Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2380/2025 19.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oglunun ona borclu qaldığı 1550.00 manat miqdarında pulun və dövlət rüsumu üçün ödədiyi 46.00 manatın, cəmisi 1596.00 manat pulun ondan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun tanışıdır. Belə ki, o, onunla işgüzar münasibətlərdə olmuşdur. Cavabdeh 2024-cü ilin son günlərində özünə məxsus məişət əşyalarını Agdam şəhərinə aparmagı ondan xahiş etdi və o da onunla 1550 manata razılaşıb həmin əşyaları Ağdam şəhərinə aparmışdır. O, Cavabdeh hazırda pulunun qaytarmasını tələb etməyə başlasa da cavabdeh ona borclu olduğu pulu qaytarmamış və qaytarmaqdan da imtina etmişdir. Buna görə də o, borc pulun məcburi qaydada qaytarılmasına nail olmaq üçün məhkəməyə müraciət etməli olmuş və inanır ki, məhkəmə cavabdehin ondan borc pul adı altında aldığı 1550.00 manat miqdarında pulun və dövlət rüsumuna görə ödədiyi 46.00 manat pulun, cəmisi 1596.00 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxaracaqdır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, Ağdam şəhərində “Ange” şirkətində müqavilə ilə işləyən zaman ona təklif etmişlər ki, yataq dəstlər gəlməlidir, onu gətirsin. O, oranın işçisi olduğu üçün öz maşını ilə müqavilə ilə işləyirdi. Ona əşyaları daşımağı, fəhlələrin işi olduğu üçün həmin gün əşyaları boşalda bilmədiklərini bildirmişlər. Cavabdeh də ona bildirmişdir ki, şirkət 90000 manat pul köçürüb, bu yükü daşıyıb aparsın, vergi məsələsi ilə bağlı onu nağdlaşdıra bilmir. Həmin pul ona çatmalı idi, daşıma xərci idi, Tərtərdən Bakıya gəlib Novxanıdan yükü götürüb Ağdama aparmaq üçün 350 manata danışmışdılar. Ona daşıma xərci olaraq 1450 manat çatmalı, fəhləyə isə 150 manat verilməli idi. Həmin vaxt tərəfindən fəhləyə 30 manat pul verilmişdir. Çünki cavabdeh ona fəhləyə pul verməsini, həmin pulu da ona verəcəyini bildirmişdir. O, cavabdehin yükünü daşımış, cavabdeh isə onun haqqını verməmişdir, Anası xəstə olduğu üçün o, cavabdehə 1000 manatı verməsini, 500 manatın qalmasını bildirmişdir. Daha sonra anası vəfat etmişdir. Cavabdehlə məhkəməyə müraciət etməmişdən öncə telefon əlaqələri olmuş, cavabdeh məhkəmə iclasından məlumatlıdır. O, anbardar bacısıoğluna cavabdehin dələduz adam olduğunu,düzgün adama oxşamadığını bildirmişdir. O, bu məsə ilə bağlı 102 Xidmətinə məlumat vermiş, Ağdam rayon Polis Şöbəsinin vasitəsilə cavabdeh onun hesabına 1550 manatdan 300 manat pul köçürmüş, ödəniş qəbzin də şöbənin əməkdaşına göndərmişdir. O, polisə qəbzin ona verilməsi ilə bağlı müraciət etmiş, ancaq qəbzi uzun müddət saxlaya bilmədikləri üçün təqdim edə bilmədiklərini bildirmişlər. Həmçinin Ağdam rayon Polis Şöbəsində ona məhkəməyə müraciət etmək hüququ olmasını da qeyd etmişlər. Bununla da hazırda cavabdehin ona 1250 manatı borcu qalmışdır. Cavabdehlə aralarında olan və məhkəməyə təqdim etdiyi səsyazıları 2024-cü ilin yanvar-fevral aylarında aparılmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarında olan telefonoqramdan görünür ki, cavabdehin (055)-803-86-82 saylı mobil nömrəsi ilə əlaqə saxlanılmış, ona məhkəmə iclasının tarixi və yeri barədə məlumat verilmiş və cavabdeh 300 manat ödəniş etdiyini, hazırda iddiaçıya 1250 manat məbləğində pul qaytarmalı olduğunu, həmin vəsaiti qətnamə icra edilənədək ödəməyə çalışacağını bildirmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış şifahi yük daşınması müqaviləsi əsasında daşıyıcı olan iddiaçı cavabdehin istədiyi əşyalarını təyinat yerinə daşımağı, yükü alan cavabdeh isə iddiaçıya əvəzində daşımanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı həmin əşyaları təyinat yerinə çatdırsa da cavabdehlə razılaşdığı haqq tam şəkildə ona ödənilməmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəmə iclasında izahat verilərək ona ödənilməli olan 1550 manat vəsaitdən 300 manat ödəniş edildiyi və cavabdehin ona hazırda 1250 manat borcunun qalması bildirilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı və cavabdeh arasında olan səsyazısından məlum olur ki, cavabdeh iddiaçıya müəyyən məbləğdə vəsait ödəməli olmasını qəbul etmiş və tərəfindən pulu olduqca həmin məbləğin ödəniləcəyi bildirilmişdir. Eyni zamanda cavabdeh ilə telefon əlaqəsi saxlanılan zaman hazırda iddiaçıya 1250 manat məbləğində pul qaytarmalı olduğunu qəbul etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iddiaçının izahatını dinləyib iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 850.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 777.4-cü maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. Beləliklə, qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı ilə bağladığı müqavilə üzrə götürdüyü öhdəliyə əməl etməyib daşımanın dəyərini ödəməməklə və öhdəsinə götürdüyü vəzifəsini icra etməməklə aralarında bağlanılmış şifahi müqavilənin şərtlərini pozmuşdur. Hazırda iddiaçı tərəfindən öhdəlik tam yerinə yetirildiyi üçün cavabdeh müqavilə üzrə öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırda qeyd olunan hallar tərəfin izahatı, iş materiallarına əlavə edilmiş səsyazısı ilə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iddiaçının cavabdeh tərəfindən 300 manat ödəniş etməsi və ona 1250 manat pulun qalması barədə qeyd etdiklərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək 1250 manat məbləğində vəsait cavabdehdən tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehdən tuutlmuş 1250 manat məbləğə münasibətdə iddiaçı tərəfindən ödənilmiş 32,50 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 13,50 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1250 (bir min iki yüz əlli) manat məbləğində borcun və 32,50 manat dövlət rüsumunun əvəzi tutulsun. İddiaçı tərəfindən ödənilmiş 13,50 manat məbləğində dövlət rüsumu ona aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-2380/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2380/2025
19.08.2025 · Sair mülki iş - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver