Məhkəmə qərarları › İş №2(012)-5160/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5160/2025

06.01.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5160/2025 06.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Hüseynova Ülviyyə Əliağa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun övladları-xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X10 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, Osman Sarıvəlli küçəsində yerləşən 18 saylı sənədsiz fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, onunla Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən 10 saylı rəsmi nikahları qeydə alınmışdır. Onların birgə nikahlarından iki övladları xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X10 dünyaya gəlmişdir. O, bir müddət idi ki, iki azyaşlı övladları ilə birlikdə valideynlərinin yanına sığınmışdır. Cavabdeh öz istəyi ilə doğma övladlarına baxmadığı və ona maddi yardım göstərmədiyi üçün o, məcbur qalıb ilk əvvəl Abşeron 1 saylı Mediasıya Təşkilatına və daha sonra Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1004/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatandək saxlanması üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən hesablanmaqla hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (sonrakı artımlar nəzərə alınmaqla) 0,64 misli həddində sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Nikahın pozulması ilə bağlı mülki iş hal-hazırda Abşeron Rayon Məhkəməsinin icraatındadır. Cavabdeh oğulları Həmzəni tələb edir. Həmzə atası ilə həmin yaşadıqları evə gedib-gəlir və nikahın pozulması ilə bağlı mülki iş məhkəmənin icraatındadır. O, iki övladı ilə birlikdə valideynlərinin himayəsində yaşayır. Övladlarının bütün tələbatını ödəməkdə ona valideynləri kömək edir. Onlar ayrı yaşadıqları gündən cavabdeh ona bu günə kimi bir manat da ola pul ödəməmişdir. Cavabdehdən hal-hazırda da aliment almır. Onların ailə münasibətləri tamamilə pozulmuşdur. Övladları atalarının yanına gedib-gəlir və uşaqların təlabatını isə o təkbaşına ödəyir. Ona ahıl yaşlı valideynləri maddi cəhətdən kömək edirlər. Belə ki, bildirmək istəyir ki, o, cavabdehlə evli olan zaman Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, Osman Sarıvəlli küçəsində yerləşən 18 saylı fərdi yaşayış evində yaşamışdır. Ona məxsus bütün cehiz əmlakları da həmin evdədir. Həmin ev sənədsizdir. Ev bir mərtəbəli, kürsülü, böyük zal və 3 otaqdan ibarətdir. Həmin ev böyük oğlu anadan olandan sonra tikilmişdir. O, körpə övladını anasının himayəsinə qoyaraq, evin tikilməsində ustalara yemək, içmək və maddi köməklik etmişdir. Həmin evdə onun da haqqı var. O, hazırda məcburiyyət qarşısında qalaraq həmin evdən çıxmış və ahıl yaşlı valideynlərinin himayəsində yaşayır. Ona məxsus bütün cehiz əmlaklar da həmin evdədir və cavabdeh tək başına evdə yaşayır və ona məxsus əşyalardan istifadə edir. Cavabdeh tüfeyli həyat tərzi yaşayır və ona övladları ilə birlikdə həmin evə köçürülməyinə və dinc yaşayışına mane olur. Belə ki, Abşeron rayonu, Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsində yerləşən sənədsiz evdə 2014-2015-ci illərdən 2024-cü ilin sonlarına kimi yaşamağı barədə arayış almaq üçün Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 4 saylı Mənzil Təsərrüfatı İstehsalat Birliyinə müraciət etmişdir. Ona arayış verilmədi və bildirildi ki, vəkil və məhkəmə tərəfindən sorğu verilməlidir. Ona görə də həmin evdə yaşamağı barədə arayışı məhkəməyə təqdim edə bilmir. 12 ədəd xrustal stəkan dəsti, 12 ədəd fincan dəsti, 2 nabor çay dəsti, 24 ədəd, 2 dəst fərdi formada boşqab dəsti, 24 ədəd qaşıq və kasa dəsti, mətbəxdə gündəlik istifadə olunan sadə qoşqab, fincan, stəkan, nəlbəki və fərdi ölçülərdə boşqab dəstləri, 2 nabor qazan dəsti, 2 ədəd mikser, 2 ədəd blender, toster, tok peçi, sokçəkən, ətçəkən, tok qazanı, 3 dəst çərəz qabları, 06 ədəd stul və 1 ədəd stul, divan, yataq dəsti, televizor, DVD, soyuducu, paltaryuyan maşın və s. cehiz əmlakların həmin evdədir. Onun cehiz əmlaklarını başqa şəxslər istifadə edir. Cavabdeh nə cehiz əmlaklarını verəcəyini deyir, nə də ki, evdə yaşamağına icazə verir və onu ölümlə təhdid edir. O, halal zəhmətiylə tikilməsinə, valideynləri tərəfindən maddi və mənəvi dəstəyi olan evinin heç olmasa bir otağının ona verilməsini istəyir. Cehiz əmlakları cavabdeh tərəfindən yararsız hala salınmışdır. Mübahisəli ev nikah dövründə tikilsə də, sənədsiz olduğu üçün o, iki də bir payını məhkəmə ilə müəyyən edə bilmir. Məcburdur ki, hazırki tələb ilə bağlı məhkəməyə müraciət edərək, övladları ilə birlikdə həmin evə köçürülərək, dinc həyatını yaşasın. Göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etiraz və izahatında bildirmişdir ki, İddiaçı ona qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon məhkəməsinə müraciət etmişdir. Belə ki, o, iddianı qəbul etmir və sözügedən iddiaya etiraz edir. İddiaçı ilə xx.xx.2014-cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X10 dünyaya gəlmişdir. İddiaçı Abşeron rayon Məhkəməsinə aliment tələbi ilə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)- 1004/2025 savlı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan xx.xx.2024-cü il tarixdən hesablamaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimumum əmək haqqının (sonrakı artımlar nəzərə alınmaqla) 0,64 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı onunla evli olan zaman Abşeron rayon, Xırdalan şəhəri, Quşçuluq massivi, O.Sarıvəlli küçəsində yerləşən 18 sayıl fərdi yaşayış evində yaşamış ona məxsus cehiz əşyaları həmin ünvandadır, ev sənədsizdir, bir mərtəbəli böyük zal və 3 otaqdan ibarətdir. Guya ki, həmin evin tikintisində ustalara yemək, içmək vermiş və maddı köməklik göstərmişdir. Həmin evdə onun haqlı olması və həmin evdən məcburiyyət qarşısında qalaraq çıxdığını qeyd etmişdir və o cümlədən cehiz əşyalarından isıifadə ediidiyini qeyd edir. Qeyd etdiyi yalanlar azmışkən onun tüfeyli həyat tərzi keçirtdiyini, övladlarına baxmadığını həmin evə köçməyinə mane olduğunu, onu dinc yaşamağına mane olduğunu öz iddia ərizəsində bildirir. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçının qeyd etdikləri uydurmadan və yalandan başqa bir şey deyildir. İddiaçıya məxsus və ərizədə qeyd etdiyi cehiş əşyaları evin bir otağına yığılaraq saxlanılır və ondan heç kim istifadə etmir. Bildirir ki, həmin fərdi yaşayış evi dayısı X13 tərəfindən öz doğma bacısı olan onun anası X11 yaşamağa evi olmadığı üçün verilmiş hal-hazırda da evin kommunallarla bağlı abonent kodu dayısı X5 adınadır. Mübahisələndirilən fərdi yaşayış evinin torpağını etibarnamə əsasında dayısı X2 pul qarşılığında satın almış və həmin torpaq üzərində fərdi yaşayış evi inşa etmişdir. Bütün tikinti xərcləri dayısı tərəfindən keçirilmiş və ustalar və tikinti materiallarına xərclənən pullar dayısı tərəfindən ödənilmişdir. İddiaçı ərizəsində onun yaşamağa dinc qoymamağını qeyd edir. Burdan belə bir sual ortaya çıxır ki, əgər o, iddiaçını dinc yaşamağa qoymursa, iddiaçı gəlib eyni evdə onunla necə yaşayacaqdır. Bu söhbətdən belə bir qənaətə gəlmək olur ki, iddiaçının qeyd etdikləri əsassız və onun haqqında məhkəmə qarşısında pis fikir yaratmaqdır. Bir daha qeyd edir ki, həmin fərdi yaşayış evinə onun aidiyyatı yoxdur. Bu səbəbdən iddiaçının da həmin evə köçülrülmə tələbinə dair iddia qaldırması üçün subyektiv hüququ yoxdur. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 925234 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixli 10 nömrəli rəsmi nikah bağlanmışdır. -Abşeron Rayon Məhkəməsinin 2(012)-1004/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (sonrakı artımlar nəzərə alınmaqla) 0,64 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, 32,99 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. -“Azəriqaz” İstehsalat Birliyi, "xxxx" ASC və "xxxx" ASC tərəfindən verilmiş qəbzlərdən göründüyü kimi qaz və su kommunal xidmətlərə görə ödənişlər X7, elektrik enerjisinə görə kommunal xidmətlər isə X5 adınadır. -Bakı Şəhər Notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2011-ci il tarixli AR-İ 158005 nömrəli etibarnamənin surətindən görünür ki, X1 rayonu, Bakı Quşçuluq fabriki, 18-ci məhəllədə yerləşən 1,6 ha torpaq sahəsini istifadə etməyi tikinti işləri aparmağı, özəlləşdirməyi, DT və XK-dən kadastr planı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsindən Çıxarış, texniki pasport, 1 №-li arayış almağı, forma № 2 arayışını almağı və gələcəkdə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pul almağı, buna dair müqaviləni imzalamağı, notariusun depozit hesabından pulu qəbul etməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi xx.xx.2061-ci ilədək X9 etibar etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının: 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X10 adlı övladları anadan olmuşdur. Evləndikdən bir müddət sonra Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, Osman Sarıvəlli küçəsində yerləşən 18 saylı sənədsiz fərdi yaşayış evini tikdirmiş və köçərək orada yaşamışlar. Daha sonra Abşeron Rayon Məhkəməsinin 2(012)-1004/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə uşaqların saxlanılması üçün alimentin tutulması qət edilmişdir. Tərəflər arasında münasibətlər pisləşdiyindən, iddiaçı övladları ilə birlikdə evi tərk etmişdir. Hazırda iddiaçı həmin ünvanda yaşamasa da, 2014-cü il tarixdə rəsmi nikah bağladıqdan sonra illərlə həmin evdə uşaqları ilə birlikdə onlara düşən yaşayış sahəsindən istifadə edərək orada yaşamışdır. Hazırda cavabdeh tərəfindən iddiaçıya həmin ünvanda yerləşən fərdi yaşayış evinə daxil olub orada yaşamasına maneələr yaradıldığından iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin: 180.1.-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2.-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla, tərəflərin izahatından müəyyən olunmuşdur ki, iddiaçı, həyat yoldaşı və uşaqları ilə birlikdə sözügedən fərdi yaşayış evində 2015-ci ildən yaşamışdır. Həmin fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədi mövcud deyildir. İddiaçı evin dayısına məxsus olmasını bildirsə də, evə dair hər hansı hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim edə bilməmişdir. Bununlada məhkəmə qeyd edir ki, mübahisəli ev qanunsuz tikilidir və hər iki tərəf uzun illərdi ki, həmin evdə yaşamışdır. İddiaçının həmin evdə yaşaması onun hazırda cehiz əşyalarının həmin evdə olması ilə də sübut olunur. Tərəflər uzun illərdi ki, həmin evdən birlikdə istifadə ediblər. Beləliklə iddiaçının həmin evdə cavabdeh kimi yaşamaq hüquq vardır və evə dair eyni statusa malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Eyni zamanda məhkəmə qeyd edir ki, evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Bu səbəbdən də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, iddia ərizəsi təmin edilməli, İddiaçı övladları-xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X10 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, Osman Sarıvəlli küçəsində yerləşən 18 saylı fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı iddia tələbində dövlət rüsumunu tələb etmədiyindən, ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 4-cü, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı yetkinlik yaşına çatmayan övladları-xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X10 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, Osman Sarıvəlli küçəsində yerləşən 18 saylı fərdi yaşayış evinə köçürülsün. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar