Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5863/2025 26.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «əmək müqaviləsinə xitam verilməsi» tələbinə dair mülki işə 26 dekabr 2025-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, Cavabdeh MMC-də əmək müqaviləsi əsasında işləmişdir. Hazırda Cavabdeh MMC fəaliyyətini dayandırmış, lakin onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyə uyğun xitam verilməmişdir. Belə ki, cavabdeh şirkətin rəhbərləri dələduzluq etdiyinə görə həbs edilmişdir, həmçinin idarə də bağlıdır. O, sistemdə cavabdeh şirkətin işçisi kimi qalmışdır. Başqa işə qəbul edilmək üçün ona əmək müqaviləsinə xitam verilməklə həmin işdən çıxmaq lazımdır. O, hazırda başqa bir işdə işləmək istəyir. Odur ki, qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci və 185.6-cı maddələrinə əsasən məhkəmə işə cavabdeh şirkətin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 07/22 nömrəli əmrə əsasən onunla bağlanmış əmək müqaviləsinə uyğun olaraq Cavabdeh MMC-də həkim-ekspert vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-V-67900/2025 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, müraciətlə əlaqədar müvafiq sənədlərin 7 iş günü ərzində təqdim edilməsi üçün X1 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 3-17-5/2-51357/2025 nömrəli, xx.xx.2025-ci il tarixli sorğu məktubu müəssisəyə çatdırılmış, lakin müəssisə tərəfindən heç bir sənəd təqdim edilməmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən (Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir.) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə (539.3. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Nəzərinizə çatdırırıq ki, inzibati xəta haqqında iş üzrə icraat yekunlaşdıqdan sonra nəticəsi barədə Sizə əlavə məlumat veriləcəkdir. İş materiallarında olan İddiaçı gəlir məlumatları barədə “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, İddiaçı Cavabdeh MMC-də həkim işləyir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 07/22 nömrəli əmrə əsasən onunla bağlanmış əmək müqaviləsinə uyğun olaraq Cavabdeh MMC-də həkim-ekspert vəzifəsinə qəbul edilmişdir. Lakin daha sonra Cavabdeh MMC-nin rəhbərləri dələduzluq cinayəti törətməkdə ittiham olunduqları üçün həbs edilmiş və bununla əlaqədar olaraq cavabdeh şirkətin fəaliyyəti dayandırılmışdır. Hazırda elektron sistemdə iddiaçının Cavabdehndə işlədiyi görünür və əmək müqaviləsinə xitam verilməmişdir. İddiaçı tərəfindən X1 Xidmətinə müraciət edilmiş, həmin müfəttişlikdən inzibati xəta haqqında iş üzrə icraat yekunlaşdıqdan sonra nəticəsi barədə ona məlumat veriləcəyi bildirilmişdir. Ona görə də iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci, 43.1-ci, 44cü, 69-cu və 70-ci maddələri təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda, digər hallarda isə elektron sənəd formasında bağlanılır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən müəssisə ləğv edildikdə və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə, əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Mülki iş materiallarına əlavə olunmuş, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş portaldan çıxarışdan göründüyü kimi İddiaçı Cavabdeh MMC-də həkim işləyir. İddiaçı öz ərizəsi ilə sözügedən ММС-yə əmək müqaviləsinin xitam verilməsi barədə müraciət etmiş, lakin Cavabdeh MMC-nin fəaliyyəti dayandırıldığından Cavabdeh MMC tərəfindən İddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi mümkün olmamışdır. Göstərilənlər tamamilə təsdiq edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi MMC tərəfindən hazırda mümkünsüzdür. Ona görə də yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməli və əmək müqaviləsinə xitam verilməsi haqqında “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildiriş sisteminə” məlumatlar daxil edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin. Əmək müqaviləsinə xitam verilməsi bu barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “əmək müqaviləsi bildiriş sisteminə” məlumatların daxil edilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-5863/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5863/2025
26.12.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver