Məhkəmə qərarları › İş №2(012)-5292/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5292/2023

30.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5292/2023 30.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil Dünyamalı oğlunun, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 qarşı yaşayış sahəsinə köçürülmə barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 qarşı yaşayış sahəsinə köçürülmə barədə iddia qaldıraraq, onun azyaşlı övladı X4 iəl birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, Azadlıq küçəsində yerləşən cavabdehlərin yaşadıqları 2 mərtəbəli fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə 09 iyul 2017-cı il tarixində nikahı rəsmiləşdirməklə ailə qurmuşdur və birgə nikahdan doğulmuş 03 dekabr 2018 ci il təvəllüdlü X4 adlı bir övladları doğulmuşdur. Cavabdeh1lə ailə qurduqdan sonra, münasibətləri normal olmamışdır. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(028)-125/2020 saylı qətnaməsi ilə bu nikahın pozulması, azyaşlı uşağın onun himayəsində saxlanılmaqla onun yetkinlik yaşına çatana qədər saxlanılması üçün cababdehdən hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh1 ilə ailə qurduqdan dərhal sonra, o, Abşeron rayonu, Saray qəsəbəsi, Azadlıq küçəsində yerləşən ərinin ata-anası ilə birgə yaşadığı fərdi yaşayış evinə gəlin köçüb cavabdehlə birlikdə yaşamışdır. Hazırda da ona məxsus olan cehiz əşyaları həmin evdədir. 2018-ci ilin dekabr ayında cavabdehlər onu azyaşlı uşağı ilə evə buraxmadıqlarından, öz ata evində yaşamaq məcburiyyətində qalmışdır. Onların digər yaşayış yeri yoxdur. Cavabdehlər tərəfindən onun və azyaşlı uşağının bütün hüquqları pozulmuşdur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Vəkil Dünyamalı oğlu iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasında iddianı qəbul etmədilər və onun rədd olunmasını xahiş etdilər. İştirak etdikləri məhkəmə iclasında digər cavabdehlər Cavabdeh2 və X2 da iddiaya etiraz edərək onun təmin edilməməsini xahiş etdilər. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(028)-125/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ilə X5 arasındakı 09 iyul 2017-ci il tarixli nikahın pozulması, pozulması, birgə nikahdan doğulmuş 03 dekabr 2018 ci il təvəllüdlü X4 adlı azyaşlı uşağın anasının himayəsində saxlanılmaqla onun yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh1 hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İşdə olan AZ-İ 351367 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X5 arasındakı nikahın pozulması aktı xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır. Nikah pozulduqdan sonra, arvada Lətifzadə soyadı verilmişdir. İşdə olan Abşeron rayon İHB-nin Saray qəsəbə İƏD üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh2 öz ailəsi ilə birlikdə Saray qəsəbəsi, Azadlıq küçəsində olan evdə qeydiyyatsız yaşayır. İşdən görünür ki, mübahisəli tikintinin yerləşdiyi torpaq sahəsinə və tikintiyə dair heç bir hüquqmüəyyənedici sənəd mövcud deyil, yəni ev hazırda özbaşına tikinti sayılır. İddiaçı iddia edir ki, o, mübahisəli evin sahibinin keçmiş gəlini olduğundan azyaşlı uşağı ilə oraya köçürülməlidir. Mülki Məcəllənin 180-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Mübahisə ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl məhkəmə hesab edir ki, mübahisənin obyektiv və düzgün həlli üçün mübahisəli əmlakın hüququ statusu müəyyən edilməlidir. İş materialları ilə müəyyən edilir ki, mübahisəli tikintinin yerləşdiyi torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə dair mülkiyyət hüquqları qeydə alınmasa da, həmin əmlaklar tərəflərin nikahından da əvvəl cavabdehlərdən Cavabdeh2 sahiblik və istifadəsində olmuşdur. Bu halı məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi etiraf etmişdir. Daha öncə qeyd edildiyi kimi, mübahisəli daşınmaz əmlak hər hansı şəxsin adına dövlət reyrestrində qeydiyyata alınmamışdır. İşin faktiki hallarından məlum olur ki, mübahisəli tikintiyə faktiki sahibliyi həyata keçirən və ondan nikahdan da əvvəl istifadə edən Cavabdeh2 mübahisəli daşınmaz əmlaka dair qanuni gözlənti hüququ istisna edilmir. Tərəflərin 09 iyul 2017-ci ildə nikaha girmələri və xx.xx.2020-ci il tarixdə boşanmaları nəzərə alınarsa, mübahisəli evin onların birgə nikahı zamanı inşa edilməsi məhkəmənin qənaətinə görə istisna edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X3 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. İşin faktiki hallarından da göründüyü kimi, mübahisəli tikintinin iddiaçının özü və əri tərəfindən birgə nikahda olarkən inşa edilməsi barədə işdə hər hansı mötəbər sübut yoxdur. Eyni zamanda, bu tikinti ilə bağlı İddiaçı hər hansı iqtisadi marağının (tikintidə iştirak etməsi və s.) olması iş materialları ilə öz təsdiqini tapmır, mübahisəli tikintinin inşa edilməsində iddiaçının vəsaitinin xərclənməsi barədə işdə hər hansı sübut mövcud deyildir. Beləliklə, şərh olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 qarşı yaşayış sahəsinə köçürülmə barədə iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı mübahisəli əmlaka dair hər hansı hüququnun olmasına dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 qarşı yaşayış sahəsinə köçürülmə barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar