Məhkəmə qərarları › İş №2(012)-4944/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4944/2025

03.10.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4944/2025 03.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əhmədova Cəmilə Ehtibar qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Abşeron rayonu Xırdalan şəhəri V.Müsibov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinə, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1-Xızı Regional Təhsil İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış əmək dövrü üçün əməkhaqqı tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan şəhəri V.Müsibov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış əmək dövrü üçün əməkhaqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanılmış əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı iş üzrə cavabdeh məktəbin direktoru Cavabdeh3 xx.xx.2025-ci il tarixli 125 saylı əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X3-Xızı Regional Təhsil İdarəsi Xırdalan şəhər V.Y.Musibov adına 5 nömrəli tam ümumtəhsil məktəbinin direktoru Cavabdeh3 xx.xx.2025-ci il tarixli 125 saylı əmri ilə mənimlə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-cı mədəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Qeyd olunan əmr 20 iyun 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dölət Agentliyinin xx.xx.2025-ci il tarixli 3-29369/3-2- 29F/2025 nömrəli əmrinə əsalanmaqla verilmişdir. O, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dölət Agentliyinin xx.xx.2025-ci il tarixli 3-29369/3-2-29F/2025 nömrəli əmrini və ona əsalanmaqla verilmiş Xırdalan şəhər V.Y.Musibov adına 5 nömrəli tam ümumtəhsil məktəbinin direktoru Cavabdeh3 xx.xx.2025-ci il tarixli 125 saylı əmrini qanuni və saalı hesab etmir. Qeyd edilən əmrlər onun əmək hüquqlarını kobud şəkildə pozur. Belə ki, o, 2024-cü il tarixli birinci sertifikasiya imtahanı zamanı xx.xx.2024-cü il tarixdə Bakı "xxxx" MMC-də hər iki ayağın 1-ci barmağının plastikası, Şe_de əməliyyatı keçirmiş və xx.xx.2024-cü il tarixədək xəstəxanada yatmışdır. Bu səbəbdən sertifikasiya imtahanında üzrlü səbəbdən iştirak etməmişdir. İkinci sertifikasiya imtahanı zamanı isə artıq onun 60 yaşı tamam olduğundan imtahan onun üçüm məcburi xarakter daşımırdı və bu onun birinci imtahanı hesab edilməli idi. Yuxarıda qeyd edilənlərdən görünür ki, o, ancaq bir imtahanda iştirak etmiş və birinci imtahanda o, tam üzrlü səbəbdən iştirak edə bilməmişdir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə gedişatında iddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1-Xızı Regional Təhsil İdarəsinin cavabdehlər qismində işə cəlb edilmələrini xahiş etdi. Məhkəmə iclasında İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və onun təmin edilməməsini xahiş etdi. Digər cavabdehlərin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişlər. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - Abşeron rayonu Xırdalan şəhəri V.Müsibov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin xx.xx.2025-ci il tarixli, 125 saylı əmrindən görünür ki, Məktəbin riyaziyyat müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xx.xx.2025-ci il tarixdən xitam verilməsi, İddiaçı ilə qanunvericiliyə uyğun olaraq son haqq-hesabın aparılmasının təmin edilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas kimi xx.xx.2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli əmri götürülmüşdür. - “Prime” National Hospital tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində həkim travmatoloqun qəbulunda olmuş, müayinə zamanı ona hər iki pəncədə Hallux-valgus deformasiyası qoyulmuşdur. Pasient planlı olaraq, xx.xx.2024-cü il tarixində əməliyyat keçirmiş, ona ay yarım ev şəraitində ambulator müalicəni davam etdirmək, xüsusi ortopedik ayaqqabıda hərəkət etmək və məhdud hərəkət tövsiyə olunmuşdur. İşin araşdırılan hallarından görünür ki, İddiaçı Abşeron rayonu Xırdalan şəhəri Veysəl Musibov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbində riyaziyyat müəllimi vəzifəsində çalışmışdır. İddiaçı Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"na əsasən 20 iyun 2025-ci il tarixdə keçirilən təkrar sertifikatlaşdırmada iştirak edərək 26 bal toplamaqla, təkrar sertifikatlaşdırmadan keçməmişdir. Elm və Təhsil Nazirliyinin xx.xx.2025-ci il tarixli əmri əsas götürülməklə, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli əmri ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, regional təhsil idarələrinə və Agentliyin Aparatının tabeliyində olan ümumi təhsil müəssisələrinə tapşırılmışdır ki, 20 iyun 2025-ci il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin əmək müqavilələrinin 2025-ci ilin 30 iyun tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi təmin edilsin. Xırdalan şəhəri Veysəl Musibov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin xx.xx.2025-ci il tarixli, 125 nömrəli əmri ilə İddiaçı ilə bağlanılmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 2, (3-cü hissə) Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsasən əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 11, bənd "b”. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Maddə 70, bənd “c”. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 67-2 (1-ci hissə).Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. Maddə 67-2 (4-cü hissə). “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Maddə 78 (c bəndi).Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 73. 1.Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Maddə 300 (1-ci hissə). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” Qaydası: Bənd 1.5. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Bənd 5.2. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Bənd 5.3. Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Bənd 5.4. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.6-1. Sertifikatlaşdırma – dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur. Maddə 33.3.9. Qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan (dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) sertifikatlaşdırmadan) keçmək təhsilverənlərin vəzifələrindən biridir. Maddə 36-2.5. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Maddə 36-2.6. Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. İddia tələbinin dəlillərində göstərilir ki, iddiaçı keçirilmiş sertifikasiya imtahanında iştirak edə bilməyib, buna səbəb xəstəliyi olub. Ona görə də hesab edir ki, bu hal nəzərə alınmalı, keçirilmiş sertifikatlaşdırma təkrar deyil, ilkin hesab olunmalı və ona növbəti sertifikatlaşdırmada iştirak etmək imkanı verilməlidir. “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.2-ci bəndində qeyd olunub: “Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar”. İddiaçı keçirilmiş sertifikatlaşdırmada üzrlü səbəbdən (xəstəliyinə görə) iştirak etməmişdir. Buna görə də onun iş yeri 1 il müddətində saxlanılıb və təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ verilmişdir. Qaydaya görə, hər hansı səbəbdən sertifikatlaşdırmada iştirak etməyən şəxs sertifikatlaşdırmada iştirak edib, lakin ondan keçə bilməyən şəxsə bərabər tutulur. Odur ki, sertifikatlaşdırmada üzrlü səbəbdən iştirak etməyən şəxs üçün növbəti sertifikatlaşdırma təkrar sayılır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslı deyildir və təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Abşeron rayonu Xırdalan şəhəri V.Müsibov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinə, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1-Xızı Regional Təhsil İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış əmək dövrü üçün əməkhaqqı barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar