Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-507/2021 17.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Elçin Məmməd oğlu Kazımovun sədrliyi ilə, Məsləhətçi (məhkəmə iclas katibi) Yunuslu Elvin Kamil oğlunun katibliyi, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı, eyni zamanda Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı mənzildən istifadə hüquqlarına yaradılan maneələrin aradan qaldırılması və mənzilə köçürülmə tələbinə dair ilk, Cavabdeh2 İddiaçı qarşı mənzilə istifadə hüququnun itirilməsi barədə qarşılıqlı iddia tələblərinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pasport qeydiyyatında olduqları ünvan 1 50 saylı ünvanda yerləşən mənzilə istifadə hüquqlarına yaradılan maneələrin aradan qaldırılması, iddiaçının, övladları X8 və X4 həmin mənzilə köçürülməsini xahiş etmişdir. Cavabdeh2 İddiaçı qarşı ünvan 1 50 saylı ünvanda yerləşən mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi məhkəməyə daxil olmuş və icraata qəbul edilmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, xx xxx 2003-cü il tarixdə Cavabdeh1 ilə ailə həyatı quraraq birgə nikah münasibətlərinə daxil olmuşlar. Bu barədə Göyçay rayon İHB-nın Şəhadət k/b üzrə nümayəndəliyində 047502 №-li nikah qeydi aparılmışdır. Birgə nikahlarından xx xxxxxx 2005-ci il təvəllüdlü X15 və xx xxxx 2006-cı il təvəllüdlü X17 anadan olmuşdur. 2003-cü ildən etibarən ailə üzvü kimi mərhum qaynatası və digər ailə üzvlərinin icazəsi ilə ünvan 1 50 saylı ünvanda yerləşən mənzildə yaşayaraq birgə təsərrüfat aparmış və həmin mənzildə pasport qeydiyyatındadır. 2019-cu ilin əvvəllərində keçmiş əri ilə dözülməz münasibətlər səbəbindən Abşeron Rayon Məhkəməsinin 2(012)- 250/2019 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Bundan bir neçə ay əvvəl keçmiş əri Vüqar tərəfindən döyülərək məcburi şəkildə 16 il birgə təsərrüfat apardığı mənzildən çıxarılmışdır. Bunun səbəbi, keçmiş qaynanası X5 onu sonuncuya məxsus mənzildə yaşamasını istəməməsi olmasıdır. O, mənzilin rəhmətə getmiş qaynatası Eldar Eyubovun adına olmasını, rəhmətə getdikdən sonra onların həmin mənzildə qeydiyyatda olma səbəbindən onun da notarial qaydada verdiyi razılıq ərizəsi əsasında mənzilin X5 mülkiyyətinə keçməsini bildirmişdir. Buna baxmayaraq, başqa yaşayış yeri olmadığı halda 2 övladı ilə birlikdə onu mənzildən məcburi çıxarmışlar. Hazırda həmin mənzildə cehiz və geyim əşyaları faktiki olaraq qalmaqdadır. 2003-cü ildə mənzilin keçmiş mülkiyyətçisi olmuş qaynatası Eldar Eyubovun şəxsi icazə və istəyi ilə o, ünvan 1 50 saylı ünvanda yerləşən mənzilə köçmüşdür. Odur ki, qarşılıqlı iddia ərizəsinin rədd edilməsi, pasport qeydiyyatında olduqları ünvan 1 50 saylı ünvanda yerləşən mənzilə istifadə hüquqlarına yaradılan maneələrin aradan qaldırılması, övladları X8 və X4 həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilkin iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, o, mübahisə predmeti olan mənzilin mülkiyyətçisidir, İddiaçı oğlu Vüqarla evli olmuş və onlar ayrılmışlar. İddiaçı iddiasında bildirmişdir ki, guya başqa yaşayış yeri olmadığı üçün hazırki iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Belə olan halda, İddiaçı ötən müddət ərzində harada yaşaması sual olunur. İddiaçı onlara qarşı narahatçılıq yaratması üçün özünə məxsus əşyaları qəsdən ona məxsus mənzildən götürməmişdir. Sonuncu onların ailə üzvü, yəni gəlinləri olduğu və həmin vaxt ailə başçısı mərhum əri olduğu üçün ərinin və onların razılığı ilə mənzilə köçməsinə razılıq verilmişdir. Artıq 2 ildir ki, o, mənzildən çıxıb getmiş və müxtəlif iddialarla onlara problemlər yaradır. İddiaçı onlarla yaşayan zaman istifadə hüququ var idi, lakin, ailəsini dağıtmaq və mənzildən çıxmaqla həmin hüququ itirmişdir. Belə ki, onun bu mənzilə heç bir hüququ yoxdur, çünki, bu hüquq DƏDRX-də qeydə alınmamışdır. Odur ki, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməklə İddiaçı ünvan 1 50 saylı ünvanda yerləşən mənzilə istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və göndərməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən, həmçinin proses iştirakçılarının rəylərini nəzərə alaraq məhkəmə işə digər Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ilkin iddia tələbi təmin, qarşılıqlı iddia tələbi rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 (Mebelni-1) mənzil 50 ünvanında yerləşən mənzil üzərində Cavabdeh2 xüsusi mülkiyyət hüququ qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ******* saylı “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı, xx.xx.2002-ci il təvəllüdlü X16 və xx.xx.2006-cı il təvəllüdlü X2 rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1, mənzil 50 ünvanında qeydiyyatdadır. İşdə olan Abşeron rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2005-cü il tarixli, AZ-İ seriyalı 582937 saylı 128 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X3 birgə nikahlarından xx xxxxxx 2005-ci il tarixdə X18 anadan olmuşdur. İşdə olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli, AZ-T seriyalı 066380 saylı 770 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X3 birgə nikahlarından xx xxxx 2006-cı il tarixdə X16 anadan olmuşdur. İşdə olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş AZ-İ № 356689 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 ilə X12 arasında olan nikah 2019-cu ilin mart ayının 3-cü günündə pozulmuş, qadına Məhərrəmova soyadı verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı X20 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********68 saylı məktubdan görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X9 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə **********64-05101-093036 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. (xx.xx.1993-cü il tarixli, 018857 nömrəli orderə, Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 699 nömrəli sərəncama və xx.xx.2013-cü il tarixli, 7E/8856, 7E/8858, 7E/8855, 7E/8857, 7E/8371 və 7E/8035 reyestr nömrəli razılıq ərizələrinə əsasən) Bundan sonra, Sumqayıt “ASAN xidmət” mərkəzinin notariat kontorunda təsdiq edilmiş xx.xx.2015-ci il tarixli, 2V-603 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh2, Cavabdeh1, X1 Xəyalə Eldar qızı və X19 həmin miras əmlakdan irs almışdır. Lakin, Sumqayıt “ASAN xidmət” mərkəzinin notariat kontorunda təsdiq edilmiş xx.xx.2015-ci il tarixli, 3M-792 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən Cavabdeh1, X1 Xəyalə Eldar qızı və X19 öz paylarını Cavabdeh2 bağışlamışdır. ünvan 1 (Mebelni-1) mənzil 50 ünvanında yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh2 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə **********64-05101-093036 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı maddi və prosessual hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Bu səlahiyyət əsasında fiziki şəxs əşyadan istifadə etməklə öz maddi və mənəvi tələbatını ödəyir (hazırkı halda mənzildə yaşayır). Əşyadan istifadə etmək əşyaya münasibətdə şəxsin öz mənafeləri üçün hərəkət etməsini (müxtəlif ehtiyacı və tələbatı ödəmək, fayda götürmək, gəlir, artım və bəhər əldə etmək və s.), onun köməyi ilə istehsal və ya istehlak ehtiyaclarının ödənilməsini, əşyanın sosial-təsərrüfat təyinatına uyğun olaraq istismar edilməsini ifadə edir. İstifadə obyekti mənzil olduğu halda, ondan istifadə həmin mənzildə yaşamaqdan ibarətdir. Göründüyü kimi, mənzilə köçürmə tələbinin əsas və yeganə məqsədi, tələb edəni mənzildə yerləşdirməklə, onun mənzildən istifadəsinin təmin olunmasıdır. Mülkiyyətin toxunulmazlığı, mülkiyyətçinin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqları Azərbaycan Respublikası Konstitusiyası, Azərbaycan Respublikası Mülki Məcəlləsi və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolu ilə təmin edildiyindən, məhkəmə tərəfindən mülkiyyət hüququna xitam verilməsi və yaxud onun məcburi məhdudlaşdırılması yalnız buna qanuni əsas olduqda mümkündür. Nəzərə alınsa ki, hər hansı şəxsin xüsusi mülkiyyətdə olan yaşayış sahəsinə məcburi köçürülməsi mülkiyyətçinin mülkiyyət hüquqlarına toxunur, tələb edənin mübahisəli yaşayış sahəsinə köçürmə tələbinə qiymət verməkdən əvvəl, yaşayış sahəsindən istifadə hüququnun olubolmaması mütləq müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında hüquq münasibətləri 2000-ci il sentyabrın 1-dən sonra yarandığından hazırkı mübahisə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin tələblərinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. İş materiallarından görünür ki, ünvan 5 ünvanında yerləşən mənzil üzərində Cavabdeh2 mərhum əri X9 adına mülkiyyət hüququ qeydiyyata alınmışdır. İddiaçı xx xxx 2003-cü il tarixdə Cavabdeh1 ilə rəsmi nikah münasibətlərinə daxil olmuş, birgə nikahlarından xx xxxxxx 2005-ci il təvəllüdlü X15 və xx xxxx 2006-cı il təvəllüdlü X17 anadan olmuşdur. İddiaçı 2003-cü ildən etibarən mübahisələndirilən mənzilin keçmiş mülkiyyətçisi X9 və digər ailə üzvlərinin icazəsi ilə ünvan 1 50 saylı ünvanda yerləşən mənzilə gəlin köçərək yaşamağa başlamışlar. 2019-cu il tarixdə nikahları pozulmuş, İddiaçı həmin ilədək mübahəsələndirilən mənzildə birgə yaşamış və həmin dövr ərzində birgə təsərrüfat aparmışlar. Hazırda İddiaçı və uşaqları həmin mənzildə pasport qeydiyyatındadırlar. Bundan sonra, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh2, Cavabdeh1, X1 Xəyalə Eldar qızı və X19 həmin miras əmlakdan irs almışdır. Daha sonra bağışlanma müqaviləsinə əsasən Cavabdeh1, X1 Xəyalə Eldar qızı və X19 öz paylarını Cavabdeh2 bağışlamışdır. Belə ki, ünvan 1 (Mebelni-1) mənzil 50 ünvanında yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh2 adına mülkiyyət hüququ qeydiyyata alınmışdır. Şərh olunan hüquq normalarına və iş materiallarına əsasən məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli, İddiaçı, xx xxxxxx 2005-ci il təvəllüdlü X6 və xx xxxx 2006-cı il təvəllüdlü X11 ünvan 1 50 saylı ünvanda yerləşən mənzildən istifadə hüquqlarına yaradılan maneələr aradan qaldırılmalı və onlar həmin mənzilə köçürülməlidir. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Mülki iş üzrə tərəflərin hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş, xx xxxx 1982-ci il tarixli, 979-X nömrəli Azərbaycan SSR-nın Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Mənzil Məcəllənin 53-cü maddəsinin 3-cü bəndi ilə müəyyən edilir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Qeyd olunan maddə xx xxxx 1999-cu tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarında göstərilən hüquqi mövqeyinə uyğun şərh edilməlidir. Məhkəmənin həmin qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. İstinad edilən maddi hüquq normalarından göründüyü kimi, mülkiyyətçinin arvadı (əri), onların uşaqları və valideynləri, eləcə də sonuncuların ailə üzləri onun razılığı ilə özünə məxsus evə köçürüldüyü halda, həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaranır. Hazırkı halda mübahisəli mənzilə dair yaşayış sahəsindən istifadə hüququ mövcuddur və onların altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Tərəflər arasında hazırki mülki mübahisənin yaranması dövründə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. İşin tədqiq olunmuş hallarından müəyyən edildiyi kimi, İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının ailə üzvü olduğuna görə, o sonuncu ilə mübahisəli mənzilə dair eyni həddli istifadə hüququna malikdir. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan maddə xx xxxxxxxx 2007-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarında göstərilən hüquqi mövqeyinə uyğun şərh edilməlidir. Məhkəmənin həmin qərarında göstərilmişdir ki, “Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Lakin, İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının ailə üzvü olduğundan iddiaçı müvafiq məbləğdə kompensasiya təklif etmədən, cavabdehin mənzilə olan istifadə hüquqlarının itirilməsini tələb etmişdir. Bu səbəbdən qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu baxımdan məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun əvəzi ilk iddia üzrə cavabdehdən tutulub, ilkin iddiaçıya verilməli, qarşılıqlı iddia üzrə ödənilmiş 10 manat pul qarşılıqlı iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 238-253 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İlk iddia təmin edilsin. İddiaçı, habelə onun uşaqları---xx xxxxxx 2005-ci il təvəllüdlü X6 və xx xxxx 2006-cı il təvəllüdlü X11 ünvan 1 50 saylı ünvanda yerləşən mənzildən istifadə hüquqlarına yaradılan maneələr aradan qaldırılsın və onlar həmin ünvanda yerləşən mənzilə köçürülsün. İlk iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ilk iddia üzrə cavabdehlərdən tutulub, iddiaçıya verilsin. Qarşılıqlı iddia rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-507/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-507/2021
17.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver