Məhkəmə qərarları › İş №e-2(046)-2275/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-2275/2025

15.01.2026 · Sair mülki iş - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-2275/2025 15.01.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc olduğu 10000 (on min) manat məbləğində pulun və hüquqi yardımla bağlı vəkilə ödənilən 720 (yeddi yüz iyirmi ) manat və dövlət rüsümu olaraq ödənilmiş 121 manat məbləğində pulun cavabdehdən tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh əvvəlcədən tanıyır, onunla aralarında heç bir ədavət, düşmənçilik olmamışdır. Heç bir qohumluq münasibətləri yoxdur, yaxın dostluq münasibətləri olmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixdə borc müqaviləsi bağlayaraq ondan 17000 (on yeddi min) manat borc pul almış və həmin pulun 3000 (üç min) manatını xx.xx.2024-cü il tarixdə, qalan məbləği xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək hər ay 1500 ( bir min beş yüz) manat, 2000 (iki min) manatı isə xx.xx.2025-ci il tarixədək ona qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən Cavabdeh ona hissə-hissə ümumilikdə 7000 ( yeddi min) manat qaytarsa da, qalan 10000 (on min) manat borcunu qaytarmaqdan boyun qaçırmış, öhdəliyini yerinə yetirməmiş və hazırda öhdəliyin müqavilədə nəzərdə tutuluş icra müddətini ötürmüşdür. Cavabdeh müqavilənin şərtlərinə əməl etməməklə yanaşı Azərbaycan Respublikası qanunlarına zidd hərəkət etmişdir. O, cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edərək borcunu ödəməsini tələb etsə də, cavabdeh buna məhəl qoymamışdır. Bunu təsdiq edən borc müqaviləsi də mövcuddur. Həmin müqaviləni iddia ərizəsinə əlavə edir. Hazırda cavabdeh borcunu vermədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatı: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş İddiaçı məhkəməyə gəlməmiş, nümayəndəsi (vəkili) Vəkil ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasını nümayəndəsi olduğu iddiaçının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi vasitəsilə məlumat verilmiş, lakin Cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materialların əlavə edilmiş: xx.xx.2024-cü il tarixli 3M-1073 nömrəli borc müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında borc müqaviləsi bağlanmışdır. Borc müqaviləsinə əsasən "Borc alan" borcun 3000 (üç min) manat hissəsini xx.xx.2024-cü il tarixdə, qalan məbləği xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək hər ay 1500 (min beş yüz) manat ödəməyi, qalan 2000 (iki min) manatı isə xx.xx.2025 tarixinədək "Borc verənə" qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilə Bakı şəhəri, 11 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmişdir. EM-2705VK-39376/25 saylı müqavilədən görünür ki, Ağcabədi rayon vəkil bürosunun vəkili Vəkil ilə İddiaçı arasında hüquqi yardımın göstərilməsi müqabilində 720 manat pulun ödənilməsi nəzərdə tutulmuşdur. ********** saylı qəbzə əsasən iddia ərizəsinin verilməsi üçün 121 (bir yüz iyirmi bir) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halı: İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, 11 saylı notariat ofisinin xüsusi notariusunda xx.xx.2024-cü il tarixli 3M-1073 nömrəli borc müqaviləsi bağlanmışdır. Cavabdeh həmin müqaviləni icra etməməsi nəticəsində ona ümumilikdə 10.000 (on min) manat məbləğində borcu yaranmışdır. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

Məhkəmənin mövqeyi:

Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, 11 saylı notariat ofisinin xüsusi notariusunda xx.xx.2024-cü il tarixli 3M-1073 nömrəli borc müqaviləsi bağlanmışdır. Borc müqaviləsinə əsasən "Borc verən" "Borc alana" 17000 manat (on yeddi min) manat məbləğində pul borc vermiş, "Borc alan" borcun 3000 (üç min) manat hissəsini xx.xx.2024-cü il tarixdə, qalan məbləği xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək hər ay 1500 (min beş yüz) manat ödəməyi, qalan 2000 (iki min) manatı isə xx.xx.2025 tarixinədək "Borc verənə" qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh borc müqaviləsinə əsasən iddiaçıya hissə-hissə ümumilikdə 7000 ( yeddi min) manat qaytarmış, 10.000 (on min) manat borcu qalmışdır. Cavabdeh məhkəmə iclasına gəlməmiş, iddia tələbinə münasibət bildirməmiş, iddia ərizəsində göstərilənləri təkzib edən sübutlar təqdim etməmişdir. Bu hal məhkəmə tərəfindən iddia tələbinin qəbulu kimi qiymətləndirilmişdir. Beləliklə məhkəmə Cavabdeh İddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – borcun qaytarılmasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh 10.000 (on min) manat pulun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 10.000 manat məbləğində pul tutularaq İddiaçı verilməlidir. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri Cavabdeh aid edilməli, 121 (bir yüz iyirmi bir) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə:

Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh 10.000 (on min) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 121 (bir yüz iyirmi bir) manat və hüquqi yardıma görə vəkilə ödənilmiş 720 manat məbləğində pul alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar