Məhkəmə qərarları › İş №2(012)-5682/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5682/2025

08.01.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5682/2025 08.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Rəhimli Zərnişan Ağarəhim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən çıxarılma barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və onun ailə üzvləri olan, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 şəxsi əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən 14 saylı mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəlki 26 Bakı Komissarı adına zavodda mühəndis vəzifəsində çalışmdır. Həmin zavodda çalışan fəhlə və qulluqçularının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Abşeron rayonu, Xırdalan şəhərində 5 mərtəbəli bina inşa edilmişdir. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən ünvan 2 ünvanında yerləşən 5 otaqlı, ümumi sahəsi 59,38 kv m. olan 14 saylı mənzil xx.xx.1994-cü il tarixli 000442 nömrəli order əsasında ona ayrılmışdır. Mənzili 1996-cı ilin payız ayında təmir edib qurtardıqdan sonra Qubadlı rayonundan olan məcburi köçkünlər ona məxsus mənzili zəbt edərək yaşamağa başlamışlar. Bu barədə qonşuluqda yaşayanlar xəbər vermişdir. Həmin vaxtı o, mənzilə gedərək mənzili zəbt etmiş şəxslərlə görüşmüş, onlar yaşayış yerlərinin olmadığını əsas gətirərək mənzildən çıxamayacaqlarını bildirmişlər. O da çarəsiz qalıb torpaqların işğaldan azad olunmasını gözləməli olmuşdur. Artıq torpaqları işğaldan azad olunmuş, məcburi köçkünlərin bir çoxu öz ata-baba yurdlarına qayıtmışlar. Bir müddət əvvəl evində yaşayan ailə başçısı Cavabdeh1 ilə görüşmüş və evin sənədləşdirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən gəlmiş nümayəndələrə evin ölçülərini götürmək üçün icazə verməsini xahiş etmişdir. Cavabdeh olan ailə başçısı Cavabdeh1 idarənin işçilərini və onu mənzilə buraxmamışdır. O, dəfələrlə ondan bu özbaşınalığa son qoymağı tələb etsə də, onun tələbinə məhəl qoymamış və hazırkı vaxtadək qanunsuz olaraq onun mənzilində yaşamaqdadırlar. O, hal-hazırda mülkiyyətində olan mənzilə köçüb yaşamaq istəyir, bununla bağlı dəfələrlə cavabdehə mənzilini boşaltmasını tələb etsə də, o buna məhəl qoymamışdır. Cavabdeh ona öz şəxsi mülkündən rahatlıqla istifadə etmək imkanı vermir, buda onun dövlət tərəfindən qanunla qorunan hüquqlarının pozulması deməkdir. Bu səbəbdən də, mövcud tələb ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq onların iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 00442 nömrəli orderin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 5 otaqlı, ümumi sahəsi 59,38 kv.m olan 14 saylı mənzil xx.xx.1994cü il tarixdə İddiaçı verilmişdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. “Loizidu Türkiyəyə qarşı”iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan başqa, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qaqnunun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunan odur ki, cavabdehlər iddiaçının ailə üzvü deyil, bu mənzilə iddiaçının və ya onun ailə üzvlərinin razılığı ilə köçməmiş, mənzil üzrə onunla ümumi təsərrüfat aparmamışlar. Cavabdehlər faktiki olaraq mənzili özbaşına tutmaqla 1996-cı il tarixdən etibarən hər hansı hüquqi əsas olmadan orada yaşayırlar. Bu hal iddiaçıya məlum olduqdan sonra cavabdehlərin mənzildə müvəqqəti olaraq qalmasına etiraz etməməsi onun mənzilə münasibətdə hər hansı hüququnun yaranmasına əsas ola bilməz. Ən yaxşı nəticədə, cavabdehlər müvəqqəti sakin kimi qiymətləndirilə bilər və belə olan halda da cavabdehlər iddiaçının tələbi ilə mənzili dərhal boşaltmalıdır. İddiaçı da hazırda məhz bunu tələb edir. İş materiallarında olan 00442 nömrəli orderin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 5 otaqlı, ümumi sahəsi 59,38 kv.m olan 14 saylı mənzil xx.xx.1994cü il tarixdə İddiaçı verilmişdir. Göründüyü kimi, mübahisəli mənzil iddiaçıya məxsusdur, həmin mənzil cavabdehlərin qanunsuz sahibliyində və istifadəsindədir. İddiaçı hazırda ona məxsus mənzildən istifadə edə bilmir, iddiaçı bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdehlərin bu hərəkəti nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur. Hüquqi nəticə etibarı ilə iddiaçının order əsasında ona məxsus olan bu əmlaka öz istədiyi kimi sahib olmaqda, ondan istifadə etməkdə sərbəstdir. Həmin mənzildə hazırda cavabdehlər yaşayır, mənzil onların istifadə və sahibliyindədir. Cavabdehlərin bu mənzildə yaşamaq, ondan istifadə və ona sahiblik etmək üçün hər hansı hüquqi əsasının olması, o cümlədən onunla iddiaçı arasında kirayə və sair müqavilənin bağlanması, başqa sözlə cavabdehlərin mübahisəli əmlakla hər hansı hüquqi bağlılığı müəyyən edilməmişdir. Cavabdehlərin iddiaçıya məxsus olan mənzildə məskunlaşması və məskunlaşmanın qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı nəticə etibarı ilə iddiaçının həmin mənzilə olan bütün hüquqlarının pozulmasına səbəb olur. İstifadə və sahiblik hüququnun olmasına baxmayaraq, iddiaçı hazırda qeyd edilən mənzilə sahiblik və ondan istifadə edə bilmir. Bu əmlak onun iradəsindən asılı olmayaraq istifadə və sahibliyindən çıxmışdır. Məhkəmə xüsusilə vurğulayır ki, Qubadlı şəhəri 25 oktyabr 2020-ci il tarixində işğaldan azad olunmuşdur. Bu baxımdan qanuniliyindən asılı olmayaraq, cavabdehlərin 1996-cı ildə mübahisəli mənzildə məskunlaşmasının əsasında onun yaşayış sahəsinə olan ehtiyacının aradan qaldırılması dururdusa, hazırda bu ehtiyac da aradan qalxmışdır. Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. X1 tapşırığına uyğun olaraq, Qubadlı şəhərinə köçürülmə prosesinə başlanılıb və davam etdirilir. Məhkəmə qeyd edir ki, cavabdehlərin hazırda hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan özünə məxsus əşyalarla birlikdə mübahisəli mənzildən istifadə etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehlərin həmin əmlakdan qanunsuz sahibliyinə son qoyulmalıdır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Qafarov X2 rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 26-cı kvartal, ev 6 ünvanında yerləşən 14 saylı mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 şəxsi əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən 14 saylı mənzildən çıxarılsınlar. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar