Məhkəmə qərarları › İş №2(012)-5776/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5776/2021

10.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5776/2021 10.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən məcburi çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsində açıq məhkəmə iclasında baxaraq olan m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanından məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsi ünvanında yerləşən, ev 2 mənzil 27 mülkiyyət hüququ ilə ona məxsusdur. Sözügedən mənzilə görə ona 14.06.1989-cu ildə, (14 №-li reyestr kitab.) Qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh onun gəlinidir, oğlu ilə cavabdeh 2010-cu ildə ailə qurmuş, bu evə isə 2013-cü ildə gəlmişlər. Oğlu isə uzun illərdir Rusiyada yaşayır və ona heç bir maddi yardım göstərmir. Mülkiyyətçisi olduğu mənzili cavabdeh tərəfindən zəbt edilmişdir və halhazırda cavabdeh orada yaşayır. O, dəfələrlə cavabdehə mülkiyyətçisi olduğu mənzili tərk etməsini xahiş etsə də cavabdeh bugünə kimi mənzili tərk etməmişdir. O, hər dəfə mənzilinə getdikdə cavabdeh ona problemlər yaradır, səs-küy salır, onun ünvanına nalayiq ifadələr səsləndirir. Bir daha bildirir ki, cavabdeh onun mənzil hüququnun həyata keçirilməsinə maneçilik törədir. Cavabdehin günahı üzündən mənzilində yaşaya bilmir. Bu da onpun maddi vəziyyətini daha da ağırlaşdırmışdır. AR MM-nin 152.1-ci maddəsinə görə “Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur”. Həmin Məcəllənin 157.1-ci maddəsinə görə “Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasın, tələb etmək ixtiyar, vardır”. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə “Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakım geri tələb edə bilər. Məcəllənin 157.4-cü maddəsinə görə “Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum edilmədən törədilərsə, mülkiyyətçi edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmədə izahatında bildirdi ki, cavabdeh onun qaynanasıdır. X1 ilə o, 2010-cu ildə ailə həyatı qurmuş və 2013-cü ilədək Rusiyada yaşamışlar. 2013-cü ildə mübahisə predmeti olan evə gəlin köçmüşdür. Yoldaşı onu evdə qoyaraq, Rusiyaya getmişdir, hazırda isə pandemiya ilə əlaqədar ölkəyə gələ bilmir. O işləmir və azyaşlı uşağı ilə getməyə başqa yeri yoxdur. Bundan əlavə sözügedən evi o, öz vəsaiti hesabına təmir etdirmişdir. Odur ki, təmir üçün xərclədiyi vəsait ona qaytarılarsa, evdən çıxmağa razıdır. İş materiallarında olan qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsində yerləşən 4 yaşayış otaqlı, yaşayış sahəsi 47.1 m2, köməkçi sahəsi 30.2 m2 olan 2 saylı evin, 27 saylı mənzil Abşeron rayon icra hakimiyyəti XDS İcraiyyə Komitəsinin 257 №-li, 14 iyun 1989-cu il tarixli qərarı ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi MTİİTS tərəfindən verilmiş 29.07.2021-ci il tarixli, 545 №-li ailə tərkibi haqqında arayışdan görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı X4, X2, X5, X11 və X8 ailə üzvləri var. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə bu normalardan çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən hesab edir ki, iddiaçının iddia tələbinin qanuni əsasları vardır. Belə ki, məhkəmədə araşdırılmış sübutlarla təsdiq olunur ki, İddiaçının öz mülkiyyətində olan həmin mənzilə hüququ heç bir şəkildə, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırılmayıb və onun öz mülkiyyətindən sərbəst istifadə etməsi başqa şəxslərin hüquqlarını pozmur və hüquqdan sui-istifadə deyildir. Məhkəmə cavabdehin iddaçıya məxsus mənzildən çıxmamasını iddiaçıların mülkiyyət hüquqlarını və qanuni maraqlarını pozması kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanından məcburi çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar