Məhkəmə qərarları › İş №2(012)-5818/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5818/2024

02.12.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5818/2024 02.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və bununla bağlı elektron informasiya sisteminə bildirişin qeydiyyata alınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və bununla bağlı elektron informasiya sisteminə bildirişin qeydiyyata alınması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların “Əmək və məşğulluq” alt sisteminə daxil edilməsi hüququnun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Abşeron Xızı regional şöbəsinə həvalə edilməsi, mediasiya xidməti üçün ödədiyi 61 manat rüsumun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "CC TAXİM SERVİS” MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən o “müdir müavini” vəzifəsinə işə götürülmüşdür. Bu işdə təqribən 8 ay işlədikdən sonra cəmiyyətin qanuni təmsilçisi olan X2 azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cavabdeh MMC öz fəaliyyətini dayandırmışdır. Lakin həmin vaxtdan bu günə kimi mərkəzləşdirilmiş elektron informasiya sistemində onun Cavabdeh MMC-də işlədiyinə dair əmək müqaviləsi bildirişi mövcuddur. Belə olan halda aydın olur ki, Cavabdeh MMC öz fəaliyyətini dayandırsa da, lakin onunla bağlanmış əmək müqaviləsinin ləğvi və ya xitamı barədə əmr qəbul edilməmiş və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi təmin edilməmişdir. O, ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsini xahiş etmişdir. Müfəttişliyin cavab məktubunda ona bildirildi ki, qeyd olunan mübahisə ilə bağlı iddia ərizəsi ilə rayon (şəhər) məhkəməsinə müraciət etməlidir. Bundan sonra o pretenziya məktubu ilə Cavabdeh MMC-yə müraciət edib, onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsini və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsini xahiş etmişdir. Lakin Cavabdeh MMC fəaliyyətini dayandırdığına görə məktubunun Cavabdeh MMC-yə çatdırılması mümkün olmadı. Elektron informasiya sistemində onun hal-hazırda Cavabdeh MMC-də işlədiyi, yəni əmək müqaviləsinin qüvvədə olması görünür. Cavabdeh MMC fəaliyyətini dayandırdığı üçün Cəmiyyətin məsul şəxslərini tapıb, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların “Əmək və məşğulluq” alt sisteminə daxil edilməsini tələb edə bilmir. Bu səbəbdən də yaranan mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclası vaxtı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsi ilə iddia ərizəsində dəqiqləşdirmə verərək, onunla Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və mediasiya xidməti üçün ödədiyi 61 manat rüsumun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun şəkildə izhat verdi. O, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinin Abşeron-Xızı reginal şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəm işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının; 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-17-512-N-38066/2024 saylı məktubundan görünür ki, “Sizin əmək müqavilənizə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinizin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə ünvanladığınız müraciətinizə aidiyyəti üzrə Xidmətin Abşeron-Xızı regional şöbəsində baxılmışdır. Siz xx.xx.2024-cü il tarixdə X4 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə təqdim etdiyiniz izahatınızda Cavabdeh MMC-nin (bundan sonra - Cəmiyyət) səlahiyyətlərini yerinə yetirən şəxs olan işəgötürən X1 azadlıqdan məhrum edildiyini, bu səbəbdən Sizinlə işəgötürən arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinin mümkün olmadığını bildirmisiniz. Məlumat üçün bildiririk ki, tərəfimizdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Sizinlə xx.xx.2023-cü il tarixində müddətsiz əmək müqaviləsi bağlanılaraq Cəmiyyətdə nrıüdür müavini vəzifəsinə (peşəsinə) işə qəbul edilmisiniz və hal hazırda Sizinlə Cəmiyyətin işəgötürəni arasında aktiv əmək müqaviləsi bildirişi mövcüddur. Müraciətinizin ətraflı dəqiq araşdırılması, müvafiq sənədlərin təqdim olunması və müraciətə rəsmi münasibət bildirilməsi məqsədi ilə xx.xx.2024-cü il tarixli 3-17-5/2- 21987/2024 saylı məktubla (SS896370090AZ) Cavabdeh MMC-nə müraciət olunmuş, lakin məktubun poçt şöbəsi tərəfindən ünvana çatdırılması mümkün olmamışdır. Nəzərinizə çatdırılır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Eyni zamanda həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya "Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən bildirilir ki, əmək müqavilələrinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” altsisteminə daxil ediiməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək məhkəmə tərəfindən əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin qüvvədən salınması hüququ X4 Xidmətinə həvalə edilməlidir. Nəzərinizə çatdırırıq ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırlması haqqında" 20 oktyabr 2015-ci il tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün deyildir. -İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli Cavabdeh MMC-yə yazılmış pretenziya məktubundan görünür ki, onunla Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsini və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsini təmin etməyi xahiş etmişdir. - AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı Cavabdehndə bölmə rəhbəri vəzifəsində çalışır və əmək haqqı 400 manat təşkil edir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh "xxxx" MMC ilə əmək müqaviləsi bağlamaqla həmin tarixdə sözügedən MMC-də əmək fəaliyyətinə başlamışdır. Həmin MMC-nin təsisçisi X2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmişdir. İddiaçı tərəfindən "xxxx" MMCnə əmək fəaliyyətinə xitam verilməsi üçün ərizə ilə müraciət etmiş, lakin MMC tərəfindən hər hansı bir münasibət bildirilməmişdir. İddiaçı növbəti dəfə X4 Xidmətinə müraciət etmiş, həmin Müfəttişlikdən ona məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Ona görə də, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və bununla bağlı elektron informasiya sisteminə bildirişin qeydiyyata alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflər arasında əmək hüquq münasibətlərindən irəli gələn hazırki iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsi adlanacaq): 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 43.1-ci maddəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 44-cü maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. “Elektron Məhkəmə” İnformasiya sistemindən görünür ki, İddiaçı Cavabdeh MMC-də bölmə rəhbəri vəzifəsində işləyir. Əmək müqaviləsi xx.xx.2023-cü ildə bağlanmışdır. Eyni zamanda Cavabdeh MMC rəhbəri X2 barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə icraat davam etdirilir. İddiaçı öz ərizəsi ilə sözügedən MMC-yə əmək müqaviləsinin xitam verilməsi barədə müraciət etmiş lakin MMC-də işəgötürən X2 həbs olunduğundan həmin müqavilənin xitam verilməsi mümkün olmamışdır. Göstərilənlər tamamlə təsdiq edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi MMC tərəfindən hazırda mümkünsüzdür. Əmək Məcəlləsinin; 68-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də, a) tərəflərdən birinin təşəbbüsüdür. 69–cü maddəsinə əsasən əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşin araşdırılan hallarından göründüyü kimi İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-yə işdən azad olunması barədə ərizə vermiş, qanunla nəzərdə tutulmuş 1 aylıq müddət bitməsinə baxmayaraq cavabdehin səlahiyyətli şəxsi həbsdə olduğundan əmək müqaviləsinə xitam verilməsi mümkün olmamışdır. Əmək Məcəlləsinin; 74-cü maddəsində göstərilir;

1. Tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir: 1-1.2. fiziki şəxs olan işəgötürən barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildikdə, yaxud o, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə azadlıqdan məhrum edildikdə; Beləliklə məhkəmə qanunvericiliyin normalarına istinad edərək, qeyd edir ki, iddiaçının işlədiyi Cavabdeh MMC-dən öz ərizəsi ilə işdən azad olunması mümkünlüyünün olmaması onun iradəsindən asılı hal olmadığından iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1 maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3 maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Dövlət rüsunu haqqında Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə-iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İddia ərizəsi təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin. Qətnamə tərəflər arasında əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin elektron informasiya sistemində qeydiyyata alınması üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar