Məhkəmə qərarları › İş №2(3-8)-447/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-447/2026

10.06.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-447/2026 10.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı İsrayıl qızının cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X8 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh cavabdeh3 nümayəndəsi X6 iştirakları ilə, İddiaçı İddiaçı İsrayıl qızının cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı müqavilələrin etibarsız hesab edilməsi və pay hüququnun tanınması tələbinə dair Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə İddiaçı İsrayıl qızı ilə cavabdeh3 arasında ##.##.2018-ci ildə bağlanmış, Gədəbəy rayon Qetdiyyat Şöbəsi tərəfindən həmin tarixli, *** nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir.

2. Azərbaycan Respublikasının DİN Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, hal-hazırda cavabdeh3 adına qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur. Həmçinin həmin məktubla göndərilmiş nəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri barədə məlumatların komputer çıxarışından görünür ki, “Kia Ceed” minik markalı, **BH*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2022-ci il tarixdə cavabdeh3 adına qeydiyyata alınmış və ##.##.2023-cü il tarixdə alğı-satqı müqaviləsi əsasında cavabdeh1 adına qeydiyyata alınmışdır. “Opel Astra” minik markalı, **BH*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2022-ci il tarixdə cavabdeh3 adına qeydiyyat alınmış və ##.##.2022-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında cavabdeh2 adına qeydiyyata alınmışdır.

3. ##.##.2022-ci il tarixli, BB****** nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Kia Ceed” minik markalı, **BH*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh3 adına qeydiyyatdan keçmişdir.

4. ##.##.2022-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinin surətindən görünür ki, cavabdeh3 “Opel Astra” minik markalı, **BH*** dövlət qeydiyyat nişanlı avtomobili 6.500 (altı min beş yüz) manata cavabdeh2 satmışdır.

5. ##.##.2023-cü il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinin surətindən görünür ki, cavabdeh3 “Kia Ceed” minik markalı, **BH*** dövlət qeydiyyat nişanlı avtomobili 10.000 (on min) manata cavabdeh1 satmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı İddiaçı İsrayıl qızı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh3 ilə cavabdeh1 arasında ##.##.2023cü ildə “Kia Ceed” minik markalı, **BH*** dövlət qeydiyyat nişanlı və cavabdeh cavabdeh3 ilə cavabdeh2 arasında ##.##.2022-ci ildə “Opel Astra” minik markalı, **BH*** dövlət qeydiyyat nişanlı avtomobillərə dair bağlanmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, “Kia Ceed” minik markalı (2007-ci il buraxılışlı, U5YFF52428L021570 ban nömrəli, açıq qəhvəyi metallik rəngli), **BH*** dövlət qeydiyyat nişanlı və “Opel Astra” minik markalı (2009-cu il buraxılışlı, WOL0AHL4895069348 ban nömrəli, ağ rəngli), **BH*** dövlət qeydiyyat nişanlı avtomobillər üzərində ½ hissədə onun, ½ hissədə cavabdeh3 pay hüququnun müəyyən edilməsi, habelə ödənilmiş dövlət rüsumu və mediasiya xərci kimi ödənilmiş 60 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin ##.##.2025- 7. ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, onunla cavabdeh3 arasında ##.##.2018-ci il tarixində bağlanmış, Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən həmin tarixli, *** nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. Həmin qətnamədən də göründüyü kimi cavabdehlə ##.##.2018-ci il tarixdə Gədəbəy rayon Qeydiyyat şöbəsində nikaha daxil olmuş və münasibətləri *** nömrəli aktla qeydə aldırmışlar. Onlar nikah dövründə birlikdə təsərrüfat aparmaqla Gədəbəydə yerləşən mənzildə yaşamışlar. Sonradan cavabdeh onu özünə məxsus olduğunu bildirdiyi ünvan 1 ünvanında yerləşən mənzildə yaşamağa gedəcəkləri adı ilə həmin mənzilə yerləşdirərək həmin mənzili təmir etdirmişdi. Sonradan qaynı Hüseynalıyev İlqar Məmməd oğlu ona qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərkən ona məlum olmuşdur ki, mənzil ərinin yox qaynının adına sənədləşdirilmişdir. Onlar birgə nikah dövründə “Kia Ceed” minik markalı (2007-ci il buraxılışlı, U5YFF52428L021570 ban nömrəli, açıq qəhvəyi metallik rəngli), **BH*** dövlət qeydiyyat nişanlı avtomobili və “Opel Astra” minik markalı (2009-cu il buraxılışlı, W0L0AHL4895069348 ban nömrəli, ağ rəngli), **BH*** dövlət qeydiyyat nişanlı avtomobil əldə etmişdirlər. Cavabdeh nikah münasibətlərinin pisləşdiyi vaxt onun xəbəri və razılığı olmadan onu Bakıya köçüb daimi yaşayacağı adı ilə aldatmış və həmin əmlakları formal satmışdır. Belə ki, iddia ərizəsinə əlavə etdiyi sorğunun cavabından da göründüyü kimi o, “Kia Ceed” minik markalı, **BH*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdeh1 (##.##.2023-cü ildə, **LV*** dövlət qeydiyyat nişanlı), “Opel Astra” minik markalı, **BH*** dövlət qeydiyyat nişanlı avtomobili isə cavabdeh2 (##.##.2022 ci ildə, **CA*** dövlət qeydiyyat nişanlı) adına sənədləşdirmişdir. O, alğı-satqı müqavilələrindən yalnız ##.##.2025-ci ildə xəbər tutmuş və həmin müqavilələrdən xəbəri olmadığı kimi, həmin puldan bir manat belə ailə ehtiyacına xərclənməmişdir. Cavabdehin nikahın pozulması barədə qətnamədə də bildirdiyi kimi cavabdeh onunla evli olaola başqa bir xanımla ailə qurmuş və bütün bu hərəkətləri onunla planlaşdırmışdır. Qeyd olunanlar barədə cavabdehlə razılıq əldə etmədiyindəndən nikah dövründə əldə etdiyi avtomobillərin alğı-satqı müqavilələrinin etibarsız sayılması və həmin avtomobillərin üzərində ½ pay hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur.

8. Cavabdeh cavabdeh3 iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı İddiaçı İsrayıl qızı ona qarşı Abşeron Rayon Məhkəməsinə müqavilənin etibarsız hesab edilməsi və avtomobil üzərində payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək “Kia Ceed” minik markalı, **BH*** dövlət qeydiyyat nişanlı avtomobilə və “Opel Astra” minik markalı, **BH*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış müqavilələrin etibarsız hesab edilməsi və həmin avtomobillər üzərində ½ hissə pay hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin iddiaçı İddiaçı İsrayıl qızı onlara qarşı Gədəbəy Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, X11 adına olan Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən fərdi yaşayış evində və həyətyanı torpaq sahəsində aparılan təmir-tikinti işlərinə çəkilmiş 20000 manat pulun yarısının, yəni 10000 manat pulun və məhkəmə xərclərinin cavabdehlərdən alınıb ona verilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmiş, daha sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə verərək X11 adına olan Gədəbəy rayonu, Söydlü kəndində yerləşən fərdi yaşayış evində və həyətyanı torpaq sahəsində aparılan təmir tikinti işlərinə çəkilmiş 36000 manat pulun yarısının, yəni 18000 manat pulun, həmçinin qızıl-zinət əşyalarının və “Kia Ceed” minik markalı, **BH*** dövlət qeydiyyat nişanlı və “Opel Astra” minik markalı, **BH*** dövlət qeydiyyat nişanlı avtomobillərin, onlar olmadıqda isə dəyərinin cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. İşin məhkəmə baxış iclası ##.##.2025-ci il tarixə təyin edilmiş, lakin iddiaçı ərizənin baxılmamış saxlanılması barədə ərizə verdiyinə görə məhkəmənin ##.##.2025ci il tarixli, e-*(***)-****/**** saylı qərardadı ilə ərizə baxılmamış saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə o, iddia tələbinə etiraz edir və hesab edir ki, iddia tələbi tamamilə əsassız olduğundan rədd edilməlidir. Belə ki, o, ##.##.2018-ci il tarixdə İddiaçı İsrayıl qızı ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, nikahlarını Gədəbəy rayon Qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. Birgə nikahlarından övladları olmamışdır. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə İddiaçı İsrayıl qızı ilə arasında olan nikah pozulmuşdur. İddiaçı İddiaçı İsrayıl qızı iddia ərizəsində cavabdeh1 ilə ##.##.2023-cü ildə “Kia Ceed” minik markalı, **BH*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış və cavabdeh2 ilə ##.##.2022-ci ildə “Opel Astra” minik markalı, **BH*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin avtomobillər üzərində ½ hissə iddiaçının, ½ hissə onun pay hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd etmişdir ki, onun faktiki olaraq mülkiyyətində qeyd olunan nəqliyyat vasitələri heç vaxt olmamışdır. Belə ki, onun X3 adında şəxslə tanışlığı olmuş, o, xarici ölkədən avtomobil gətirib satmaqla məşğul olmuşdur. Zahirlə tanışlığı olduğu üçün o, Azərbaycana gətirdiyi “Kia Ceed” minik markalı, **BH*** dövlət qeydiyyat nişanlı və “Opel Astra” minik markalı, **BH*** dövlət qeydiyyat nişanlı avtomobilləri gömrükdə onun adına rəsmiləşdirmiş, sonra isə onun verdiyi etibarnamə əsasında avtomobilləri başqa şəxslərə (cavabdeh1 və cavabdeh2) satmışdır. Həmin şəxsləri o heç vaxt görməmişdir və tanımır. İddiaçının təqdim etdiyi, iş materiallarında olan Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2025-ci il tarixli məktubuna əlavə edilmiş qeydiyyatdan çıxarılan nəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri barədə məlumatların komputer çıxarışından da görünür ki, “Kia Ceed” minik markalı, **BH*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2022-ci il tarixdə ************* nömrəli gömrük vəsiqəsi əsasında adına qeydiyyata alınmış, ##.##.2023-cü il tarixdə adından X1 adlı şəxsə, ##.##.2023-cü il tarixdə X3 adlı şəxsə etibarnamə verilmiş, ##.##.2023-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. Eləcə də, “Opel Astra” minik markalı, **BH*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2022ci il tarixdə ************** nömrəli gömrük vəsiqəsi əsasında adına qeydiyyata alınmış, ##.##.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi hər iki nəqliyyat vasitəsi heç vaxt onun faktiki sahibliyində olmamış, həmin avtomobillər iddiaçı ilə onun qazancı hesabına əldə edilməmiş və həmin avtomobillərə görə o heç bir məbləğdə gəlir əldə etməmişdir. Bu halı təsdiq etmək üçün X3 məhkəmədə şahid qismində dindirilməsini xahiş edir. Eyni zamanda sözügedən nəqliyyat vasitələri məhz iddiaçı ilə birgə nikahda olduğu dövrdə özgəninkiləşdirilmişdir. Həmin avtomobillər faktiki olaraq ona məxsus olsa belə (baxmayaraq ki belə bir hal yoxdur) “Kia Ceed” minik markalı, **BH*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair ##.##.2023-cü il tarixdə X1 adlı şəxsə sərəncam hüququ barədə etibarnamə verilərək, “Opel Astra” minik markalı, **BH*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə ##.##.2022-ci il tarixdə adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. O, iddiaçı ilə faktiki olaraq 2023-cü ilin iyun ayının 14-də ayrılmışdır. Nəqliyyat vasitələri iddiaçı ilə birgə nikah dövründə özgəninkiləşdirildiyindən avtomobillərin dəyərinin bölünməsi üçün heç bir hüquqi əsas yoxdur. Qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

9. Məhkəmə iclasında iştirak etmiş cavabdeh cavabdeh3 nümayəndəsi Hüseynalıyev İlqar Məmməd oğlu izahatında bildirmişdir ki, tərəflərin münasibətləri 2023-cü ilin əvvəllərindən pozulmuşdur.

10. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, qardaşının verdiyi etibarnamə əsasında avtomobillər Azərbaycana gətiriləndə qardaşının xəbəri olmadan satılmışdır. Zahid avtomobilləri satan şəxsdir və onlar avtomobil alğı-satqısı ilə məşğul olurlar. Avtomobili 10 aydan sonra sata bildiyi üçün həmin vaxt satılmışdır. Zahid iddiaçının əmisi oğludur, Zahid Nailə xanımın da adına avtomobillər gətirmişdir. Qardaşı avtomobillərin satışında iştirak etməmiş və ona satışdan pul da verilməmişdir.

11. Cavabdeh cavabdeh2 ##.##.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəməyə gəlməyə imkanının olmadığını, “Opel Astra” markalı avtomobili X3 aldığını, İddiaçı və cavabdeh3 tanımadığını və görmədiyini bildirmişdir.

12. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) iddia tələbi təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətlərinin dəlilləri

13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh etirazında etiraf etmişdir ki, o, iddiaçı ilə faktiki olaraq 2023-cü ilin iyun ayının 14-də ayrılmışdır. İş materialarında olan sübutlardan görünür ki, “Kia Ceed” minik markalı, **BH*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2022-ci il tarixdə cavabdeh3 adına qeydiyyat alınmış və alğı-satqı müqaviləsi əsasında qeydiyyatdan çıxarılaraq ##.##.2023-cü il tarixdə cavabdeh1 adına qeydiyyata alınmışdır. Göründüyü kimi sözügedən avtomobil tərəflərin birgə nikah dövründə əldə olunmuş, lakin onların faktiki ayrıldığı dövrdə, yəni ##.##.2023-cü il tarixində iddiaçının xəbəri olmadan cavabdeh tərəfindən özgəninkiləşdirilmiş və tərəflər faktiki ayrı olduğu üçün avtomobilin özgəninkiləşdirilməsindən əldə olunan gəlir ailə ehtiyaclarına sərf edilməmişdir. Həmçinin “Opel Astra” minik markalı, **BH*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə cavabdeh tərəfindən satıldığı halda iddiaçıya bu barədə məlumat verilməməsinə və satışdan əldə olunan gəlirin ailə ehtiyaclarına sərf olunmamasına baxmayaraq məhkəmə bu halı da nəzərə almamışdır. Mülki Prosessual Məcələsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz istinad etdiyi haları süut etməli olduğu halda, cavabdeh həmin avtomobilin satılması ilə bağlı iddaçıya məlumat verdiyini və avtomobilin özgəninkiləşdirilməsindən əldə olunan gəlirin ailə ehtiyaclarına sərf olunmasını da sübuta yetirməmişdir. Üstəlik sözügedən avtomobilin satışından əldə olunan 10-15 min manat məbləğində pulun ailənin ehtiyacları üçün xərclənməsi qeyri-mümkündür. Buna baxmayaraq məhkəmə qanunsuz və əsassız qətnamə qəbul edərək iddianı rədd etmişdir. Cavabdeh tərəfindən hansısa arqumentlər sübut edilməyə çalışılmadığı halda, məhkəmənin cavabdehin yerinə əsaslandırma etməsi tamamilə qanunsuz və əsassızdır. Belə ki, məhkəməyə gəlib avtomobilərin satışından əldə olunan pulun nikah dövründə ailə ehtiyaclarına sərf olunmasını sübut etmək cavabdehin vəzifəsi olsa da, məhkəmə bunu əsaslandırmağa çalışır. Cavabdehin nümayəndəsi və qardaşı məhkəmə iclasında tamamilə fərqli arqumentdən yanaşmasına baxmayaraq və qeyd olunan əmlakların ümumiyyətlə tərəflərin nikahı dövründə əldə olunmuş əmlak olmadığı və birgə təsərrüfat hesabına alınmadığı, başqa şəxslərin xaricdən gətizdirdiyi barəsində dediyi arqumentlər bir kənarda qaldığı və cavabdehin etirazını əsaslandıran heç bir sübut olmadığı halda, məhkəmə tamamilə əks yöndə sübut etməyə çalışmış və cavabdehin nikah dövründə əldə olunmayan əmlak saydığı əmlakı nikah dövründə əldə olunmuş əmlak sayaraq, üçüncü şəxslərin vicdanlı alıcı olub-olmadığını sübut edə bilməməsi və avtomobilərin satışından əldə olunan vəsaitin ailə ehtiyaclarına xərclənib-xərclənməməyini sübut edə bilməməsini əsas gətirərək yanlış qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəf şifahi qaydada təklif etdiyi məbləğlə (4000 manatla) razı olmasa da, satışdan əldə olunmuş vəsaitin yarısının alınaraq iddiaçıya verilməsinə heç bir etirazı olmadığını bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh3 nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər cavabdeh2 və cavabdeh1 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

19. Maddə 32. Ər-arvadın birgə mülkiyyəti 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s. 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

20. Maddə 34. Ər-arvadın hər birinin mülkiyyəti 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.

21. Maddə 35. Ər-arvadın hər birinin əmlakının onların birgə mülkiyyəti sayılması Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ərarvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

22. Maddə 157. Mülkiyyətin müdafiəsi (...) 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

23. Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti (...) 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

24. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

25. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

26. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

29. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

30. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunaraq həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

32. İş materiallarında olan Azərbaycan Respublikasının DİN Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, hal-hazırda cavabdeh3 adına qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur. Həmçinin həmin məktubla göndərilmiş nəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri barədə məlumatların komputer çıxarışından görünür ki, “Kia Ceed” minik markalı, **BH*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2022-ci il tarixdə cavabdeh3 adına qeydiyyat alınmış və ##.##.2023-cü il tarixdə alğı-satqı müqaviləsi əsasında cavabdeh1 adına qeydiyyata alınmışdır. “Opel Astra” minik markalı, **BH*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2022-ci il tarixdə cavabdeh3 adına qeydiyyat alınmış və ##.##.2022-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında cavabdeh2 adına qeydiyyata alınmışdır.

33. İşdən görünür ki, tərəflər arasındakı nikah ##.##.2018-ci il tarixdə bağlanmış və Gədəbəy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Tərəflər münasibətlərinin faktiki olaraq pozulduğu tarixlə bağlı mübahisə etsələr də, iş materiallarında olan cavabdeh cavabdeh3 birinci instansiya məhkəməsində icraat zamanı təqdim etdiyi etiraz ərizəsindən müəyyən olunur ki, cavabdeh iddiaçı ilə faktiki olaraq ##.##.2023-cü il tarixindən ayrıldığını etiraf etmişdir.

34. Kollegiya hesab edir ki, tərəflər arasında birgə ailə təsərrüfatının həmin tarixədək davam etməsi əsas götürülməli və avtomobillərin bölgüsünə dair tələb üzrə mübahisənin həllində nəzərə alınmalıdır.

35. Kollegiya qeyd edir ki, ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur.

36. İşdən görünür ki, iddiaçı “Kia Ceed” minik markalı, **BH*** dövlət qeydiyyat nişanlı və “Opel Astra” minik markalı **BH*** dövlət qeydiyyat nişanlı avtomobillər üzərində paylarının ½ nisbətində müəyyən edilməsini tələb edir.

37. İş materiallarından göründüyü kimi mübahisəli “Opel Astra” minik markalı, **BH*** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2022-ci il tarixdə əldə edilmiş və ##.##.2022-ci il tarixdə, yəni tərəflərin hələ birgə ailə təsərrüfatı dövründə satılmışdır. Odur ki, həmin avtomobillə bağlı tələbin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin mahiyyətcə gəldiyi nəticə düzgün olmuşdur.

38. Məhkəmə kollegiyası “Kia Ceed” minik markalı **BH*** dövlət qeydiyyat nişanlı avtomobilə dair tələblə bağlı isə qeyd edir ki, həmin avtomobil ##.##.2022-ci il tarixdə, yəni tərəflərin birgə nikah dövründə onların ümumi qazancı hesabına alınmışdır. Həmin əmlak nikah dövründə cavabdehin adına əldə olunmuş tərəflərin qazandığı əmlakdır və onların ümumi birgə mülkiyyəti olmuş, ##.##.2023-cü il tarixdə faktiki olaraq tərəflərin münasibətlərinin pozulduğu vaxt alğı-satqı müqaviləsi üzrə özgəninkiləşdirilmişdir.

39. Kollegiya hesab edir ki, “Kia Ceed” minik markalı, **BH*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunan məbləğdə tərəflərin payları bərabər hesab edilməli və onların arasında bərabər şəkildə bölünməlidir.

40. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli qərarının 7.17-ci bəndində göstərilmişdir ki, ümumi əmlaka daxil olan predmetin (məsələn, avtomobilin) ərin (arvadın) bağladığı müqavilə əsasında üçüncü şəxsin adına qeydə alındığı halda ərin (arvadın) həmin müqavilənin etibarsız sayılması və (və ya) əşyanın ümumi mülkiyyətə qaytarılmaqla, bölünməsinə dair əqdin hər iki tərəfinə (sərəncam verən ərə (arvada) və əldə edən üçüncü şəxsə) qarşı iddia qaldırmaq hüququ vardır. Həmin şəxslərə qarşı göstərilən tələblərdən hər hansı birinin irəli sürülməsi iddiaya baxılması üçün kifayət edir. Belə ki, müqavilənin etibarsız sayılması barədə iddia qaldırıldıqda, etibarsızlığın nəticəsi (Mülki Məcəllənin 337.5-ci maddəsi) kimi üçüncü şəxsin adına olan reyestr qeydinə düzəliş edilməsi (Mülki Məcəllənin 141-ci maddəsi); etibarsız əqd əsasında verilmiş əşyanın qaytarılması tələbi (Mülki Məcəllənin 157.2-ci maddəsi) üzrə isə qeydin əsasında duran müqavilənin etibarlılığının yoxlanılması məhkəmənin qanundan irəli gələn xidməti vəzifəsidir və tələbdən kənara çıxma kimi qiymətləndirilə bilməz. Sözügedən tələblərə baxılarkən əşyanın üçüncü şəxsin adına rəsmiləşməsinə əsas olmuş əqd etibarsız sayıldıqda müvafiq reyestr qeydi ləğv olunur və əşya ər-arvadın birgə əmlakı kimi bölünür.

41. Həmin qərarı 7.18-ci bəndində göstərilmişdir ki, mübahisə predmetinin üçüncü şəxsin vicdanlı əldə edən olması səbəbindən geri qaytarılması və bölüşdürülməsi mümkün olmadıqda, məhkəmə həmin əşyanın özgəninkiləşdirildiyi halda, bazar dəyərindən iddiaçının payına uyğun olan hissəsinin eyni əsaslarla pul şəklində cavabdehdən tutulmasına iddiaçının razılığı ilə qərar verə bilər. Məsələnin bu qaydada həll edilməsi iddia tələbindən kənara çıxma sayılmır. Çünki ərarvadın əmlakının qanuni rejiminə söykənən iddianın obyektinin (avtomobil, pul) dəyişməsi, iddianın predmetinin (əmlak bölgüsünün) dəyişməsi hesab edilmir.

42. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi avtomobilin satışından əldə olunmuş vəsaitin yarısının cavabdehdən alınaraq iddiaçıya verilməsinə etiraz etməmişdir.

43. İş materiallarında olan ##.##.2023-cü il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinin surətindən görünür ki, cavabdeh3 “Kia Ceed” minik markalı, **BH*** dövlət qeydiyyat nişanlı avtomobili 10.000 manata cavabdeh1 satmışdır.

44. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, mübahisəli həmin avtomobil hazırda cavabdehin mülkiyyətində olmadığından və özgəninkiləşdirildiyindən, avtomobilin satışından əldə olunmuş 10.000 (on min) manat pul vəsaiti tərəflərin aralarında bərabər şəkildə bölünməli, yəni 5.000 (beş min) manat pul vəsaiti cavabdeh cavabdeh3 alınaraq iddiaçı İddiaçı İsrayıl qızına ödənilməlidir.

45. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

46. İşin yuxarıda qeyd olunan hallarını, məhkəmə iclasında tədqiq olunan sübutları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilərək birgə nikah dövründə əldə olunmuş “Kia Ceed” minik markalı, **BH*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunan 10.000 manat məbləğin yarısı, yəni 5.000 (beş min) manat məbləğində pul vəsaiti cavabdeh cavabdeh3 alınaraq iddiaçı İddiaçı İsrayıl qızına ödənilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Birgə nikah dövründə əldə olunmuş “Kia Ceed” minik markalı, **BH*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunan 10.000 manat məbləğin yarısı, yəni 5.000 (beş min) manat məbləğində pul vəsaiti cavabdeh cavabdeh3 alınaraq iddiaçı İddiaçı İsrayıl qızına ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar