Məhkəmə qərarları › İş №2(012)-5687/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5687/2025

26.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5687/2025 26.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlu, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron Rayon 1 Saylı Dövlət Notariat Kontoru) vərəsəlik faktının tanınması tələbinə dair ərizəsinə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron Rayon 1 Saylı Dövlət Notariat Kontoru) vərəsəlik faktının tanınması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi mərhum ögey anası X1 vərəsəsi olması faktının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işin materiallarını araşdırıb hesab edir ki, iş məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 307.1-ci maddəsinə görə, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.9-cu maddəsinə görə, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Notariat haqqında Azərbaycan Respublikası Qanununun: 57-ci maddəsinə əsasən, mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. 59-cu maddəsinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. 60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarından görünür ki, vərəsəlik hüququ ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətinin əmələ gəlməsini (mirasın açılmasını) mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Mülki Məcəllənin 1145-ci maddəsi). Fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır, bunun nəticəsində müəyyən dairə şəxslər vərəsəliyə çağırılır, həmin şəxslər mirası qəbul və əldə edirlər. Məhz mirasın açılması, vərəsələr tərəfindən qəbul olunması və əldə edilməsi ilə əlaqədar yaranan münasibətlər vərəsəlik münasibətləridir. Həmçinin sözügedən qərarda qeyd olunur ki, miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyən edilməsi zamanı notariat orqanları məsələyə formal yanaşmamalı, mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Notariat orqanlarının bu istiqamətdə fəaliyyəti uzunmüddətli məhkəmə çəkişmələrinin qarşısının alınmasına və məhkəmələrin artıq işlərlə yüklənməməsinə xidmət etmiş olar. Məhkəmə qeyd edir ki, vərəsəlik hüququnun rəsmiləşdirilməsi–vərəsəlik şəhadətnaməsi verilərkən vərəsələrin Mülki Məcəllənin 1159-cu maddəsinə uyğun olaraq müəyyən olunması qaydaları “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”la tənzimlənir. Təlimatın 102-ci bəndində qeyd olunur ki, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə, habelə bu Təlimatın 13-cü hissəsinin altıncı abzasına uyğun miras qoyanın ölümü faktını, mirasın açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Qanun üzrə bir və ya bir neçə vərəsə miras qoyanla qohumluq münasibətlərinə dair sübutlar təqdim etmək imkanına malik deyildirsə, onlar miras qoyanla qohumluq münasibətlərinə dair sübutlar təqdim etmiş bütün qalan vərəsələrin notariat qaydasında təsdiq edilmiş razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Qeyd olunan hallar onu deməyə əsas verir ki, subyektin miras qoyan şəxsin qanun üzrə vərəsəsi olub olmaması məhkəmə tərəfindən deyil, qohumluq əlaqəsini təsdiq edən sənədlər əsasında notarius tərəfindən müəyyən olunur. Qohumluğu müəyyən etməyə əsas verən həmin sənədlər olmadığı halda məhkəmə tərəfindən vərəsə olması faktı deyil, MPM-nin 307.2.1-ci maddəsinə əsasən yalnız şəxslərin qohumluq münasibətlərini müəyyən edə bilər. Başqa sözlə vərəsə olma faktı məhkəmə tərəfindən müəyyən oluna bilməz. Həmçinin, hazırda məhkəmədə baxılmalı olan mübahisə mövcud deyil. Belə ki, notariusun cavabında ərizəçiyə hər hansı imtina verilməmişdir. Bu baxımdan məhkəmə qeyd edir ki, hazırda mübahisə olmadığından ərizəçi vərəsə olmasına dair müvafiq təsdiqedici sənədləri notariusa təqdim etməklə, həmin paya dair vərəsəlik şəhadətnaməsi əldə edə bilər. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, ərizəyə məhkəmə icraatı qaydasında baxılmalı deyildir və müvafiq notariat orqanlarına müraciət edilməlidir. Mülki Prossesual Məcəllənin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır və işə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Odur ki, məhkəmə qeyd edir ki, ərizənin qəbul еdilməsindən imtinа еdilməli və ərizəçiyə izаh оlunmаlıdır ki, göstərilən tələblə bаğlı müvafiq notariat orqanlarına müraciət etməlidir. Mülki Prossesual Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Beləliklə, məhkəmə hesab edir ki, ərizəyə məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin məhkəmənin icraatına qəbul edilməsi yolverilməzdir. Ona görə də ərizənin qəbulundan imtina edilərək, ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Həmçinin Mülki Prosessual Məcəllənin: 114.1.2-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə qeyd edir ki, ərizənin qəbulundan imtina edildiyindən ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixdə **********56 saylı qəbz əsasında ödənilmiş 100 manat məbləğində dövlət rüsumu da ərizəçiyə dövlət büdcəsindən geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİ: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron Rayon 1 saylı Dövlət Notariat Kontoru) vərəsəlik faktının tanınması tələbinə dair ərizənin qəbulundan imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixli, **********56 saylı qəbz əsasında Abşeron Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabından ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə ərizədə göstərilən tələblə bаğlı müvafiq notariat orqanlarına müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar