Məhkəmə qərarları › İş №2(012)-5933/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5933/2025

09.01.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5933/2025 09.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Rəhimli Zərnişan Ağarəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Abşeron rayonu Qobu qəsəbə Uşaq İncəsənət Məktəbinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Abşeron rayonu Qobu qəsəbə Uşaq İncəsənət Məktəbinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Qobu qəsəbə Uşaq İncəsənət Məktəbinin xx.xx.2025-ci il tarixli, 104 saylı əmrinin ləğv edilməsi və onun həmin məktəbə fortepiano şöbəsinin müəlliməsi vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2014-cü il tarixdə 01 dekabr 2014-cü il tarixli 47N-li əmri ilə cavabdeh X1 İdarəsi Abşeron rayon Qobu qəsəbə Uşaq İncəsənət Məktəbi "fortepiano müəllimi" vəzifəsinə işə qəbul olunmuşdur. O, həmin məktəbdə işlədiyi müddət ərzində həmişə işinə məsuliyyətlə yanaşmış, daim intizamlı olmuş, əmək funksiyasını vaxtında və vicdanla yerinə yetirmişdir. Rəhbərlik tərəfindən bir dəfə də olsun cəzalandırılaraq intizam məsuliyyətinə cəlb olunmamış, daim kollektivin hörmət və etiramını qazanmışdır. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən islahatlar çərçivəsində musiqi və incəsənət sahəsində təhsilin keyfiyyətinin aparılması və müəllim heyyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə müəllimlərin attestasiya prosesi həyata keçirilməyə başlanılmış, iddiaçı da attestasiya olunacağı barədə xəbərdarlıq məktubuna imza etməklə müvafiq bildirişi alaraq xəbərdar edilmişdir. Daha sonra xx.xx.2025-ci il tarixində attestasiya keçirilmiş və nəticədə guya attestasiya komissiyasının 1 lehinə olmaqla 4 üzvünün əleyhinə verilmiş qərarı ilə iddiaçının "iş fəaliyyətinə uyğun olmaması barədə qərar qəbul edilmiş və müvafiq attestasiya vərəqəsi doldurulmuşdur. Halbuki, attestasiya zamanı çıxış edərkən iddiaçının tutduğu vəzifə ilə əlaqədar olmayan suallar ünvanlanmış, sualların çoxusuna cavablar versə də (Atestasiya vərəqində 7-ci bənddə qeyd edildiyi kimi) qərəzli olaraq əleyhinə 4 səs verilmişdir. Yəni atestasiya qərəzli keçirilmiş, atestasiya vərəqəsinin 7-ci bəndlərində göstərilmiş suallara verilmiş cavablar da əleyhinə səslə qiymətləndirilmiş, sanki hədəf müəllimləri bilərəkdən atestasiyadan kəsmək və onları işdən çıxarmaq olmuşdur. Attestasiya Komissiyasının qərəzliliyi audio-video yazı ilə tam təsdiq oluna bilər. Elə həmin tarixdə də, yəni xx.xx.2025-ci il tarixində iddiaçıya attestasiyadan keçmədiyi bildirilmişdir. Bundan sonra keçirilmiş attestasiyanın nəticələri əsas götürülərək iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsi) 70-ci maddəsinin "c" bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmamasına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) cavabdehin xx.xx.2025-ci il tarixli, 104 saylı əmri ilə xitam verilmiş və iddiaçı vəzifədən azad edilmişdir. Atestasiya Komissiyasının sədri də iddiaçının guya bu vəzifəyə yararsız olduğunu bildirmişdir. Halbuki, iddiaçı 11 il 02 aydır ki, həmin məktəbdə "fortepiano şöbəsinin müəllimi" vəzifəsində çalışmış və çoxsaylı dövlət tədbirlərində çıxış etmişdir. Həmçinin 2015-ci ildə keçirilən atestasiyada iddiaçı əla qiymətlə atestasiyadan uğurla keçmişdir. Əgər o bu vəzifə üçün yararsız idisə, 11 il ərzində dəfələrlə genişmiqyaslı tədbirlərdə iştirak etməzdi. Burdan aydın şəkildə görünür ki, rəhbərliyin məqsədi onun tutduğu vəzifəyə uyğunluğunu yoxlamaq deyil, bəhanə ilə və əsassız iddialarla qərəzli şəkildə işdən uzaqlaşdırmaq olmuşdur. Halbuki, iş yerlərinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələrinin ləğv edilməsinə yol verilmir. Belə ki, Əmək Məcəlləsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək Məcəlləsinin 70-ci maddəsində dəqiq göstərilmişdir. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun gəlmədiyi haqqında qərar qəbul edərsə, işəgötürən tərəfindən işçinin peşəkarlığı, ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla onun müvafiq işə (vəzifəyə) keçirilməsi imkanı araşdırılmalıdır. İşəgötürənin belə imkanları olmadıqda və ya işçi başqa işə keçirilməkdən imtina edərsə, onda onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndi ilə ləğv edilə bilər. Bununla yanaşı, cavabdeh tərəfindən iddiaçıya hər hansı münasib iş də təklif edilməmiş, iddiaçı da başqa işə keçməkdən imtina etməmişdir. İşin sadalanan hallarından və yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi, işəgötürən tərəfindən iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən vəzifədən azad olunması əsassız olmuşdur. Belə bir vəziyyətdə iddiaçının işini itirmək ailə vəziyyəti üçün olduqca ağır zərbədir. Gpstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə1 iddianı müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər. İştirak etdiyi məhkəmə iclasında cavabdeh Abşeron rayonu Qobu qəsəbə Uşaq İncəsənət Məktəbinin nümayəndəsi iddianı qəbul etmədi və onun təmin edilməməsini xahiş etdi. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Abşeron rayonu Qobu qəsəbə Uşaq İncəsənət Məktəbinin xx.xx.2025-ci il tarixli, 104 nömrəli əmrindən görünür ki, Abşeron rayonu Qobu qəsəbə Uşaq İncəsənət Məktəbində fortepiano müəlliməsi vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) bəndinə əsasən xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli attestasiya vərəqəsindən görünür ki, İddiaçı attestasiya ilə əlaqədar verilmiş suallara tam cavab verə bilməmiş, attestasiya olunan tutduğu vəzifəyə uyğun deyildir. İş materiallarında olan Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar Abşeron Rayon Komitəsi tərəfindən xx.xx.2024-cü ildə verilmiş Fəxri Fərmandan görünür ki, rayonun mədəni həyatında səmərəli fəaliyyətinə görə və 8 X3 Günü münasibəti ilə İddiaçı təltif edilmişdir. İş materiallarında olan X1 İdarəsi tərəfindən xx.xx.2024-cü ildə verilmiş Fəxri Fərmandan görünür ki, Abşeron rayonu Qobu qəsəbə Uşaq İncəsənət Məktəbinin “Fortepiano” şöbəsinin kollektivi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində və 28 May Müstəqillik günü münasibəti ilə 2023/2024-cü tədris ilində uğurlarına görə təltif edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2025-ci il tarixədək Abşeron rayonu Qobu qəsəbə Uşaq İncəsənət Məktəbinin fortepiano müəllimi vəzifəsində işləmişdir. İşlədiyi müddətdə dəfələrlə fəxri fərmanlarla təltif edilmişdir. xx.xx.2025-ci il tarixli attestasiyadan uğurla keçə bilmədiyi üçün onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin c bəndinə əsasən xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. Hazırda iddiaçı 11 il 02 ay eyni vəzifədə işləməklə, 1 dəfə attestasiyadan uğurla keçdiyini əsas gətirərək, cavabdeh Abşeron rayonu Qobu qəsəbə Uşaq İncəsənət Məktəbinin ƏM-nin 70-ci madəsinin c bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, 104 nömrəli əmrinin ləğv olunması və işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Həmin Məcəllənin 65.3-cü maddəsinə əsasən, işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Həmin Məcəllənin 65.5-ci madəsinə əsasən, attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.6-cı maddəsinə əsasən, attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Həmin Məcəllənin 65.7-ci maddəsinə əsasən, attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən, işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Həmin Məcəllənin 67.6-cı maddəsinə əsasən, attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Məhkəmə qeyd edir ki, əmək hüququnun mühüm təminatlarından biri işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarının məhdud siyahısının qanunvericiliklə müəyyən edilməsidir. Qanunvericilik qanuni əsaslar olmadan işçilərlə əmək müqaviləsini ləğv etməyi qadağan edir. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində təsbit edilmişdir. Həmin maddədə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin altı əsası nəzərdə tutulmuş və işçinin peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlməməsi ilə əmək müqaviləsinin ləğv edilməsi bu əsaslardan biri kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə olduğu təqdirdə əmək müqaviləsinə əsassız olaraq ƏM-nin 70-ci maddəsinin c bəndinə əsasən xitam verilərkən AR ƏM-nin qeyd olunan tələbləri ciddi şəkildə pozulduğundan Abşeron rayonu Qobu qəsəbə Uşaq İncəsənət Məktəbinin xx.xx.2025-ci il tarixli, 104 nömrəli əmri ləğv edilməli və İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməlidir. Azərbaycan Respublikası Əmək Məcələsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin olunmalı, Abşeron rayonu Qobu qəsəbə Uşaq İncəsənət Məktəbinin xx.xx.2025-ci il tarixli, 104 nömrəli əmri ləğv edilməli, İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməlidir. Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Abşeron rayonu Qobu qəsəbə Uşaq İncəsənət Məktəbinin xx.xx.2025-ci il tarixli, 104 nömrəli əmri ləğv edilsin və İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar