Məhkəmə qərarları › İş №2(012)-5201/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5201/2021

10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5201/2021 10.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı zaminlik müqaviləsinə əsasən aparılmış kredit ödənişlərinin geri tələb edilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı zaminlik müqaviləsinə əsasən aparılmış kredit ödənişlərinin geri tələb edilməsinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 03 dekabr 2013-cü il tarixli 17-A-1-0-6682-13 saylı zaminlik müqaviləsinə əsasən zamin tərəfindən ödənilmiş 6256 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, 03 dekabr 2013-cü il tarixdə "xxxx" İKB-nin 6 saylı filialı ilə Cavabdeh arasında 17-A-1-0-6682-13 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə, illik 16% olmaqla 11450 manat kredit verilmişdir. Kreditin təyinatı 2013-cü il buraxılışlı, «Daewoo Gentra» markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA519551 ban, DFCX0165 mühərrik nömrəli, ağ rəngli avtomobilin alınması olmuşdur. Verilmiş kreditin təminatı olaraq «Daewoo Gentra» markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişir. Həmçinin, kreditin təminatı olaraq "xxxx" İKB-nin 6 saylı filialı ilə borclu Cavabdeh və zamin İddiaçı MMC arasında 03 dekabr 2013-cü il tarixli 17-A-1-0-6682-13 saylı zaminlik müqaviləsi bağlanmışdır. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyi üçün həmin öhdəliyin icrası barədə kreditor zaminə borcun ödənilməsi təklifini irəli sürmüş və zamin İddiaçı MMC öz hesabından borclunun banka ödənilməli olan borcunundan silinməsinə dair razılıq vermişdir. Nəticədə, İddiaçı MMC tərəfindən borcalan Cavabdeh 03 dekabr 2013-cü il tarixli 17-A-1-0-6682-13 saylı kredit müqaviləsi üzrə banka ödəməli olan borcundan 6256 manat ödəniş etmişdir. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin kreditor qarşısında borclunun bu müqavilənin 1.2-ci bəndində müqavilədən irəli gələn öhdəliyinin icra edilməsi üçün bu müqavilə ilə müəyyən edilmiş həcmdə cavabdehdir. 2.5.2-ci bəndinə əsasən müştərinin öz öhdəliklərinin yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi haqqında bankın xəbərdarlığını aldıqdan sonra borcalanın bank qarşısında öhdəliklərini tam və yaxud qismən yerinə yetirərək, tələb olunan məbləği banka ödəyə bilər. 2.5.5-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəliyi yerinə yetirdikdən sonra bu öhdəlik üzrə kreditorun borcalana qarşı olan hüquqlarını tələbin təmin edildiyi həcmdə əldə etmək zaminin hüququdur. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -"xxxx" İKB-nin 6 saylı filialı, borcalan Cavabdeh, zamin Azevrocar MMC arasında bağlanmış 03 dekabr 2013-cü il tarixli, 17-A-1-0-6682-13 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalana 48 ay müddətinə, illik 16% olmaqla 11450 manat kredit verilmiş, kreditin təminatı olaraq İddiaçı MMC borcalanın öhdəliklərinin icrasının təmini üsulu kimi bank qarşısında borcalan ilə birlikdə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. -Məhkəməyə təqdim olunmuş ödəniş tapşırıqlarından görünür ki, Azevrocar MMC tərəfindən Nikoyl İKB-nin hesabına 22.01.2014-cü il tarixdə 412 manat, 03.05.2014-cü il tarixdə 325 manat, 06.05.2014-cü il tarixdə 320 manat, 06.05.2014-cü il tarixdə 320 manat, 08.05.2014-cü il tarixdə 316 manat, 02.06.2014-cü il tarixdə 244 manat, 11.06.2014-cü il tarixdə 308 manat, 04.08.2014-cü il tarixdə 334 manat, 10.09.2014-cü il tarixdə 342 manat, 07.10.2014-cü il tarixdə 334 manat, 09.11.2014-cü il tarixdə 326 manat, 12.11.2014-cü il tarixdə 326 manat, 02.05.2015-ci il tarixdə 321 manat, 03.05.2015-ci il tarixdə 324 manat, 11.05.2015-ci il tarixdə 328 manat, 08.06.2015-ci il tarixdə 325 manat, 05.07.2015-ci il tarixdə 318 manat, 01.08.2015-ci il tarixdə 329 manat, 10.08.2015-ci il tarixdə 326 manat, 04.09.2015-ci il tarixdə 333 manat, 07.09.2015-ci il tarixdə 322 manat, 09.10.2015-ci il tarixdə 325 manat, 12.10.2015-ci il tarixdə 322 manat, 06.11.2015-ci il tarixdə 326 manat ödəniş edilmişdir. -Azevrocar MMC tərəfindən Cavabdeh ünvanlanmış 28.07.2021-ci il tarixli 380 saylı xəbərdarlıq məktubundan görünür ki, MMC tərəfindən borcalana kredit müqaviləsi üzrə ödənilmiş 6256 manat pul vəsaitinin 3 gün müddətində qaytarılması tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Azevrocar MMC-nin 08.10.2021-ci il tarixli 500 saylı arayışından görünür ki, zamin Azevrocar MMC tərəfindən 03.12.2013-cü il tarixli 17-A-1-0-6682-13 saylı zaminlik müqaviləsi üzrə Cavabdeh hesabına ümumilikdə 7806 manat ödəniş həyata keçirilmişdir. Cavabdeh tərəfindən Nikoyl İKB ASC-yə (Yelo Bank ASC) aparılmış ödənişlərdən 1550 manat məbləği zaminə geri qaytarılmışdır. Hazırda Cavabdeh Azevrocar MMC-yə 6256 manat borcu vardır. -04.12.2013-31.08.2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə banka sonuncu dəfə 01.06.2021-ci il tarixdə 100 manat ödəniş etmişdir. -Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya Hüquqi şəxslərin Dövlət Reyestrindən çıxarışdan görünür ki, İddiaçı adlı qurum, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə 02.09.2011-ci il tarixdə qeydiyyyata alınmış, qanuni təmsilçisi X2 adına 29.02.2016-cı il tarixdə **********414800 qeydiyyat nömrəsi ilə çıxarış verilmişdir. -Abşeron RPŞ tərəfindən verilmiş 16.07.2013-cü il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİnin Maps şöbəsi tərəfindən verilmiş 09.08.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri Ş.Əfəndizadə küçəsi 4A saylı evdə qeydiyyatdadır. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385-ci maddəsinə əsasən, öhdəlik anlayışı müəyyən edilmiş və göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1 maddəsinə əsasən, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 427.3 maddəsinə əsasən, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etməş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, borcalan, hazırki iş üzrə Cavabdeh "xxxx" İKB ASC ilə bağladığı 03 dekabr 2013-cü il tarixli, 17-A-1-0-6682-13 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən borcalana 48 ay müddətinə, illik 16% olmaqla 11450 manat kredit verilmiş, kreditin təminatı olaraq İddiaçı MMC borcalanın öhdəliklərinin icrasının təmini üsulu kimi bank qarşısında borcalan ilə birlikdə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərini tam və vaxtında yerinə yetirməyən cavabdehin kreditor qarşısında öhdəliyi yaranmış və həmin öhdəliklərin icrasının təmin edilməsi təklifi kreditor tərəfindən zaminə, yəni hazırki iş üzrə iddiaçı Azevrocar MMC-yə təklif olunmuş, cavabdehin bank qaşısında kredit öhdəliyi hazırki iş üzrə iddiaçı tərəfindən icra edilərək öhdəlik yerinə yetirilmişdir. Hazırda, iddiaçının, yəni kredit müqaviləsi üzrə zamin dayanmış Azevrocar MMC-nin borcalanına münasibətdə reqres qaydada borcu tələb etmək hüququ yarandığından iddiaçı onun tərəfindən ödənilmiş 6256 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Məcəllənin: 196-cı maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. 509.1. maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. 509.2. maddəsinə əsasən əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. 509.3. maddəsinə əsasən kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi nəticəsində bank qarşısında yaranmış kredit öhdəliyinin iddiaçı tərəfindən ödənilməsi, sonuncunun hazırki iş üzrə iddiaçı qarşısında 6256 manat borcunun qalması Azevrocar MMC-nin 08.10.2021-ci il tarixli 500 saylı arayışı ilə də öz təsdiqini tapmışdır. Belə ki, həmin arayışa əsasən, zamin Azevrocar MMC tərəfindən 03.12.2013-cü il tarixli 17-A-1-0-6682-13 saylı zaminlik müqaviləsi üzrə Cavabdeh hesabına ümumilikdə 7806 manat ödəniş həyata keçirilmiş, Cavabdeh tərəfindən Nikoyl İKB ASC-yə (Yelo Bank ASC) aparılmış ödənişlərdən 1550 manat məbləğ zaminə geri qaytarılmış, hazırda Cavabdeh Azevrocar MMC-yə 6256 manat borcu qalmışdır. Nəticə etibarı ilə, məhkəmə hesab edir ki, İddiaçı MMC-nin iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 17-A-1-0-6682-13 saylı zaminlik müqaviləsinə əsasən zamin tərəfindən ödənilmiş 6256 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edildiyindən, iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat pul vəsaiti cavabdehdən tutulub iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh 03 dekabr 2013-cü il tarixli, 17-A-1-0-6682-13 saylı zaminlik müqaviləsinə əsasən zamin Azevrocar MMC tərəfindən ödənilmiş 6256 (altı min iki yüz əlli altı) manat pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq Azevrocar MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar