Məhkəmə qərarları › İş №2(012)-5049/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5049/2025

04.11.2025 · Sair mülki iş - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5049/2025 04.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rəcəbova Samirə Məmməd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlakın qaytarılması və pul tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlakın qaytarılması və pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, maşınının mühərrikinin Cavabdeh tərəfindən təmir edilərək maşınının saz vəziyyətdə ona qaytarılması, habelə 1720 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, şəxsi mülkiyyətində olan Fiat Doblo markalı, ** LX *** dövlət qeydiyyat nişanlı avtomobilinin ön asqı hissəsindəki çalışan hissələrinin təmiri məqsədilə usta işləyən Cavabdeh 2024-cü ilin aprel ayında təhvil vermişdir. O da maşına baxaraq, dediyi yerləri təmir etməyi öhdəsinə götürdü. Bugünədək maşını Sumqayıtda cavabdehin yaşadığı evinin həyətindədir. Əslində o, maşınının ön asqı hissəsindəki çalışan hissələrini təmir etmək məqsədilə ona vermişdir. Maşını cavabdehin həyətinə sürüb aparanda, mühərrik saz vəziyyətdə olmuşdur, heç bir tüstü vermirdi. Cavabdeh da bunu o cür ondan qəbul etmiş və bu faktı özü də təsdiq edə bilər. Lakin Cavabdeh maşınının ön asqı hissəsindəki çalışan hissələri təmir edəndən sonra vaxtaşırı ona zəng edərək hər dəfə maşının digər hissələrinin də xarab olmasını bildirərək əlavə pul tələb edirdi. Belə ki, cavabdeh zəng edərək dedi ki, maşının starterində nasazlıq vardır və təcili dəyişdirilməlidir. Starter üçün 140 manat pul ödəmişdir. Bir müddət keçəndən sonra Cavabdeh ona zəng edərək, dedi ki, maşının sükan hissəsində problem var və o da dəyişdirilməlidir. O da buna görə cavabdehə 120 manat pul ödəmişdir. Sonra yenə zəng edərək dedi ki, mühərrikin injektorunda (forsunkalannda) problem var, ona görə də tüstü verir və bildirdi ki, injektoru (forsunkanı) yumaq lazımdır ki, düzəlsin. O da bu məqsədlə 20 manat göndərmiş, lakin cavabdehin dediyinə görə injektor (forsunka) normallaşmadı və qeyd etdi ki, mühərrik yenə də tüstüləməkdə davam edir. Bundan sonra Cavabdeh dedi ki, mühərrik sökülməli və yığılmalıdır. O da əlacsız qalaraq 360 manat pul vəsaitini cavabdehin kartına göndərmişdir. Lakin buna baxmayaraq, mühərrik yenə də düzəlmədi və tüstüləməkdə davam etdi. Səbəbini soruşanda Cavabdeh ona bildirdi ki, mühərrikin sökülüb yığılmasını özü yox, tanışı olan başqa ustaya tapşırıbmış. Cavabdeh dediyinə görə tanış usta mühərriki düzəltməyibmiş. Ona görə də o, məcbur qalıb Cavabdeh dediyi tanış ustasının telefon nömrəsini tələb etmişdir. Cavabdeh isə nömrəni ona verməkdən imtina etdi və bildirdi ki, tanış usta ilə birbaşa əlaqə qurmağı cavabdehin işgüzar əlaqələrinə qarşı ola bilər. Cavabdeh özünün vatsapı vasitəsilə ilə bizi konfrans zəng vasitəsilə əlaqələndirdi. Cavabdeh hətta həmin ustanın adını da ondan gizlədir. Konfrans zəng zamanı dediyi tanış usta bildirdi ki, o şəxsən özü mühərriki düzəldib 3 gün ərzində ona təhvil verəcək. Lakin buna baxmayaraq növbəti 3 ay ərzində həmin mühərrik ustası hələ də mühərriki təmir etməyib və o bugünə qədər avtomobilimi sürə bilmir. Davamlı zənglərlə Cavabdeh maşınının mühərrikinin təmir edilib ona təhvil verilməsini tələb etməyə başladı, çünki mühərrik təmiri üçün dediyi 360 manat pulu məhz onun özünə ödədiyi üçün mühərriki təmiri üçün Cavabdeh birbaşa cavabdehlik daşıyır. Bundan sonra Cavabdeh ona dedi ki, guya dediyi tanış usta ilə dalaşıb və buna görə də tanış ustanın həyat yoldaşı DİN 102 qaynar xəttinə zəng edib. Cavabdeh dediyinə görə guya onlar deşici alətlə qoluna zərbə endiriblər. Cavabdehin dediyinə görə bu hadisə Sumqayıt şəhərində baş verib. Cavabdeh guya Sumqayıt şəhərində polis bölməsinə dəvət olunub və orada izahat alınıb. Bundan sonra vəziyyətin gərgin olduğunu görən Cavabdeh guya polisə 500 manat verərək canını qurtarıb və məsələni bağlatdırıb. Əslində cavabdeh bu cür fikirlərlə onu azdırmaq və mühərrik üçün verdiyi 360 manatı ondan tələb etməmək məqsədilə demiş və özü barədə yazıq və ziyana uğramış obrazı yaratmağa cəhd etmişdir. Əgər polisə 500 manat verməsi faktı təsdiqini tapmasa, bu o deməkdir ki, Cavabdeh ona qarşı dələduzluq etmişdir. Bundan sonra Cavabdeh ona dedi ki, gəl maşını götür apar və başqa yerdə özün düzəltdir və pulunu da özün ödə, o, sonra ona 360 manatı qaytaracaqdır. O da razı olmamışdır. Əksinə tələb etdi ki, 360 manatı əvvəlcə kartına köçür, sonra isə gəlib maşınını götürsün. Təmir prosesi ərzində zəruri ehtiyat hissələrinin alınması və zəhmət haqqı üçün Cavabdeh ABB debit bank kart hesabına hissə-hissə ümumilikdə təxminən 2300 manat məbləğində pul köçürmüşdür. Bank hesabının nömrəsi belə idi: **********059555 və **********059555. Ödəniş çeklərinin bəzilərini sübut üçün ərizəyə əlavə edir. Ərizəyə əlavə etdiyi siyahıda olan ehtiyyat hissələrini cavabdeh onun cavabdehə göndərdiyi pulla almış, lakin bəzi ehtiyyat hissəsini isə hələ də almamışdır. O, bilirdi ki, usta ehtiyyat hissələrini baha qiymətə alırdı. Alınmış ehtiyyat hissələri, ustanın dediyinə görə maşınına quraşıdırılmışdır. Eləcə də dediyinə görə Cəlilabaddan onun yerlisi olduğuna görə zəhmət haqqında ona güzəşt edəcəkdir. Lakin buna baxmayaraq, Cavabdeh mühərriki düzəldir, nə də mühərrikin təmiri üçün ödədiyi 360 manatı qaytarır. Artıq maşınının Cavabdeh olmasından 1 il 3 ay vaxt keçmiş, bugünə qədər də işi yekunlaşdırmayıb. Nəticədə Cavabdeh hərəkətləri nəticəsində ötən 1 il 3 ay ərzində ona maddi və mənəvi zərər dəymişdir. Belə ki, maşınsız olduğuna görə Bakı şəhərində işə gedib-gəlmək üçün evindən Müşfiqabad qəsəbəsinin Qaraheybət bölgəsinə 70 km-lik məsafəni qət etmək, sonra Cəlilabad rayonunda olan valideynlərinə baş çəkmək üçün 220 km-lik məsafəni qət etmək, qeydiyyatda olduğu 20 saylı Nəsimi rayon poliklinikasının psixiatriya şöbəsində müalicəyə gedib-gəlməyi üçün, habelə ailə üzvlərinin nəqliyyat xərclərini ödəmək üçün 2024-cü ilin aprelindən bugünə qədər təxminən 720 manatdan çox vəsait xərcləməli olmuşdur. Bundan başqa, Cavabdeh keçən 1 il 3 ay ərzində maşınını təmiri edib ona təhvil vermədiyinə görə çox əsəb keçirmiş ki, bu da müharibə zamanı aldığı travmalar zamanı psixoloji vəziyyətini daha da ağırlaşdırmış və nətiədə müxtəlif sakitləşdirici dərmanlar qəbul edir. Məlumar üçün özü barədə bildirir ki, o, Azərbaycan Respublikasının vətəndaşı kimi 26 il müddətində Azərbaycan Ordusunda xidmət etmiş, aprel döyüşlərinin və 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır. Eyni zamanda Silahlı Qüvvələr və müharibə veteranıdır. Belə ki, xidmət etdiyi müddət ərzində o, Azərbaycan dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda keçirilmiş bir sıra hərbi əməliyyatlarda iştirak etmişdir. 2016-cı ilin Aprel döyüşlərində və daha sonra baş vermiş 2020-ci il İkinci Qarabağ-Vətən Müharibəsində ön cəbhədə iştirak etmişdir. Hər iki müharibədə göstərdiyi xidmətlər rəsmi şəkildə qiymətləndirilmiş və ona "Vətən Müharibəsi iştirakçısı", "Müharibə veteranı", eləcə də "Silahlı Qüvvələr veteram" statusları verilmişdir. Xidməti fəaliyyətinə görə o, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə dəfələrlə mükafatlandırılmışdır. Aşağıdakı medallarla təltif olunmuşdur: "Silahlı Qüvvələrin 95 illiyi" və "100 illiyi" yubiley medalları, Birinci, İkinci və Üçüncü dərəcəli "Qüsursuz Xidmətə görə" medalları. Bütün bu təltiflər onun dövlətə, xalqa və hərbi xidmətə sədaqətli fəaliyyətinin rəsmi tanınmasıdır. Qeyd etmək istəyir ki, bu cür şərəfli xidmət fonunda vətəndaş olaraq onun aldadılmağı, dələduzluğa məruz qalmağı təkcə maddi zərər kimi deyil, mənəvi və peşəkar nüfuzuna qarşı hörmətsizlik, eyni zamanda dövlətin təltif etdiyi bir şəxsə qarşı sayğısızlıq kimi qiymətləndirilməlidir. Bu xüsusda qeyd etməlidir ki, Cavabdeh bu hərəkətləri həm də ona mənəvi zərər vurmuş və bu zərərin məbləğini 1000 manat məbləğində dəyərləndirir. Bugünə qədər Cavabdeh mühərrikin təmirini bitirib maşınını saz vəziyyətdə ona qaytarmalı, 1 il 3 ay ərzində nəqliyyat vasitəsiz olduğuma görə ayrı-ayrı nəqliyyat vasitələrinə xərclədiyi 720 manat, habelə onun hərəkətləri nəticəsində ona vurulmuş mənəvi zərərə görə 1000 manat olmaqla cəmi 1720 manat pulu ona ödəməlidir. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, o maşının asxı hissəsini, starter və digər hissələrini düzəltmişdir. Maşının mühərriki yaxşı vəziyyətdə olmamışdır. Maşın ona verilərkən mühərrik tüstüləmiş və pis vəziyyətdə olmuşdur. O, mühərrik ustası olmadığından iddiaçıya deməklə mühərrik ustasıyla danışdıqdan sonra tələb olunan məbləği iddiaçıya demişdir. Daha sonra iddiaçı ona zəng edərək mühərrik ustasının ona zəmanət verməyəcəyi təqdirdə ustanı məhkəməyə verəcəyəni bildirmişdir. Daha sonra isə mühərrik ustası iddiaçıya məxsus avtomobili düzətlməkdən imtina etmişdir. İddiaçı özü gördüyü işlərə görə ona borcludur. Aralarında danışdığı işlərdən əlavə işlər görmüşdür. İddiaçıya dəfələrlə maşınını gəlib götürülməsi bildirilsə də, iddiaçı maşınını götürməmişdir. O, iddiaçıya özünə aid olan işləri gördüyünə görə zəhmət haqqısını verməyi, daha sonra isə maşınını götürməyini xahiş etmişdir. Lakin iddiaçı bunların heç birinə əməl etməmişdir. Bu səbəbdən o, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilmlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Azərbaycan Respublikası nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2008-ci il buraxılışlı Fiat Doblo markalı, ** LX *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyata alınmışdır. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı özünə məxsus olan avtomobili maşın ustası olan iddiaçıya təmir etrməsi üçün vermişdir. Maşında olan nasazlıqlara görə iddiaçı cavabdehə pul ödəmişdir. İddia ərizəsindən görünür ki, iddiaçının avtomobili cavabdeh tərəfindən hələ də düzəldilməmiş və ödədiyi pullar isə ona qaytarılmamışdır. Bu səbəbdən hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maşınının mühərrikinin Cavabdeh tərəfindən təmir edilərək maşınının saz vəziyyətdə ona qaytarılması, habelə 1720 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1. maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iş materiallarını tədqiq edərək qeyd edir ki, iddiaçı ərizəsində maşınının mühərrikinin Cavabdeh tərəfindən təmir edilərək maşınının saz vəziyyətdə ona qaytarılması, habelə 1720 manat pulun Cavabdeh alınaraq ona ödənilməsini xahiş etmişdir. Lakin məhkəmə bildirir ki, iddiaçı ərizəsində starter üçün 140 manat, maşının sükan hissəsində problem olduğunu bildirdiyi üçün cavabdehə 120 manat, mühərrikin injektorunda (forsunkalannda) problemə görə injektoru (forsunkanı) yumaq üçün 20 manat göndərmiş, daha sonra yenidən maşındakı problemə görə 360 manat pul vəsaitini və bu formada olmaqla ümumilikdə, 1720 manat pulu cavabdehin kartına göndərdiyini bildirsə də, qeyd etdiyi halları təsdiq edən mötəbər sübutları məhkəmə təqdim etməmişdir. Bundan əlavə cavabdeh qüsurları aradan qaldırdığı avtomobili iddiaçıya qaytarmaq istəmiş, lakin iddiaçı avtomobildə görülən işləri dəyərləndirərək təhvil almaq əvəzinə ondan imtina etmiş, ümumiyyətlə gedib avtomobillə maraqlanmamış, yalnız telefon vasitəsilə cavabdehlə əlaqə saxlamış və bundan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı əmlakın qaytarılması və pul tələbinə dair iddia ərizəsi sübut olunmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlandırılacaq) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən məhkəməyə dövlət rüsumu ödənilmədiyindən, məhkəmə hesab edir ki, həmin hissəyə qiymət verilməsi zərurəti aradan qalxmışdır. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 77, 88, 149, 150 və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı əmlakın qaytarılması və pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar