Məhkəmə qərarları › İş №2(012)-594/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-594/2022

22.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-594/2022 22.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və barəsində sərəncam vermək faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və barəsində sərəncam vermək faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək 1988-ci ildən hazırkı vaxtadək onun sahiblik və istifadəsində olan Abşeron rayonu Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsində yerləşən 5 saylı evin 36 saylı mənzilinə dair sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən 5 saylı evin 36 saylı mənzili 1988-ci ildən hazırkı vaxtadək onun sahiblik və istifadəsində olmaqla ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Həmin mənzil 31.05.1974-cü il tarixli 103 nömrəli orderlə X19 mülkiyyətində olmuş və 1988-ci ildə həmin mənzili o, almışdır. Lakin mənzili aldığı vaxtdan hazırki vaxtadək mənzilə sahiblik və istifadə etsə də mənzil üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Sözügedən ünvanda o, mərhum həyat yoldaşı X11, qızları X12, X13 və X14 ilə birlikdə yaşamışlar. Həyat yoldaşı X11 07.10.2021-ci il tarixdə vəfat etmişdir. 1988-ci ildən hazırkı vaxtadək onun sahiblik və istifadəsində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən 5 saylı evin 36 saylı mənzilinə dair başqa şəxslərin heç bir mübahisə və tələbləri olmamış və hazırda da yoxdur. Həmin mənzilin 1988-ci ildən hazırkı vaxtadək onun sahiblik və istifadəsində olması mübahisələndirilməmiş və bunu qonşuları olan şahidlər də təsdiq edə bilər. Həmçinin, bu barədə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi Mənzil Təsərrüfat İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş 18.10.2021-ci il tarixli 457 saylı ailə tərkibi haqqında arayışdan da göründüyü kimi, o, ailə üzvləri ilə birlikdə 1980-ci ildən hazırkı vaxtadək həmin mənzildə qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş əmlakın hüquqi rejimi barədə 21.09.2021-ci il tarixli **********34 saylı məktubdan göründüyü kimi, Abşeron rayonu Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsində yerləşən 5 saylı evin 36 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Hazırda, o, 1988-ci ildən hazırki vaxtadək sahiblik və istifadəsində olan Abşeron rayonu Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsində yerləşən 5 saylı evin 36 saylı mənzilinə dair sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsini istəyir və buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 1988-ci ildən hazırkı vaxtadək sahiblik və istifadəsində olan Abşeron rayonu Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsində yerləşən 5 saylı evin 36 saylı mənzilinə dair sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi ona həmin mənzilin daşınmaz əmlakın dövlət reyestrində öz adına dövlət qeydiyyatına alınması üçün zəruridir. O, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka yəni, Abşeron rayonu Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsində yerləşən 5 saylı evin 36 saylı mənzilinə 1988-ci ildən hazırki vaxtdək 30 ildən artıq müddət ərzində fasiləsiz və etirazsız sahiblik etmişdir. Həmçinin, sözügedən mənzil hər hansı bir təşkilatın balansında deyildir. O, əvvəl aidiyyəti quruma şifahi şəkildə müraciət etmiş və ona şifahi şəkildə də məhkəməyə müraciət etməsi izah olunmuşdur. Onun həyat yoldaşı mərhum X1 veteranı olduğuna görə həmn ev ona verilmiş, lakin sənədləşmə işlərini apara bilməmişlər. Ona görə də göstərilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 03.02.2022-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında iştirak etmiş maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X9 ərizəni qəbul etməyərək izahatında göstərmişdir ki, ərizəçinin faktiki sahiblik və istifadə hüququnun tanınmasını xahiş etdiyi mübahisəli Abşeron rayonu Ceyranbatan qəsəbəsi 5 saylı evin 36 saylı mənzilinin Ərizəçi adına keçirilməsi ilə bağlı sərəncam mövcud deyildir. Belə ki, ərizəçi aidiyyəti İcra Hakimiyyətinə müraciət edərək həmin mənzilə dair icarə və ya kirayə müqaviləsi bağlamalı idi. Ona görə də göstərilənlərə əsasən ərizənin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Salyan rayon Kürqaraqaşlı kəndi X20 tərəfindən verilmiş 07.04.1986-cı il tarixli İV- ЖГ № 259931 saylı nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 ilə X7 07.04.1986-cı il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 07 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Hüseynova soyadı verilmişdir. -31.05.1974-cü il tarixli 103 saylı orderin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsi 5 saylı evin iki otaqlı ümumi sahəsi 26.62 kv.m olan 36 saylı mənzili X19 ailə üzvləri ilə birlikdə istifadəsinə ayrılmışdır. -Maraqlı şəxs2 tərəfindən verilmiş 21.09.2021-ci il tarixli **********34 saylı məktubdan görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 5 saylı evin 36 saylı mənzilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmaması, alındığı halda kimin adına qeydiyyata alınması barədə sorğuya baxılmışdır. Sorğuda qeyd olunan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 5 saylı evin 36 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. -Abşeron RPŞ tərəfindən verilmiş 24.06.2009-cu il tarixli AZE № 07178691 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 rayonu Ceyranbatan qəsəbəsi Nizami küçəsi 4 saylı evin 22 saylı mənzilində qeydiyyatdadır. -Abşeron RPŞ tərəfindən verilmiş 24.06.2009-cu il tarixli AZE № 07178692 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 rayonu Ceyranbatan qəsəbəsi Nizami küçəsi 4 saylı evin 22 saylı mənzilində qeydiyyatdadır. -Abşeron RPŞ tərəfindən verilmiş 10.06.2010-cu il tarixli AZE № 07890602 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 rayonu Ceyranbatan qəsəbəsi Nizami küçəsi 4 saylı evin 22 saylı mənzilində qeydiyyatdadır. -Abşeron RPŞ tərəfindən verilmiş 30.06.2012-ci il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Abşeron rayonu Ceyranbatan qəsəbəsi Nizami küçəsi 4 saylı evin 22 saylı mənzilində qeydiyyatdadır. -Abşeron RPŞ tərəfindən verilmiş 30.06.2012-ci il tarixli AZE № 09510236 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 rayonu Ceyranbatan qəsəbəsi Nizami küçəsi 4 saylı evin 22 saylı mənzilində qeydiyyatda olmuşdur. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16.10.2021-ci il tarixli AZ-İİ № 214638 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 13.10.2021-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1480 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Abşeron rayon İcra Hakimiyyəti Ceyranbatan qəsəbəsi Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş 18.10.2021-ci il tarixli 457 saylı arayışdan görünür ki, Ərizəçi Abşeron rayonu Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsi 5 saylı evin 36 saylı mənzilində qeydiyyatsız olmaqla ailə üzvləri, qızları - X12, X13 və X14 ilə birlikdə yaşayır. -18.10.2021-ci il tarixli 17/121 saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Abşeron rayonu Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsi 5 saylı evin 36 saylı mənzilində Ərizəçi yaşayır. Məhkəmə ərizə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, Mülki Prosessual Məcəllənin: 305.1.1. maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında xüsusi icraat qaydasında işlərə baxır. 307.2.6. maddəsinə əsasən, məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır: 310.1. maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Ərizəçi ailə üzvləri ilə birlikdə 1988-ci ildən etibarən hazırki müddətədək yaşadığı Abşeron rayonu Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsi 5 saylı evin 36 saylı mənzilinin sahiblik və istifadəsində olduğunu iddia edərək həmin ünvan üzrə qeyd olunan hüquqlara dair faktın məhkəmə qaydasında tanınmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə ki, ərizəçi ərizəsində sözügedən daşınmaz əmlaka dair hüquqların tanınması faktının həmin hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri olduğunu qeyd etmişdir. Məhkəmə Ərizəçi daşınmaz əmlaka sahiblik, istifadə və sərəncam vermə faktının müəyyən edilməsi barədə ərizəsinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 139-1.1.11. maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Mülki iş materiallarında olan mübahisəli Abşeron rayonu Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsi 5 saylı evin 36 saylı mənzilinə dair Abşeron rayonu X10 Sovetliyi tərəfindən verilmiş 31.05.1974-cü il tarixli 103 saylı orderdən göründüyü kimi, sözügedən mənzil X21 ailə üzvləri ilə birlikdə sahiblik və istifadəsinə verilmişdir. Qanunun tələblərindən də göründüyü kimi, həmin mənzil sözügedən şəxsin sahiblik və istifadəsinə verilməklə sonuncunun daşınmaz əmlak üzərində hüquqları yaranmışdır. Həmçinin, Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8.0.11. maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunvericiliyin tələblərindən göründüyü kimi, Abşeron rayonu Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsi 5 saylı 36 saylı mənzilinə dair verilmiş order həmin mənzilin A.P.Semyakoviçin mülkiyyətində olmasını təsdiq edən əsas sənəd olmuşdur. Mülki iş materiallarından məlum olduğu kimi, göstərilən mənzilə dair order 31.05.1974-cü il tarixə, ərizəçinin isə həmin ünvanda yaşadığı tarix 1988-ci ilə təsadüf etdiyindən həmin hüquq münasibətinə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş (köhnə) Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin: 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. 51-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərindən göründüyü kimi, yaşayış sahəsinə dair həmin ünvana köçmək üçün yeganə əsas yaşayış sahəsi barədə order verilməsi və həmin ünvanda şəxsin yaşamasına dair sonuncu ilə bağlanılan icarə və ya kirayə müqaviləsi olmuşdur. Məhkəmə hazırki mülki işə hüquqi qiymət verərək qeyd edir ki, Ərizəçi Abşeron rayonu Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsi 5 saylı evin 36 saylı mənzilinə dair hüququn qeydə alınmasına dair orderin surətini əlavə etsə də, həmin orderdən göründüyü kimi, sözügedən mənzil ərizəçinin deyil, ərizəçidən əvvəlki sahibin adına qeydə alınmışdır. Ərizəçi sahiblik, istifadə və sərəncam vermə faktının təsdiq olunmasına səy göstərdiyi mənzilə dair onunla bağlanılmış order və müqavilənin surətini ərizəyə əlavə etməmiş, mübahisəli mənzildə yaşamasına dair təkzibolunmaz sübutları təqdim etməmiş, yalnız Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışlarla kifayətlənmiş, tələbinin əsası kimi istinad etdiyi hallara dair daha mötəbər, təkzibedilməz sübutlarını ərizəyə əlavə etməmişdir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarındakı hüquqi mövqeyə görə, 7. Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. 7.1. Məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. Məhkəmə Ali Məhəmənin Plenum Qərarındakı hüquqi mövqeyə istinad edərək qeyd etməyi xüsusi vurğulayır ki, mübahisə predmeti olan, ərizəçinin sahiblik, istifadə və sərəncam vermə faktının tanınmasını xahiş etdiyi Abşeron rayonu Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsi 5 saylı evin 36 saylı mənzilinə dair dövlət reyestrində qeydiyyat qeydə alınmamışdır ki, bu fakt Maraqlı şəxs2 tərəfindən verilmiş 21.09.2021-ci il tarixli **********34 saylı məktubu ilə də öz təsdiqini tapmış, ərizəçi həmin mənzilə dair hüquqmüəyyənedici sənədlərini əldə etməmiş və məhkəmədən kənar qaydada aidiyyəti quruma şifahi şəkildə müraciət etdiyini qeyd etsə də, rəsmi şəkildə müraciət etməsinə dair sübutunu ərizəyə əlavə etməmişdir. Halbuki, Plenum Qərarındakı hüquqi mövqe sözügedən faktın məhkəmə qaydasında tanınmasını yalnız özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxsin hüquqmüəyyənedici sənədlərini itirdiyi və ya məhkəmədən kənar qaydada bərpasının mümkün olmadığı halda əlaqələndirmişdir. Hazırki halda isə ərizəçinin hüquqmüəyyənedici sənədləri olmamış, həmin sənədlərə dair isə aidiyyəti quruma rəsmi şəkildə müraciət etməmişdir. Beləliklə də, mülki prosessual qanunvericiliyə görə, xüsusi icraat qaydasında məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılarkən, bu faktların müəyyən edilməsi üçün bir sıra şərtlərin məcmusu halda mövcudluğu olmalıdır, yəni əmlak daşınmaz əmlak kateqoriyasına aid olmalı, ərizəçidə daşınmaz əmlaka dair hüququnun olmasını təsdiq edən sənəd olmalı, lakin həmin sənəd itirilməli, daşınmaz əmlaka dair hüquq barəsində mübahisə olmamalı, müvafiq səlahiyyətli dövlət orqanları hüquqmüəyyənedici sənədin təkrarən verilməsindən imtina etməli və ya həmin sənədin bərpası mümkün olmamalıdır. Yalnız bu şərtlərin eyni vaxtda mövcudluğu halında işə məhkəmədə xüsusi icraat qaydasında baxıla bilər. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçi ərizəsində daşınmaz əmlaka faktiki sahiblik və istifadə etməsinin hüquqi əsası kimi Mülki Məcəllənin 178.6-cı maddəsinə istinad edərək mənzil üzərində sahiblik, istifadə və sərəncam vermə faktının müəyyən edilməsini xahiş etmişdir. Belə ki, Mülki Məcəllənin 178.6. maddəsinə əsasən, əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır. Mülki qanunvericiliyin sözügedən maddəsinin ərizəçiyə münasibətdə tətbiqi mümkün deyildir. Belə ki, sözügedən maddənin məzmunundan göründüyü kimi, əmlaka faktiki sahiblik və istifadə etmiş şəxs 30 il müddətdində etirazsız və fasiləsiz olmaqla bu hüququnu həyata keçirmişsə mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Lakin ərizəçi həmin daşınmaz əmlaka fasiləsiz və etirazsız 30 il müddətində sahiblik və istifadə etməsini sübuta yetirə bilməmiş və ya həmin hüququn qeydə alınmasına dair aidiyyəti quruma rəsmi qaydada müraciət etməyərək mübahisənin məhkəmədən kənar qaydada həll olunması qaydasına riayət etməmişdir. Məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara və qanunvericiliyin tələblərinə istinad edərək belə qənaətə gəlir ki, ərizəçi 1988-ci ildən hazırki müddətə qədər fasiləsiz və etirazsız olaraq sahiblik və istifadə etdiyini iddia edərək sahiblik, istifadə və sərəncam vermə faktının müəyyən olunmasını tələb etdiyi Abşeron rayonu Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsi 5 saylı evin 36 saylı mənzilinə dair hüquqmüəyyənedici sənədlərini təqdim etmədiyindən, məhkəmədən kənar qaydada mübahisə üsuluna riayət etmədiyindən ərizənin təmin edilməsi mümkün deyildir. Belə ki, ərizəçi şifahi şəkildə aidiyyəti quruma müraciət etdiyini qeyd etsə də, müraciətinə dair rəsmi sənəd təqdim etməmiş, mənzilə dair müqavilə bağlamamış, mövcud olmayan sənədlərin itirilməsi də mümkün olmadığından qanunvericiliklə daşınmaz əmlaka dair sahiblik, istifadə və sərəncam vermə faktının tanınması da istisna edilir. Daşınmaz əmlakın Dövlət Reyestri haqqında Qanunun 8.0.11. maddəsinə istinad edərək əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunduğundan, sözügedən sənədlər olmadan daşınmaz əmlaka dair rəsmi dövlət reyestrində qeydiyyata alınmasından söhbət gedə bilməz. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Məhkəmə mülki iş materiallarında olan sənədlərə hüquqi qiymət verib qanunvericiliyin tələbləri ilə paralel şəkildə qiyətləndirərərk belə qənaətə gəlir ki, ərizədə göstərilən hallar ərizəçi tərəfindən sübuta yetirilmədiyindən ərizə əsassızdır, ona görə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, ərizə təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun məbləği ərizəçinin özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizəçi daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və barəsində sərəncam vermək faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar