Məhkəmə qərarları › İş №2(012)-531/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-531/2022

25.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-531/2022 25.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı Ələsgər qızının, onun vəkil-nümayəndəsi Vəkil1, Cavabdeh, onun vəkilnümayəndəsi Vəkil2 iştirаkı ilə İddiaçı Cavabdeh qarşı uşaqların onun himayəsinə verilməsi və aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı uşaqların onun himayəsinə verilməsi və aliment tələbinə dair məhkəməyə müraciət edərək, birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X3 Cavabdeh alınaraq ona verilməsi, hər iki uşağın onun yanında saxlanılması və Cavabdeh hər iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat toplam 350 manat məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh ilə 11 ilə yaxın müddətdə rəsmi nikah olmadan vətəndaş nikahı ilə yaşamış və onların birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X12, xx.xx.2012-ci il təvəllüdlü X8 dünyaya gəlmişdir. Qısa müddət öncə tərəflər arasında anlaşılmazlıq olmuş, xx.xx.2021-ci il tarixində İddiaçı Cavabdeh tərəfindən övladları ilə birlikdə yaşadıqları evdən kənarlaşdırılımışdır. Halhazırda Cavabdeh İddiaçı aldadaraq övladları ilə ünsiyyət qurma bəhanəsi ilə hər iki övladını götürmüş və hal-hazırda övladlarının iddiaçı ilə yaşamasına maneə törədir. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. İddiaçı Ələsgər qızı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, iş üzrə alınmış qəyyumluq rəyi və ekspert rəyi ilə razı deyildir. İddiaçı Ələsgər qızının vəkil-nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi. Qeyd etdi ki, uşaqlar məhkəmə iclasında da qeyd etdikləri kimi onun yanında qalmaq istəyirlər. Uşaqlara o və valideynləri baxır. İş üzrə qəyyumluq rəyi və ekspert rəyi ilə razıdır. Odur ki, iddia tələbinin rədd edilməsi, uşaqların onun himayəsinə verilməsi barədə qətnamə qəbul edilməsin xahiş etdi. Cavabdeh vəkil-nümayəndəsi Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirərək, rədd edilməsi, uşaqların cavabdehin yanında qalması barədə qətnamə qəbul edilməsin xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 192.3. maddəsinə əsasən uşaqların hüquq və mənafeləri ilə bağlı mübahisələrin həlli zamanı mübahisə ilə mənafelərinə toxunulan uşaqların fikrinin öyrənilməsi uşağın təhsil aldığı müəssisənin nümayəndəsinin iştirakı ilə aparılır. Zəruri halda həmin iclasda uşağın valideynləri, övladlığa götürənlər, qəyyum və ya himayəçi də iştirak edə bilər. Göstərilən şəxslər sədrlik edənin icazəsi ilə uşağa suallar verə bilərlər. Məhkəmənin dəvəti ilə xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X3 təhsil aldığı Abşeron rayonu Novxanı kənd 2 nömrəli orta məktəb nümayəndəsi qismində dindirilmiş Babaşova Məryəm Elsevən qızı bildirmişdir ki, uşaqların davamiyyəti normaldır. Problemləri yoxdur. Yaxşı, tərbiyəli uşaqdırlar. Uşaqları ayrı-ayrılıqda dindirmişdir. Məhkəmə iclasında nə demişdilərsə eyni izahatı ona da vermişlər. Uşaqların nənəsini də görmüşdür. Nənə uşaqların iddiaçı ilə qalmağını istəmir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin faktiki nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X8 anadan olmuşdur. xx.xx.2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Abşeron RPİ-nə ərizə ilə müraciət edərək, xx.xx.2021-ci il tarixdə keçmiş əri Cavabdeh onu Novxanı qəsəbəsində əvvəllər birgə yaşadıqları evdə sözlə öldürməklə hədələməsi, eləcə də, Cavabdeh məhkəmə qərarı olmadan övladlarını ona göstərməməsi barədə məlumat vermiş və Cavabdeh barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı müraciətində göstərdiyi xüsusatlarla bağlı mülki qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Məhkəmə iclasında tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X6 valideynlərindən hansının yanında qalmasına dair fikri dinlənilmiş, o, atasının yanında qalmaq istədiyini bildirmişdir. Qeyd etmişdir ki, Abşeron rayon Novxanı kəndi 2 saylı orta məktəbdə oxuyur. Dərslərinə Aydın babası köməklik edir. Nənəsi İradə, babası Aydın, qardaşı Məhəmməd, atası Rəcəb ilə birlikdə yaşayır. Anası 6-7 ay olar onlarla yaşamır. Getdiyi vaxtdan onları görməyə gəlməmişdir, amma zəng vurur, onlarla maraqlanır. Məhkəmə iclasında xx.xx.2012-ci il təvəllüdlü X2 valideynlərindən hansının yanında qalmasına dair fikri dinlənilmiş, o, atası ilə qalmaq istədiyini bildirmişdir. Qeyd etmişdir ki, 9 yaşı var. Anası özü evdən getmək istəyirdi. Evdən gedərkən məktub da yazmışdır. Atası ilə qalmaq istəyir. Anasının dərslərdən anlayışı yoxdur, bu səbəbdən onlarla məşğul olmur. Onların yemək, geyim, gəzmək işləri ilə də nənəsi məşğul olur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinin tələbindən görünür ki, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.4. maddəsində göstərilir ki, valideynlər ayrı yaşadıqda və uşaqların yaşayış yeri barədə onların arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 61.3. maddəsinə görə uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında razılığa gələ bilmədikdə mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Məhkəmə tərəflər arasında uşaqların hansı valideyinin yanında qalması barədə mübahisəni və uşaqların mənafeyini nəzərə alaraq 06 dekabr 2021-ci il tarixli qərardadına əsasən iş üzrə rəy verilməsi üçün mülki işi Abşeron rayon İcra Hakimiyyəti Övladlıq və Qəyyumluq Komissiyasına göndərmişdir. Abşeron rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2022-ci il tarixli 09 №-li rəyindən görünür ki, Komissiya üzvləri, hər iki tərəfi dinlədikdən sonra azyaşlılar xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X1 hüquq və mənafelərini, atalarına olan sevgilərini, onların xahişini, psixoloqların rəyini, komissiya üzvülərinin fikirlərini nəzərə alaraq, azyaşlılar xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X3 ataları Cavabdeh himayəsinə verilməsini məqsədəmüvafiq hesab edir. Rəyə əlavə edilmiş xx.xx.2022-ci il tarixli Müayinə aktından görünür ki, Komissiya üzvüləri hər iki tərəfin yaşayış şəratini, müayinə edərkən məlum olmuşdur ki, İddiaçı Sumqayıt bağları qurd dərəsində valideynlərinə məxsus bağ evində 3 otaqlı mənzildə yaşayır. Mənzilin yaşayış üçün şəraiti normaldır. Cavabdeh Nəsirov X11 bağlar ərazisində valideynlərinə məxsus 4 otaqlı həyət evində uşaqları ilə birlikdə yaşayır. Mənzilin yaşayış üçün şəraiti normaldır. Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-531/2022 saylı qərardadı əsasında xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X3 hazırki psixoloji durumunun hansı vəziyyətdə olmasını, xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X4 ifadələri özlərinin sərbəst iradəsinin ifadəsi, yoxsa psixoloji təsir altında olmasını müəyyən etmək üçün iş üzrə məhkəmə psixoloji-tibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyul 2022-ci il tarixli 11/245 nömrəli rəyindən müəyyən edilir ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X8 psixi cəhətdən normal inkişaf etmişdir. Onların əqli inkişafı yaşlarına və onları əhatə edən sosial mikromühitə uyğundur. Valideynləri arasındakı qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik yetkinlik yaşına çatmayan X12 və X3 emosional-iradi sferasına neqativ təsir göstərmişdir. xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X3 hal-hazırda atası Cavabdeh bağlılıqları üzə çıxmaqla, anası İddiaçı bağlılıqları müəyyən olunmur. xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X8 psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil olaraq formalaşdırmaq və sərbəst qərar qəbul etmək qabiliyyətinə malik olmaqla, onların psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamalarını seçməklə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 11 ilə yaxın faktiki nikahda olmuşlar. Onların birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X12, xx.xx.2012-ci il təvəllüdlü X8 dünyaya gəlmişdir. Qısa müddət öncə tərəflər arasında anlaşılmazlıq olmuş, hazırda ayrı yaşayırlar, uşaqlar hazırda cavabdehin himayəsindədir. Hazırda İddiaçı Cavabdeh qarşı uşaqların onun himayəsinə verilməsi və aliment tələbinə dair məhkəməyə müraciət etmişdir. Lakin işin araşdırılan hallarından göründüyü kimi tərəflərin faktiki nikahlarından olan xx.xx.2010-cu il təvəllüdlü X12, xx.xx.2012-ci il təvəllüdlü X8 atasının himayəsindədir və atasının himayəsində də qalıb yaşamaq istəyirlər.Bu istək onların sərbəst iradə ifadələridir. Məhkəmə işin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verərək, uşaqların birlikdə atalarının himayəsində yaşamalarını onlar normal inkişaf etmələri, yaşamaları, birbiri ilə ünsiyyətdə olmaları baxımından daha məqsədəuyğun hesab edir ki, məhkəmə bu əsasda iddianın rədd edilməsini lazım bilir. Məhkəmə həmçini, qeyd edir ki, iddiaçı iddia ərizəsində və izahatında birgə nikahdan anadan olmuş uşaqlarının onun yanında qalması tələbini cavabdehin övladları ilə birlikdə onu evdən kənarlaşdırdığı ilə əsaslandırsa da, cavabdehin həmin hərəkətləri ilə bağlı hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir.İddiaçı yaşadıqları evi tək özü tərk edib getmişdir, uşaqlar isə atalarının yanında qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının; 17-ci maddəsinə görə, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi mülkiyyətindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinə əsasən, atalıq və uşaqlıq qanunla mühafizə edilir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcələsinin; 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. 63.1-ci maddəsinə əsasən, valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli №8-2/2016 saylı qərarının 7.1. bəndində göstərilir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə, uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa, valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır. Həmin Qanunun 19-cu maddəsinə görə, valideynlərin uşaqların tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və mili dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqları barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşaqların maraqları naminə yol verilə bilər. Beləliklə Məhkəmə işin araşdırılan hallarını və qanunun yuxarıda göstərilən normalarını nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı uşaqların onun himayəsinə verilməsi və aliment tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilən olan məbləğlər daxildir. İddia tələbi təmin edilmədiyinə görə, ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı uşaqların onun himayəsinə verilməsi və aliment tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şıkayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar