Məhkəmə qərarları › İş №2(012)-5507/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5507/2025

09.01.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5507/2025 09.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh və onun nümayəndəsi Nümayəndə, Müstəqil tələb irəli sürməyən İİİ şəxs X4 iştirakı ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən İİİ şəxs X8) qarşı yaşayış sahəsinə köçürülmə və yaşayış sahəsində istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə və yaşayış sahəsində istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı və azyaşlı övladının ünvan 1ində yerləşən özbaşına tikilmiş fərdi yaşayış sahəsinə köçməyi və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə nikahları xx.xx.2024-cü il tarixdə 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsində 661 nömrə ilə qeydiyyata alınmışdır. Cavabdehlə hal-hazırda rəsmi olaraq nikahdadırlar və həmin nikahdan xx.xx.2025-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Ailə qurduqdan sonra ünvan 1ində yerləşən fərdi yaşayış evinə köçüb yaşamağa başlamışlar. Hazırda rəsmi nikahda olmağına baxmayaraq, cavabdeh övladı ilə birlikdə onu yaşadığıqları həmin evdən qovub çıxartmışdır. Həmçinin cavabdeh onun və körpə övladının həmin evdə yaşamaması üçün evin bütün kommunal xətlərini kəsmiş, və dəfələrlə evə tanımadığı yad insanları gətirərək onu evdən çıxmağa məcbur etmişdir. Cavabdeh iddiaçıya pul təklif edərək evdən çıxmağını tələb etmiş, əks halda kommunal xətləri kəsəcəyi ilə hədələmiş və onu həyata keçirmişdir. Həmin ev özbaşına tikili olmuşdur və evin təmiri zamanı iddiaçının adına kredit götürərək evi təmir etmişdir. Həmçinin evin kombi sisteminin quraşdırılması üçün iddiaçının adından kredit götürülmüşdür. Hazırda iddiaçının körpə övladı ilə birlikdə yaşayış yeri yoxdur və bayırda qalmışdır. Odur ki, göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, tərəflər arasında nikah pozulmamışdır. Lakin onlar bir ailə kimi eyni evdə yaşamırlar. Torpağa dair əkin sahəsi olması ilə bağlı çıxarış olsa da, ev özbaşına tikilidir. Bir müddət kirayədə yaşamış, sonra evi təmir edib nikahdan 6 ay sonra evə köçmüşlər. Toylarından yığdıqları pulu evə xərcləmiş, ümumilikdə 6000 manat xərc çəkmişdir. Qarşı tərəfin evə, demək olar ki, xərci çıxmamış, hətta cavabdehin müalicələrinə iddiaçının kredit kartından pul xərclənmişdir. Avqust ayında aralarında söz-söhbət olmuş deyə evdən çıxmış, sonra qayıtmışdır. Cavabdeh iddiaçının iddia qaldıracağını bildikdən sonra - birgə nikah dövründə onun icazəsi olmadan evi formal olaraq qohumu – Rəna Əhmədovaya satmış, onun adına keçirmişdir. Evin 15000 manat məbləğə satılması real deyil. Rəna Əhmədovanın cavabdehə 27000 manat borc verməsi yalandır. Cavabdeh özü də evə gedib gəlir, həmin evdə yaşayır. Cavabdeh evdən ona məxsus əşyaları, istilik sistemini, sanitar qovşağını söküb aparmış, bundan əlavə evin açarını dəyişərək onun həmin evdə yaşamasına mane olmuşdur. O, pəncərəni qıraraq evə daxil olmuş və hazırda da həmin evdə yaşayır. Odur ki, onun və övladının yaşayış yerinin olmadığını nəzərə alaraq, evə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə olaraq izahatında və xx.xx.2025-ci il tarixli ərizəsində bildirmişdir ki, 2021-ci ildə torpağı almış, ev 2023-cü ildə hazır olmuşdur. Tərəflər xx.xx.2024-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikah xx.xx.2025-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. İddiaçı ilə münasibətləri ilk gündən kəskin olmuş, iddiaçı dəfələrlə onun haqqında şər böhtan edərək onu polisə vermişdir. İddiaçı özü cavabdehlə məqsədli şəkildə ailə qurduğunu demiş və bu barədə ona mesajlar yazmışdır. Mübahisəli ev yaşamağa yararlı vəziyyətdə olmadığı üçün - evdə kombi, yataq otağı və sanitar qovşağı hazır olmadığına görə bir müddət kirayə evdə yaşamış, evə 6 ay sonra köçmüşlər. Evə köçəndən 1 həftə sonra kombi alınıb quraşdırılmışdır. Birgə nikah dövründə evə təxminən 2000 manat xərc qoyulmuşdur. O hazırda da evin xərclərinin kreditini ödəyir. Torpağın çıxarışı var, lakin evin yoxdur. Yəni mübahisəli ev və torpaq sahəsi nikahdan əvvəl alınmış, torpaq sahəsi üzərində inşa edilən evi yaxın qohumundan borc alaraq tikdirmiş, borcu qaytara bilmədiyi üçün həmin torpaq sahəsində yerləşən evi xx.xx.2025-ci il tarixdə Rəna Əhmədovaya satmış və borcumu vermişdir. Hazırda ev və torpaq ona aid deyil. Rəna Əhmədova ilə evin açarını xx.xx.2025ci il tarixdə sahibinə təhvil verməsinə dair razılaşması olmuşdur. Cavabdehin dedikləri, yəni evdən qovulma məsələsi yalandır. O alimenti ödəyir. Evə isə sadəcə uşağı görməyə gedir. O evi satandan sonra evdə yaşamamışdır. Evlənəndən sonra bəzi işlər görülsə də, həmin işlər valideynlərin vəsaiti hesabına görülmüşdür. İddiaçının kartında 3500 manat pul olmuş və ev üçün deyil, cehizləri üçün xərclənmişdir. Evin kombisi ididaçının kredit kartı ilə alınmış, yalnız ödənişini cavabdeh etmişdir. İddiaçı evə heç bir xərc çəkməmişdir. Bundan əlavə 2024-cü ilin noyabr ayında tərəfindən nikahın pozulmasına dair iddia qaldırılmış, lakin uşağın 1 yaşı olmadığına görə boşanma olmamışdır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, evi borc xərclə tikmiş, evi təmir edib köçmüşlər. Ev hazır olanadək kirayə qalmışlar. Tərəflər dəfələrlə mübahisə etmiş, iddiaçı oğlunu təhdid edərək döymüşdür. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən İİİ şəxs X8 izahatında bildirmişdir ki, o, Cavabdeh uzaq qohumudur. Təxminən 3-4 il bundan əvvəl evi tikmək, köməklik məqsədilə cavabdehə 27000 manat borc pul vermiş, daha sonra iddiaçı pulu geri istəmiş, lakin Tural evləndiyinə görə pulu geri ala bilməmişdir. Daha sonra torpaq evlə birlikdə ona satılmış, evi 15000 manat məbləğə almışdır. Evin şəraiti yoxdur, yalnız daş düzülmüşdür və çöl qapısı var. O evinə köçmək istəyir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1i ünvanda yerləşən ümumi sahəsi 0.02 ha olan torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat, **********08 reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixli, A 655977 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. -Satıcı Cavabdeh və alıcı X8 arasında bağlanmış xx.xx.2025-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, satıcı ünvan 1i ünvanda yerləşən, ümumi sahəsi 0.02 ha olan torpaq sahəsinin alıcının mülkiyyətinə verməyi, daşınmaz əmlakı 15000 manat qiymətinə alıcıya satmağı, alıcı isə həmin qiymətə almağı öz öhdəsinə götürmüşdür. -Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1i ünvanda yerləşən ümumi sahəsi 0.02 ha olan torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2025-ci il tarixdə ********** qeydiyyat, **********08 reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında X4 adına qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Abşeron Rayonu İcra Hakimiyyəti Başçısının Fatmayı Kənd İnzibati Ərazi Dairəsinin xx.xx.2025-ci il tarixli, 64 saylı sorğuya cavab məktubundan görünür ki, Cavabdeh adına Fatmayı kənd İƏD-si üzrə nümayəndəliyin 19 saylı təsərrüfatbaşına kitabının 142 səhifəsində 0.02 ha (Reyestr nömrəsi: **********08) torpaq sahəsi qeydiyyata alınmış, tərəflərindən həmin torpaq sahəsinə baxış keçirilmiş, sözügedən torpaq sahəsində 1 mərtəbəli, mansarlı fərdi yaşayış evinin mövcud olduğu, sözügedən evin sənədləri, satılması, bağışlanması barədə İcra Nümayəndəliyində heç bir məlumat olmadığı qeyd olunmuşdur -AZ-İİ 624291 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Cavabdeh xx.xx.2024-cü il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 661 nömrəsi ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada “İmanzadə” soyadı verilmişdir. -AZ-V 140118 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2025-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 3829 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, anası İddiaçı, atası Cavabdehdur. -AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-32/2-19837/2025 saylı sorğuya cavab məktubundan görünür ki, Cavabdeh mülkiyyətində ünvan 1i üzrə halhazırda daşınmaz əmlak aşkar edilməmişdir. -“Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, tərəflər xx.xx.2024-cü il tarixdə rəsmi nikaha daxil olmuş, hazırda da rəsmi nikah münasibətləri davam etməkdədir. Mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi xx.xx.2021-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmış, xx.xx.2025-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsi ilə müstəqil tələb irəli sürməyən İİİ şəxs X1, hazırda da onun mülkiyyətindədir. İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək, azyaşlı övladı ilə birlikdə ünvan 1ində yerləşən özbaşına tikilmiş fərdi yaşayış sahəsinə köçməyi və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh tərəf və müstəqil tələb irəli sürməyən İİİ şəxs iddianı qəbul etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Ona görə də məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə yaranmış mübahisə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürməklə həll edilməlidir. Həmin Məcəllənin: 180.1-ci maddasinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddasinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddasinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Mübahisə ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir ki, hər şeydən əvvəl məhkəmə mübahisənin obyektiv və düzgün həlli üçün mübahisəli əmlakın hüququ statusu müəyyən edilməlidir. İş materialları ilə müəyyən edilir ki, mübahisəli tikintinin yerləşdiyi torpaq sahəsi tərəflərin rəsmi nikaha daxil olduqları tarixdən (xx.xx.2024-cü il) əvvəl, yəni xx.xx.2021-ci il tarixdə cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, daha sonra xx.xx.2025-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsi ilə müstəqil tələb irəli sürməyən İİİ şəxsə satılmış, xx.xx.2025-ci il tarixdə məhz X4 adına qeydiyyata alınmışdır. Buna baxmayaraq, mübahisəli yaşayış sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd mövcud olmamaqla, ev özbaşına tikinti hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 25.2-ci maddəsinə əsasən kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.İnsan Hüquqlarının və X3 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. 158.2-ci maddəsinə görə, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. 13.1.1-ci maddəsinə əsasən yaşayış evi yaşayış sahəsinə aiddir. 14.1-ci maddəsinə əsasən yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. İşin faktiki hallarından, həmçinin iddiaçının izahatından da göründüyü kimi mübahisəli yaşayış sahəsi hazırda iddiaçının istifadəsindədir. Mübahisəli tikinti daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, bununla da özbaşına tikili hesab edildiyindən orada hər hansı istifadə qaydalarının müəyyən edilməsindən söz gedə bilməz. Eyni zamanda sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, mübahisəli tikili özbaşına tikili olduğundan, həmçinin hazırda iddiaçı həmin evdə yaşadığı üçün onun istifadə qaydalarının müəyyən olunması və həmin evə köçürülməsi tələbi əsassız olmaqla təmin edilə bilməz. Əlavə olaraq mübahisəli tikintinin tərəflərin birgə nikahda olarkən inşa edilməsi və ya əldə edilməsi, mübahisəli tikintinin inşa edilməsində iddiaçının vəsaitinin xərclənməsi barədə iddiaçı tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və X3” haqqında X2 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 №li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və X3 haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarındakı hüquqi mövqeyə görə, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Yuxarıda sadalanan hallara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hazırki mübahisə üzrə sübutetmə yükü onun üzərinə düşürdü. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən İİİ şəxs X8) qarşı yaşayış sahəsinə köçürülmə və yaşayış sahəsində istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən İİİ şəxs X8) qarşı yaşayış sahəsinə köçürülmə və yaşayış sahəsində istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar