Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5458/2021 27.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X5, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 cəlb edilməklə) evə köçürülmə və yaşayış-istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları 08 dekabr 2008-ci il təvəllüdlü X6 və 25 oktyabr 2009-cu il təvəllüdlü X8 ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, Həsənağa Turabov küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı həyat yoldaşıdır. Onların birgə nikahından X6 və X8 adlı 2 (iki) övladları vardır. İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, Həsənağa Turabov küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. Hazırda iddiaçıya məxsus əmlaklar da həmin evdədir. Cavabdeh qərəzli olaraq iddiaçını övladları ilə birlikdə həmin ünvana buraxmaq istəmir və onları həmin evdən çıxaracağını bildirir. Bu səbəbdən də iddiaçı Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən İddiaçı övladları 08 dekabr 2008-ci il təvəllüdlü X6 və 25 oktyabr 2009-cu il təvəllüdlü X8 ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, Həsənağa Turabov küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə baxışı zamanı İddiaçı məhkəməyə iddia ərizəsinə əlavə ünvanlayaraq, iddia tələbinin həcmini artıraraq, onun Abşeron rayonu, Saray qəsəbəsi, Həsənağa Turabov küçəsində yerləşən fərdi yaşayış evinə yaşayış-istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, Cavabdeh Abşeron rayonu, Saray qəsəbəsi ərazisindəki yaşadıqları mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini məcburi köçkün kimi aldıqları çörək pulunun kəsilməməsi üçün bacısı oğlu X1 adına sənədləşdirmişdir. Mübahisəli fərdi yaşayış evi atası Səxavət Məmmədovun vəsaiti hesabına tikilmiş, evin yerləşdiyi torpaq sahəsi də atasının vəsaiti hesabına alınmışdır. Torpaq sahəsini 10.000 manata almışlar. T.Məhərrəmli mübahisəli evdə yaşamır. Cavabdeh özü şəxsən övladları ilə birlikdə evdən çıxmağı ondan tələb etmişdir. Atası ankoloji xəstədir və onların ailə həyatına müdaxilə etməsi barədə cavabdehin dedikləri həqiqətə uyğun deyildir. Neçə ildir ki, cavabdehlə aralarında narazılıq vardır, lakin əhəmiyyət verməmişdir. Atasına məxsus evi xalası oğluna satmışlar, həmin evin satışından əldə olunan vəsait hesabına mübahisəli evin yerləşdiyi torpaq sahəsini almışlar və üzərində fərdi yaşayış evi tikmişlər. Evin mülkiyyət sənədi yoxdur. Atasının yeganə övladı odur, anası vəfat edib, atası aldığı məvacibi onlara verir. Göstərilənlərə əsasən onun Abşeron rayonu, Saray qəsəbəsi, Həsənağa Turabov küçəsində yerləşən fərdi yaşayış evinə yaşayış-istifadə hüququnun tanınması, övladları 08 dekabr 2008-ci il təvəllüdlü X6 və 25 oktyabr 2009-cu il təvəllüdlü X8 ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, Həsənağa Turabov küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X11 iddianı müdafiə edib iddia ərizəsində və iddia ərizəsinə əlavədə göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, İddiaçı ilə arasında olan nikah rəsmidir. 2006-cı ildən rəsmi nikahdadırlar. İddiaçının övladları 08 dekabr 2008-ci il təvəllüdlü X6 və 25 oktyabr 2009-cu il təvəllüdlü X8 ilə birlikdə köçmək istədiyi Abşeron rayonu, Saray qəsəbəsi, Həsənağa Turabov küçəsində yerləşən fərdi yaşayış evi ona məxsus deyildir. İddiaçı ilə 2006-cı ildə ailə həyatı qurmuşlar, birlikdə 2015-ci ilə qədər müxtəlif ünvanlarda kirayədə yaşamışlar. 2015-ci il tarixdə isə Saray qəsəbəsinə yaşamaq üçün köçmüşlər və bugünə kimi burda yeznəsi X2 Məhərrəmliyə məxsus və mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayırlar. Həmin torpaq sahəsindəki hazırki mübahisəli fərdi yaşayış evini yeznəsi Hümbət Məhərrəmov tikmişdir. Son 1 (bir) ildir ki, iddiaçının atası X9 xəstədir və 1 (bir) ildir ki, onların yaşadığı evdə yaşayır. Sonuncunun atası onlara gəldikdən və əməliyyat olunduqdan sonra evdə söz-söhbətlər və narazılıqlar başlamış, problemlər yaşanır. İddiaçını övladları ilə birlikdə evdən çıxarmaqla hədələməmişdir. İddiaçı və övladları ilə birlikdə bir yerdə yaşayırlar. X7 da onlarla birlikdə yaşayır. İddiaçı və övladlarının evdə yaşamalarına razıdır və buna heç bir etirazı yoxdur. İddiaçını və övladlarını istəyir. O, iddiaçı və övladlarını evdən çıxarmaq istəmir, onları evdən qovmaz. İddiaçıya evdən çıxaracağı ilə bağlı heç bir söz deməmişdir. O, 2020-ci il tarixdə iddiaçının atasının adına olan torpaq sahəsində fərdi yaşayış evi tikməyə başlamışdır. Bir ailə və yaxın olduqlarına görə tikdiyi evin yerləşdiyi torpaq sahəsini X7un adına almışdır. Qaynatasının adına aldığı torpaq sahəsində 2 (iki) mərtəbəli fərdi yaşayış evi tikmişdir. Həmin evin tikintisi üçün bütün xərcləri o, ödəmişdir. Torpaq sahəsinin sənədləri X7dadır. Tikdiyi evi qaynatasına verib özü övladları ilə birlikdə kirayə ev tutub köçəcəkdir. Yaşadıqları 15 il ərzində iddiaçı ilə mehriban yaşamışlar və heç bir problemləri olmamışdır. Son 1 (bir) ildir ki, aralarındakı münasibətlər qaynatasına görə pozulmuşdur. Belə ki, qaynatası deyir ki, qızından ayrılmalıdır. Qətnamə çıxarılarkən göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 izahatında bildirdi ki, Cavabdeh dayısıdır. Mübahisəli fərdi yaşayış evinin yerləşdiyi Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsi onun adına alınmışdır. Həmin torpaq sahəsində yerləşən mübahisəli ev ona məxsusdur. Dayısı Cavabdeh ailəsi ilə birlikdə başqa şəxsə məxsus bağ evində yaşamışdır. X13 dayısına ailəsi ilə birlikdə özünə ev tikdirənədək həmin evdə yaşamalarına icazə vermişdir. Mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini kimdən, hansı qiymətə aldığını bilmir. Həmin torpaq sahəsini X13 onun adına almışdır. Torpaq sahəsinin alqı-satqısı Xırdalan şəhərində yerləşən notariat kontorunda aparılmışdır. Lakin alqı-satqının hansı notariat kontorunda aparıldığı yadında deyildir. Həmçinin torpaq sahəsində evin tikintisinin neçənci ildə başlandığını, nə vaxt başa çatdığını və evin tikintisinin nə qədər müddət davam etdiyini bilmir. Lakin atasının vəsaiti hesabına tikilmişdir. Ev 1 (bir) mərtəbədən və 3 (üç) otaqdan ibarətdir. Dayısı Cavabdeh ailəsi ilə birlikdə 2015-ci ildən mübahisəli evdə yaşayırlar. O, mübahisəli evdə yaşamamışdır və həmin evə yalnız qonaq qismində gəlmişdir. Evdəki əşyalar İddiaçı məxsusdur. Dayısına ailəsi ilə birlikdə nə vaxt evdən çıxacaqlarını deməmişdir. Onlar özləri üçün fərdi yaşayış evi tikdirirlər. Mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki iş materiallarında olan Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən 16 dekabr 2008-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 207543 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 08 dekabr 2008-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında X3 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 16 dekabr 2008-ci il tarixdə 6100 nömrə ilə qeyd edilmişdir. Mülki iş materiallarında olan Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən 11 dekabr 2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 381034 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 25 oktyabr 2009-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 11 dekabr 2009-cu il tarixdə 5467 nömrə ilə qeyd edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən 16.11.2012-ci il tarixdə tərtib edilmiş AA seriyalı 044896 nömrəli torpaq sahəsinin planı və ölçüsünün notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 29.10.2012-ci il tarixli, 4ə/2960 nömrəli alqı-satqı müqaviləsi əsasında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən **********48 reyestr nömrəli 0.025 ha torpaq sahəsinə dair X1 adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.025 ha əkin məqsədli kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 14.11.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X1 adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 336 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə baxışı dövründə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 14.11.2012-ci il qeydiyyat tarixli, daşınmaz əmlakın dövlət reyestrindən 336 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.025 ha əkin məqsədli kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evinin tikilib-tikilməməsi, həmin fərdi yaşayış evinin neçə mərtəbəli və neçə otaqlı olması, həmin evdə kimlərin yaşaması ilə bağlı müvafiq məlumatın məhkəməyə təqdim olunması məqsədilə Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə sorğu göndərilmişdir. Həmin sorğu əsasında Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən məhkəməyə ünvanlanmış 25 oktyabr 2021-ci il tarixli, 105 saylı məktubdan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 14 noyabr 2012-ci il qeydiyyat tarixli DƏDR-də 336 nömrəli kitabın 21 nömrəli vərəqində qeydiyyata alınmış ƏDR-dən çıxarışa əsasən X1 mülkiyyətində olan Saray qəsəbəsində yerləşən 0,025 ha əkin məqsədli kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evi tikilmişdir. Həmin fərdi yaşayış evi bir mərtəbədən, üç otaqdan ibarət olmaqla burda 1951-ci il təvəllüdlü X9, 1977-ci il təvəllüdlü Cavabdeh, 1986-cı il təvəllüdlü İddiaçı, 2008ci il təvəllüdlü X6 və 2009-cu il təvəllüdlü X8 qeydiyyatsız yaşayırlar. Beləliklə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 2006-cı il tarixdə rəsmi nikah münasibətlərinə daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından 08 dekabr 2008-ci il təvəllüdlü X6 və 25 oktyabr 2009-cu il təvəllüdlü X8 anadan olmuşdur. Hal-hazırda tərəflər nikahdadırlar. İddiaçı ilə cavabdeh 2015-ci il tarixdən bu günə kimi X1 adına qeydə alınmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.025 ha əkin məqsədli kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilən 1 (bir) mərtəbəli 3 (üç) otaqlı fərdi yaşayış evində yaşayırlar. Evin üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, ev iddiaçı və cavabdeh tərəfin sahibliyində və istifadəsində olmuşdur və onlar nikahda olmaqla həmin fərdi yaşayış evində ümumi təsərrüfat aparırlar. Lakin Cavabdeh hazırda iddiaçını azyaşlı uşaqları ilə birlikdə həmin evdən çıxardaraq qovmaqla hədələdiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 25.2-ci maddəsinə əsasən kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 13.1.1-ci maddəsinə əsasən yaşayış evi yaşayış sahəsinə aiddir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Ona görə də məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə yaranmış mübahisə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürməklə həll edilməlidir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək- onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin ev üzərində hüquqları olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən Cavabdeh iddiaçıya qarşı törətdiyi məhrumetmə (güc tətbiq etməklə evdən çıxarma) qanunsuzdur. Beləliklə, iddia üzrə cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuş, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı azyaşlı uşaqları ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçürülməlidirlər. Bundan başqa, «Uşaq Hüquqları haqqında» 19 may 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 4-cü maddəsinə görə, uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi səxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. «Uşaq hüquqları Bəyannaməsi»nin (BMT Baş Assambleyasının 20.11.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə, uşaq qanunla və digər vasitələrlə 6 sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və social baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin «O.ROUK Birləşmiş Krallığa qarşı» işində ərizənin qəbul edilənliyi barədə qərarında və «Gillounun Birləşmiş krallığa qarşı» işi üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin özbaşına tikintiyə dair sərəncam vermək, onu satmaq hüququ, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı olmasa da, Mülki Məcəllənin 180.2 və 180.4-cü maddələrinin məzmununa əsasən həmin özbaşına tikilinin mövcud olduğu müddətdə orada əvvəllər məskunlaşmış şəxslərin oradan istifadə hüququ müəyyən oluna, habelə oradan istifadə qaydaları müəyyən oluna bilməz, lakin həmin vətəndaşların oraya köçürülməsinə də qadağalar qoyula bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 3-cü bəndinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Tərəflərin birgə nikahlarından anadan olmuş 08 dekabr 2008-ci il təvəllüdlü X6 və 25 oktyabr 2009-cu il təvəllüdlü X8 İddiaçı himayəsində olduğunu nəzərə alaraq, məhkəmə onların anası ilə birlikdə mübahisəli evə köçürülməsi haqda tələbini də əsaslı sayır. Bununla belə, məhkəmə iddiaçının evdən yaşayış-istifadə hüququnun tanınması hissəsində iddianı əsaslı hesab etmir. Belə ki, evdə yaşayan iddiaçının və cavabdehin evə istifadə hüquq olmadığından iddiaçının həmin evə dair onun yaşayış-istifadə hüququnun tanınmasını tələb etməsi əsaslı hesab edə bilməz. İddiaçı evə köçürülməklə, orada yaşayan şəxslərin yaşamış olduğu şərtlər daxilindən yaşamaq imkanı olmalıdır. Bu isə evə yaşayış-istifadə hüququnun tanınması anlamına gələ bilməz. Bu səbəbdən iddia evdən yaşayış-istifadə hüququnun tanınması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələbini qismən əsaslı sayır və onun qismən təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı övladları - 08 dekabr 2008-ci il təvəllüdlü X6 və 25 oktyabr 2009-cu il təvəllüdlü X8 ilə birlikdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, 14.11.2012-ci il qeydiyyat tarixli, **********48 reyestr nömrəli çıxarışa əsasən X1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.025 ha əkin məqsədli kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə köçürülməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu baxımdan məhkəmə iş üzrə dövlət rüsumu üçün ödənilmiş 10 (on) manat pul vəsaitinin əvəzi cavabdeh tutularaq iddiaçıya verilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı övladları - 08 dekabr 2008-ci il təvəllüdlü X6 və 25 oktyabr 2009-cu il təvəllüdlü X8 ilə birlikdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, 14.11.2012-ci il qeydiyyat tarixli, **********48 reyestr nömrəli çıxarışa əsasən X1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.025 ha əkin məqsədli kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə köçürülsünlər. İddia digər hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 10 (on) manat məbləğində pul vəsaitinin əvəzi Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-5458/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5458/2021
27.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver