Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5079/2022 09.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Abşeron rayonu Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan şəhər 1 nömrəli tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan şəhər 1 nömrəli tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı işdən çıxarılması ilə bağlı verilmiş xx.xx.2022-ci il tarixli, 225 nömrəli əmrin ləğv edilməsi, onun Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini (təşkilatçı) vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin qalan hissələrdə saxlanılmaq şərtilə, “xx.xx.2022-ci il tarixli, 225 nömrəli” deyil, “xx.xx.2022-ci il tarixli, 258 nömrəli” əmrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xırdalan şəhəri 1 nömrəli tam orta məktəb tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə müvəqqəti əmək qabiliyyətinin olmaması vərəqəsinin müddətinin bitdiyi gündən xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 225 nömrəli əmr verilmişdir. Həmin əmrdə məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini (təşkilatçı) İddiaçı işində yol verdiyi kobud nöqsanlara və maliyyə pozuntusuna görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, əsas olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli K-59 nömrəli əmri və Həmkarlar İttifaqı Komitəsinin 01 nömrəli xx.xx.2022-ci il tarixli məktubu göstərilmişdir. Həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixdən əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə xx.xx.2022-ci il tarixədək işdə olmamışdır. İddiaçı işdə olmadığı müddətdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, 2013-cü ildən direktor müavini vəzifəsində çalışmış, xx.xx.2019-cu il tarixdə isə 1 nömrəli məktəbə yerdəyişmə etmişdir. Belə ki, çalışdığı əvvəlki məktəbdə onun əmək müqaviləsinə xitam verilmişdir. Nümayəndə onunla şəxsi ədavəti olmuş və 2020-ci ildə bu hadisə baş vermişdir. Şəxsi ədavətlərin yaranma səbəbi də müharibə dönəmində ön və arxa cəbhəyə yardım aparılmış və bu barədə ona müəllim, valideyn heyəti dəstək olmuşdur. Müharibə bitəndən sonra o, sinif otaqlarına şəhid adlarının verilməsi təşəbbüsünü irəli sürmüşdür. Kəmalə xanım təklifi bəyənərək əvvəlki direktor Nazilə xanıma bildirəcəyini vurğulamışdır. O, təklif etdiyi təşəbbüsə başlamış, lakin sonradan ona göstərdiyi təkliflə bağlı direktor müavinləri tərəfindən etiraz xarakterli davranışlar sərgilənmişdir. Nümayəndə iztehza ilə gülərək müəllimlər tərəfindən hörmət ediləcəyi, əgər təşəbbüs həyata keçirilərsə həmin məbləğin kəsiləcəyini bildirmişdir. Həmin ifadəyə qarşılıq olaraq o, cavab vermiş, bununla da şəxsi ədavətlər yaranmışdır. O, təşkilatçı müavin vəzifəsində işləmiş və həmin vəzifənin maliyyə işləri ilə ümumiyyətlə, əlaqəsi yoxdur. Bu səbəbdən də, cavabdehin maliyyə məsələləri ilə bağlı irəli sürdüyü iddialarını həqiqətə uyğun hesab etmir. Direktor və tədris işləri üzrə direktor müavinlərinin maliyyə məsələləri ilə bağlılığı olmuşdur. Direktor vəzifəsini icra edən Elxan müəllim çalışan vaxtda o, xəstəlik vərəqəsini aparmış, Nümayəndə isə məlumat vermiş, iyul ayının sonuna kimi müalicə alacağını bildirmişdir. Həmin sənədi o, məktəbə təqdim etmişdir, belə ki, qeyd olunan sənədi məktəb ondan tələb etmişdir. Lakin məktəb tərəfindən sözügedən sənədin əsli təqdim olunmamışdır. Ona təqdim edilən əmrdən çıxarış imza edilməmiş və möhür vurulmamışdır. Əvvəllər heç bir sənədə imza atılıb möhür vurulmurdu. Bu səbəbdən də, hesab edir ki, əmrdə düzəliş edildiyindən iddia tələbinin dəqiqləşdirilməsi zəruriyyəti yaranmışdır. O, sonuncu xəstəlik vərəqəsini məktəbə təqdim etmişdir. Nümayəndə həmin dövrdə məzuniyyətdə olduğundan direktor vəzifəsini Elxan Aslanov icra etmişdir. O, şəxsən sənədi məktəbin həyətində Elxan Aslanova təqdim etmişdir. Belə ki, hesab etmişdir ki, məktəbdə ona məxsus olan şkafın qapısı sındırıldığından sənədlərin məhz onun özü tərəfindən götürüldüyü güman ediləcəkdir. Madam ki, sonuncu xəstəlik vərəqəsi mövcud deyildirsə, həmin sənədin surətinin onun tərəfindən təqdim edilməsi də mümkün deyildir. Əmr yerli həmkarlar komitəsinin rəyi əsasında verilmişdir. Rəsmi şəkildə müraciət edilsə də, sözügedən komitənin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Nümayəndə əmrin icrası müddətini yanlış şəkildə sistemə daxil edən şəxs barəsində tənbeh tədbirinin görüldüyünü bildirmişdir. Rəsmi şəkildə həmin şəxs məhkəmə iclasında dəvət edilsə də, məhkəmə iclasına gəlməmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş məhkəmə çıxışından görünür ki, İddiaçı iddia tələbləri əsassız və qanunsuzdur. Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin K-59 saylı xx.xx.2022-ci il tarixli əmri ilə xx.xx.2022-ci il tarixdə aparılmış yoxlamanın nəticəsinə əsasən, işində yol verdiyi nöqsanlara və maliyyə pozuntularına görə məktəbin direktor vəzifəsini icra edən Nümayəndə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə göstəriş verilmişdir. xx.xx.2022-ci il tarixdə aparılmış yoxlama nəticəsində müəyyən olunmuş pozuntuları əks etdirən arayış direktor müavini İddiaçı diqqətinə çatdırılmış və onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam veriləcəyi bildirilmişdir. Bununla bağlı müvafiq akt tərtib olunmuşdur. İddiaçı işdən azad ediləcəyini bilərək xəstəlik vərəqəsi açdırmışdır, belə ki, açılan xəstəlik vərəqələri yaşayış və qeydiyyat yeri üzrə deyil, fərqli səhiyyə müəssisələrində açılmışdır, bu xəstəlik vərəqələrindən biri “Turan” hospitalda, digəri isə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında açılmışdır. Bununla bağlı, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xəstəlik vərəqələri qanunsuzdur, belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli qərarına 2 saylı əlavə olan “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimat”ın 7-ci bəndinə əsasən, həkimlər hər dəfə 3 gündən artıq olmayaraq, ümumiyyətlə həmin xəstəlik və ya şikəstlik üzrə 6 gündən az olmayaraq xəstəlik vərəqəsi vermək hüququna malikdirlər. Həmin Təlimatın 2-ci fəslinin 8-ci bəndinə əsasən, əmək qabiliyyətinin itirilməsi başlandıqdan sonra xəstəlik vərəqəsinin 6 gün və daha çox artırılması müalicə həkimi tərəfindən yalnız baş həkimin və ya həmin müalicə idarəsində təşkil olunmuş həkim-məsləhət komissiyasının təsdiqindən sonra mümkündür. Lakin təqdim olunmuş xəstəlik vərəqələrində yalnız müalicə həkiminin imzası var, baş həkimin imzası yoxdur ki, bu da kobud qanun pozuntusudur. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 194461 saylı “Turan” Hospitalın xəstəlik vərəqəsindən görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək stasionarda olması göstərilsə də, müalicə rejimi ambulator olaraq qeyd olunmuş, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək xəstəlik vərəqəsi açılmış, həmçinin, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş 373232 saylı xəstəlik vərəqəsində təlimatın tələbləri pozulmuş, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi xəstəlik vərəqəsi açılmışdır. Həmçinin, iş materiallarında iddiaçının təcili yardıma müraciəti ilə bağlı bir sənəd əlavə edilməmiş, xəstəlik vərəqələrində diaqnozlar fərqli olmuşdur ki, bu xüsusatlarda xəstəlik vərəqələrinin etibarlı olmasına şübhələr yaranır. Belə ki, iş materiallarında olan “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X9 Abşeron rayon mərkəzi xəstəxanasının 20 iyun 2022-ci il tarixli 948 saylı məktubundan müəyyən olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi “xroniki bronxitin kəskinləşməsi” diaqnozu ilə ambulator müalicə almış və həmin müddətə onun adına SN00007 ******* saylı əmək qabiliyyətinin olmaması barədə xəstəlik vərəqəsi verilmişdir. Qeyd olunan xüsusatlardan müəyyən olunur ki, iddiaçı süni şəkildə əmrin icrasına mane olmaq məqsədilə 3 fərqli diaqnozla xəstəlik vərəqələri açdırmışdır. Xırdalan şəhəri 1 saylı tam orta məktəb üzrə xx.xx.2022-ci il tarixli, 225 saylı əmrdən çıxarışın 1-ci bəndinə əsasən, işində yol verdiyi kobud nöqsanlara və maliyyə pozuntularına görə qanunvericiliyə uyğun qaydada direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinə müvəqqəti əmək qabiliyyətinin olmaması barədə vərəqənin bitdiyi gündən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, xitam verilməsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən 1 saylı orta məktəbə 2 xəstəlik vərəqəsi təqdim edilmişdir ki, sonuncu SN 00005 373232 saylı xəstəlik vərəqəsində işə çıxmalı olduğu gün xx.xx.2022-ci il tarixi birmənalı olaraq göstərilmiş, xx.xx.2022-ci il tarixdə məktəb tərəfindən 258 saylı əmr verilmiş və əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə əmək qabiliyyətinin olmaması vərəqəsini iş vaxtının sonuna yaxın məktəbə, X4 təqdim etmişdir. Təqdim olunmuş sübutdan müəyyən olunur ki, iddiaçı xx.xx.2022-ci il tarixdə işə çıxmalı idi, lakin onun tərəfindən açılmış yeni xəstəlik vərəqəsi məktəbə təqdim olunmamışdır ki, bununla, yəni təqdimetmə ilə bağlı müvafiq sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd olunanlardan müəyyən olunur ki, cavabdeh tərəfindən verilmiş əmr qanuni və əsaslıdır. Belə ki, mübahisə predmetini iddiaçının xəstəlik vərəqəsində olarkən cavabdeh tərəfindən müvafiq əmrin verilməsi təşkil edir, bununla bağlı kifayət qədər sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş, lakin əksini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür ki onun tərəfindən məhkəməyə əsaslı bir sübut təqdim edilməmişdir. İddiaçı iddia ərizəsində məktəbin xx.xx.2022-ci il tarixli 225 saylı əmrinin ləğv edilməsini xahiş etmiş, lakin məhkəmə baxışında xx.xx.2022-ci il tarixli 258 saylı əmrin ləğv edilməsi barədə iddia ərizəsinə dəqiqləşmə təqdim etmişdir ki, məhkəmə baxış iclasında bu ərizənin təqdim edilməsi MPM-nin tələblərinin aşkar və kobudcasına pozulmasıdır. Mülki Prosessual Məcəllənin 53.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ərizə məhkəmə baxış iclasında təqdim olunmuşdur ki, bu da yolverilməzdir, həmçinin, iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməmişdir. Bununla bağlı, 02 sentyabr 2022-ci il tarixdə İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə məktəbin xx.xx.2022-ci il tarixli 258 saylı əmrdən çıxarışının surəti əlavə edilmişdir ki, bu xüsusatdan da müəyyən olunur ki, iddiaçının bu əmrdən xəbəri var idi və qeyd olunan əmri mübahisələndirməmiş, xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi ilə bağlı iddia qaldırmışdır. Məhkəmə iclasında cavabdeh Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, hazırki mübahisənin mahiyyətini əmrin ləğvi təşkil edir. Abşeron rayonu Xızı regional təhsil idarəsi tərəfindən K-39 saylı intizam tənbeh tədbiri tətbiq olunmuş, araşdırılma aparılmış və müəyyən olunmuşdur ki, intizam pozuntuları halları baş vermişdir. Belə ki, iddiaçı barəsində tənbeh tədbiri tətbiq olunmuş, monitorinqi aparılmış və bu barədə arayış verilmişdir. Ümumilikdə, təhsil işçilərinin daxili qaydaları vardır ki, qanunvericilikdə bu normalar yoxdur. Belə ki, iddiaçı barəsində aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının özünün də qeyd etdiyi kimi “perevod” olunmuş, ona dərs yazılmamış və qeyri-rəsmi olaraq bir sıra siniflərdə dərs aparmış, tarifləşmə əsasında ödənilən pul vəsaitlərini mənimsəmişdir. Başqa sözlə, araşdırma nəticəsində iddiaçı pozuntulara yol vermişdir ki, əmrin verilmə səbəbləri də budur. Əmrin verilmə səbəbi intriqalar olmamışdır. Əmrin xx.xx.2022-ci il tarixdə verilmə səbəbi odur ki, iddiaçı xəstəliyi ilə bağlı bülletendə olmuş və işə çıxdığı gün əmr verilmişdir. Qanunvericiliyə görə 70-ci maddənin ç bəndi ilə əmək müqaviləsinə xitam verilmə əsasları müəyyən edilmiş və kifayət qədər sübutlar vardır ki, sentyabr ayında korrupsiyaya qarşı mübarizə baş idarəsi tərəfindən ünvanlanmış məktuba əsasən, cinayət tərkibi olmasa da, pozuntuların olması istisna edilməmişdir. Lakin bununla belə, həmin məktub əsas olmasa da, məktubda qeyd olunan pozuntular aşkar edilmişdir. Məktəb tərəfindən bu barədə kifayət qədər sübutlar təqdim edilmişdir. İddiaçının iddia ərizəsində ləğvini tələb etdiyi əmrin birinci bəndində qeyd olunmuşdur ki, iddiaçı, eyni zamanda, müqavilələrinə xitam verilmiş digər iki müəllim bülletenə çıxmışdır. İddiaçının bülleteni iyul ayının 9-da bitmişdir. İddiaçının xəstəlik vərəqəsində olduğu bilindiyi üçün əmrin icrası iddiaçının işə çıxdığı vaxtda verilməsi üçün gözlənilmişdir. Digər əmr isə işə çıxdığı gün verilmişdir. Burada cavabdeh tərəfindən pozuntu halı olmamışdır. İddiaçı isə həmin bülleteni verdiyini özü sübuta yetirməlidir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Xırdalan şəhər 1№-li tam orta məktəb üzrə “Abşeron-Xızı Regional Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli K-59 nömrəli əmrin icrası barədə” xx.xx.2022-ci il tarixli, 225 nömrəli əmrdən çıxarışdan görünür ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli K-59 nömrəli əmrini rəhbər tutaraq direktor müavinlərinə xx.xx.2022-ci il tarixdən aşağıda qeyd olunan intizam tənbehləri tətbiq olunmuş, işlərində yol verdikləri kobud nöqsanlara və maliyyə pozuntusuna görə qanunvericiliyə uyğun qaydada məktəbin Həmkarlar Komitəsi ilə razılaşma əsasında məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini (təşkilatçı) İddiaçı ilə bağlanmış əmək müqaviləsinə müvəqqəti əmək qabiliyyətinin olmaması vərəqəsinin müddəti bitdiyi gündən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, əmrin verilməsi üçün əsas Abşeron-Xızı Regional Təhsil idarəsinin xx.xx.2022-ci il tarixli K-59 nömrəli əmri və məktəbin Həmkarlar İttifaqı Komitəsinin 01 nömrəli xx.xx.2022-ci il tarixli məktubu olmuşdur. Əmrdən daha sonra görünür ki, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin direktor səlahiyyətlərini müvəqqəti olaraq icra edən Nümayəndə Abşeron-Xızı Regional Təhsil İdarəsinə daxil olmuş təqdimatı əsasında xx.xx.2022-ci il tarixli F-01 nömrəli əmrə uyğun olaraq məktəbdə yoxlama aparılmış və bir sıra ciddi nöqsanlar aşkar olunmuşdur. Belə ki, direktor müavinləri və fənn müəllimlərinin tarifləşmə siyahısında digər müəllimlərin adına yazılmış sinif rəhbərliyi üçün ödənilən pul vəsaitini mənimsəməsi, eləcə də diaqnostik qiymətləndirmə balı aşağı olan müəllimlərin digərlərinin adına tarifləşmiş dərs saatlarını tədris etmələri ciddi maliyyə pozuntusu olaraq üzə çıxarılmışdır. Eləcə də təhsil müəssisəsindəki maddi-tədris bazasının mövcudluğu nəzərə alınmadan siniflər müvafiq fənlərdən yarımqruplara bölünmüş, lakin bir çoxunun eyni sinif otağında bir müəllim tərəfindən tədris olunduğu, bununla da Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli, F415 nömrəli əmrinin tələbinin pozulduğu müəyyən edilmişdir. Bundan əlavə, dərnək və fakultətiv məşğələlər üçün ümumiləşdirilmiş və təsdiq edilmiş cədvəl hazırlanmamış, məşğələlərin bir çoxu tədris edilməmişdir. Fərdi təhsil dərslərinin və əvəz edilən dərslərin tədris olunması prosesinə də məsuliyyətsiz yanaşılmış və çox miqdarda keçirilməmiş dərs saatları üçün ödənilmiş pul vəsaiti direktor müavinləri tərəfindən mənimsənilmişdir. -Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 258 saylı əmrdən görünür ki, Xırdalan şəhəri 1 nömrəli tam orta məktəb bölməsində məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən, xx.xx.2022-ci il tarixdən xitam verilmiş, işçinin xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi, işçinin əmək kitabçasında lazımi qeydlərin aparılaraq özünə təhvil verilməsi qərara alınmışdır. Əmrdən daha sonra görünür ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilsə də, sözügedən əmrdə imza hissəsində məktəbin direktoru Nümayəndə adının qeyd olunmasına baxmayaraq, onun tərəfindən imzalanmayaraq möhür ilə təsdiq edilməmişdir. -Xırdalan şəhər 1 №-li tam orta məktəb üzrə xx.xx.2022-ci il tarixli, 258 nömrəli əmrdən çıxarışdan görünür ki, məktəbin məktəbdənkənar və sinifdənxaric işləri üzrə direktor müavini (təşkilatçı) İddiaçı xx.xx.2022-ci il tarixdə əmək qabiliyyətinin bərpa olunduğunu nəzərə alaraq, məktəbin xx.xx.2022-ci il tarixli 225 nömrəli əmrinin icrasının təmin edilməsi və məktəbdənkənar sinifdənxaric işləri üzrə direktor müavini (təşkilatçı) İddiaçı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi, İddiaçı sonuncu haqq-hesabın ödənilməsi əmr edilmiş, əsas olaraq məktəbin xx.xx.2022-ci il tarixli 225 nömrəli əmri və SN 00005 seriyalı 373232 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi olmuşdur. -Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən, xx.xx.2022-ci il tarixdə xitam verilmiş və həmin tarixdə sistemə daxil edilmişdir. -0614299 saylı əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı xroniki bronxitin kəskinləşməsi diaqnozu ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək qabiliyyəti olmayan hesab edilmiş və işə çıxma tarixi xx.xx.2022-ci il tarixi müəyyən edilmişdir. -194461 saylı əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı xroniki pielonefritin kəskinləşməsi diaqnozu ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək qabiliyyəti olmayan hesab edilmiş və işə çıxma tarixi xx.xx.2022-ci il tarixi müəyyən edilmişdir. -373232 saylı əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı sağtərəfli servbinobeaxialgiya diaqnozu ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək qabiliyyəti olmayan hesab edilmiş və işə çıxma tarixi xx.xx.2022-ci il tarixi müəyyən edilmişdir. -İddiaçı tərəfindən məhkəmənin sorğusu əsasında təqdim olunmuş ******* saylı əmək qabiliyyətinin olmaması vərəqəsinin əslindən görünür ki, İddiaçı xroniki pielonefritin kəskinləşməsi diaqnozu ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək qabiliyyəti olmayan hesab edilmiş və işə çıxma tarixi xx.xx.2022-ci il tarixi müəyyən edilmişdir. -Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Elm və Təhsil Nazirliyinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Abşeron rayonu Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə xx.xx.2022-ci il tarixli xx-xx-1285/16 saylı məktubu ilə daxil olmuş material üzrə araşdırma aparılmış və cinayət tərkibli əməlin törədilməsi faktları aşkar edilməmişdir. Bununla yanaşı, müəyyən edilmişdir ki, 2021-2022-ci tədris ili başlayandan həmin məktəbdə artıq bir neçə dəfə direktor vəzifəsini icra edən şəxs dəyişmiş, qısa müddət ərzində rəhbər vəzifədə olan şəxslərin tez-tez dəyişməsi, idarəetmənin əsasən, direktor müavinləri tərəfindən aparılması, həmçinin, müavinlərin yarıtmaz fəaliyyəti təhsil müəssisəsində təlim-tərbiyə prosesinə öz mənfi təsirini göstərmiş, təlim-tərbiyə mühitinin normal iş ahənginin pozulmasına gətirib çıxarmışdır. Məktəbdə buraxılan və əvəz edilən dərslərin qeydiyyatı və uçotu kitabı müvafiq qaydada aparılmamış, 32 nəfər qeyri-rəsmi formada sinif rəhbərliyi aparan müəllimlərin olduğu aşkar edilmişdir. Bəzi hallarda isə direktor müavinləri tarifləşmə siyahısında digər müəllimlərin adına yazılmış siniflərin sinif rəhbərliyini icra etmiş və buna görə ödənilən pul vəsaitlərini almışlar. Bəzi müəllimlərə tarifləşmə siyahısında tədris etdikləri dərslərdən əlavə saatlar yazılmışdır. Evdə fərdi təhsil saatları, dərnək məşğələləri və fakultətiv məşğələlərin bir hissəsi tədris olunmamış, bu məşğələlərin təsdiq edilmiş cədvəli olmamış, dərslərdə iştirak etməyən şagirdlərə jurnalda qaib yazılmamışdır. -Məhkəmənin sorğusuna əsasən, məhkəməyə təqdim olunmuş Xırdalan şəhər 1 nömrəli tam orta məktəb tərəfindən verilmiş “Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə aparılmış monitorinqin nəticəsi barədə arayış”dan görünür ki, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin direktor vəzifəsini müvəqqəti olaraq icra edən Nümayəndə Abşeron-Xızı Regional Təhsil İdarəsinə məktubla müraciət edərək məktəbin bir sıra direktor müavinlərinin çoxsaylı qanunsuz hərəkətlərindən şikayətini bildirmişdir. Nümayəndə məktubunda göstərilən faktların ciddiliyini nəzərə alaraq, Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə xx.xx.2022-ci il tarixli, F-01 nömrəli əmrlə Komissiya yaradılmış və məktəbdə monitorinq aparılmışdır. Monitorinq zamanı müəyyən edilmişdir ki, məktəbdə aparılmış yoxlama zamanı direktor müavinləri ilə bağlı aşağıdakı nöqsanlar üzə çıxmışdır: İddiaçı barəsində: İddiaçı əvvəlki illərdə Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə müəllim və ya digər pedaqoji işçi kimi çalışmamış, xx.xx.2019-cu il tarixdə birbaşa məktəbə direktor müavini vəzifəsinə təyin edilmişdir. Diaqnostik qiymətləndirmədən keçmədiyi üçün tarifləşmədə rəsmi olaraq ona dərs saatı yazılmamış, lakin qeyri-rəsmi olaraq 5a, 6i siniflərində 11 saat dərs aparmış və tarifləşmə siyahısında digər müəllimlərin adına yazılmış 5a, 6i, 10-cu siniflərin sinif rəhbərliyi üçün ödənilmiş pul vəsaitini mənimsəmişdir. Müəllimlər hər ay müvafiq məbləğləri İddiaçı verdiklərini təsdiq etmişdir. Bunlardan əlavə, kimya müəllimi Lamiyə Həsənova tarifləşmədə onun adına yazılmış, lakin tədris edilməyən evdə fərdi təhsil üzrə 3 saat dərsin pulunu hər ay İddiaçı verdiyini, hətta pulu vaxtında vermədikdə onu təhqir etdiyini bildirmişdir. (Bu barədə telefon mesajları, akt və izahatlar əlavə olunmuşdur). Bunlardan əlavə, Təranə Rəsulova öz izahatında 6 saat keçirilməyən fakultativ məşğələnin pulunu İddiaçı verdiyini bildirmişdir. -Məktəbin kimya müəllimi vəzifəsində çalışan X7 tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, məktəbin təlim-tərbiyə üzrə müdir müavini İddiaçı xəstə uşaq (evdə fərdi tədris) dərsinin 3 saatı onun dərs yükünün üzərinə yazılmış və o, hər ay ona 90 manat vermişdir. Ödəniş gecikdiyi təqdirdə whatsapp üzərindən ödənişlərin edilməsini tələb etmiş, onu nalayiq sözlərlə təhqir etmiş və özünə yaxın insanı öyrədərək akt tərtib etmişdir. -Məktəbin riyaziyyat müəllimi vəzifəsində çalışan X2 tərəfindən yazılmış xx.xx.2022ci il tarixli ərizədən görünür ki, 2021-2022-ci ilin yanvar ayında o, 5a sinfində riyaziyyat dərslərini tədris etmədən jurnalda proqramı yazmış və hər ay 182 manat pulu Lamiyə xanıma vermişdir. -Məktəbin müəllimi X8 tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, 6i sinfinin 5 saat riyaziyyat dərsinin onun adında olmasına baxmayaraq dərsi İddiaçı keçir və pulunu hər ay 155 manat olmaqla ona verir. O, 20 x 2021-ci ildə bülletendə olmuş və xx.xx.2021-ci ildə işə çıxdığından bu barədə məlumatı olmuşdur. -Məhkəmənin sorğusuna əsasən, Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı ******* saylı, 194461 saylı və 373232 saylı əmək qabiliyyətinin olmaması vərəqələri əsasında əmək qabiliyyəti olmayan hesab edilmişdir. -"xxxx" MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı MTK-nın Xırdalan şəhəri H.Əliyev prospektində inşa edilmiş binasının 26 nömrəli mənzilində yaşayır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı Laçın rayonu Qarakeçdi ərazi dairəsi Qarakeçdi kəndində qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı cavabdeh Xırdalan şəhər 1 nömrəli tam orta məktəbinə xx.xx.2019cu il tarixdə direktor müavini (sinifdənxaric və məktəbkənar işlər üzrə) vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixli 258 saylı əmr əsasında, iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işdən azad edilmiş, hazırda da, iddiaçı həmin əmrin ləğv edilərək onun işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra mətndə Əmək Məcəlləsi adlanacaq): 10-cu maddəsinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. 42-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 70-ci maddəsinin İİ hissəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Qanunun sözügedən müddəasına istinad edərək, məhkəmə qeyd edir ki, əmək hüququnun mühüm təminatlarından biri işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarının məhdud siyahısının qanunvericiliklə müəyyən edilməsidir. Qanunvericilik qanuni əsaslar olmadan işçilərlə əmək müqaviləsinin ləğv edilməsini qadağan etmişdir. Qanunun tələblərindən göründüyü kimi, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsasından biri də 70-ci maddənin 2-ci hissəsinin ç bəndinə uyğun olaraq işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması hallarıdır. Əmək Məcəlləsinin: 71-ci maddəsinin İİ hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin İİİ hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Qanunun tələblərinə istinad edərək, məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə, onun əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətlərin dairəsi anlaşılır. Qanunvericilik Əmək Məcəlləsinin 70-ci maddəsinin İİ hissəsinin ç bəndinə əsasən, əmək müqaviləsinin ləğv edilməsinə o halda yol verir ki, işçi tərəfindən qəsdən və ya etinasızlıqla əmək funksiyasını, əmək vəzifəsini yerinə yetirməməsi nəticəsində işəgötürənin, mülkiyyətçinin və əmək kollektivinin ayrı-ayrı üzvlərinin hüquqlarının və ya qanunla qorunan mənafelərinə ziyan vurulmuş olmalı və yaxud iş yerində işin, İstehsalın və icra intizamının normal ahəngi pozulmuş olmalıdır. Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; Beləliklə də, qanunvericiliyin 70-ci maddəsinin ç bəndinə görə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilmə əsaslarından biri işçinin əmək vəzifələrini kobud şəkildə yerinə yetirməsidir. Qeyd olunan norma əmək vəzifələrinin kobud şəkildə yerinə yetirilməsi kimi qiymətləndirilən halların siyahısını dəqiq şəkildə müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı əmək funksiyalarının icrası zamanı maliyyə pozuntularına yol verməsi halları əsas tutularaq, bununla da, işəgötürənin nüfuzuna xələl gətirməsi halı kimi qiymətləndirilərək əmək vəzifələrinin kobud icrası kimi nəzərdən keçirilmiş, bununla da, əmək qanunvericiliyinin 70-ci maddəsinin ç bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə qeyd edir ki, mülki iş materiallarına əlavə olunmuş Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Elm və Təhsil Nazirliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubu ilə aparılmış araşdırma zamanı cinayət tərkibli əməlin törədilməsi faktlarının aşkar edilmədiyi, 32 nəfər qeyri-rəsmi formada sinif rəhbərliyini aparan müəllimlərin olduğunun aşkar edilməsi, digər müəllimlərin adına yazılmış siniflərin sinif rəhbərliyini icra etmiş və buna görə ödənilən pul vəsaitlərinin alınması barədə nüanslar öz əksini tapmış olsa da, göstərilən halın sırf iddiaçı barəsində aparılmış araşdırma olması öz təsdiqini tapmır. Belə ki, qeyd olunan araşdırma cavabdehin xx.xx.2022-ci il tarixli müraciəti əsasında aparılmış, lakin məhkəmə araşdırması zamanı iddiaçının həmin müddətdə əmək qabiliyyətinin olmaması müəyyən edilmişdir ki, bununla da, iddiaçının maliyyə pozuntularına yol verməsi təsdiqini tapmamışdır. Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin c bəndinə əsasən, c) qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə bu hal tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilməsi əsasıdır. Qeyd olunan normanın məzmunundan görünür ki, əmək müqaviləsinə xitam verilməsi üçün ümumi cəhət ondan ibarətdir ki, göstərilən əsas nə işçinin, nə də işəgötürənin təşəbbüsü və ya istəyi olmadan baş verir. Qanunun tələbinə görə, işinin əmək qabiliyyətini 6 aydan az müddətə itirməsi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Məhkəmə araşdıması zamanı isə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı ümumilikdə, 4 dəfə xəstəliklə bağlı əmək qabiliyyəti olmayan hesab edilmişdir ki, həmin tarixlər də ümumilikdə, 6 aydan az müddəti əhatə edir. Həmçinin, Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən, işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Qanunvericiliyin tələblərinə istinad edərək, məhkəmə xüsusi ilə vurğulayır ki, işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdən keçirilə bilməz. Belə ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixdə 225 saylı, xx.xx.2022-ci il tarixdə 258 saylı və xx.xx.2022-ci il tarixdə 258 saylı əmrlər qəbul edilmişdir. Lakin iş materiallarına əlavə olunmuş 4 ədəd əmək qabiliyyətinin olmaması vərəqələrindən görünür ki, iddiaçı ******* saylı vərəqə ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, 194461 saylı vərəqə ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, 373232 saylı vərəqə ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, ******* saylı vərəqə əsasında isə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək qabiliyyəti olmayan hesab edilmiş və işə çıxma tarixi xx.xx.2022-ci il tarixi müəyyən edilmişdir. Halbuki, iş materiallarından görünür ki, iddiaçı barəsində ilk dəfə xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə əmr qəbul edilsə də, həmin əmr xx.xx.2022-ci il tarixdə sistemə daxil edilmişdir. Məhkəmə ilkin olaraq, xx.xx.2022-ci il tarixli 225 saylı əmrlə bağlı qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Qanunun tələblərindən göründüyü kimi, əmək müqaviləsinə xitam verilən işçi barəsində çıxarılan əmr işəgötürənin imzası və möhürü ilə təsdiq edilməklə işdən çıxan günü işçiyə təqdim edilməlidir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş, iddiaçı barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli əmrdən görünür ki, sözügedən əmr onu qəbul edən məktəbin direktoru tərəfindən imza edilməyərək möhürlə təsdiq edilməmişdir. Bununla da, məhkəmə tərəfindən etibarsız hesab edilmə əsası kimi nəzərdən keçirilən bu rekvizitlər olmadığından qeyd olunan əmr qanunvericiliyin tələblərinə uyğun olmayan, qüsurlu şəkildə tərtib edilmişdir. Məhkəmə araşdırması zamanı yeni hal olaraq müəyyən olunmuş, iddiaçı barəsində ikinci dəfə əmək müqaviləsinə xitam verilməsi barədə tərtib edilmiş və iddiaçının ləğv edilməsini xahiş etdiyi xx.xx.2022-ci il tarixli 258 saylı əmrlə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İlkin olaraq, əmrin məzmunundan da göründüyü kimi, sözügedən əmr iddiaçının əmək qabiliyyətinin bərpa olunması nəzərə alınmaqla əmək funksiyalarının kobud şəkildə icrası rəhbər tutulmaqla qəbul edilmiş və qəbul edilmə əsası kimi xx.xx.2022-ci il tarixli əmr və 373232 saylı əmək qabiliyyətinin olmaması vərəqəsi olmuşdur. Beləliklə, qeyd olunan sənəd əsasında iddiaçının işə çıxma tarixi xx.xx.2022-ci il tarixi kimi müəyyən edilmiş, lakin həmin tarixdə də iddiaçı yeni xəstəlik vərəqəsi təqdim etməklə onun əmək qabiliyyətinin olmaması müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Məhkəmənin sorğusu ilə Xırdalan şəhəri 1 nömrəli tam orta məktəb və Abşeron-Xızı regional təhsil idarəsi tərəfindən məhkəməyə təqdim olunmuş sorğuya cavab məktubları əsasında, iddiaçı barəsində ******* saylı, 194461 saylı və 373232 saylı əmək qabiliyyətinin olmaması vərəqələri məhkəməyə təqdim olunsa da, sonuncu, yəni dördüncü xəstəlik vərəqəsi məhkəməyə təqdim olunmamışdır. Habuki, iddiaçının xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək əmək qabiliyyəti olmayan hesab edilməsi barədə olan ******* saylı vərəqə iddiaçı tərəfindən cavabdeh quruma təqdim edildiyi halda, cavabdeh tərəfindən həmin sənəd nəzərə alınmamış və işçinin işə çıxma tarixi xx.xx.2022-ci il tarixi kimi nəzərdən keçirilərək əmək müqaviləsinə xitam verilmişdir. Əmək Məcəlləsinin: 80-ci maddəsinin 1. hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X1 qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80-ci maddəsinin 2. hissəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 80-ci maddəsinin 3. hissəsinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Məhkəmə qanunun tələblərinə istinad edərək qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə əmək müqaviləsinə xitam verilməsi zəruriyyəti yarandıqda işçi həmkarlar ittifaqının üzvü olduqda həmkarlar ittifaqı komitəsinin qabaqcadan razılığının alınması mütləqdir. Mülki iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, Xırdalan şəhər 1 saylı tam orta məktəbin Həmkarlar İttifaqının məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Nümayəndə ünvanladığı xx.xx.2022-ci il tarixli 01 saylı məlumat əsasında, İddiaçı müqaviləsinə xitam verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Lakin məhkəmə xüsusi ilə vurğulayır ki, X1 məlumatı daxil olan gün iddiaçı barəsində əmək müqaviləsinə xitam verilməsi barədə əmr qəbul edilmişdir ki, bu hal da iddiaçının əmək qabiliyyətinin olmadığı dövrdə onun barəsində qərəzli olaraq işdən çıxma əmrinin qəbul edilməsinin baris sübutudur. Məhkəmə eyni zamanda, qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə də, məhkəmə qanunvericiliyin tələblərini, tərəflərin izahatını, tədqiq olunmuş sübutları, eyni zamanda, daxili inamına və məhkəmə araşdırması nəticəsinə əsaslanaraq, qeyd edir ki, iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək qabiliyyəti olmadığından işə çıxa bilməmiş və bu barədə xəstəlik vərəqələrini işəgötürənə təqdim etmişdir. Lakin buna baxmayaraq, cavabdeh qurum tərəfindən iddiaçının əmək qabiliyyətində olmadığı müddətdə əmək müqaviləsinə xitam verilməsi barədə qərar qəbul edilmiş, iddiaçı barəsində verilmiş sonuncu, yəni dördüncü xəstəlik vərəqəsi nəzərə alınmayaraq məhkəməyə təqdim edilməmişdir. Belə ki, cavabdeh qurum həmin sənədin olmadığını iddia edərək sübutetmə vəzifəsinin iddiaçının üzərinə düşdüyünü vurğulamış, məhkəmə sorğusu əsasında iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ******* saylı əmək qabiliyyətinin olmaması vərəqəsinin əslindən isə görünür ki, İddiaçı həqiqətən də xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək qabiliyyəti olmayan hesab edilmiş və işə çıxma tarixi xx.xx.2022-ci il tarixi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, əmək müqaviləsi əsasında gördüyü əmək funksiyalarının qarşılığında əmək haqqı alan işçi əmək qabiliyyəti olmadığı müddətdə işə çıxa bilmədiyindən həmin halı sübuta yetirən xəstəlik vərəqəsini təqdim etməməkdə maraqlı ola bilməz, əksinə, əmək funksiyasının kobud pozuntusu kimi nəzərdən keçirilən bu hal, yəni, işçinin xəbər vermədən işə gəlməməsi əmək müqaviləsinə xitam verilməsi əsasıdır ki, bunun da iddiaçının marağında olması istisna edilir. Beləliklə, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş ******* saylı “əmək qabiliyyətinin olmaması vərəqəsi”nin həqiqətən də mövcud olması və sənədin məktəbə təqdim olunması müəyyən olduğu halda, həmin sənədin təqdim edilməsinin cavabdeh tərəfindən inkar edilməsi bu halın cavabdehin marağında olmaması, başqa sözlə, məsuliyyətdən yayınması kimi məhkəmə qiymətləndirir. Bu səbəbdən də, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olmayan şəkildə qəbul edilmiş xx.xx.2022-ci il tarixli 258 saylı əmrin əsassız olduğundan ləğv edilməsi qənaətinə gəlir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini və tədqiq olunmuş sübutları paralel şəkildə qiymətləndirib belə qənaətə gəlir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, İddiaçı işdən çıxarılması ilə bağlı verilmiş xx.xx.2022-ci il tarixli, 258 saylı əmr ləğv edilməli, İddiaçı Abşeron rayon Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini (təşkilatçı) vəzifəsinə bərpa edilməli və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməlidir. Əmək Məcələsinin: 74-cü maddəsinin 2-ci hissəsinə əsasən, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Mülki Prosessual Məcəllənin: 14.2 maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1 maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı işdən çıxarılması ilə bağlı verilmiş xx.xx.2022-ci il tarixli, 258 saylı əmr ləğv edilsin. İddiaçı Abşeron rayon Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini (təşkilatçı) vəzifəsinə işə bərpa edilərək məcburi işburaxmaya görə işdən çıxarıldığı gündən işə bərpa olunacağı günə qədər orta əmək haqqı məbləğində əmək haqqı ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-5079/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5079/2022
09.12.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver