Məhkəmə qərarları › İş №2(012)-5556/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5556/2021

13.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5556/2021 13.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili X3, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil, Üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzil’ istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Pirəkəşkül qəsəbəsi Hərbi Şəhərcikdə yerləşən fərdi yaşayış evinin əmlakının yerləşdiyi hissəsinə istifadə hüququnun tanınması, evdən istifadə qaydalarının müəyyənləşdirilmsi və sözügedən evə yaşamağı üçün cavabdeh tərəfindən hər hansı maneə yaradılmasının qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cəbrayıl rayon Qeydiyyat şöbəsinin 70 nömrəli, 30 iyun 2018-ci il tarixli akt qeydinə əsasən Cavabdeh ilə nikaha daxil olaraq ailə qurmuş və onun yaşadığı Abşeron rayonu, Pirəkəşkül qəsəbəsi, Hərbi Şəhərcikdə yerləşən 4 (dörd) otaq və 1 (bir) mətbəxdən ibarət olan birmərtəbəli fərdi yaşayış evinə gəlin köçmüş, əşyalarını da özü ilə birlikdə qeyd olunan ünvana gətirmişdir. Fərdi yaşayış evi ümumən onun tərəfindən gətirilən cehizlərlə təmin olunmuş, təkcə bir otaqda Cavabdeh valideynlərinə aid əşyalar vardır. Uzun müddət gəlin köçdüyü fərdi yaşayış evində yaşamış, daha sonra cavabdehlə ailə münasibətləri gərginləşmiş və o, bu səbəbdən evdən çıxarılmaq məqsədilə mütəmadi olaraq təzyiqlərə məruz qalmışdır. Hesab edir ki, cavabdeh tərəfindən yaşayış hüququnun məhdudlaşdırılması ilə nəticələnən bu qanunsuz hərəkətlərə son qoyulmalı və həmin fərdi yaşayış evinin əşyaları olan hissəsinə mənzil hüququnun rəsmiləşdirilməsi təmin edilməlidir. Həmçinin, cavabdehin ev üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd olmadığından cavabdehin ona qarşı etdiyi təzyiqlər qanunsuzdur. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı? 2) şəxs yaşadığı yerdən məhrum edilibmi? 3) məhrum edilmə qanunidirmi? Hazırkı işdə hər üç hal mövcuddur, yəni köçmək istədiyi evdə yaşamış və yaşadığı evdən məhrum edilmişdir. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd olmadığından cavabdehin ona qarşı törətdiyi məhrumetmə qanunsuzdur. Belə ki, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuş, pozuntunun nəticələri hal-hazırda da davam etməkdədir. Hazırda o, sözügedən fərdi yaşayış evində yaşayır. Lakin onun yaşamasına cavabdeh tərəfindən maneələr törədilir. İşığı kəsilmiş, sonradan 4 ay müddətində qazla təmin edilməmişdir. Halbuki, həmin evin inşa edilməsində onun tərəfindən də vəsait sərf olunmuşdur. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili X7 iddia ərizəsini müdafiə edərək İddiaçı izahatı ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, İddiaçı ilə 2018-ci ildə evlənmiş, 2021-ci ildə boşanmışdır. Birgə nikahlarından uşaqları yoxdur. O, restoranda ofisiant işləyir, səhər erkən çıxır, axşam isə evə qayıdırdı. Belə ki, iddiaçı onu şərləmiş, polisə vermiş, evə gec gəldiyinə görə müdiriyyətə şikayət edərək onu işdən çıxartdırmışdır. Hazırda o, mübahisəli evdə yaşaya bilmir. Hər gün işıq üçün pul köçürmüş, qaza görə isə sonuncu dəfə mart ayında 30 manat ödəniş etmişdir. Sonradan kart bloka düşmüş, bacısı Bahar Süleymanova sayğacla bağlı sənədləri toplayıb aidiyyəti quruma müraciət etmişdir. İddiaçının əvvəllər evdən çıxmasını istəməmiş, lakin indi onun həmin evdə yaşamasını istəmir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini qəbul etməyərək Cavabdeh izahatı ilə eyni məzmunlu izahat vermiş və əlavə olaraq izahatında göstərmişdir ki, iddiaçının köçürülməsini arzu etdiyi fərdi yaşayış evinin mülkiyyəti yoxdur. Qeyd olunan əmlak cavabdehin bacısına onun atası tərəfindən cehiz olaraq verilmişdir. Bu səbəbdən də iddiaçının həmin evə heç bir hüququ yarana bilməz. Məhkəmə iclasında üçüncü şəxs X4 izahatında göstərmişdir ki, onun anası o, uşaq ikən vəfat etmişdir. Qardaşı və atası Rusiya Federasiyasına getmiş, onu isə öz dayıları saxlayıb böyütmüşlər. Atası həmin evi ona cehiz olaraq hədiyyə etmişdir. Lakin qardaşı Rusiyadan geri qayıtdıqdan sonra atası qardaşını evləndirmiş və iddiaçı da həmin evə gəlin köçmüşdür. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayonu X5 07.06.2017-ci il tarixli Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 31011xxxxxxx nömrəsi verilmişdir. -Abşeron rayonu X5 07.06.2017-ci il tarixli **********6072 saylı tədiyyə bildirişindən görünür ki, İddiaçı 2017-ci il üçün əmlak vergisinə görə 26.1 manat, torpaq vergisinə görə 1 manat borcunun olduğu bildirilmişdir. -Abşeron rayonu X5 07.06.2017-ci il tarixli tədiyyə bildirişindən görünür ki, İddiaçı 2017-ci il üçün məişət tullantılarına görə hesablanmış 36 manat ödənişin bələdiyyənin Kapital Bankda yerləşən Vöen ********** nömrəli hesabına və ya poçt vasitəsilə ödənilməsi bildirilmişdir. -Cəbrayıl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 30.06.2018-ci il tarixli AZ-İİ № 262869 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 30.06.2018-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 70 nömrəsi ilə qeyd edilmişdir. -Azəriqaz Layihə İnşaat QSC-nin 01.08.2019-cu il tarixli 44/TŞ-2020-052245 saylı Abşeron rayonu Pirəkəşkül qəsəbəsində yerləşən fərdi yaşayış evinin qazlaşdırılmasına dair sənədindən görünür ki, X2 məxsus olan fərdi yaşayış evi qazla təmin edilmişdir. -Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə Elektron Qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasında müvəqqəti olma müddəti 04.07.2020-ci il tarixədək uzadılmışdır. -E-manat ödəniş sistemi vasitəsilə ödənilmiş qəbzlərdən görünür ki, Bahar Süleymanova tərəfindən Azərişıq ASC-yə 03.12.2021-ci il tarixdə 5 manat, 06.12.2021-ci il tarixdə 5 manat, 10.12.2021-ci il tarixdə 5 manat, 11.12.2021-ci il tarixdə 5 manat ödəniş edilmişdir. -Azərişıq ASC ilə istehlakçı X4 arasında bağlanmış 03.12.2021-ci il tarixli 319192 saylı enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqısatqısının birtipli müqaviləsinin surətindən görünür ki, X2 məxsus Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən fərdi yaşayış evinə elektrik sayğacı quraşdırılmışdır. -Abşeron rayonu X9 tərəfindən verilmiş 07.06.2017-ci il tarixli 260 saylı arayışdan görünür ki, İddiaçı Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində qeydiyyatsız yaşayır. -Abşeron rayonu X9 tərəfindən verilmiş 02.12.2021-ci il tarixli 152 saylı arayışdan görünür ki, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsinin ərazisində yerləşən məktubda bəhs edilən fərdi yaşayış evinin və torpağın mülkiyyətə verilməsi barədə bələdiyyə tərəfindən heç bir qərar verilməmişdir. -Abşeron rayonu Aşağı Güzdək qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 06.12.2021-ci il tarixli 55 saylı arayışdan görünür ki, İddiaçı Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində qeydiyyatsız yaşayır. -Asan-Sumqayıt tərəfindən verilmiş 07.09.2016-cı il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Cəbrayıl rayonu M.Ə.Rəsulzadə məhəllə 4 ünvanında qeydiyyatdadır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının: 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ilə 30.07.2018-ci il tarixdə nikaha daxil olmuş, tərəflərin birgə nikahlarından uşaqları yoxdur. Tərəflər nikaha daxil olandan sonra iddiaçı cavabdehin bacısına atası tərəfindən hədiyyə olaraq verilmiş, dövlət qeydiyyatına alınmamış, hər hansı hüquqmüəyyənedici sənədi olmayan – Abşeron rayonu Pirəkəşkül qəsəbəsində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, həmin evdə yaşamış, cehiz əmlaklarını həmin evə gətirmiş, həmin evdə birgə təsərrüfat aparmışlar. Tərəflərin münasibətləri pozulduqdan sonra hal-hazırda cavabdeh tərəfindən iddiaçının həmin ünvana daxil olub yaşamasına maneələr yaradılır. Özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin: 180.1.-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2.-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla fərdi yaşayış evinin özbaşına tikili olması, həmin evə dair cavabdehin bacısının adına qaz, işıq sayğacının qoyulması, həmin sayğaclara görə ödənişlərin edilməsinə dair qəbzlərin olması müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Bu səbəbdən də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Abşeron rayonu Pirəkəşkül qəsəbəsində yerləşən ev özbaşına tikili olduğundan, iddiaçı cavabdeh ilə birlikdə həmin evə bərabər hüquq və vəzifələrə malik olduğundan İddiaçı həmin evdə yaşaması üçün cavabdeh tərəfindən yaradılan maneələr qadağan edilməlidir. Məhkəmə iddiaçının iddia tələbinin “fərdi yaşayış evinə dair istifadə qaydalarının müəyyən edilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, hər hansı hüquqmüəyyənedici sənədi olmayan özbaşına tikili olan mübahisəli evin layihə sənədləri olmadığından, həmçinin istifadə qaydalarının müəyyən edilməsini barədə mütəxəssis rəyi təqdim edilmədiyindən və beləliklə, iddiaçı tərəfindən məhkəməyə sübut verilmədiyindən iddia tələbi bu hissədə əsaslı hesab edilib təmin edilə bilməz. Məhkəmə iddiaçının iddia tələbinin həmin evə istifadə hüququnun tanınmasına dair hissəyə münasibət bildirib qeyd edir ki, sözügedən evə dair hər hansı bir hüquqmüəyyənedici sənəd olmadığından, evə dair mülkiyyət hüququ rəsmi dövlət qeydiyyatına alınmadığından iddiaçının həmin evə dair istifadə hüququ da yarana bilməz. Bu səbəbdən də iddia tələbi bu hissədə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 4-cü, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı Abşeron rayonu Pirəkəşkül qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşaması üçün Cavabdeh tərəfindən yaradılan maneələr qadağan edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar