Məhkəmə qərarları › İş №2(012)-499/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-499/2022

02.03.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-499/2022 02.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə barədə ilkin iddia, Cavabdeh İddiaçı qarşı əmlakın mənzildən çıxarılması barədə qarşılıqlı iddia tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə barədə iddia qaldıraraq, onun azyaşlı övladı X4 ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” Yaşayış Kompleksi, 56 saylı evin 25 saylı mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 28 aprel 2015-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşdur. Birgə nikahdan 21 mart 2016-cı il təvəllüdlü X4 adlı övladları vardır. Nikah Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2866/2020 saylı, 09 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. O, Cavabdehlə ailə qurduqdan sonra, onun ailəsi ilə birlikdə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93'’ Yaşayış Kompleksi, 56 saylı bunanın 25 saylı mənzilinə gəlin köçmüş, 2018-ci ilədək cavabdeh tərəfindən həmin mənzildən qovulanadək orada yaşamışdır. Gəlin köçərkən bütün cehiz əşyalarını da həmin mənzilə aparmışdır və əmlak hələ də bu mənzildədir. Cavabdeh onu evdən qovduqdan sonra o, azyaşlı övladı ilə birlikdə kirayə mənzil tutaraq, orada yaşamağa məcbur olmuşdur, çünki başqa yaşayış yeri yoxdur. Lakin hazırda kirayə pulunu ödəmək iqtidarında deyildir və məcburiyyət qarşısında qalaraq, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İndiyə kimi atası kirayə pulunun ödənilməsində köməklik göstərsə də, hazırda o da kömək etmək iqtidarında deyil. O, azyaşlı övladı ilə birlikdə küçədə, evsiz-eşiksiz qalmaq təhlükəsi ilə üzləşmişdir. Dəfələrlə gəlin köçdüyü mənzilə köçərək orada yaşamağa cəhd göstərsə də, Cavabdeh buna imkan vermir. Onun gəlin köçərkən apardığı cehiz əşyaları bu evdə qalmışdır və cavabdeh bu gün də həmin əşyalardan istifadə edir. Buna görə də iddia təmin edilməlidir. Cavabdeh İddiaçı qarşı əmlakın mənzildən çıxarılması barədə qarşılıqlı iddia qaldıraraq, İddiaçı məxsus cehiz əmlakların Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş- 93'’ Yaşayış Kompleksi, 56 saylı binanın 25 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, keçmiş həyat yoldaşı İddiaçı ərizəsində qeyd edir ki, ailə qurduqdan sonra o, ünvan 1 ünvanında yerləşən 25 saylı mənzilə gəlin köçmüş və 2018-ci ilədək - guya həmin mənzildən qovulanadək orada yaşamışdır. Bundan əlavə, o qeyd etmişdir ki, gəlin köçərkən bütün cehiz əşyalarını da həmin mənzilə aparmışdır və həmin cehiz əşyaları hələ də bu mənzildədir. Həqiqətən iddiaçının göstərdiyi kimi, onlar rəsmi olaraq ailə qurmuşlar və o, ailə qurduğu gündən mübahisəli mənzilə gəlin köçmüşdür. Gəlin köçərkən o, özünə məxsus cehiz əşyalarını (yataq dəsti, 1 ədəd güzgülü kamod, 2 ədəd qorka, 1 ədəd masa və 6 ədəd oturacaq, 2 ədəd kiçik ölçüdə xalça, 2 ədəd 1,5 x 2,5 ölçüdə xalça, 1 ədəd çilçıraq, 2 ədəd pərdə və müxtəlif çeşiddə qab-qacaqlar) mübahisəli mənzilə gətirmişdir. Əvvəllər ər-arvad münasibətləri yaxşı olmuşdur. Lakin 2018-ci ilin əvvəllərində ər-arvad münasibətlərində soyuqluq yarandığına görə ayrılmışlar və ayrı-ayrı ünvanlarda yaşamışlar. Keçmiş həyat yoldaşı İddiaçı ərizəsində qeyd edir ki, onu evdən qovmuşdur, lakin bu heç də həqiqətə uyğun deyil. O, öz istəyi ilə 4 il əvvəl uşaqla birlikdə evi tərk edərək atasıgilə getmişdir. Getdiyi gündən bugünki günə kimi birgə təsərrüfat idarə etməmişlər. Onun sahibliyində olan ünvan 1 ünvanında yerləşən 25 saylı mənzili nikahdan əvvəl - 16 avqust 2011-ci il tarixdə alqı-satqı yolu ilə əldə etmişdir. Keçmiş həyat yoldaşı ilə aralarında mənzillə bağlı hər hansı bir razılaşma mövcud deyil və onun bu mənzilə istifadə hüququ rəsmi olaraq qeydiyyatdan keçmədiyinə görə, onun bu mənzilə köçməsinin heç bir hüququ əsası yoxdur. Keçmiş həyat yoldaşına məxsus olan cehiz əmlakının mübahisəli mənzildə uzun müddət qalması onun həmin mənzilin üzərində olan hüquqlarını pozur. O, istədiyi kimi mənzildən istifadə edə bilmir. Onun iddiaçıya məxsus olan cehiz əşyaları bu mənzildən çıxarılmalıdır. Məhkəmə gedişatında Cavabdeh iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 1 ədəd yataq dəsti, 1 ədəd güzgülü kamod, 2 ədəd qorka, 1 ədəd masa və 6 ədəd oturacaq, 2 ədəd kiçik ölçülü xalça, 2 ədəd 1,5 x 2,5 metr ölçüdə xalça, 1 ədəd çilçıraq, 2 ədəd pərdə və müxtəlif çeşiddə əşyalardan ibarət cehiz əmlakın ünvan 1 ünvanında yerləşən 25 saylı mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili-nümayəndəsi X5 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddia ərizələrini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında AZ-İİİ 758002 saylı şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 21 mart 2016-cı il tarixdə İnci adlı uşaq doğulmuşdur. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2866/2020 saylı, 09.10.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahı pozulmuş, onların birgə nikahından 21 mart 2016-cı il tarixdə doğulmuş İnci adlı uşağın anasının himayəsinə verilməsi və onun saxlanılması üçün 09.10.2020-ci il tarixdən Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan 22 sentyabr 2021-ci il tarixli aktdan görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” Yaşayış Kompleksi, ev 36 və 56 saylı binada yaşayan 3 qonşu təsdiq etmişdir ki, İddiaçı 2015-ci ilin aprel ayından 2018-ci ilədək əri və uşağı ilə birlikdə ünvan 1 ünvanda yerləşən 25 saylı mənzilində yaşamışdır. İş materiallarında olan çoxmənzilli yaşayış binasının tikintisi haqqında 07/0025 saylı, 16 avqust 2011-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh dəyərini ödəməklə ünvan 1 ünvanda yerləşən 25 saylı mənzili "xxxx" MTK-ya 56306 manat ödəməklə əldə etmişdir. Mənzilin ümumi sahəsi 119,8 kv.metrdir. İş materiallarında olan "xxxx" MTK-nın 03 iyul 2014-cü il tarixli maliyyə arayışından görünür ki, ünvan 1 ünvanda yerləşən 119,8 kv.metrlik 25 saylı mənzilinə görə Cavabdeh MTK-ya borcu yoxdur. İşdən görünür ki, tərəflər 28 aprel 2015-ci il tarixdə nikaha girmişlər və onların bu nikahdan 21 mart 2016-cı il tarixdə İnci adlı uşaqları olmuşdur. Tərəflər 09.10.2020-ci il tarixdə məhkəmə qətnaməsinə əsasən boşanmışlar. İşdən, həmçinin görünür ki, tərəflər hələ nikaha girməmişdən öncə, Cavabdeh 07/0025 saylı, 16 avqust 2011-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanda yerləşən 119,8 kv.metrlik 25 saylı mənzilinin dəyərini tam ödəməklə əldə etmiş, MTK-nın payçısı olmuşdur. Hazırda İ.Abdurahmanova iddia qaldıraraq bu mənzilə köçürülməsini, Cavabdeh isə qarşılıqlı iddia qaldıraraq onun əmlaklarının bu mənzildən çıxarılmasını tələb edir. Mübahisə ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl məhkəmə hesab edir ki, mübahisənin obyektiv və düzgün həlli üçün mübahisəli mənzilin hüququ statusu müəyyən edilməlidir. İş materialları ilə müəyyən edilir ki, mübahisəli mənzilə dair Cavabdeh mülkiyyət hüquqları qeydə alınmasa da, mənzil onun sahiblik və istifadəsindədir. Daha öncə qeyd edildiyi kimi, mübahisə predmeti olan mənzilin dəyəri Cavabdeh tərəfindən "xxxx" MTK-ya tam ödənilmiş və o, MTK-nın payçısı olmuşdur. Buna baxmayaraq, mübahisəli daşınmaz əmlak onun adına dövlət reyrestrində qeydiyyata alınmamışdır. İşin faktiki hallarından məlum olur ki, mübahisəli mənzilə faktiki sahibliyi həyata keçirən və ondan istifadə edən Cavabdeh mənzilə dair qanuni gözlənti hüququ istisna edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X2 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Digər tərəfdən, Mülki Məcəllənin 157.4 və 164.1-ci maddələrinə əsasən iddiaçı əşya üzərində mülkiyyət və sahiblik hüquqlarının digər şəxslər tərəfindən pozulmasının aradan qaldırılmasını tələb edə bilər. Məhkəmə, həmçinin hesab edir ki, məsələ ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da nəzər yetirmək lazımdır. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və X2 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. İstinad olunan hüquq normalarına əsasən məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh şəxsi vəsaiti hesabına əldə etdiyi mənzilə dair “qanuni gözlənti” hüququ vardır. İş materiallarından görünür ki, mübahisəli mənzillə bağlı tərəflər arasında hüquq münasibətləri 28 aprel 2015-ci il tarixdə (nikaha girmə tarixi) yaranmışdır və MPM-nin 217.2-ci maddəsinin tələbinə görə mübahisəyə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra, onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İşdən görünür ki, mübahisə tərəfləri arasında hüquq münasibətləri 28 aprel 2015-ci il tarixdə (ilkin iddia üzrə iddiaçı köçmək istədiyi mübahisəli evə gəlin gələrkən) yaranmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16.12.2014 saylı Qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. İşin tədqiq olunan hallarından görünür ki, daha öncə şərh olunanlara əsasən hazırda ilkin iddia üzrə iddiaçı köçmək istədiyi mənzilin payçısının (gözlənti hüququna sahib) ailə üzvü hesab olunmur. Belə olan halda məhkəmənin qənaətinə görə ilkin iddia üzrə iddiaçının köçmək istədiyi, cavabdehə məxsus yaşayış sahəsindən istifadə etmək səlahiyyəti olmadığı kimi, istinad olunan normalar baxımından yanaşdıqda ilk iddia üzrə iddiaçının məhz köçmək istədiyi mənzillə bağlı Cavabdeh qarşı iddia qaldırmaq üçün subyektiv hüququnun olması istisna olunur. Məhkəmə onu da qeyd edir ki, hətta hazırki mübahisə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə həll edilmiş olsaydı belə, iddia təmin oluna bilməzdi. Belə ki, həmin maddəyə görə yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün köçmək istədiyi həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İşin tədqiq olunan faktiki hallarından görünür ki, ilkin iddia üzrə iddiaçı köçmək istədiyi mənzili təxminən 2018-ci ildə tərk edərək atası evinə qayıtmış, sonradan isə kirayədə yaşadığını qeyd etmişdir. Yəni artıq kifayət qədər müddətdir ki, ilkin iddia üzrə iddiaçı başqa ünvanda yaşayır və müəyyən müddətə istifadə hüququnun saxlanılması tələbi də öz əhəmiyyətini itirmişdir. Beləliklə, şərh olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, İddiaçı R.R.Hacyevin sahiblik və istifadəsində olan yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır, o, həmin yaşayış sahəsinə tələb etdiyi qaydada köçürülə bilməz və bu barədə onun iddia tələbi təmin edilməməlidir. Mübahisəli mənzilə dair heç bir hüquqi bağlılığı qalmayan İddiaçı məxsus əmlakların bu mənzildə qalması isə mənzilin faktiki sahibi kimi R.R.Hacyevin sahiblik və istifadə hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında hər iki tərəf etiraf etdi ki, İddiaçı məxsus 1 ədəd yataq dəsti, 1 ədəd güzgülü kamod, 2 ədəd qorka, 1 ədəd masa və 6 ədəd oturacaq, 2 ədəd kiçik ölçülü xalça, 2 ədəd 1,5 x 2,5 metr ölçüdə xalça, 1 ədəd çilçıraq, 2 ədəd pərdə və müxtəlif çeşiddə əşyalardan ibarət cehiz əmlak mübahisəli mənzildə yerləşir. Yuxarıda qeyd edilən normaların tələbinə görə isə onların mənzildən çıxarılmaması mənzilə dair gözlənti hüququna malik Cavabdeh mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Beləliklə, iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməli və İddiaçı məxsus 1 ədəd yataq dəsti, 1 ədəd güzgülü kamod, 2 ədəd qorka, 1 ədəd masa və 6 ədəd oturacaq, 2 ədəd kiçik ölçülü xalça, 2 ədəd 1,5 x 2,5 metr ölçüdə xalça, 1 ədəd çilçıraq və 2 ədəd pərdədən ibarət cehiz əmlak ünvan 1 ünvanda yerləşən 25 saylı mənzildən çıxarılmalıdır. Qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı mübahisəli mənzildən çıxarılması xahiş edilən müxtəlif çeşiddə əşyalardan ibarət cehiz əmlakın nədən ibarət olmasına dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə barədə ilkin iddia tələbi təmin edilməsin. Cavabdeh İddiaçı qarşı əmlakın mənzildən çıxarılması barədə qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus 1 ədəd yataq dəsti, 1 ədəd güzgülü kamod, 2 ədəd qorka, 1 ədəd masa və 6 ədəd oturacaq, 2 ədəd kiçik ölçülü xalça, 2 ədəd 1,5 x 2,5 metr ölçüdə xalça, 1 ədəd çilçıraq, 2 ədəd pərdədən ibarət cehiz əmlak ünvan 1 ünvanında yerləşən 25 saylı mənzilindən çıxarılsın. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar