Bankdan 2040 manat məbləğində 24 aylıq müddətə kreditlə borc götürmüşlər. Lakin işsizlik səbəbindən aylıq 110 manat olan krediti ödəməkdə çətinlik çəkir. İşlədiyi dövrlərdə 2020-ci ildən başqa heç bir vaxt məzuniyyətə çıxmağına icazə verilməmiş və bu dövrlərdə heç vaxt məzuniyyət pulu almamışdır. Xırdalan şəhəri 15 Saylı Körpələr evi-uşaq bağçasından işdən çıxarıldığı zaman Əmək Qanunvericiliyi ilə müəyyən olunmuş hüquqları kobud şəkildə pozularaq ona nə əmri nə də digər sənədlərlər təqdim olunmamışdır. O, bununla bağlı X8 şikayət ünvanlamış, lakin həmin şikayət araşdırılması üçün nəzarətə götürülsə də, ona nəticə barədə bu günə qədər heç bir məlumat verilməmişdir. Onun Xırdalan şəhəri 15 Saylı Körpələr eviuşaq bağçası ilə arasınfa olan müddətsiz əmək müqaviləsinə cavabdeh X5 tərəfindən qanunsuz olaraq xitam verilərək, ona müddətli əmək müqaviləsi imzalatdırılaraq müqvilənin müddəti bitdiyi zaman sözügedən bağça müdürü tərəfindən xitam verilmişdir. Halbuki, müddətsiz əmək müqaviləsinin müddətsiz müqaviləyə dəyişdirilməsinə razılıq ərizəsinin olmadığı təqdirdə bunun bağça tərəfindən edilməsi tamamilə qanunsuz bir addım olmuşdur. Xırdalan şəhəri 15 Saylı Körpələr evi-uşaq bağçasının müdiri M.A.Novruzovanın qanunsuz hərəkətləri nəticəsində o, işindən məhrum olmuşdur, bu da ailəsi üçün bir sıra maddi çətinliklərə səbəb olmuşdur. Göstərilən xüsusatları nəzərə alaraq hesab edir ki, Xırdalan şəhəri 15 Saylı Körpələr evi-uşaq bağçasının xx.xx.2022-ci il tarixli, 35 №-li əmri qanunsuz və əsassız olduğundan ləğv edilməli, onun həmin bağçaya işə bərpa edilməyinə və məcburi işburaxmaya görə orta aylıq əmək haqqının hesablanaraq ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Bundan başqa əmrdə işçi ilə işəgötürən arasında əmək münasibətlərini nizamasalan qanunvericilik aktlarına, o cümlədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin normasına düzgün istinad edilməmişdir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddiaçının izahatına uyğun izahat verdi. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında və etirazında bildirdi ki, İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2021-ci il-xx.xx.2022-ci il tarixinədək 1 (bir) il daha uzadılmasını xahiş etmişdir. xx.xx.2021-ci il tarixli ərizəsi əsasında iddiaçıyla müddətli əmək müqaviləsi bağlanmış, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinin müddəti bitdiyi üçün əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı iddia ərizəsində 2022-ci ilin aprelin 5-də əmək müqaviləsinə xitam veriləcəyi barədə WhatsApp tətbiqindən xəbərdarlıq məktubu aldığını etiraf etmişdir. Göründüyü kimi, müddətli əmək müqaviləsi bağlanmasına dair ərizə ilə İddiaçı iradə ifadəsini bildirmiş və buna razılıq vermişdir. Eyni zamanda müddətli əmək müqaviləsini öz imzası ilə təsdiq edərək müddətli olaraq işə başlamış və 1 (bir) il ərzində heç bir etirazını bildirməmişdir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı əvəzedici tərbiyəçi vəzifəsində çalışmışdır. Bu vəzifə üzrə əmək funksiyası məzuniyyətə gedən tərbiyəçilərin əvəz edilməsindən ibarət olduğu üçün həmin işçi ilə müddətli müqavilə bağlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.Həmin Məcəllənin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.Həmin Məcəllənin 73cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri 15 saylı Körpələr Evi-Uşaq Bağçasının direktoru X5 məhkəmə iclasında izahatında və etirazında bildirdi ki, Xırdalan şəhər 15 saylı körpələr evi uşaq bağçasının keçmiş əvəzedici tərbiyəçisi vətəndaş İddiaçı Abşeron Rayon məhkəməsinə etdiyi qərəzli və böhtan dolu şikayət ərizəsinə cavab olaraq ilk növbədə bildirir ki, Ə.N.Zahid qızının ifadə etdiyi əvəzedici kimi yox daimi işçi kimi 2013-cü ildə fəaliyyətə başlayıb, yalnız 2015-ci ildə əvəzedici tərbiyəçi olması haqqında məlumatı olduğu fikirləri tamamilə absurddur. Belə ki, 2013-cü ilin əmr kitabından rəsmi çıxarış və 2014-cü il əmək müqaviləsinin elektron çıxarışında həmin xanımın əvəzedici olması haqqında əmrdə öz əksini tapır. Onun 2015-ci il fevral ayından 15 saylı bağçaya müdir təyinatımdan sonra müəssisəyə biri də bacısı qızı olmaqla 4 nəfərin tərbiyəçi kimi qəbul etməyi barədə böhtanına gəldikdə isə, bildirir ki, həmin işçilərin heç birini o qəbul etməmiş və işə qəbulu o dövrdə Abşeron Rayon Təhsil Şöbəsinin rəhbəri Nadir Ağayev tərəfindən həyata keçirilmişdir. Ə.Nigarın onu şikayət edəcəyi ilə bağlı hədələrinə gəldikdə isə bildirir ki, iddiaçının hədə-qorxusundan qorxub yalvarmaği üçün hansı isə qeyri-qanuni əməli olmamışdır və ya iddiaçıdan çəkinərək heç yerə şikayət etməməsi üçün heç bir səbəbi olmamışdır. İddiaçı əksini isbat edirsə, buyursun. 2015-ci ilin dekabr ayından 2019- cu ilin aprel ayının 11-dək analıq məzuniyyətində olan Ə.Nigarın iddia ərizəsindəki növbəti qərəzli böhtanı, analıq məzuniyyətindən qayıtdıqdan sonra da müəssisəyə tərbiyəçilərin qəbul edilməsinə davam etməyi haqqındadır. Sonuncu təsdiq olunmuş tərifləmə cədvəlini etiraz məktubuna əlavə etdiyində hər kəsə məlum olacaq ki, sonuncu qəbul edilmiş tərbiyəçi Ə.Nigarın analıq məzuniyyətində olduğu dövrə təsadüf edir (xx.xx.2019-cu il). 2020-ci ilin mart ayından oktyabr ayınadək dünyada hökm sürən Covid-19 pandemiyası ilə əlaqədar olaraq ölkəmizdə əksər müəssisələrin iş fəaliyyətində yaranmış fasilə ilə əlaqədar olaraq, məktəbəqədər təhsil müəssisələri də fəaliyyət göstərmədiyi halda bütün ştat cədvəli əsasında fəaliyyət göstərən işçilər əmək haqqı ilə təmin olunduğu halda, maliyyə əvəzedici işçilərin heç birinə ştatdankənar işçilər olduğu üçün aylıq əmək haqqı ayirmamış və bu da əvəzedici işçilərin şikayətlərinə səbəb olmuşdur. X13 Xidmətinin Abşeron Rayonu ərazisindəki məktəbəqədər təhsil müəssisələrinin bir neçəsində apardıqları yoxlama zamanı əvəzedici adlı ştatın ştat cədvəlində adı olmadığı üçün həmin işçilərin müddətsiz müqavilə əsasında işə qəbul edilməsi və müddətsiz müqavilə əsasında fəaliyyət göstərməsi qanunauyğun deyil. 2021-ci ilin mart ayında bütün Abşeron rayonu ərazisində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinə müddətsiz əmək müqaviləsi ilə fəaliyyət göstərən əvəzedicilərin müqavilələri müddətli ilə əvəz edilməsi tabe olduğumuz orqanın (Abşeron Rayon İcra Hakimiyyəti) rəhbərliyi tərəfindən tapşırmışdır. Onu vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edən Ə.Nigar bütün rayon üzrə baş verən bu prosessin tarixinin, yəni əmək müqavilələrinin müddətsizdən müddətliyə keçirilməsi tarixinin bütün bağçalarda eyni gündə olmasını unutmuşdur. Ə.Nigar iddia edir ki, o, iddiaçının ərizəsini qəbul etmədən müddətsiz müqaviləni müddətli ilə əvəz etmiş və təzyiq göstərmişdir. Ə.Nigarın iddialarının hər birinin ayrılıqda əsassız və qərəzli olduğunu sübut etmək üçün, iddiaçının müddətli müqaviləyə keçmək üçün öz imzası ilə təsdiq etdiyi ərizəsinin də surəti qoşmaya əlavə olunur.Qeyd olunanlara əsasən İddiaçı iddiası tam əsassız olduğndan iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Abşeron Xızı Regional Şöbəsinin nümayəndəsi X15 məhkəmə iclasında izahatında bildirdi ki, hal-hazırda iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etdiyi üçün Azərbaycan Respublikası X13 Xidmətində iddiaçının şikayət ərizəs üzrə araşdırma dayandırılmışdır. Məlumat üçün bildirir ki, hazırda əvəzedici tərbiyyəçi adında ştat mövcud deyildir. Bununla əlaqədar olaraq, Abşeron rayon ərazisində yerləşən bütün bağçalar üzrə müddətsiz əmək müqaviləsi ilə işləyən əvəzedici tərbiyyəçilərə ərizə yazıdırılaraq, müddətli əmək müqaviləsi bağlanmışdır. Əgər iddiaçı ərizə yazmasa idi, iddiaçı hələ də müddətsiz əmək müqaviləsi ilə işləyəcəkdi. Lakin belə olan halda, bu tip işçilərə əmək haqqı ödənilmir. Onlar rəhbərlik səviyyəsində, bu problem ilə bağlı Təhsil Nazirliyinə müraciət etmişlər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri 15 saylı Körpələr Evi-Uşaq Bağçasında əvəzəedici tərbiyəçi işləyən İddiaçı müddətsiz əmək müqaviləsi müddətli əmək müqaviləsi ilə dəyişdirilmiş və əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixinədək müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri 15 saylı Körpələr Evi-Uşaq Bağçasında işləyən İddiaçı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən göründüyü kimi, Abşeron rayonu Xırdalan şəhəri 15 saylı Körpələr Evi-Uşaq Bağçasında əvəzəedici tərbiyəçi işləyən İddiaçı müddətsiz əmək müqaviləsi müddətli əmək müqaviləsi ilə dəyişdirilmiş və əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixinədək müəyyən edilmiş, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinin müddəti bitdiyi üçün əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. İş materiallarından göründüyü kimi, müddətli əmək müqaviləsi bağlanmasına dair ərizə ilə İddiaçı iradə ifadəsini bildirmiş və buna razılıq vermişdir. Həmçinin müddətli əmək müqaviləsini öz imzası ilə təsdiq edərək müddətli olaraq işə başlamış və 1 (bir) il ərzində heç bir etirazını bildirməmişdir. Bundan əlavə iddiaçı əvəzedici tərbiyəçi vəzifəsində çalışmışdır. Bu vəzifə üzrə əmək funksiyası məzuniyyətə gedən tərbiyəçilərin əvəz edilməsindən ibarət olduğu üçün həmin işçi ilə müddətli müqavilə bağlanmasını zəruri etmiş, İddiaçı bununla bağlı öz imzası ilə təstiq edilmiş ərizəsi ilə buna razılıq vermiş, razılaşdırılmış müddətə müddətli əmək müqaviləsi bağlanmış və müqavilənin müddəti qurtardığına görə tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.İddiaçının və onun nümayəndəsinin izahatı yuxarıda qeyd olunan işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən,məhkəmə həmin izahatlara tənqidi yanaşmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.Həmin Məcəllənin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarmasına görə xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi, Abşeron rayonu Xırdalan şəhəri 15 saylı Körpələr Evi-Uşaq Bağçası və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti X1rşı Abşeron rayonu Xırdalan şəhəri 15 saylı Körpələr Evi-uşaq baxçasının müdiri X3 xx.xx.2022-ci il tarixli, 35 №-li əmrinin ləğv edilməsi, onun Abşeron rayonu Xırdalan şəhəri 15 saylı Körpələr Evi-uşaq baxçasına təbiyəçi vəzifəsinə bərpa olunması, xx.xx.2022-ci il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün məcburi iş buraxmaya görə orta aylıq əmək haqqının hesablanaraq verilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar