Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5329/2025 29.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Hüseynova Ülviyyə Əliağa qızının katibliyi, İddiaçı, Cavabdeh Əlizadə qızının, onun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh Əlizadə qızına qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Əlizadə qızının onun şəxsi mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsi ev 134 saylı evdən əmlakı ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində cavabdeh şəxsin ata adının “Əzzadə” deyil, “Əlizadə” oxunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, AR ƏMDK-nın yanında DƏDKRX-nın ********** saylı, xx.xx.2022-ci il tarixli çıxarışına əsasən, ünvan 1-də yerləşməklə fərdi yaşayış evinin sahəsi 89,30 m2, olmaqla 3 otaqdan ibarətdir. Həmin mənzil üzərində mülkiyyət hüquqların AR ƏMDK-nın yanında DƏDKRXnın idarəsində xx.xx.2022-ci ildə qeydə alınmış və adına ********** saylı qeydiyyat nömrəsinə əsasən çıxarış verilmişdir. Cavabdeh Əlizadə qızı atası X1 ikinci həyat yoldaşıdır. Belə ki, atası 2024-cü ildə cavabdehlə ailə həyatı qurmuş və 2024-cü ildən qeydiyyatımda olan mənzildə qeydiyyatsız yaşayırlar. Cavabdehin mənzilində yaşaması ona bir çox problemlər yaratmışdır. Belə ki, bütün problemlərin həlli məsələsi onun üzərindədir. Torpaq vergisi, kommunal xərclərin hər ay ödənməsi ona çətinlik yaradır. O, maliyyə səbəbindən ödənişləri vaxtı-vaxtında ödəyə bilmir və nəticədə borc yaranır. Hərbi xidmətdən o, 2024-cü ilin oktyabr 30-da təxris olunmuşdur. Özü isə necə ildir ki, nişanlıdır, yuxarıda göstərdiyi problemlər səbəbindən ailə həyatı qura bilmir. Cavabdeh Əlizadə qızına şifahi qaydada dəfələrlə evdən çıxması ilə bağlı xəbərdarlıq etməyinə baxmayaraq, cavabdeh bugünədək evdən çıxmamışdır. Odur ki, bununla əlaqədar məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən, iddia ərizəsinin təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh Əlizadə qızı izahatında və etirazında bildirmişdir ki, o, ünvan 1 Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Mülki Prosessual Məcəlləsinin və digər müvafiq normativ aktların müddəalarına əsaslanaraq, İddiaçı tərəfindən verilmiş mənzildən çıxarılma tələbinə qarşı aşağıdakı etirazı bildirir. O, Əkbər Balakişiyevin ikinci həyat yoldaşıdır. Məlumdur ki, ata öz mülkiyyətində olan ünvan 1 saylı mənzilini İddiaçı qanuni qaydada bağışlamışdır. Bağışlama müqaviləsi dövlət qeydiyyatına alınmışdır. Mənzil artıq oğulun qanuni mülkiyyətindədir və bu mənzilə dair hüquqlar yalnız mülkiyyət qanunvericiliyinə uyğun müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178-ci maddəsinə əsasən, mülkiyyət hüququ toxunulmazdır və qanunla qorunur. Ata tərəfindən oğula verilmiş bağışlama müqaviləsi qanuni qüvvəyə malikdir və qeydiyyata alınmışdır. Lakin həyat yoldaşı Əkbər Balakişiyevin həmin mənzil üzərində mülkiyyət hüququ vardır. Onunla isə rəsmi nikah bağladığı üçün əmlakın həyat yoldaşının payına münasibətdə həmin evdə yaşamaq hüququ yaranır. Mülki Məcəllənin 277-ci maddəsinə əsasən, bağışlama müqaviləsi tərəflərin iradəsinin azad və şüurlu ifadəsidir və bağışlanan əmlak bağışlanan şəxsin mülkiyyətinə keçir. Müqavilə qanuni prosedura uyğun bağlanıb, hüquqi nəticələri doğurur. İddiaçı mənzildən çıxarılma tələb edir ki, bu qanuni əsaslardan məhrumdur. O, ikinci həyat yoldaşı olaraq, bu iddiaya qarşı çıxır, çünki mənzilin mülkiyyətçisi oğlu olsa da, əri də həmin mənzildə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37-ci maddəsinə əsasən, ikinci həyat yoldaşının yaşayış hüququ məsələsi yalnız müvafiq qanunvericilik çərçivəsində tənzimlənə bilər və bu halda mənim hüquqlarıma qarşı iddia irəli sürülməsi qanuna ziddir. Mülki Prosessual Məcəllənin 132-ci maddəsi iddiaçının mülkiyyət hüququnu təsdiq edən sənədlər təqdim etməsini tələb edir, iddiaçı bu sənədlər əsasında hüququnu təsdiq etmişdir. Buna görə də, onun mənzildən çıxarılmağı tələbi qanunla ziddiyyət təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 129 və 130-cu maddələrinə əsasən, iddia ərizəsi məhkəməyə təqdim edilərkən forma və məzmun baxımından müəyyən tələblərə cavab verməlidir, iddia ərizəsində aşağıdakı çatışmazlıqlar mövcuddur. İddia ərizəsində konkret hüquqi əsaslar və sübutlar tam şəkildə göstərilməmişdir. Əmlakın mülkiyyət hüququna dair sənədlər iddia ilə birlikdə təqdim edilməyib və ya qeyri-dəqiqdir. İddia ərizəsində dəqiq tələb və əsaslandırma formal tələblərə cavab vermir. Bu səbəbdən, iddia ərizəsinin forma və məzmun tələblərinə uyğun olmaması iddianın təmin edilməməsi üçün əsasdır. İddiaçının mənzildən çıxarılma tələbi, bağışlama müqaviləsinin hüquqi qüvvəsi və qeydiyyat statusu nəzərə alınmadan irəli sürülmüşdür. Bu, mülkiyyət hüququnun pozulmasıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178-ci maddəsi, Mülki Prosessual Məcəlləsinin 132-ci maddəsi və Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsi nəzərə alınaraq, İddiaçı tərəfindən verilmiş mənzildən çıxarılma tələbinin təmin edilməməsini, iddianın qismən və ya tam rədd edilməsini, məhkəmə iclasında onun və digər iştirakçıların ifadələrinin dinlənilməsini, məhkəmə xərclərinin iddiaçı üzərinə qoyulmasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Əlizadə qızının nümayəndəsi X2 cavabdehin izahatına uyğun izahat vermişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********82-10301 reyestr nömrəsi ilə xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdır. -1 saylı Sumqayıt Regional “ASAN Xidmət” X4 tərəfindən verilmiş AZ-İİ 588082 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X2 ilə X3 arasında xx.xx.2023-cü il tarixli 1453 nömrəli rəsmi nikah bağlanmışdır. -Asan-Sumqayıt tərəfindən verilmiş Azərbaycan Respublikası Daxili İşlər xx.xx.2025ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, İddiaçı başqa ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olan heç bir şəxs yoxdur. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sübutlara əsasən müəyyən olunmuşdur ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********82-10301 reyestr nömrəsi ilə xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdır. İddia ərizəsindən göründüyü kimi sözügedən fərdi yaşayış evi dövlət reyestrindən verilmiş çıxarışa əsasən iddiaçının mülkiyyətində olmasına baxmayaraq, cavabdeh həmin evdən çıxmayaraq, iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. Bu səbəbdən hazırda iddiaçı məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. maddəsinə əsasən əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir». Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixində qüvvəyə minmiş Mənzil Məcəlləsinin: 30.1. maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Məhkəmədə işin araşdırılan hallarından göründüyü kimi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi çıxarışa əsasən İddiaçı istifadə, sahibliyi və mülkiyyətinə keçmişdir. Həmçinin iş materiallarında olan nikah haqqında şəhadətnamədən göründüyü kimi iddiaçının atası X2 ilə X3 arasında xx.xx.2023-cü il tarixli 1453 nömrəli rəsmi nikah bağlanmışdır. Göründüyü kimi cavabdeh X3 iddiaçının ailə üzvü hesab edilmir. Həmçinin cavabdehin mülkiyyətçi ilə birlikdə yaşaması üçün mülkiyyətçi ilə hər hansı razılaşması olmamışdır. Ona görə də iddiaçının qanunla qorunan mülkiyyət və digər hüquqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və Cavabdeh Əlizadə qızı İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı dövlət rüsumunu tələb etmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh Əlizadə qızı İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsi 134 saylı evdən əşyaları ilə birlikdə çıxarılsın. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-5329/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5329/2025
29.12.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver