Məhkəmə qərarları › İş №2(012)-496/2021

Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(012)-496/2021

08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-496/2021 08.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi və pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi və pul» tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 800 (səkkiz yüz) manat pulun, ona vurulmuş 800 manat maddi və 600 manat mənəvi zərərin, həmçinin tərəfindən vəkilə ödədiyi 100 (bir yüz) manat pulun cavabdehdən tutularaq ona, yəni İddiaçı ödənilməsi və iddiası təmin olunacağı təqdirdə məcburi köçkün olaraq azad olduğu 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət nəfinə köçürülməsi barədə qətnamə çıxarımasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə münasibətləri normal olduğundan o, xx xxxxxxxx 2019-cu ıl tarixində ondan iki aya qaytaracağı adı ilə 500 (beş yüz) manat bir, xx xxxxxxxx 2019-cu il tarixdə isə 300 (üç yüz) manat borc pullar götürmüşdür. Həmin vaxtdan az qala 10 (on) ay keçməsinə baxmayaraq Cavabdeh bu günə qədər borc adı ila götürdüyü həmın pulları ona qaytarmamışdır. O, dəfələrlə Cavabdeh onun özünə pul lazım olduğunu, müalicəsinə xərcləyəcəyini bildirsə də, cavabdeh həmin pulun geri ödənilməsi ilə bağlı müxtəlif bəhanələr gətirərək, ona olan pul borcunu geri qaytarmaqdan yayınmışdır. Artıq ondan gizlənir, telefon zənglərinə cavab vermir. Ona görə də, cavabdehin iddiaçıya olan aşkar borcunu ödəmədiyini görüb, məhkəməyə pul tələbi ilə əlaqədar iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, İddiaçı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X5 iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək, mülki iş üzrə 800 manat maddi və 600 manat mənəvi zərərin azaldılmasını, 800 (səkkiz yüz) manat, vəkilə ödədiyi 100 (bir yüz) manat pulun İddiaçı xeyrinə Cavabdeh tutulması, həmçinin 30 manat dövlət rüsumunun cavabdehdən dövlət nəfinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X5 iddia ərizəsində qeyd olunanlara uyğun məzmunda izahat verərək iddianın təmin olunması barədə qiyabi qətnamə çıxarılmasını xahiş edərək, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 238.1-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin məhkəmə iclasına gəlmədiyini və bunun səbəbləri barədə məlumat vermədiyini, iddiaçının nümayəndəsi və vəkilinin buna etiraz etmədiyini nəzərə alaraq, işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 184.2. maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşıdır, vəsiqə xx.xx.2029-cu il tarixədək etibarlıdır. -Azərbaycan Respublikası DİN-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1980-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikası DİN-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1984-cü il tarixdə Zəngilan rayonu Alıbəyli kəndində anadan olmuş, İddiaçı Laçın rayonu. Laçın şəhəri. A.Aslanov küçəsi. cv 8 - ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bakı şəhəri Xəzər rayonu üzrə sektorunun 112/3 nömrəli, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı Laçın rayonundan məcburi köçkün düşməklə Xəzər rayonu Şüvəlan qəsəbəsi, «Şinçi» düşərgəsində məskunlaşmışdır. -Cavabdeh tərəfindən xx xxxxxxxx 2019-cu il tarixində əlyazma formasında yazılaraq və imzalanaraq iddiaçıya verdiyi qəbzdə «Mən, Cavabdeh İddiaçı 300 manat faizə pul götürdüm ona içində 200 olan kart verirəm, kart özümə aiddir və kartın kodu 19-80 » sözləri yazılmışdır. -Cavabdeh tərəfindən xx xxxxxxxx 2019-cu ıl tarixində əlyazma formasında yazılaraq və imzalanaraq iddiaçıya verdiyi qəbzdə «Mən, Cavabdeh pensiya kartımı qoyuram, içində 310 m pul çıxır. İddiaçı Rafiq qızından 500 m pul götürürəm. 68-08» sözləri yazılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə, iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək hesab edir ki, mülki hüquq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində İddiaçı maddi zərər yetirilmişdir. Məhkəmə iclasında işin araşdırılan hallarından müəyyən edildi ki, Cavabdeh ilə münasibətləri normal olduğundan o, xx xxxxxxxx 2019-cu ıl tarixində iddiaçıdan iki aya qaytaracağı adı ilə 500 (beş yüz) manat bir, xx xxxxxxxx 2019-cu il tarixdə isə 300 (üç yüz) manat bir borc pullar götürmüşdür. Həmin vaxtdan 10 (on) aya yaxın müddət keçməsinə baxmayaraq Cavabdeh bu günə qədər borc adı ilə götürdüyü həmın pulları iddiaçıya qaytarmamışdır. Ona görə də iddiaçı cavabdehin iddiaçıya olan aşkar borcunu ödəmədiyini görüb, məhkəməyə pul tələbi ilə əlaqədar iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən xx xxxxxxxx 2019-cu ıl tarixdə və xx xxxxxxxx 2019- cu il tarixdə əlyazma formasında yazılaraq və imzalanaraq iddiaçıya verdiyi qəbzlər işin həqiqi hallarına uyğundur və tərəflərin hüquqlarını pozmur və ona görə də etiraf kimi qəbul olunmalıdır. Bundan başqa iddiaçının dəfələrlə Cavabdeh onun özünə pul lazım olduğunu, müalicəsinə xərcləyəcəyini bildirməsini, cavabdehin həmin borcun iddiaçıya qaytarılması barədə məlumatlı olmasını və məlumatlı olmasına baxmayaraq borcu qaytarmadığını təsdiq edir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia tələbi ilə bağlı cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, iddia tələbinə qarşı öz etiraz və mülahizələrini bildirməklə özünü müdafiə etmək hüququndan istifadə etməmiş və bununla də iddia tələbi ilə razılaşması fikiri yaratmışdır. Azərbaycan Respublikasının MPM-nin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "X1rşı” xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası MPM-nin; 106.3. maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 191.3. maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə İddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə məhkəmə xərcləri iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə təqdim edilməsinə görə 30 manat dövlət rüsumu ödənilməsindən ibarət olmalı idi. Belə ki, İddiaçı məcburi köçkün olaraq dövlət rüsumu ödənilməsindən azad olunmuşdur. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1.20. maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunun ödənilməsindən azaddırlar. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, İddiaçı məcburi köçkün olaraq dövlət rüsumu ödənilməsindən azad olunduğuna görə 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iş materiallarında olan Expresspay ödəniş sistemi vasitəsi ilə ödənilmiş qəbzdən görünür ki, iddiaçı vəkilin köməyindən istifadə edilməsi üçün 111.00 manat məbləğində hesaba pul köçürmüşdür. Azərbaycan Respublikasının MPM-nin 115.0.6. maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Qanunun qeyd edilən tələblərinə əsasən Məhkəmə qeyd edir ki, iddia tələbində göstərilən məsrəf 100 manat tələb olunduğundan həmin məbləğ cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları məcmu halında qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 800 (səkkiz yüz) manat borc məbləği, vəkilə ödənilmiş 100 (yüz) manat məhkəmə məsrəfi İddiaçı xeyrinə tutulmalı və iddiaçı məcburi köçkün olaraq dövlət rüsumu ödənilməsindən azad olunduğuna görə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4. maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 800 (səkkiz yüz) manat borc məbləği, vəkilə ödənilmiş 100 (yüz) manat məhkəmə məsrəfi İddiaçı xeyrinə tutulsun. İddiaçı məcburi köçkün olaraq dövlət rüsumu ödənilməsindən azad olunduğuna görə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülsün. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Abşeron Rayon Məhkəməsinə ərizə ilə müraciət edə və həmin müddət bitdikdən sonra tərəflər qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar