Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5028/2020 08.12.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Habil Yunis oğlu Əhmədov Ərizəçilər İddiaçı2 və İddiaçı1 mirasın qəbulu faktının müəyyən edilməsinə dair ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Ərizəçilər İddiaçı2 və İddiaçı1 mirasın qəbulu faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, birinci növbə vərəsə kimi Sabşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən fərdi yaşayış evinə və “Mercedes” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras qalmış əmlaka onların vərəsəlik hüquqlarının tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, ərizə məhkəmə qaydasında baxılmalı olmadığından, Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməlidir. İş materiallarından görünür ki, ərizəçilər İddiaçı2 və İddiaçı1 vərəsəlik üzrə onlara çatan payının müəyyən edilməsi ilə əlaqədar müvafiq Notariat Kontoruna müraciət etməmişdir. Belə ki, ərizəçilər ilk olaraq lazımi sənədin alınması üçün müvafiq Notariat Kontoruna müraciət etməli, lakin həmin xidmətdən imtina cavabı alınarsa məhkəməyə müraciət emək hüquqlarından istifadə etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər; 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 95-ci bəndinə əsasən mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün miras qoyanın ölümü haqqında şəhadətnamə; miras qoyanın yaşayış yeri (daimi və ya müvəqqəti qeydiyyatı) haqqında mənzil-istismаr sаhələrinin arayışı, yaşayış yeri məlum olmadıqda miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer barədə sənəd; vərəsələrin miras qoyanla qohumluq münasibətlərini təsdiq edən (vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanı tərəfindən vеrilmiş) sənədlər və ya qohumluq münasibətlərinin müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi; vərəsələrin mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında ərizələri; qanunla müəyyən edilmiş müddətdə notariusa müraciət olunmadıqda vərəsə tərəfindən əmlaka sahiblik və ya əmlakı idarə etməyə faktiki başlamasını təsdiq edən sənədlər (mirasın açıldığı gündən altı ay ərzində vərəsə tərəfindən mirasa dair borcların ödənilməsi, mirasın qəbul edilməsi, miras əmlaka sahiblik və əmlakdan istifadəyə dair arayışlar, maliyyə və kommunal xidmət haqlarının vərəsə tərəfindən ödənilməsini təsdiq edən qəbzlər və s.); miras əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, onun üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Хidmətinin vеrdiyi arayış müvafiq notariat orqanına təqdim edilməlidir. Göründüyü kimi iddiaçı Qanununla müəyyən edilmiş qaydada ilk əvvəl Notariat Kontoruna müraciət edilməli olduğu halda Məhkəməyə müraciət etmişdirdir. Ona görə də ərizə Məhkəmədə baxılmalı olmadığından ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Odur ki, ərizəçiə aidiyyatı üzrə Abşeron rayonu Notariat Kontoruna müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 308,310-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçilər İddiaçı2 və İddiaçı1 mirasın qəbulu faktının müəyyən edilməsinə dair ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina olunsun. Ərizəçilərə ərizədəki məsələ ilə bağlı müvafiq Notariat Kontoruna müraciət etmək hüquqlarının olması izah edilsin. Qərardaddan 10 gün müddətində şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-5028/2020
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5028/2020
08.12.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver