Məhkəmə qərarları › İş №2(012)-573/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-573/2022

17.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-573/2022 17.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının nümayəndəsi X17, Cavabdeh vəkili-nümayəndəsi X9 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki işə 17 yanvar 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və ona məxsus əşyaların Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi bina 2-də yerləşən 19 nömrəli mənzildən çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirilir ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlərə verilmiş mənzillərdə müqavilədə adı keçməyən şəxslər qeyri-qanuni yaşayır. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 25 oktyabr 2011-ci il tarixli “2/19” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, Cəbrayıl rayonundan məcburi köçkün X4 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Abşeron rayonun Mehdiabad qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş Gənclər şəhərciyində 2 nömrəli binada 19 nömrəli 1 otaqlı mənzil ilə təmin edilmişdir. 22 aprel 2021-ci il tarixində X25 vəfat etmişdir. Xüsusi təyinatlı müqavilənin şərtlərinə əsasən mənzildə yaşayan şəxs (kirayəçi) vəfat etdiyi təqdirdə mənzilin açarı Mənzil İstismar Departamentinin Mehdiabad qəsəbəsi üzrə Mənzil Kommunal İstismar Sahəsi təqdim edilməli olduğu halda, Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı 19 nömrəli mənzildə Cavabdeh qeyri-qanuni yaşadığı müəyyən edilmişdir. Sahə rəisi tərəfindən 19 nömrəli mənzilin Cavabdeh tərəfindən zəbt edilməsi və mənzildə qeyri-qanuni yaşaması müəyyən edildiyindən, həmin mənzilin boşaldılıb təhvil verilməsi barədə ona dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin cavabdeh şəxs mənzilin təhvil verilməsindən imtina etmişdir. Hansı ki, Cavabdeh “Gənclər şəhərciyi”ndə bina 2-də 31 nömrəli 2 otaqlı mənzillə təmin edilmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi X28 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh vəkili-nümayəndəsi X18 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, iddia tələbinə verdiyi etirazı müdafiə edərək bildirdi ki, iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Cavabdeh ünvan 1 ünvanında yaşamır və heç vaxt yaşamamışdır. Cəbrayıl rayonundan olan məcburi köçkün, cavabdeh X19 övladları ilə birgə ünvan 3 ünvanında 1 (bir) otaqlı mənzil ilə təmin olunmuşlar. Dövlətqaçqınkom tərəfindən mənzildən çıxarılmasına dair qaldırılmış iddia ərizəsinə cavabdehin heç bir aidiyyatı yoxdur. İddiaçı iddia ərizəsinə özünün irəli sürdüyü dəlilləri və sübut edən sənədləri əlavə etməmişdir. Belə ki, dövlət qurumu olaraq, məsələni tam araşdırmamış və məhkəməyə əsası olmayan iddia ərizəsi təqdim etmişdir. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsi tərəfindən cavabdehin X8 ilə 25 oktyabr 2011-ci il tarixində bağlanmış kirayə müqaviləsinə əsasən, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 2, 19 saylı 1 (bir) otaqlı mənzil ilə təmin edilmişdir. X8 2011-ci il tarixindən 22 aprel 2021-ci il tarixində dünyasını dəyişənə kimi, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 2, 19 saylı 1 (bir) otaqlı həmin mənzildə yaşamışdır. Cəbrayıl rayonundan olan məcburi köçkün, kiçik X3 nikahı pozulduğu 2018-ci ildən etibarən X8 ilə birgə yaşamışdır. Hazırda qardaşı atası ilə birgə yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 2, 19 saylı mənzildə qalır. X3 atası ilə bu illər ərzində birgə qalaraq təsərrüfat aparmış, kommunal xərcləri, işıq, qaz və suya dair ödənişlər etmişdir. Cəbrayıl rayon İcra Hakimiyyəti Başçısı X34 Ərazi İdarəsi üzrə Nümayəndəliyindən verilən 170 saylı, 29.11.2021-ci il tarixli arayışa əsasən X3 2021-ci il may ayı tarixə qədər təsərrüfat üzvü kimi X8nun təsərrüfatında qeydiyyatda olmuşdur. 22.04.2021-ci il tarixində atası vəfat etdiyindən təsərrüfat başçısı X20 qeyd edilmişdir. Sözü gedən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 2, 19 saylı mənzildə cavabdehin qardaşı və atasına məxsus əşyalar yerləşir. Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsi tərəfindən Cavabdeh övladları ilə birgə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 2, mənzil 31 ünvanında 1 (bir) otaqlı ev və kiçik qardaşı, X11 və rəhmətə getmiş X8na ünvan 1 ünvanında 1 (bir) otaqlı ev Cəbrayıl rayonundan olan məcburi köçkün kimi yox, Bakı şəhəri, Nəsimi rayonu, Yusif Səfərov küçəsi, ev 37, “TRUMP TOWR” tikildiyi yerdən köçürülərək verilmişdir. Həmçinin, Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin əməkdaşları qanunsuz olaraq, cavabdehin atasının rəhmətə getdiyini və qardaşının işdə olduğunu fürsət bilərək, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 2, 19 saylı mənzilə hücum edərək onlara məxsus evdə olan əşyaları daşıdaraq çölə almaq istəmişlər. Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin əməkdaşları qanunsuz əməlləri barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və digər müvafiq qurumlara müraciətlər ünvanlanmışdır. Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin əməkdaşları tərəfindən barəsində qanunsuz olaraq 15.10.2021-ci il tarixli akt tərtib edilmişdir. Həmin şər və böhtan xarakterli, qərəzli akt ilə guya cavabdeh atasına və qardaşına məxsus 19 saylı mənzili zəbt etmişdir. Cavabdeh və övladlarının yaşadığı 31 saylı 1 (bir) otaqlı mənzil 5-ci (beşinci) mərtəbədə, X3nun yaşadığı 19 saylı 1 (bir) otaqlı mənzil isə 3-cü (üçüncü) mərtəbədə yerləşir. Belə olan halda akta imza atan şəxslərin sözlərinə görə cavabdeh, rəhmətlik atasının, qardaşının yaşadığı və əşyalarının yerləşdiyi evə daxil ola bilməz? İşə mahiyyəti üzrə baxan məhkəmə orqanı ədalətli və hərtərəfli məhkəmə araşdırması aparmalıdır. Məhkəmə tərəfindən qətnamə tərəflərin izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır, telə ki, məhkəmə araşdırması zamanı Cavabdeh qeyd edilən mənzilə aidiyyatı olmadığını, iddia ərizəsinin əsassız olduğunu, təqdim etdiyi sübutları nəzərə alması işin mahiyyəti üzrə həll olunması üçün vacibdir. İddia ərizəsinin Cavabdeh qarşı mümkünsüz olması nəzərə almalıdır. Odur ki, göstərilənləri nəzərə alaraq iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı olduğundan təmin edilməlidir. Mülki işin materiallarında olan 25 oktyabr 2011-ci il tarixli, 2/19 №-li Xüsusi Təyinatlı Yaşayış X6 müəyyən edilir ki, Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 2-də yerləşən 19 nömrəli mənzili haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün X1 və istifadəsinə verməyi öhdəsinə götürür. Mülki işin materiallarında olan 25 oktyabr 2011-ci il tarixli, 2/31 №-li Xüsusi Təyinatlı Yaşayış X6 müəyyən edilir ki, Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 2-də yerləşən 31 nömrəli mənzili haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün Cavabdeh sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Mülki işin materiallarında olan 15 oktyabr 2021-ci il tarixli aktdan müəyyən edilir ki, həqiqətən Fərhadova X5 tərəfindən 25 oktyabr 2011-ci ildə Mehdiabad Gənclər Şəhərciyində bina 2, mənzil 31 ünvanında kirayə müqaviləsi əsasında evlə təmin olunmuşdur. Eyni vaxtda Cavabdeh X8 həmin binanın mənzil 19 ünvanında ev verilmişdir. X25 22 aprel 2021-ci ildə dünyasını dəyişdikdən sonra onun qızı Cavabdeh qeyri-qanunu olaraq bina 2 mənzil 19 ünvanını zəbt etmişdir. Mənzilin boşaldılması ilə bağlı dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq mənzili boşaltmaqdan imtina etmişdir. Mülki işin materiallarında olan Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən 06.05.2021-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 22.04.2021-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində vəfat etmişdir. Mülki işin materiallarında olan Cəbrayıl rayon İHB-nın Qumlaq kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən 29.11.2021-ci il tarixdə verilmiş 170 nömrəli arayışdan görünür ki, X2 rayonu Qumlaq kənd İƏD-nin şəhər yerləri üzrə 1 № təsərrüfatbaşı kitabının 192-ci səhifəsində 96 № təsərrüfatda (Xudafərin qəsəbəsi) may 2021-ci il tarixə qədər təsərrüfat üzvü kimi X8nun təsərrüfatında qeydiyyatda olmuşdur. 22.04.2021-ci il tarixdə atası vəfat etdiyindən təsərrüfat başıçısı kimi X20 qeyd olunmuşdur. Mülki işin materiallarında olan Cəbrayıl rayon İHB-nın Qumlaq kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən 26.11.2021-ci il tarixdə verilmiş 168 nömrəli arayışdan görünür ki, X20 1993-cü ilin avqust ayından Cəbrayıl rayonundan məcburi köçkün düşmüş, halhazırda müvəqqəti olaraq Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Köçk şəh, b-4/6 məskunlaşmışdır və aşağıdakı ailə üzvləri var: qızı- X7-18.11.2005, oğlu-X14-29.07.2007, oğlu-X12-27.02.2014. Mülki işin materiallarında olan Cavabdeh tərəfindən iddiaya etiraz ərizəsindən onun mübahisəli mənzildə istər atasının sağlığında, istərsə də, 22 aprel 2021-ci il tarixdə atasının ölümündən sonra yaşaması müəyyən edilir. Həmçinin cavabdeh özünə ayrılan mənzilin birotaqlı olması səbəbindən, Cəbrayıl rayonuna qayıdana qədər mübahisəli mənzildən istifadə edilməsinə maneçilik edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı tərəf dövlət proqramına uyğun olaraq cavabdehin atasını Abşeron rayonun Mehdiabad qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş Gənclər şəhərciyində 2 nömrəli binada 19 nömrəli 1 otaqlı mənzil ilə təmin etmişdir. Cavabdehin X8 22 aprel 2021-ci il tarixində vəfat etmişdir. Bundan sonra, həmin mənzil iddiaçıya təhvil verilməli olmasına baxmayaraq, cavabdeh tərəfindən qanunsuz şəkildə həmin mənzil zəbt edilmişdir. Halbuki cavabdeh Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 2-də yerləşən 31 nömrəli mənzillə təmin olunub və oradan onun yaşayış hüququ vardır. Hazırda iddiaçı cavabdehin mübahisəli mənzildən çıxarılmasını və mənzilin boşaldılaraq ona təhvil verilməsini xahiş edir. Cavabdehin vəkili mübahisəli mənzildən cavabdehin istifadə etmədiyini bildirsə də, mülki işin materiallarında olan cavabdeh Fərhadova Aynurə Camal qızının özü tərəfindən iddiaya etiraz ərizəsindən onun mübahisəli mənzildə istər atasının sağlığında, istərsə də, 22 aprel 2021-ci il tarixdə atasının ölümündən sonra yaşaması müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 153-4-cü maddəsinə əsasən, bütün mülkiyyətçilərin hüququ eyni bərabər müdafiə edilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi QAYDASİ”nın 3-cu hissəsində məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri qaydaları aşağıdakı kimi müəyyən edilmişdir: 3.2. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 3.3. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov sovmaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. 3.4. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər. 3.5. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. 3.6. Məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyqun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Məcburi köçkünlərə yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 82.5-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə əsasən yaşayış sahəsinin itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə bağlı xitam verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı asayiş sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.4-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 100 3-cü -maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, cavabdeh mübahisəli mənzildə qanunsuz yaşadığından, iddia təmin edilməli, Cavabdeh ona məxsus əşyalarla birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 2-də yerləşən 19 nömrəli mənzildən çıxarılmalı və həmin mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh ona məxsus əşyalarla birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 2-də yerləşən 19 nömrəli mənzildən çıxarılsın və həmin mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar