Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-584/2021 05.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əşyadan payın naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 05 iyul 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əşyadan payın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin reyestr nömrəsi **********04-05301-093060 olan 26.07.2019-cu il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 61.3 kv.m mənzildən İddiaçı payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 13 sentyabr 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan 13 iyul 2012-ci il təvəllüdlü X4 adlı övladları dünyaya gəlmişdir. Abşeron Rayon Məhkəməsinin 24 avqust 2017-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Birgə nikah dövründə iddiaçı öz vəsaiti hesabına ünvan 1 ünvanında yerləşən 61.3 kv.m ümumi sahəsi olan mənzil almışdır. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən ******* saylı, 23 aprel 2016-cı il tarixli daşmmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh iddiası əsasında Abşeron Rayon Məhkəməsinin 08 may 2018-ci il tarixli, 2(012)-442/2018 saylı qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən 61.3 kv.m mənzilə paylar müəyyən edilmiş, mənzilin 3/5 hissəsi, yəni 60 %-i Cavabdeh, 2/5 hissəsi isə iddiaçının mülkiyyətinə verilmişdir. Eyni zamanda həmin qətnamə ilə Cavabdeh azyaşlı uşaqları X2 ilə birlikdə həmin mənzilə köçürülməsi qət olunmuşdur. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli, 2(105)-3263/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Qətnamə qüvvəyə mindikdən sonra iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində reyestr nömrəsi **********04-05301-093060 olan 26.07.2019-cu il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. İddiaçı dəfələrlə cavabdehlə, onun atası ilə danışıqlar aparıb mənzilin bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılıq əldə etmək istəsə də, heç bir razılıq əldə edilməmişdir. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda artıq cavabdeh öz valideynləri və digər qohumları ilə birlikdə həmin evdə yaşamaq istəyir. İddiaçı ilə cavabdehin isə bir yerdə yaşamaları mümkün deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkilinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki işin materiallarında olan Abşeron Rayon Məhkəməsinin 08 may 2018-ci il tarixli 2(012)-442/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş ümumi əmlakda payların müəyyən edilməsinə dair iddianın təmin edilməsi, tərəflərin birgə nikahda olduqları dövrdə əldə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakı Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən hazırda Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, ev 1 ünvanında yerləşən 102 saylı mənzil üzərində payların müəyyən edilməsi, mənzilin 3/5 hissəsi, yəni 60%-i Cavabdeh, 2/5 hissəsinin İddiaçı mülkiyyətinə verilməsi, Cavabdeh azyaşlı uşaqları X3 ilə birlikdə Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, ev 1 ünvanında yerləşən 102 saylı mənzilə köçürülməsi, İddiaçı 40 (qırx) manat dövlət rüsumunun tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi, qarşılıqlı iddianın təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Mülki işin materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli, 2(105)-3263/2018 saylı qətnaməsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 08 may 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi 1, 101 saylı mənzil 2/5 hissədə paylı mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 26.07.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Mülki işin materiallarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyun 2021-ci il tarixli 10/1378 nömrəli rəyindən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 61.3 kv.m olan mənzilin İddiaçı payı 2/5 hissədə və Cavabdeh payı isə 3/5 hissədə olmaqla naturada paylara uyğun bölünməsi yalnız təcrid mənzillər şəklində aparılmalı, yəni bölgü zamanı tərəflərin hər birinin sərəncamında bərabər ölçüdə yaşayış (yataq) və yardımçı (mətbəx, dəhliz, ayaqyolu, hamam və s.) otaqların və bu otaqlara ayrı-ayrılıq giriş-çıxış yolunun olmalı olduğunu nəzərə aldıqda, İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun bəndlərinə və metodik əsasların Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə uyğun qaydada naturada paylara uyğun bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 214.2-ci maddəsinə əsasən paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. Həmin Məcəllənin 214.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir. Həmin Məcəllənin 214.4-cü maddəsinə əsasən paylı mülkiyyət mülkiyyətçilərinin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ümumi mülkiyyəti yaxşılaşdıran və ayrıla bilən əlavələr onları etmiş mülkiyyətçinin mülkiyyətinə daxil olur. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər 13 sentyabr 2011-ci il tarixdə birgə nikaha daxil olmuşlar, 24 avqust 2017-ci il tarixdə tərəflər arasındakı nikah pozulmuşdur. Birgə nikahda olduqları dövrdə Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, ev 1 ünvanında yerləşən 102 saylı mənzili almışlar, Abşeron Rayon Məhkəməsinin 08 may 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, ev 1 ünvanında yerləşən 102 saylı mənzilin üzərində tərəflərin paylarının müəyyən edilməsi, mənzilin 3/5 hissəsinin Cavabdeh və 2/5 hissəsinin İddiaçı mülkiyyətinə verilməsi qət edilmiş, İddiaçı bu barədə daşınmaz əmlakın dövlət reyestrindən müvafiq Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Hazırda iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, qeyd olunan mənzilə onun payının naturada ayrılmasını tələb edir. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, iş üzrə keçirilmiş ekspert rəyinə əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 61.3 kv.m olan mənzilin naturada paylara uyğun bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki,ekspertizanın rəyini təkzib edən sübutlar təqdim edilmədiyindən,rəy iş üzrə mötəbər sübut kimi qəbul edilməlidir.Bu əsasda iddia tələbi əsassızdır və təmin edilməməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əşyadan payın naturada ayrılması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilən olan məbləğlər daxildir. İddia tələbi təmin edilmədiyinə görə, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənmiş dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əşyadan payın naturada ayrılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-584/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-584/2021
05.07.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver