Məhkəmə qərarları › İş №2(012)-5055/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5055/2021

03.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5055/2021 03.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4 qızı, Cavabdeh3 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 5 saylı mənzildən istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 5 saylı mənzildən istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək bildirdi ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 15 saylı evin 5 saylı mənzilini 01 iyun 2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 almışdır. Həmin mənzil üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və buna dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı müvafiq çıxarış verilmişdir. Alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh1 müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 1 ay müddətinə qeydiyyatdan çıxmağı və evi təhvil verməyi öhdəsinə götürmüşdür. Həmçinin alqı-satqı müqaviləsi bağlanan vaxt həmin mənzildə yaşayan keçmiş mülkiyyətçinin yetkinlik yaşına çatmayan ailə üzvləri mənzilin alqı-satqısına dair notariat qaydasında razılıqlarını bildirmişlər. Mənzil həmin vaxtdan iddiaçıya təhvil verilsə də, lakin bu günədək keçmiş mülkiyyətçi Cavabdeh1 və ailə üzvləri Cavabdeh2 və Cavabdeh3 iddiaçıya məxsus mənzildə formal olaraq qeydiyyatda qalmışlar. Nəticədə cavabdehlər bu günədək formal olaraq faktiki yaşamadıqları mənzildə qeydiyyatdadırlar, o isə cavabdehlərin əvəzinə əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalır. Cavabdehlərin iddiaçıya məxsus mənzildə formal qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını kobud surətdə pozur. Qeyd edir ki, cavabdehlər mənzilə dair alqı-satqı müqaviləsi bağlandığı gündən bu günədək iddiaçıya məxsus mənzildə yaşamırlar. Buna baxmayaraq cavabdehlər qanunun tələblərini pozaraq, daimi yaşadıqları yer üzrə qeydiyyata düşməmişlər və hal-hazıradək iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmışlar. Cavabdehlərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı Abşeron Rayon Polis İdarəsinə müraciət etsə də, lakin müraciətin təmin edilməsindən 05 avqust 2021-ci il tarixli məktub əsasında imtina edilmiş, aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-ci maddəsindən görünür ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Bu səlahiyyət əsasında fiziki şəxs əşyadan istifadə etməklə öz maddi və mənəvi tələbatını ödəyir (hazırkı halda mənzildə yaşayır). Əşyadan istifadə etmək əşyaya münasibətdə şəxsin öz mənafeləri üçün hərəkət etməsini (müxtəlif ehtiyacı və tələbatı ödəmək, fayda götürmək, gəlir, artım və bəhər əldə etmək və s.), onun köməyi ilə istehsal və ya istehlak ehtiyaclarının ödənilməsini, əşyanın sosialtəsərrüfat təyinatına uyğun olaraq istismar edilməsini ifadə edir. İstifadə obyekti mənzil olduğu halda, bu əmlakdan (mənzildən) istifadəni həmin mənzildə yaşamaq təşkil edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilikçərçivəsində digər şəxslərin hüquq və qan u nla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdətutulmuşdigərəsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayarag qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə sənədləri təqdim etməlidir. Hesab edir ki, mübahisəli ev alqı-satqı müqaviləsi əsasında satılaraq iddiaçının adına dövlət reyestrində qeydə alınmış və bununla da mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, istifadə etmək və sərəncam vermək hüququna malikdir və iddiaçının bu hüquqları cavabdehlər tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Ev satıldıqdan sonra cavabdehlər həmin evdən daimi yaşamaq üçün başqa ünvana köçmüş və cavabdehlərin mübahisəli evdə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, səbəb, mübahisəli mənzil yeni mülkiyyətçiyə təhvil verildiyi üçün cavabdehlərin daimi yaşamaq məqsədilə başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. Ona görə də cavabdehlərin mübahisəli ünvanda yaşamadığı üçün cavabdehlərin həmin ünvana dair yaşayış yeri üzrə qeydiyyatı formal xarakter daşıyır və cavabdehlərin həmin mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanuna əsasən, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Qanunvericiliyin tələblərinə əsasən şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Cavabdehlərin isə faktiki olaraq başqa yerdə yaşaması, amma iddiaçının mənzilində qeydiyyatda olmaları iddiaçının dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır. Buna görə də cavabdehlərin iddiaçıya məxsus mənzildən istifadə hüququların itirilmiş hesab edilməsi çox zəruridir. Bunlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan AN-İ № ******* saylı, 01 iyun 2014-cü il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh1 ilə alıcı İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən satıcı ünvan 1 ünvanında yerləşən 5 saylı mənzili 24500 manat qiymətinə alıcıya satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı çıxarışının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 5 saylı mənzil ********** qeydiyyat nömrəsi ilə, 09.06.2014-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Abşeron RPŞ QVŞV bölməsi tərəfindən 23.08.2021-ci il tarixdə verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən 5 saylı mənzildə İddiaçı ilə birgə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 da qeydiyyatdadırlar. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən 5 saylı mənzili İddiaçı Cavabdeh1 ilə arasında bağlanılmış, AN-İ № ******* saylı, 01 iyun 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə əldə etmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı çıxarışı ilə öz adına qeydiyyata almışdır. Lakin iş materiallarında olan Abşeron RPŞ QVŞV bölməsi tərəfindən 23.08.2021-ci il tarixdə verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən 5 saylı mənzildə İddiaçı ilə birgə Cavabdeh1 Cavabdeh3 və Cavabdeh2 da qeydiyyatdadır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı göstərilən mənzillə bağlı sərbəst sərəncam və mülkiyyət hüquqlarını təmin olunması üçün cavabdehin fərdi yaşayış sahəsi üzrə istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququmülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cu maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 5 saylı mənzildən istifadə hüququna xitam verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar