Məhkəmə qərarları › İş №2(012)-5948/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5948/2021

15.11.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5948/2021 15.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh Abşeron Rayon Saray Qəsəbə 3 nömrəli Tam Orta Məktəbinin vəkili-nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Abşeron Rayon Saray Qəsəbə 3 nömrəli Tam Orta Məktəbə qarşı “işə bərpa və qanunsuz olaraq işləməkdən məhrum olduğu dövr üzə orta aylıq əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16.08.2021-ci il tarixli, 147 nömrəli əmrin ləğv edilərək onun Abşeron rayon Saray qəsəbə 3 nörməli tam orta məktəbdəki işinə bərpa olunmağı və qanunsuz olaraq işləməkdən məhrum olduğu dövr üzrə orta aylıq əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, o, 2015-ci ildən cari ilin avqust ayına kimi Abşeron rayon Saray qəsəbə 3 nörməli tam orta məktəbdə texniki işçi vəsifəsində çalışmışdır. Əmək fəaliyyəti dövründə işinə hər zaman diqqətlə yanaşmış, hansısa nöqsana yol verməmişdir. Lakin cari ilin avqust ayında onu qanunvericiliyin tələblərinə zidd şəkildə işdən azad etmişlər. Belə ki, o, cari il üzrə əmək məzuniyyətinə çıxmış və məzuniyyəti də 26 iyul tarixində bitməli idi. Elə məzuniyyətdə olan zaman səhhəti pisləşmiş, qızdırma, ümumi halsızlıq, bədən ağrıları baş vermişdir. Əlamətlər koronavirusa bənzədiyi üçün həkimə müraciət etmiş və sonra aidiyyəti qaydada direktor müavini Ülviyyə Səfərovaya zəng edərək qızdırması olduğundan işə gələ bilməyəcəyini məlumat vermişdir. Daha sonra isə direktor Təyyibə Hüseynova ilə əlaqə yaradaraq o işə gələ bilməyəcəyini bildirmişdir. Analizləri neqativ çıxsa da, həkim bu vəziyyətdə işə çıxmağını məsləhət görməmişdir. O, həkimin məsləhəti ilə işə getməmiş və bu barədə rəhbərliyə də məlumat vermişdir. Daha sonra rəhbərlikdən ona işə gəlməməsinin problem olmayacağı bildirilmişdir. O, da rəhbərliyin sözünə etimad edərək, 16.08.2021-ci il tarixdə işə gələcəyini bildirmişdir. O müalicə olunan zaman hər şeyin rəsmi olması üçün yekunda bülleten verilməyini xahiş etmiş, lakin o, işə çıxan zaman ona respetlərin bülleteni əvəz etdiyi bildirilmişdir. O da avqustun 16-sı işə çıxan zaman Ülviyyə bülletenin verilmədiyini bildirmişdir. Ülviyyə xanım isə ona problem olmayacığını bildirmişdir. 17 avqust tarixində direktor onu otağına çağırmış və sərt şəkildə onu təhqir edərək otaqdan qovmuşdur. Onun işdən çıxarılmağı ədalətsiz olmaqla, əsassız qərəzi özündə ehtiva edir. O, 16, 17, 18 avqust tarixlərində işə getsə də, 17 və 18 avqustda qeydiyyat dəftərinə imza atmaq üçün dəftəri istəsə də ona imza atmağa imkan verməmişlər. Onun barəsində şikayət edildiyindən onun işə çıxdığı günləri qanunsuz şəkildə yox edərək əmrini 16 avqust tarixində vermişdir. İşdən çıxarılma səbəbinə diqqət yetirdikdə qeyd etdiyi qərəz, qanunsuzluq, ədalətsizlik tam təsdiqini tapır. Belə ki, 16.08.2021-ci il tarixli, 147 nömrəli əmrdə qeyd olunur ki, “məktəbin texniki işçisi 26.07.2021-ci il tarixdə 16.08.2021-ci il tarixədək üzürsüz səbəbdən işə gəlmədiyi və davamiyyət kitabına gəlmədiyi tarixlərə imza etdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” və “e” bəndinə əsasən işdən azad edilsin və əmək müqaviləsinə xitam verilsin. Axırıncı haqq-hesab ödənilsin.” Əsas olaraq isə AR Əmək Məcəlləsi və 16.08.2021-ci il tarixində tərtib edilmiş akt qeyd olunmuşdur. Onun işdən çıxmaq əmri də düz verilməmişdir, çıxarılma səbəbi də düz deyildir. Çünki, qeyd etdiyi və cavabdeh tərəfin də bildiyi kimi, onun səhhəti imkan vermədiyi, müalicələr aldığı və həkim də məsləhət bilmədiyi üçün işə getməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin də bir sıra maddələrində xəstəlik üzürlü səbəb hesab edilir. Yəni onun vəziyyəti üzürlü hallar kateqoriyasına tam daxildir, bunu analizlər, reseptlər, rentgen müayinəsi, təcili yardım çağırışı və bu kimi digər mötəbər hallar sübut edir. Onu da qeyd edir ki, onun üzürlü səbəblərdən işə çıxmamağını sübut edəcək kifayət qədər şahidlər var. Mübahisənin məhkəmədənkənar həll edilməsi üçün mediasiyaya müraciət edilsə də problem həllini tapmamış və bu səbəbdən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsində qeyd olunur ki, Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; kollektiv müqavilələrin, sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək; fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarım (qətnamələrini) yerinə yetirmək; işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq; işçilərin əmək, maddi, sosial-məişət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə), kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək; işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq zamanı, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq; cinsindən asılı olmayaraq eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görmək; uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etməmək; əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək; Azərbycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin (intizam tənbehinin verilməsi qaydaları) tələbinə əsasən İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Aazərbycan Respublikası Əmək Məcəlləsinin 189-cu maddəsinin (İntizam tənbehinin verilməsi şərtləri) tələbinə əsasən Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. İntizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir. Azərbycan Respublikası Əmək Məcəlləsinin 190-cu maddəsinin (İntizam tənbehinin müddəti və vaxtından əvvəl götürülməsi) tələbinə əsasən İntizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. İşçi verilən intizam tənbehindən nəticə çıxararaq əmək funksiyasını yüksək səviyyədə yerinə yetirərsə, müəssisədaxili əmək və intizam qaydalarını pozmazsa işəgötürən işdə fərqləndirilmə qaydasında intizam tənbehini vaxtından əvvəl öz əmri (sərəncamı, qərarı) ilə ləğv edə bilər. İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Bu Məcəllənin 294-cü maddəsində qeyd olunur ki, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Əmək müqaviləsində fərdi əmək mübahisələrinin bu Məcəllə ilə müəyyən edilmiş həlli qaydalarından fərqli olan, tərəflərin hüquq bərabərliyi prinsipini və bu Məcəllə ilə nəzərdə tutulmuş əmək, sosial və iqtisadi hüquqlarını pozmayan qaydalar nəzərdə tutula bilər. Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Əmək Məcəlləsinin 300-cü maddəsində qeyd olunur ki, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 172-ci maddəsində qeyd olunur ki, işə bərpa, aliment tutulması, övladlığa götürmə, dövlət orqanlarının, ictimai birliklərin, vəzifəli şəxslərin qərarlarının, hərəkətlərinin (və ya hərəkətsizliklərinin) düzgün olmaması barədə işlərə 1 ay müddətində baxılır və həll edilir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddiaçının izahatına uyğun izahat verdi. Cavabdeh Abşeron Rayon Saray Qəsəbə 3 nömrəli Tam Orta Məktəbinin vəkili-nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Əmək Məcəlləsində iddiaçının və ya yaxın qohumun xəstə olması halında işə çıxmamağı üzrlü hal olaraq göstərsə də, iddiaçının xəstə olmasını sübut edən heç bir sənəd iş materiallarında mövcud deyildir. Belə ki, İddiaçı məhkəməyə təqdim etdiyi reseptlərin tarixi ilkin olaraq 25.09.2021-ci il olaraq qeyd edilmiş, daha sonra tarixin üzərindən xətt çəkilərək, 05.08.2021-ci il olaraq qeyd edilmişdir. Bu da reseptlərin mötəbərliyi barədə onda şübhə yaradır. Eyni zamanda, iddiaçı xəstə olması barədə xəstə kağızı gətirməməsindən əlavə olaraq, müdiriyyətə bu barədə heç məlumat da verməmişdir. Əlavə olaraq onu qeyd edir ki, məktəbdə iki gün, sistemdə problem olduğu üçün, işdənçıxma əmri 19.08.2021-ci il tarixdə sistemə otuzdurulmuşdur. İddia tam əsassız olduğundan iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş materiallarında olan Abşeron Rayon Saray Qəsəbə 3 nömrəli Tam Orta Məktəbi tərəfindən verilmiş 16.08.2021-ci il tarixli, 147 №-li əmrindən görünür ki, məktəbin texniki işçisi 26.07.2021-ci il tarixdən 16.08.2021-ci il tarixədək üzrsüz səbəbdən işə gəlmədiyi və davamiyyət kitabına gəlmədiyi tarixlərə imza etdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” və “e” bəndinə əsasən işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Saray Qəsəbə 3 nömrəli Tam Orta Məktəbi tərəfindən verilmiş 16.08.2021-ci il tarixli, 147 №-li əmrindən göründüyü kimi məktəbin texniki işçisi İddiaçı 26.07.2021-ci il tarixdən 16.08.2021-ci il tarixədək üzrsüz səbəbdən işə gəlmədiyi və davamiyyət kitabına gəlmədiyi tarixlərə imza etdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” və “e” bəndinə əsasən işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir.Məhkəmə iclasında da sübutlar tədqiq edilərkən İddiaçınn 26.07.2021-ci il tarixdən 16.08.2021-ci il tarixədək heç bir üzürlü səbəb olmadan işə çıxmaması müəyyən edildiyindən məhkəmə hesab edir ki, Abşeron Rayon Saray Qəsəbə 3 nömrəli Tam Orta Məktəbin direktoru iddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə istinad etməklə xitam verilməsinə tam haqlı olmuşdur. Belə ki, İddiaçı 26.07.2021-ci il tarixdən 16.08.2021-ci il tarixədək işə üzrlü səbəbdən gəlməməsini təsdiq edən sübutları həm işdən azad edilmə barədə əmr verilənədək cavabdeh təşkilata, həm də iş məhkəmədə baxılan müddətdə məhkəməyə təqdim edə bilməmişdir.Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı ilə əmək münasibələrinə AR ƏM-in 72-ci maddəsinin “a” bəndinə əsasən qanuni əsaslarla xitam verildyindən, bu hal işə bərpanı mümkünzüz etdiyindən iddiaçı ilə əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən xitam verilməsinə əsas olmuş halların qiymətləndirilməsinə zərurəti də aradan qaldırmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Abşeron Rayon Saray Qəsəbə 3 nömrəli Tam Orta Məktəbə qarşı 16.08.2021-ci il tarixli, 147 nömrəli əmrin ləğv edilərək onun Abşeron rayon Saray qəsəbə 3 nörməli tam orta məktəbdəki işinə bərpa olunmağı və qanunsuz olaraq işləməkdən məhrum olduğu dövr üzrə orta aylıq əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar