Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-495/2025 08.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli kəndi, Bağlar massivində yerləşən evlə bağlı ona cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh tərəfindən əsassız hesablanmış 3110,40 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli kəndi, Bağlar massivində yaşayır. Cavabdeh təşkilatın nümayəndələri 19 aprel 2023-ci il tarixdə yaşadığı evin köhnə G 4 markalı 1302AZ**********51 nömrəli qaz sayğacının istismar müddəti bitdiyinə görə həmin sayğacı çıxararaq götürmüşlər, onun yerinə yeni G 4 markalı **********695 nömrəli qaz sayğacı quraşdırmışlar. Cavabdeh İB köhnə sayğaca baxış keçirmiş və tərtib etdiyi qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-ci il tarixli aktın 7-ci bəndinə əsasən 1302AZ**********51 nömrəli köhnə sayğacın çıxış plastmas borusunun deşilməsini müəyyən etmişdir. Bundan başqa, cavabdeh təşkilat xx.xx.2023-ci il tarixli qazdan istifadə qaydalarının pozulması haqqında akt da tərtib edərək 1302AZ**********51 nömrəli sayğacın çıxış plastmas borusu deşilməsini aşkar edilmiş nöqsan kimi göstərərək dəymiş ziyanın hesablanması və ödənilməsi haqqında qeydlər aparmışlar. Daha sonra, cavabdeh xx.xx.2023-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edərək ona göndərmişdir. Həmin tələbnaməyə əsasən cavabdeh ondan 25920 kub.metr qaz itkisinin məbləğini tələb edir. Bu məbləğ 3110,40 manat təşkil edir. Köhnə sayğac G-4 markalı İtron tipli qaz sayğacı idi, istismar müddəti ötmüşdür. Cavabdehin əməkdaşları onu vaxtında dəyişməmişlər, buna görə də qaz sayğacının çıxış plastmas borusunun deşilməsində, qaz itkisinin baş verməsində o və ailə üzvləri təqsirli deyil. Onlar tərəfindən sayğaca heç vaxt müdaxilə olunmayıb. Eyni zamanda, sayğac yaşadığı evdən küçə tərəfdə quraşdırılıb, daim onlar tərəfindən mühafizə oluna bilməz və bu, onların vəzifəsi deyildir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məlumat verilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, həmin tarixdə abonent İddiaçı yaşadığı Abşeron rayonu, Məhəmmədli kəndində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00690) baxış keçirilən zaman mövcud sayğacın qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi qərara alınmışdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş ******* saylı, xx.xx.2023-cü il tarixli akta əsasən abonent 25920 kub metr təbii qazı istehlak etmişdir. İş materiallarında olan istehlakçı İddiaçı adına tərtib edilmiş Abşeron rayonu, Məhəmmədli kəndində yerləşən fərdi yaşayış evinə aid abonent kodu **********00690 olan abonentin saldosundan görünür ki, 2023-cü ilin aprel ayında qaz sərfiyyatı “25920 m3” həcmində müəyyən edilmiş və buna müvafiq olaraq abonentə 3110,40 manat məbləğində borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçıya 3110,40 manat məbləğində cərimə onun sayğacındakı nasazlığa görə ******* saylı, xx.xx.2023-cü il tarixli akta əsasən tətbiq edilmişdir. Halbuki yuxarıda qeyd edilən Qaydalara görə bu cür sayğacların işlək vəziyyətdə saxlanılmasına görə abonent məsuliyyət daşımır, yəni iddiaçıya tətbiq edilən cərimənin heç bir hüquqi əsası yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı fərdi yaşayış evinə aid qaz sayğacına dair ******* saylı, xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış 3110,40 manat borc silinməli, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron rayonu, Məhəmmədli kəndində yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına (abonent kodu: **********00690) dair ******* saylı, xx.xx.2023-cü il tarixli akta əsasən Cavabdeh İB tərəfindən hesablanmış 3110,40 manat məbləğində borc silinsin. İddiaçının ödəməkdən azad edildiyi 51,10 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-495/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-495/2025
08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver