Məhkəmə qərarları › İş №2(012)-5484/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5484/2024

27.11.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5484/2024 27.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daşınmaz əmlakdan çıxarılma tələbinə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 18 saylı mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Gündüz Abdullayev küçəsində yerləşən 9 saylı evin 18 saylı mənzil xx.xx.2024-cü il tarixli ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Bu mənzildə keçmiş mülkiyyətçilər, yəni iş üzrə cavabdehlər hal-hazıra qədər qeydiyyatda olmaqla faktiki yaşayırlar. Bu da mülkiyyətçi kimi onun hüquqlarının pozulmasına səbəb olur. Mübahisəli mənzillə bağlı cavabdehlərlə onun arasında əvvəllər məhkəmə mübahisəsi olub və iddia tələbi təmin edilmiş, cavabdehlərin arasında bağlanmış bağışlama müqaviləsi etibarsız sayılmış, çıxarış ləğv edilmişdir. Həmin qətnamə artıq qanuni qüvvəsini almış, öz adına mülkiyyət hüququna dair çıxarış əldə etmişdir. Lakin buna baxmayaraq cavabdehlər mülkiyyəində olan mənzili boşaltmaqdan imtina edirlər. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Cavabdeh1 məhkəmə iclasında iddiaya etiraz etdi və onun təmin olunmamasını xahiş etdi. O qeyd etdi ki, iddiaçıya hazırda cəmi 7500 manat borcu qalıb. Bu borca görə onun evdən çıxarılması qanuni ola bilməz. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Gündüz Abdullayev küçəsi, 9 saylı evin 18 saylı mənzili İddiaçı adına qeydə alınmışdır. İşdə olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1172/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, ünvan 2, 9 saylı evin 18 saylı mənzilinə dair Cavabdeh1 ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində X2 adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış reyestrdən çıxarış ləğv edilmişdir. İşdə olan “X1 Əmlak Hərrac Mərkəzi” MMC-nin açıq hərracın yekunları barədə 238/22 saylı, xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, ünvan 2 ünvanında yerləşən 9 saylı evin 18 nömrəli mənzillə bağlı hərracın qalibi İddiaçıdur. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli mənzil əvvəllər Cavabdeh1 məxsus olsa da, sonradan onu açıq hərrac vasitəsilə İddiaçı əldə etmişdir və mənzil hazırda onun mülkiyyətindədir. Hazırda İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 18 saylı mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə görə yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Həmin Məcəllənin 29.2-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir. İş materiallarından görünür ki, mübahisəli yaşayış sahəsini xx.xx.2022-ci il tarixdə hərrac yolu ilə əldə etmiş İddiaçı ilə cavabdehlər arasında hər hansı kirayə müqaviləsi bağlanmamış, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla onlar arasında hər hansı münasibət yaranmamışdır. Belə olan halda cavabdehlərin heç bir əsas olmadan mübahisəli mənzildə yaşamaları mülkiyyətçi kimi İddiaçı hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Halbuki, mülkiyyət hüququ qanunla qorunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X4 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Qeyd edildiyi kimi, iş materiallarından görünür ki, mübahisəli mənzil hazırda İddiaçı mülkiyyətindədir. Mübahisəli əmlakda cavabdehlərin yaşamaları onun mülkiyyət hüquqlarını pozur, bu isə qanunla qadağandır. Cavabdeh1 mənzilin əvvəlki mülkiyyətçisi olması, mübahisənin borca görə yaranması barədə dəlillər də hazırki iddianın rədd edilməsi üçün əsas hesab edilə bilməz, çünki iddiaçının əmlak üzərindəki hüquqları dövlət qeydiyyatına alınmışdır və hazırda qüvvədədir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, G.Abdullayev küçəsi, 9 saylı evin 18 saylı mənzilindən çıxarılsınlar. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar