Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5370/2025 12.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, Cavabdeh1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilələrin etibarsız hesab edilməsi və pay hüququnun tanınması" tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilələrin etibarsız hesab edilməsi və pay hüququnun tanınması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh3 arasında xx.xx.2023-cü ildə “KİA CEED” minik markalı, 21BH840 dövlət qeydiyyat nişanlı və Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2022-ci ildə “Opel Astra” minik markalı, 21BH436 dövlət qeydiyyat nişanlı avtomobillərə dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, “KİA CEED” minik markalı (2007-ci il buraxılışlı, U5YFF52428L021570 Ban nömrəli, açıq qəhvəyi metallik rəngli), 21BH840 dövlət qeydiyyat nişanlı və “Opel Astra” minik markalı (2009-cu il buraxılışlı, WOL0AHL********** Ban nömrəli, Ağ rəngli), 21BH436 dövlət qeydiyyat nişanlı avtomobillər üzərində ½ hissədə onun, ½ hissədə Cavabdeh1 pay hüququnun müəyyən edilməsi, habelə ödənilmiş dövlət rüsumu və mediasiya xərci kimi ödənilmiş 60 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin 2(042)- 91/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, onunla Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixində bağlanmış, Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən həmin tarixli, 127 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. Həmin qətnamədən də göründüyü kimi cavabdehlə xx.xx.2018-ci il tarixdə Gədəbəy rayon Qeydiyyat şöbəsində nikaha daxil olmuş və münasibətləri 127 nömrəli aktla qeydə aldırmışlar. Onlar nikah dövründə birlikdə təsərrüfat aparmaqla Gədəbəydə yerləşən mənzildə yaşamışlar. Sonradan cavabdeh onu özünə məxsus olduğunu bildirdiyi ünvan 1 ünvanında yerləşən mənzildə yaşamağa gedəcəkləri adı ilə həmin mənzilə yerləşdirərək həmin mənzili təmir etdirmişdi. Sonradan qaynı X3 ona qarşı "mənzildən çıxarılma tələbinə dair" iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərkən ona məlum olmuşdur ki, mənzil ərinin yox qaynının adına sənədləşdirilmişdir. Onlar birgə nikah dövründə KİA CEED Minik markalı (2007-ci il buraxılışlı, U5YFF52428L021570 Ban nömrəli, Açıq qəhvəyi metallik rəngli), 21BH840 dövlət qeydiyyat nişanlı avtomobili və X12 markalı (2009-cu il buraxılışlı, W0L0AHL********** Ban nömrəli, Ağ rəngli), 21BH436 dövlət qeydiyyat nişanlı avtomobil əldə etmişdirlər. Cavabdeh nikah münasibətlərinin pisləşdiyi vaxt onun xəbəri, razılığı olmadan onu Bakıya köçüb daimi yaşayacağı adı ilə aldadıb həmin əmlakları formal satmışdır. Belə ki, iddia ərizəsinə əlavə etdiyi sorğunun cavabından da göründüyü kimi o, KİA CEED Minik markalı, 21BH840 dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh3 (xx.xx.2023-cü ildə, 77LV873 d.q.n). X12 markalı, 21BH436 dövlət qeydiyyat nişanlı avtomobili isə Cavabdeh2 (xx.xx.2022-ci ildə, 10CA055) adına sənədləşdirmişdir. O, həmin alqı-satqılardan yalnız xx.xx.2025-ci ildə xəbər tutmuşdur və həmin alqı-satqıdan xəbəri olmadığı kimi, həmin alqı-satqıdan bir manat belə ailə ehtiyacına xərclənməyib. Cavabdehin nikahın pozulması qətnaməsində də bildirdiyi kimi cavabdeh onunla evli ola-ola başqa bir xanımla ailə qurmuş və bütün bu hərəkətləri onunla planlaşdırmışdır. Qeyd olunanlar barədə cavabdehlə razılıq əldə etmədiyindəndən nikah dövründə əldə etdiyi avtomobillərin alqı-satqı müqavilələrinin etibarsız sayılması və həmin avtomobillərin üzərində ½ pay hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh1 iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı ona qarşı Abşeron Rayon Məhkəməsinə “müqavilənin etibarsız hesab edilməsi və avtomobil üzərində payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək KİA CEED Minik markalı 21BH840 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dair bağlanmış və X12 markalı 21BH436 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi və həmin avtomobillər üzərində ½ hissə pay hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, İddiaçı onlara qarşı Gədəbəy rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, X1 adına olan Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən fərdi yaşayış evində və həyətyanı torpaq sahəsində aparılan təmir-tikinti işlərinə çəkilmiş 20000 manat pulun yarısının, yəni 10000 manat pulun və məhkəmə xərclərinin cavabdehlərdən alınıb ona verilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmiş, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə verərək X1 adına olan Gədəbəy rayonu, Söydlü kəndində yerləşən fərdi yaşayış evində və həyətyanı torpaq sahəsində aparılan təmirtikinti işlərinə çəkilmiş 36000 manat pulun yarısının, yəni 18000 manat pulun, həmçinin qızıl-zinət əşyalarının və KİA CEED Minik markalı 21BH840 dövlət qeydiyyat nömrə nişanlı və X12 markalı 21BH436 dövlət qeydiyyat nömrə nişanlı avtomobillərin, onlar olmadıqda isə dəyərinin cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. İşin məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, lakin iddiaçı ərizənin baxılmamış saxlanılması barədə ərizə verdiyinə görə məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2(042)-1097/2025 saylı qərardadı ilə ərizə baxılmamış saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə o, iddia tələbinə etiraz edir və hesab edir ki, iddia tələbi tamamilə əsassız olduğundan rədd edilməlidir. Belə ki, o, xx.xx.2018-ci il tarixdə İddiaçı ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, nikahlarını Gədəbəy rayon Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Birgə nikahlarından övladları olmamışdır. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-91/2025 saylı qətnaməsi ilə İddiaçı ilə arasında olan nikah pozulmuşdur. İddiaçı iddia ərizəsində Cavabdeh3 ilə xx.xx.2023-cü ildə KİA CEED minik markalı, 21BH840 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dair bağlanmış və Cavabdeh2 ilə xx.xx.2022-ci ildə X12 markalı 21BH436 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin avtomobillər üzərində ½ hissə iddiaçının, ½ hissə onun pay hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birincisi, onun faktiki olaraq mülkiyyətində qeyd olunan nəqliyyat vasitələri heç vaxt olmamışdır. Belə ki, onun X8 adında şəxslə tanışlığı olmuş, o, xarici ölkədən avtomobil gətirib satmaqla məşğul olmuşdur. Zahirlə tanışlığı olduğu üçün o, Azərbaycana gətirdiyi KİA CEED Minik markalı 21BH840 dövlət qeydiyyat nömrə nişanlı və X12 markalı 21BH436 dövlət qeydiyyat nömrə nişanlı avtomobilləri gömrükdə onun adına rəsmiləşdirmiş, sonra isə onun verdiyi etibarnamə əsasında avtomobilləri başqa şəxslərə (Cavabdeh3 və Cavabdeh2) satmışdır. Həmin şəxsləri o, heç vaxt görməmiş və tanımır. İddiaçının təqdim etdiyi, iş materiallarında olan Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş qeydiyyatdan çıxarılan nəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri barədə məlumatların komputer çıxarışından da görünür ki, KİA CEED minik markalı 21BH840 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə **********353 nömrəli gömrük vəsiqəsi əsasında adına qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixdə adından X9 adlı şəxsə, xx.xx.2023-cü il tarixdə X8 adlı şəxsə etibarnamə verilmiş, xx.xx.2023-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. Eləcə də, X12 markalı 21BH436 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə **********2381 nömrəli gömrük vəsiqəsi əsasında adına qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi, hər iki nəqliyyat vasitəsi heç vaxt onun faktiki sahibliyində olmamış, həmin avtomobillər iddiaçı ilə onun qazancı hesabına əldə edilməmiş və həmin avtomobillərə görə o, heç bir məbləğdə gəlir əldə etməmişdir. Bu halı təsdiq etmək üçün X6 məhkəmədə şahid qismində dindirilməsini xahiş edir. İkincisi, sözügedən nəqliyyat vasitələri məhz iddiaçı ilə birgə nikahda olduğu dövrdə özgəninkiləşdirilmişdir. Həmin avtomobillər faktiki olaraq ona məxsus olsa belə, (baxmayaraq ki belə bir hal yoxdur), KİA CEED minik markalı 21BH840 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2023-cü il tarixdə X9 adlı şəxsə sərəncam hüququ barədə etibarnamə verilərək, X12 markalı 21BH436 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi isə xx.xx.2022-ci il tarixdə adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. O, iddiaçı ilə faktiki olaraq 2023-cü ilin iyun ayının 14-də ayrılmışdır. Nəqliyyat vasitələri iddiaçı ilə birgə nikah dövründə özgəninkiləşdirildiyindən, bu əsasla da avtomobilin dəyərinin bölünməsi üçün heç bir hüquqi əsas yoxdur. Qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının iddia tələbi əsassız olduğundan rədd edilməlidir. xx.xx.2026-ci il tarixli məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X3 iddianı qəbul etmədi və onun təmin edilməməsini xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, tərəflərin münasibətləri 2023-cü ilin əvvəllərindən pozulub. xx.xx.2026-ci il tarixli məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, qardaşının verdiyi etibarnamə əsasında avtomobillər Azərbaycana gətiriləndə qardaşının xəbəri olmadan satılmışdır. Zahid avtomobilləri satan şəxsdir və onlar avtomobil alqı-satqısı ilə məşğul olurlar. Avtomobili 10 aydan sonra sata bildiyi üçün həmin vaxt satılmışdır. Zahid iddiaçının əmisi oğludur, Zahid Nailə xanımın da adına avtomobillər gətirmişdir. Qardaşı avtomobillərin satışında iştirak etməmiş və ona satışdan pul da verilməmişdir. Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, lakin xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək, məhkəməyə gəlməyə imkanının olmadığını, “Opel Astra” markalı avtomobili X5 aldığını, İddiaçı və Cavabdeh1 tanımadığını və görmədiyini bildirmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh3 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(012)- 91/2025 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2028-ci ildə bağlanmış, Gədəbəy rayon Qetdiyyat Şöbəsi tərəfindən həmin tarixli, 127 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli BB 332031 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “KİA CEED” minik markalı 21BH840 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş nəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri barədə məlumatların komoputer çıxarışından görünür ki, “KİA CEED” minik markalı 21BH840 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adına qeydiyyat alınmış, alqı-satqı müqaviləsi əsasında qeydiyyatdan çıxarılaraq xx.xx.2023-cü il tarixdə Cavabdeh3 adına qeydiyyata alınmışdır. X12 markalı 21BH436 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adına qeydiyyat alınmış, alqı-satqı müqaviləsi əsasında qeydiyyatdan çıxarılaraq xx.xx.2022-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Sorğu edilərək alınmış və iş materiallarında olan xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 “Opel Astra” minik markalı, 21BH436 dövlət qeydiyyat nişanlı avtomobili 6500 manat pula Cavabdeh2 satmışdır. Sorğu edilərək alınmış və iş materiallarında olan xx.xx.2023-cü il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 “KİA CEED” minik markalı, 21BH840 dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh3 satmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur; Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir; Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir; Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, İddiaçı ilə Cavabdeh1 xx.xx.2018-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahlarından uşaqları doğulmamışdır. Onlar arasındakı nikah Gədəbəy rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(042)-91/2025 saylı qətnaməsi ilə pozulmuşdur. İddiaçı tərəfindən birgə nikah dövründə əldə olunmuş əmlak olduğu irəli sürülən “KİA CEED” minik markalı, 21BH840 dövlət qeydiyyat nişanlı və “Opel Astra” minik markalı, 21BH436 dövlət qeydiyyat nişanlı avtomobillər tərəflərin birgə nikahları dövründə əldə edildiyi işdəki mövcud sübutlarla təsdiq olunur və iddiaçı həmin avtomobillərin onun (iddiaçının) razılığı və məlumatı olmadan əri tərəfindən özgəninkiləşdirildiyini iddia edərək həmin avtomobillərə görə bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və avtomobillər üzərində onların hər birinin ½ hissədə paylarının müəyyən edilməsini tələb edir. İş materiallarında olan nəqliyyat vasitələrinin alqı-satqı müqavilələrindən görünür ki, birgə nikah dövründə əldə edilmiş “KİA CEED” minik markalı, 21BH840 dövlət qeydiyyat nişanlı və “Opel Astra” minik markalı, 21BH436 dövlət qeydiyyat nişanlı avtomobillər elə birgə nikah dövründə, yəni “Opel Astra” minik markalı, 21BH436 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci ildə Cavabdeh2, “KİA CEED” minik markalı, 21BH840 dövlət qeydiyyat nişanlı avtomobil isə xx.xx.2023-cü ildə il tarixdə Cavabdeh3 satılmışdır. Göründüyü kimi, qeyd olunan avtomobillərin alqı-satqısı birgə nikah dövründə baş tutmuşdur. Avtomobillər satılarkən əldə olunmuş vəsaitin ailə ehtiyacları üçün sərf olunmaması barədə də iddia ərizəsinə heç bir sübut əlavə olunmamış, iddia tələbinin əsasını təşkil edən hallar sübuta yetirilməmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 33.4-cü maddəsi, ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığının zəruriliyini və belə razılıq olmadan bağlanan əqdin mübahisələndirilə bilinəcəyini nəzərdə tutur; mexaniki nəqliyyat vasitələri rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalar hesab edildiyindən və onların dövlət qeydiyyatından keçirilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999cu il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə tənzimlədiyindən isə, nəqliyyat vasitələri ilə əlaqədar müqavilələr bağlanan zaman belə bir razılığın olması qanunvericiliklə tələb edilmir. Bundan başqa “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respubliaksı Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, № 1/2024 saylı Plenum Qərarının 7.7-ci bəndinə əsasən, reyestrdə qeydə alınmalı olub-olmamasından asılı olmayaraq daşınar əşyalara sərəncam verilərkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığının alınmaması o halda əqdin etibarsızlığına səbəb olur ki, əldə edən üçüncü şəxs vicdanlı olmasın. Belə ki, ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər (Ailə Məcəlləsinin 33.3 və Mülki Məcəllənin 222.3-cü maddələri). Əldə edənin müvafiq razılığın alınmadığını bildiyi və ya bilməli olduğunu sübuta yetirmək vəzifəsi isə bunu iddia edən tərəfin üzərinə düşür. Bu qayda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış əşya hüquqları istisna olmaqla, ər-arvadın ümumi əmlakına daxil olan digər hüquqlara (yaşayış binasının tərkib hissəsi üzərində pay hüququ, icarə hüququ və s.) onlardan birinin razılığı olmadan sərəncam verilməsi ilə bağlı mübahisələrə eynilə tətbiq olunur. Qanunvericiliyin tələbləri baxımından iddiaçı alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, avtomobillərə dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi hissəsində, həmçinin həmin avtomobillər alqı-satqı yolu ilə aidiyyəti üzrə Cavabdeh2 və Cavabdeh3 mülkiyyətlərinə keçdiyindən onlar vicdanlı alıcı hesab edilməklə tərəflərin həmin avtomobillər üzərində paylarının müəyyən edilməsi hissəsində iddia tələbi təmin edilə bilməz. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilələrin etibarsız hesab edilməsi və pay hüququnun tanınması" tələbi barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia rədd edilməli olduğundan, iddianın qaldırılması ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilələrin etibarsız hesab edilməsi və pay hüququnun tanınması" tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-5370/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5370/2025
12.01.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver