Məhkəmə qərarları › İş №2(012)-521/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-521/2023

08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-521/2023 08.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilin təhvil verilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilin təhvil verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, Quşçuluq yaşayış massivində 5 nömrəli məktəbin yanında yeni inşa edilmiş 6 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 92,21 kv.metr olan üç otaqlı mənzilin ona təhvil verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Cavabdeh Xırdalan şəhəri, Heydər Əliyev prospekti ünvanında çoxmərtəbəli yaşayış binasını tikirdi və o, Cavabdeh tikinti materialları ilə təmin etdiyinə görə həmin binanın 3-cü mərtəbəsində ümumi sahəsi 92,21 kv.metrdən ibarət olan təmirsiz mənzili verməyi öz öhdəsinə götürmüş və bu barədə xx.xx.2020-ci ildə notarial qaydada təsdiq edilmiş ərizə təqdim etmişdir. Aralarında olan razılaşmaya əsasən o, üzərinə düşən öhdəliyi tamamilə və vaxtında icra etmiş və cavabdeh ona altı mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində olan 92,21 kv.metrdən ibarət olan təmirsiz mənzili ona təhvil vermişdir. Bir müddətdən sonra onun həyat yoldaşının səhhətində ciddi problemlər yaranmış və o, ehtiyac üzündən həmin mənzili satmaq qərarına gəlmişdir. 2021-ci il yanvar ayında uzun illər onunla dostluq münasibətində olan X1 həmin mənzili satmaq istədiyini bildirmiş, o da öz növbəsində həmin mənzili dostu və tanışı olan X2 təklif etmişdir. Bundan sonra onlar belə razılığa gəlmişlər ki, 4 ay ərzində 55000 manatı ödəyər. Ramil Məhərrəmov ona bildirəndə ki, qalan pulu hissə-hissə verəcək, ona demişdir ki, mənzili 60000 manata satır. Bu şərtlə hamı razılaşmışdır. Birinci ay ona 15000 manat vermiş, qalan pulu isə hər ay ödəyəcəyini bildirmişdir. Lakin bir müddət sonra Ramil Məhərrəmov pulu ödəməmişdir. Bir müddət keçdikdən sonra hissə-hissə ona 30000 manat da ödəmişlər, lakin qalan borcu ödəmirlər və ödəməkdən də boyun qaçırırlar. Bu məsələ ilə bağlı o, Abşeron rayon Polis İdarəsinə şikayət etmiş və xx.xx.2022-ci ildə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. O, Cavabdeh, həmçinin X1 və X2 mübahisəli mənzillə bağlı heç bir sənəd və ya etibarnamə verməmişdir. Onlar birləşib mübahisəli mənzili satıb, pullarını mənimsəmişlər. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Abşeron rayonu 2 saylı Notariat Ofisinin notariusu tərəfindən 8İ-1830 reyestr nömrəsilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasına İddiaçı tərəfindən tikinti materialı (beton) ilə təmin etdiyi üçün həmin ünvanda inşa etdiyi yaşayış binasından onu 3-cü mərtəbədə 92,21 kv.metr ümumi sahədən ibarət olan təmirsiz mənzillə təmin edəcəyi barədə öhdəlik götürmüşdür. İşdə olan Abşeron RPİ İŞ-nin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı Abşeron rayon polis idarəsinə müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Mülki Məcəllənin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. İddiaçı tərəfin təqdim etdiyi sübutları qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, mübahisəli yaşayış sahəsini alması barədə iddiaçının dəlilləri iddianın təmin edilməsi üçün kifayət etmir. Belə ki, mövcud qanunvericiliyə görə mənzillər notarial qaydada təsdiq edilmiş ərizələrlə deyil, alqı-satqı müqavilələri ilə özgəninkiləşdirilir. Beləliklə, Cavabdeh mübahisəli mənzili təhvil verməsilə bağlı İddiaçı qarşısında hər hansı öhdəliyi olmadığından məhkəmə iddianın təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilin təhvil verilməsi barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar